525.Az

Elçin Mirzəbəyli: “Təpədən dırnağa qədər ədəbiyyat adamıyam” (Müsahibə)


 

Elçin Mirzəbəyli: “Təpədən dırnağa qədər ədəbiyyat adamıyam”<b style="color:red"> (Müsahibə)</b>

Müsahibimiz “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəylidir. Həmsöhbətimiz bu yaxınlarda nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Elə bu münasibətlə də dəyərli ziyalımızı həm təbrik etmək, həm də bədii, publisistik yaradıcılığı ilə bağlı son yenilikləri öyrənmək məqsədilə müsahibimin rəhbərlik etdiyi qəzetin redaksiyasında söhbətləşdik. Müsahibimizin şəxsən dəmlədiyi və qonaq etdiyi, mənim qeyd və onun da təsdiq elədiyi kimi ürəyə ziyan sayılan, amma çox bəyəndiyim kəkotulu, bir qədər tünd və acı çay Elçin müəllimlə söhbətimizin şirinliyinə mane olmadı. 

– Elçin müəllim, əvvəlcə sizi bu yaxınlarda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un Basın Onur Ödülünə – Mətbuat Şərəfi Mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirik. Mükafatlara münasibət insandan insana dəyişir. Bəs sizin üçün ümumiyyətlə, aldığınız mükafatlar, konkretləşdirsək, məhz bu mükafat hansı anlamı daşıyır?

– Təbrikinizə görə minnətdaram. Əvvəla, bu günə qədər aldığım bütün mükafatlar mənim üçün əziz və doğmadır. İnsanın zəhməti dəyərləndiriləndə təbii ki, onun üçün xoş olur. Düşünürəm ki, bu istənilən insan üçün xoşdur. Burada saxta təvazökarlığa yol verməyə də dəyməz. Amma mənim üçün TÜRKSOY-un mükafatı da xüsusi önəm daşıyırdı. Bu mükafatın mənəvi anlamı böyükdür. Çünki illərdir məhz türk dünyası, türkçülük ideyasının təbliği ilə bağlı həm publisistik yazılar, həm şeirlər yazıram. 1988-ci ildən başlayaraq bununla bağlı ortaya qoyduğum xeyli sayda ədəbi nümunələr var. Bu baxımdan bir neçə dövlətin təsis etdiyi bu mükafat mənim üçün böyük əhəmiyyətə malikdir və qürurvericidir.

– İllər öncə müsahibələrinizin birində qeyd etmişdiniz ki, özünüzə söz vermisiniz, daha şeir yazmayacaqsınız. Söz adamı kimi bəzən sükutun daha böyük gücə qadir olduğunu qəbul etmişdiniz. Bəs necə oldu ki, “Poz bu sükutu” kitabı ilə sükut buzunu qırmağa qərar verdiniz?

– Mənim qənaətimcə, Azərbaycan ədəbiyyatında uzun bir müddət sükut hökm sürürdü. Yəni, xatırlasanız, son on il, bəlkə də bir az çox müddətdə ədəbi nümunə adına sırınan xeyli sayda yazılar var idi. Əslində ədəbi mühit söz qəbiristanlığını xatırladan bir ortama dönmüşdü. İctimai kütləyə zorla sırınan söz yığınının içərisində mən bir kənara çəkilməyi məqsədəuyğun saydım. Səbəb əslində bundan ibarət idi. Efirdə, mətbuat səhifələrində, – internet portalları yeni olduğu üçün onların üzərinə getmirəm- məhz o söz yığınını ortaya qoyan insanların yazdıqları cızmaqaralar təbliğ olunurdu, mədhiyyələr söylənilirdi. Buna görə bir müddət kənarda dayanmağa çalışdım. Amma bu, o demək deyil ki, həmin dövrdə susmuşam, yazmamışam. Yazmışam, sadəcə on illik bir fasiləylə. Onu da deyim ki, bu on illik fasilə ərzində çox az yazmışam. Amma “Poz bu sükutu” kitabından sonra daha çox yazmağa başlamışam.

– Sizcə, on illik sükut xeyrinizə işlədimi? Necə düşünürsünüz, yazdıqlarınızla sükutdan daha artığını deməyi bacardınızmı?

