525.Az

Opera sənətimizin daha bir təntənəsi


 

Opera sənətimizin daha bir təntənəsi<b style="color:red"></b>

1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yaradılmış Opera studiyası bugünəcən bir çox uğurlar qazanıb, Azərbaycan opera sənətinin inkişafı yolunda bir sıra önəmli addımlar atıb.

Opera studiyası Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Vokal fakültəsi tələbələrinin təhsil və təcrübə keçdiyi tədris teatrıdır. Opera və Musiqili Teatrın gələcək aktyorları burada formalaşırlar. Təsadüfi deyil ki, 1984-cü ildə studiyaya Azərbaycanın ilk qadın vokalçısı Şövkət Məmmədovanın adı verilib.

Müəllimlər, dirijorlar, rejissorlar, rəssamlar,baletmeysterlər, xorçular, orkestrantlar, konsertmeysterlər və müdiriyyət işçilərindən ibarət bir kollektivdən ibarət olan Opera studiyası opera tamaşalarının qoyulması kimi tədris planını vokal kafedrası ilə birlikdə işləyir. Eləcə də tələbələr burada teatr professionallığı vərdişlərinə yiyələnir, səhnəni dərk edir, kurs və diplom işlərini səhnələşdirirlər. Opera studiyasının müəllimləri həmişə olduğu kimi, indi də opera teatrının pedaqoji spesifikasını bilən tanınmış incəsənət xadimləridir.

Bu illər ərzində P. Maskaninin "Kəndli şərəfi", S. Raxmaninovun "Aleko", C. Verdinin "Aida", "Trubadur", "Traviata", "Riqoletto", P. Çaykovskinin "İolanta", "Yevgeni Onegin", "Motsart və Salyeri", D. Çimarozanın "Xəlvəti kəbin", N. Rimski-Korsakovun "Çar gəlini", İ. Bizenin "Karmen", V. Motsartın "Hamı belə hərəkət edir", "Bostyen və Bastyena" və digər operalar tamaşaya qoyulub. Opera klassikləri ilə yanaşı Azərbaycan bəstəkarlarının - Ü.Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", "Arşın mal alan", M. Maqomayevin "Şah İsmayıl", F. Əmirovun "Sevil", S. Ələsgərovun "Ulduz" və digər əsərlərin səhnə həlli həyata keçirilib.

Yeni layihə üzərində işləyən Opera studiyasının kollektivi tərəfindən 2017-ci ilin başlanğıcında təntənəli konsert proqramı təşkil edildi. Studiyanın bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimovun təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında musiqisevərlər və opera sənətinin ən tanınmış nümayəndələri bir araya toplandı. Yanvarın 16-da baş tutan "Baku OperArt"adlı konsertin əsas ideyası Azərbaycanda opera sənətinin inkişafını dəstəkləmək, insanlarda bu sahəyə sevgi yaratmaq və onların diqqətini opera sənətinə cəlb etmək idi. Konsertdə giriş sözü ilə musiqişünas, dosent Jalə Qulamova çıxış edərək səslənəcək əsərlər barəsində dinləyiciləri məlumatlandırdı. Bu konsert proqramında Bakıda az səhnələşdirilmiş ecazkar italyan və fransız operalarından tanınmış parçalar səsləndirildi. Onların bəziləri ilk dəfə səslənən musiqili premyera idi. Konsertdə Bakıda artıq 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun "Faust" operasından bütöv akt nümayiş etdirildi. Proqramın yeniliklərindən biri isə musiqi nümunələrinin ifalarla bərabər səhnə tərtibatı ilə təqdim edilməsi oldu. Bu da musiqinin daha aydın və obrazlı qavranılmasına səbəb oldu. Professional ifaçıların müəyyən sujet əsasında canladırdığı obrazlar auditoriya tərəfindən maraqla qarşılandı.

Musiqi nümunələrini Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştant, Adil Axundov və başqaları səsləndirdilər. Solistlərlə yanaşı tədbirdə xor nömrələri də yer almışdı. Xorun bədii rəhbəri, Xalq artisti, professor Gülbacı İmanova və Opera studiyasının bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Fəxrəddin Kərimovun birgə səsləndirdiyi ifalar operasevər dinləyicilərdə parlaq emosiyalar bəxş edərək unudulmaz anlar yaşatdı.

Konsert barəsində müsahibə zamanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva öz fikirlərini dilə gətirdi:

- Düşünürəm ki, bu tədbir ölkəmizin mədəni həyatında çox böyük hadisə idi, həmçinin səhnə üçün yararlı və gözəl konsert oldu. Bildiyiniz kimi, Bakı Musiqi Akademiyasının əsas struktur bölməsi olan Opera studiyasında  bizim tələbələr opera səhnəsinin tanınmış və təcrübəli solistləri ilə yanaşı təkmilləşdirilir. Bu konsertdə Opera studiyasının əməyi, bütün komanda ilə birlikdə çox gözəl alındı! Konsert zamanı  bütün aspektlərdə, çox böyük potensial nümayiş etdirildi, amma təəssüflər olsun ki, maddi vəziyyətimiz bizə mükəmməl opera tamaşaları qoymaq imkanı vermir. Studiyada təcrübəli komanda fəaliyyət göstərir, lakin bizə maliyyə dəstəyi lazımdır. Hamı bilir ki, opera sənəti  dotasiyalar sayəsində mövcuddur, studiyanın əməkdaşlarının aldıqları simvolik ödəmələri bir kənara qoysaq, əslində onlar burada yalnız operaya qarşı olan böyük həvəs və sənətə sonsuz məhəbbət naminə işləyirlər. Xüsusən belə böyük zəhmət istəyən bu cür konsertlərin təşkili, istənilən teatrda müvəffəqiyyətlə aparıla bilər. Biz istəyirik ki, bu yaradıcı heyəti mütəmadi olaraq konsertlər verməyə sövq edək və bu tamaşalar, paytaxtımızın qonaqlarını və opera musiqisinin pərəstişkarlarını daima sevindirsin. Dünyanın bütün konservatoriyalarında olduğu kimi, opera studiyaları mükəmməl opera teatrları kimi bilet sistemini tətbiq edir. Hörmətli təhsil nazirimiz bu yaxınlarda opera studiyasına öz dəstəyini vəd etdi.  Biz bunun üçün ona təşəkkür edirik.

Sumqayıt musiqi kollecinin musiqi müəllimi Yelena Boqayevskaya-Busıgina da düşüncələrini paylaşdı:

- Biz konsertdən konsertə daha parlaq imkanlar və solistlərin ciddi inkişafını görürük. Həmçinin  bariton, tenor, soprano, mezzo-sopranoların qeyri-adi ifası, gözəl seçilmiş repertuar, böyük, əhatəli operalardan xorun iştirakı ilə səhnələr, partiyaların gözəl ifası - bütün bunlar valehedici idi! Maestro Fəxrəddin Kərimovun dirijorluğu ilə orkestrin sahmanlı ifası və solistlərin zəngin koloratur passajlı, çox mürəkkəb vokal partiyaları səsləndirməsi parlaq peşəkarlıq nümunələri idi. Solistlərin ustalığı, psixoloji emosiyaları, oyun məqamları, onların səhnə təcəssümü, konsertin incəliklə ölçülüb-biçilmiş şəkli isə Xalq artisti, professor Şəfiqə Məmmədovanın uğurlu rejissorluğunu, ustalığını göstərirdi.

Lalə NAMİQQIZI

 





24.01.2017    çap et  çap et