525.Az

London macəraları


 

London macəraları<b style="color:red"></b>

Hər bir gəncin xarici ölkəyə təhsil almağa yollanarkən rastlaşdığı ən böyük çətinliklərdən biri də yerli mühitə bələd olmamağı və bu məlumatsızlığın nəticəsində bir neçə dəfə xoşagəlməz hallarla üzləşməsidir. Yəqin, çoxlarınız belə halların şahidi, hətta iştirakçısı olmuşsunuz. Yerli bazara və qiymətlərə nabələdlik, yaxın insanların olmaması, mədəniyyət və qayda-qanun müxtəlifliyi, xüsusilə, gənc yaşlarında yeni bir ölkəyə ayaq basmış tələbələrimizin başağrısına çevrilir.

Mənim burada sizinlə bölüşmək istədiyim əhvalat 2004-cü ildə, 17 yaşımda Londonda təhsil alarkən başıma gəlmiş bir hadisədir. Bu məqaləni yazmaqda məqsədim Böyük Britaniyaya yeni gəlmiş azərbaycanlı tələbələrə diqqətli, ayıq olmalarını tövsiyə etmək və bunun nə qədər mühüm olmasını əyani sürətdə nümayiş etdirməkdir. Yoxsa, iraq olsun, siz də bu əhvalata oxşar bir hadisə ilə üzləşərsiniz və sonda iki həftə ancaq eyni xörək yeməyə məcbur olarsınız. Niyə eyni xörək? Onda oxuyun, bilərsiniz...

Payız fəsli idi. Londona yeni gəlmişdim və bu nəhəng şəhərin ovqatına, həyatına yavaş-yavaş, amma çətinliklə öyrəşirdim. Bir dəfə axşamçağı yeni kirayələdiyimiz evin yaxınlığında ev yoldaşlarımla – iki azərbaycanlı və bir vyetnamlı gənclə gəzişərkən qəflətən maşın yolunun kənarında kiçik avtomobil dayandı. Dərhal içəridən çağırış səsləri eşitdik və maşına yaxınlaşdıq. Avtomobilin arxa oturacağında əyləşmiş orta yaşlı bir zənci əlində tutduğu əşyaya işarə edərək nəsə deyirdi. Biz isə hələ ingilis dilinə tam bələd olmadığımızdan onu güclə, natamam başa düşürdük. Bir az çək-çevirdən sonra zəncinin əlin-dəkinin təzə noutbuk olduğunu və onu bazardakı qiymətdən çox ucuz bizə satmaq istədiyini anladıq. İnformasiya texnologiyası sahəsində xüsusi biliyi olan ev yoldaşım elə avtomobilin pəncərəsindən noutbukun saz vəziyyətdə olub-olmamasını yoxladı. Zənci noutbuk üçün bizdən 200 funt istəyirdi. O, sonra əlavə etdi ki, əgər daha 200 funt da versək, digər çantadakı yeni videokameranı da bizə sata bilərdi. Təbii ki, biz də xalqımıza xas ənənəvi ticarət bacarığımızı işə salıb, toplam qiyməti 400-dən 270 funta endirməyə nail olduq.

Böyük bir xəzinə tapmış kimi cəld sevincək yaxınlıqdakı bankomatadan nəğd pul çıxartdıq və yenidən maşına yaxınlaşdıq. Bu vaxt artıq nədənsə narazı qalmış sükan arxasındakı digər zənci əsəbi-əsəbi deyinirdi. Onun arxasındakı yoldaşı tələsik noutbukla videokameranı gözümüzün önündəcə böyük qara çantaya qoydu. Beləcə, pul və çantanı dəyişmək məqamı gələndə anidən irəlidəki sürücü pedala basıb, avtomobili qabağa sürdü. Bu vaxt arxadakı zənci onun bu hərəkətindən bərk əsəbiləşib, onun üstünə çımxırdı və sürücüyə bizim malları almaq istədiyimizi, onun maşını geriyə sürməsini əmr elədi. Nəhayət maşın 4-5 metr irəli getdikdən sonra geriyə doğru qayıtdı. Biz tələsik pulu verib,  çantaları qapdıq və bahalı malları dəfələrlə ucuz qiymətə almağımızı qeyd etmək niyyəti ilə yaxınlıqdakı restorana yollandıq. Malların oğurluq olmasından ehtiyatlandığımız üçün qorxumuzdan çantanı açmırdıq. Restoranda şam etdiyimiz zaman vyetnamlı ev yoldaşımız Hollandiyada yaşayan bacısına zəng edərək bugünkü alış-verişimizdən ürək dolusu danışdı. Onun gözlərindəki sevinci və həyəcanı hələ də olduğu kimi xatırlayıram.
Xörəyimizi bitirib, nəhayət evə qayıtdıq. Mən duş qəbul etmək üçün hamama getdim. Oradan çıxıb, qonaq otağına gələrkən ev yoldaşlarımın üzərində çantanın durduğu masanın arxasında məyus halda əyləşmiş olduğunu gördüm.

Nə olub, işləmir? – deyə soruşdum.

Azərbaycanlı yoldaşlarımdan biri səsini çıxarmadan başı ilə çantaya işarə elədi. Mən masaya yaxınlaşıb, əlimi çantanın içinə saldım və oradan iki ağır paket çıxartdım. Onların hər ikisinin içində bir kiloqrama yaxın kartof vardı. Məlum oldu ki, zənci fırıldaqçılar bizləri aldadaraq noutbuk və kamera əvəzinə çantaya kartof qoyublar. Sən demə, sürücü avtomobili gözlənilmədən irəli sürərkən, həmin bir neçə saniyə ərzində bizə məhsulları təklif edən arxadakı zənci ayaqları altındaca yerləşdirdiyi başqa çantanı götürüb və onu bizə veribmiş.

Biz naəlac qismətimizlə barışası olduq və növbəti iki həftə ərzində ancaq kartoflu xörəklər bişirdik. Amma onu da qeyd edim ki, yəqin ki, bizim adımız ən bahalı kartof yemiş insanlar kimi dünya tarixinə düşməlidir: axı, nəticədə kartofun hər kilosuna 135 funt vermişdik!

Odur ki, gənclər, diqqətli və ayıq olun və nabələd ölkədə hər zaman fırıldaqlıqla üzləşə biləcəyinizi ağlınızdan çıxarmayın! Oğurluq mala isə yaxın durmayın! Halal olmayan şeyin faydası da olmaz!
 
Soltan Bayramov 
(Uels Universitetinin məzunu)
 
Böyük Britaniyada azərbaycanca dərc olunan ictimai-mədəni gənclik qəzeti

 

 





15.04.2013    çap et  çap et