– Bu sükut mənim xeyrimə olub. Düşünürəm ki, yazdıqlarım sükutdan daha dəyərlidir. Çünki ən azı, fərqli yaş kateqoriyasını əhatə edən oxucularımı, xüsusən gənclər tərəfindən şeirlərimin, yazılarımın dəyərləndirildiyini görəndə təbii ki, sevinirəm və hesab edirəm ki, sükutdan daha çox verə biləcəyim sözlər, deyimlər var.

– Qeyd etdiniz ki, ədəbiyyatımız bir dönəm “söz qəbiristanlığı”nı xatırladırdı. Milli ədəbiyyatın indiki vəziyyəti haqqında qənaətləriniz nədən ibarətdir?

– Məncə, artıq sözün əsl mənasında ədəbiyyatımızda sükut pozulub. Son illər ərzində xeyli sayda həm nəsr, həm poetik janrda diqqətimi cəlb edən çoxsaylı əsərlər var. Xüsusən də gənclər arasında. Gəncləri çox oxuyuram. Sözün dəyəri, məncə, çəkiyə minməyə başlayıb. Artıq ictimai rəy sözün dəyərini müəyyənləşdirir. Burada internet medianın və sosial şəbəkələrin də rolu çoxdur. Yəni, söz daha çox insanlara çatdıqca, yetişdikcə, təkcə kitab vasitəsilə deyil, – bildiyimiz kimi, kitabların tirajı çox azdır – sözün dəyərini artıq oxucu verməyə başlayır. Bu proses getdikcə ədəbiyyatımızda həmin o saxta, yalançı, sosial şəbəkə, internet dili ilə desək, “saxta profillər” sıradan çıxmağa başlayır. Və əslində mahiyyət etibarilə mənim üçün söz öldürən insanlarla saxta internet profillərinin heç bir fərqi yoxdur, eyni şeydir.

– Bu gün ədəbiyyatın təbliğində internetin rolunun böyük olmasını qeyd etdiniz. Fikrinizcə, kitaba maraq indi hansı vəziyyətdədir, internetin belə populyar olması kitaba marağı öldürmür ki?

–  Kitab klassik bir ənənədir, kitab əbədidir və əbədi olaraq da qalacaq. Bundan 100 il, 200 yüz il sonra da, insanlıq yaşadıqca kitab yaşayacaq. Kitabın bir aurası var. İnternet kağız qoxusu vermir və kağızın gətirdiyi o doğmalıq duyğusu da internetdə yoxdur. O baxımdan düşünürəm ki, zaman keçdikcə, bu proses yenidən kağız müstəvisinə qayıdacaq, yəni, kitab yenidən populyarlaşacaq. İnternet bumunun ötüb keçəcəyini düşünürəm. Hələ həvəs var, bir çox insanlar bu proseslərə yenicə qoşulurlar, Azərbaycan hələ tamamilə internetlə əhatə olunmayıb. Zamanında Avropa da, Amerika da bunu yaşayıb. Birdən-birə oralarda da qəzetlərin, kitabların tirajları düşdü. Amma internet bumu ötüb keçdi, insanlar yenidən həmin o klassikaya, o estetikaya qayıtmağa başladılar, kitabı dəyərləndirdilər. 

– Kitabdan danışmışkən qeyd edim, təqdim olunan son kitabınızın adı- “Poz bu sükutu” bir az ictimai müraciəti xatırlatsa da, oxuyanda gördüm ki, əslində bu, məhz sevgi şeirinin adıdır.

– Mənim siyasi lirikaya uyğun sayılan şeirlərimin əhəmiyyətli hissəsi 1988-1990-cı illərdə, milli azadlıq hərəkatı dövründə qələmə alınıb. Bunu zamanın, dövrün aurası diqtə edirdi. Zaman keçdikcə, həm biz özümüzü insan kimi tapmağa başlayırıq, həm də cəmiyyət artıq bütün bu proseslərdən uzaqlaşır. Həmin dövrdə yazdığım şeirlər içərisində əbədi olaraq qalanlar da oldu, yəni, “Azadlıq” marşı, “Salam, məmləkət” kimi. Amma bununla belə, siyasi lirikanın içərisində hətta özümün də unutduğum şeirlər var. Amma zaman sözü ələdikcə hər şey üzə çıxmağa başlayır, ədəbiyyatda nəyin qalacağı, nəyin unudulacağı bəlli olur. Amma düşünürəm ki, məndən daha çox sevgi şeirləri qalacaq.

– Sizin sevgi poeziyanız hansı fəlsəfəyə söykənir?

– İnsan yaşlaşdıqca, müdrikləşdikcə, hissləri cilalandıqca həm sözün, həm də sevginin dəyərini bilməyə başlayır, sevginin yükü də, çəkisi də insanın qəlbində artır. Hər yaşda sevmək olar, hər yaşda sevginin gözəlliyini duymaq olar. Mənim qənaətimə görə, son illər yazdığım şeirlər mənə daha doğmadır, daha əzizdir. Söhbət motivləşdirmədən getmir, sadəcə büruzə verdiyim hisslərin çəkisindən gedir. İnsan yaşa dolduqca emosiyalar ikinci plana keçir. Yəni, burada söhbət bəsit, primitiv, reflektiv emosiyalardan gedir. Daha yüksək hisslər, daha ali duyğular önə çıxmağa başlayır.

– Bəzi sevgi şeirlərinizə mahnılar bəstələnib. Təsadüfən radiodan, televiziyadan həmin mahnıları eşidəndə hansı hissləri keçirirsiniz?

– Adiləşib, artıq bu mənim üçün keçilmiş mərhələdir. Müəyyən dövr ərzində bu, mənim üçün qeyri- adi idi, təqdim etməyə həvəsli idim. Ancaq sizə deyim ki, özümü təbliğ etməyimlə bağlı- həm şeirlər, həm marşlar, həm mahnıları nəzərdə tuturam, uzun illər boyu sükuta qərq olmuşam. Bir çox insanlar hətta mənim şeir yazdığımı belə unutmuşdular. Mən özümü təbliğ etməmişəm. Ancaq həmkarlarımın, o cümlədən də dostum Rəşad Məcidin mənim yaradıcılığımın təbliğində rolu böyükdür. O həmişə məni özümütəbliğlə məşğul olmağa, ədəbi yazılarımı üzə çıxarmağa məcbur eləyirdi. Sualınıza gəlincə, indi şeirlərimə yazılmış bəstələri çox rahat dinləyirəm, həmin dövrü xatırlayıram. Mən çox az musiqiyə sonradan mətn yazmışam, əsasən, mənim şeirlərimə yazılan mətnlərdir. Ona görə də sonuncularda poetik çəki daha çox olur və onlar mənə daha doğmadır. Üzərinə mətn yazdığım mahnıları isə unutmağa çalışıram. Əlbəttə, onların içərisində də uğurlusu da, uğursuzu da var. Son dövrlərdə isə üymumiyyətlə, musiqi üzərinə mətn yazmaqdan imtina edirəm.

– Siz həm siyasətçi, həm şair, həm də media təmsilçisisiniz. Saydıqlarımın birincisi insandan ambisiyalı, ikincisi hissiyyatlı, üçüncüsü isə vicdanlı, qərəzsiz, düzgün olmağı tələb edir. Bunları bir arada yaşamaq çətin deyilmi?

– Çox, həddən artıq çətindir. Əvvəla onu deyim ki, mən siyasətə həm təsadüf nəticəsində, həm də zamanın doğurduğu zərurətdən gəlmişəm. Situasiya diqtə edib, diqtə olunan şərtlər əsasında siyasətə gəlmişəm. Amma mənim qənaətimə görə, əslində yaradıcı adamın siyasətdə olması, onun özündən daha artıq ölkə siyasətinin xeyrinədir. Azərbaycanın siyasi mühitində hər şeyin bomboz rəngdə olmasının əsas səbəblərindən biri də siyasətdə yaradıcı adamların sayının az olmasıdır. Bəzən şairləri siyasətlə məşğul olanda qınayırlar. Bizdə belə bir yanaşma tərzi var ki, filankəs şairdirsə, deməli, siyasətlə məşğul ola bilməz, ciddi danışa bilməz. Bu, düşüncə tərzi sovet dövründə formalaşmış, məqsədyönlü şəkildə bizə zorla sırınmış düşüncə tərzidir. Sovet tezisilə yanaşanda şair belə olmalı idi; içki düşkünü, səliqəsiz, anormal həyat tərzi sürməli idi. Azərbaycanın milli düşüncəsi və təfəkkürü ədəbiyyatda yaşayırdı. 60-cı illərin ədəbiyyatı olmasaydı, milli istiqlal mücadiləsi də olmayacaqdı. Bu baxımdan sovetlər dönəmində şairin süni və məqsədyönlü yaradılan belə obrazı həmin rejimə sərf edirdi. Məqsədyönlü şəkildə şairlər içki düşkününə çevrilirdi və onlara cəmiyyətdə fərqli bir münasibət ortaya qoyulurdu. Sovet rejimi kimləri satın alırdısa, həm mükafatlandırırdı, həm də onları mənən insan kimi, şəxsiyyət kimi sındırırdı. Amma mənim qənaətimə görə, şairlər bütün dövrlərdə zamanın öndə gedən insanları olub. Siyasətlə də məşğul olublar. Dünyanın bir çox tanınmış siyasətçiləri şeirlər yazıblar. Tarixə nəzər salsaq, Osmanlı padşahlarının hamısı şeir yazıb. Azərbaycan tarixinin ən şərəfli simalarından olan Şah İsmayıl Xətai də şair olub. Bu baxımdan da əslində siyasətdə hiss, intuisiya çox önəmli rol oynayır. İnsanın duyğusu yoxdursa, prosesləri duymağı bacarmırsa, necə siyasətçi ola bilər? Elə məqamlar var ki, orada analitik, sətr, soyuq məntiq rol oynamır. Onda situasiyanı hiss eləməlisən, duymalısan və buna uyğun qərar qəbul eləməlisən. Bu aspektdən yanaşanda hesab edirəm ki, siyasətdə yaradıcı adamların çox olması insanların, elə siyasətin də xeyrinədir. “Siyasət iyrəncdir, ədəbi sözün müqəddəsliyini siyasətə gətirmək olmaz” fikrini qəbul etmirəm. Onu da deyim ki, mən siyasətdə ədəbiyyatla, ədəbiyyatda da siyasətlə məşğul olmuram. Hər yerin sərhədləri düzgün cızılırsa, qızıl orta tapılarsa, o zaman heç bir problem yoxdur, insan istədiyi sahə ilə məşğul ola bilər.

– Bəs özünüzü daha çox hansı sahəyə aid edirsiniz?

– Mən təpədən dırnağa qədər ədəbiyyat adamıyam. Çünki hara qaçmışamsa, yenə ora qayıtmışam. İnsana Tanrıdan verilən bir missiya olur. Mənim təyinatım və missiyam ədəbiyyatla bağlıdır. O sapa bilər, ayrı-ayrı istiqamətlərə gedə bilər, amma son nöqtə, ünvan yenə Tanrının verdiyi təyinata olur. Mənim də gedəcəyim sonuncu mənzil ədəbiyyatdır. Ədəbiyyat mənim içimdədir.

–  İndi nə yazırsınız?

– Son dövrlərdə çoxlu şeirlər yazmışam. Bir adamın xatirəsinə yazdığım şeir istisna olmaq şərtilə, hamısı sevgi mövzusundadır.

– Yenidən sevgiyə qayıdışa sizi ilhamlandıran motivasiya var, yoxsa?

– Yox, yox, (gülür) xüsusi bir anlamı yoxdur. Əslində fikir versək, ətraf hər tərəf sevgidir. Məncə,  bu gün cəmiyyətə sevgi daha çox lazımdır. Hazırda virtual məkanda insanların daha çox vaxt keçirdiyi, bir-biriləri ilə canlı ünsiyyətdən, dialoqdan uzaqlaşdığı, cəmiyyətdə sərt qaydaların hökm sürdüyü bir zamanda sevgiyə və bu sevginin insan hisslərinə toxunacaq şəkildə ifadə olunmasına, insanın ilkin başlanğıcına qayıtmasına daha çox ehtiyac var.

– Yəqin bu şeirlərin kitab halında nəşrini nəzərdə tutursunuz?

– Mənə elə gəlir ki, təxminən növbəti il, inşallah yalnız sevgi şeirlərindən ibarət bir kitab olacaq.

– Publisistik yaradıcılığınızda vəziyyət nə yerdədir?

– Son dövrlərdə publisistik məqalələri çox az yazıram. Publisistikaya vaxt yoxdur. Gündəlik qəzet işi adamı yeyir, udur. Mümkün deyil. Ancaq bununla belə yenə də ən çox publisistik yazılar yazan baş redaktorlardan biriyəm. Son dövrlərdə Türkiyə səfərimlə bağlı bir reportajım, daha doğrusu, səfər qeydlərim olub. Ondan sonra ciddi bir yazı yazdığımı düşünmürəm. İstedadlı bir əclafdan bəhs edən roman üzərində işləyirdim, onunla bağlı gurultulu bir anons da vermişdim. (gülür) O da vaxt çatışmazlığından yarımçıq qalıb, bitirməyə vaxt tapa bilmirəm. Jurnalistlər də heç nəyi unutmurlar, (gülür) hər dəfə də eyni sualı verirlər, roman haqqında soruşurlar, mən də artıq utanmağa başlamışam ki, görəsən bunu nə vaxt bitirəcəyəm? Bir məqamı da qeyd edim ki, jurnalistika bədii yaradıcılığı arxa plana keçirsə də, bu zaman yazanda ən yaxşısını yazırsan. Hər gün beynimdən onlarla şeir keçir, çox böyük bir tapıntı içərisində olanda seçib yalnız yaxşısını qələmə alırsan. Onu da deyim ki, oturub fikirləşib şeir yazmıram, onu əvvəlcə uzun müddət beynimdə bişirirəm, tam hazır olandan sonra ya kağıza, ya bilgisayara köçürürəm. Heç vaxt oturub sətir-sətir şeir yazmamışam. Fikrimcə, ya kağıza, ya kompüter monitoruna yazmağın elə də fərqi yoxdur. Rəşad Məcidlə söhbətimizdən sonra yazdığım “Qatar” şeirini məhz kağıza yazmışam. Məncə, əsl ovqata köklənəndə qarşındakının qələm, yaxud bilgisayar olduğunun fərqinə belə varmırsan. Onlar sadəcə vasitədir. Qələmlə səfər qeydləri eləməyin isə öz yeri var.

– Övladlarınızdan hansısa bir sahədə yolunuzu davam etdirən varmı?

– İki oğlum var, heç birinin də bu  sahələrə marağı yoxdur. Bəlkə bir az böyük övladımın sənət seçimində müəyyən qədər uyğunluq var. O, beynəlxalq münasibətlər üzrə təhsil alıb. Uzun müddət beynəlxalq ekspert kimi fəaliyyətimi nəzərə alsaq, bir az burada uyğunluq, siyasi yönə meyil var. Digər oğlum isə səkkizinci sinifdə oxuyur, daha çox idmana meyillidir. Övladlarımın yolumu davam etdirmədiklərinə görə qətiyyən kədərlənmirəm, əsas odur ki, əsl vətəndaş kimi Vətənə layiqli övlad olsunlar. Mənə qədər olan ailə üzvlərimin əksəriyyəti hərbçi, məndən fərqli sahənin adamları olublar. Düzdür, dayım şair olub, yəqin, bir az dayıma çəkmişəm. Vacib deyil ki, hamı şeir yazsın, yaxud siyasətlə məşğul olsun. Mənim iradəmə zor eləyən olmayıb, öz yolumu özüm seçmişəm, ona görə övladlarımın sərbəst seçiminə qarşı çıxmıram.  Əsas olan odur ki, insan seçdiyi sahədə özünü tapa bilsin.

Sevinc MÜRVƏTQIZI

 





15.04.2013    çap et  çap et