525.Az

Məmməd Aslanın şeirləri


 

Məmməd Aslanın <b style="color:red">şeirləri</b>

Özünə qayıt

                  

Harda qaldı o günlər ki,

Analar qurd doğurardı?!

Xilqət insan çamurunu

Dastanlarla yoğurardı!..

Arif Nihad ASYA

 

Dəlidağ da o zamanlar eynilə bir Çənlibeldi: dəli adına və dəlisov havasına uyğun dəli-dolu oğullar bəslərdi tülək tərlanlar kimi!..

Dəlidağın zirvəsindən perik düşəndən sonra acizləşmiş kimi görünən kim varsa, onların hər birisinə ithaf olsun o havada yazdığım bu dəli qoşmam.

 

Səni bir zamanlar yuxadan-yuxa,

Nanə yarpağından titrək görmüşəm.

Haqsızlıq önündə qalxardın şahə;

Yıxılan kimsəyə  dirək görmüşəm.

              

Dağların bir özgə dünyası vardı,

Bağrında  insanın ən xası vardı!

Süfrəndə quşun da ruzisi vardı;

Səni təpə-dırnaq ürək görmüşəm!

              

Sən müşkül dərdlərə dəva kimiydin!

Sən Dan şəfəqiydin, səba kimiydin!

Hər kəsə gərəkli hava kimiydin;

Səni bir sifətli, birrəng görmüşəm!

              

Ləşkərlər basardın tək bir canınla! –

Bircə həmlən ilə, həyəcanınla.

Çox qəlblər hörərdin az imkanınla,

Səni el-obaya gərək görmüşəm!

              

O dağlardan gedib səndən gedən də;

Hər şey Dəlidağın: ruh da, bədən də!

Əcdadın, kimliyin o dağ – Vətəndə!

Səni şimşək kimi zirək görmüşəm!

              

Sən fağır deyildin, düzəlt qəddini!

Gətir göz önünə ulu cəddini!

Dərdə, möhnətə də tanıt həddini! –

Səni fələk oğlu fələk görmüşəm!

              

Pələngin hər halı pələngdir axı:

Ya ölüsü olsun, ya olsun sağı!

Nərildə, səs versin göylərin tağı:

Deyim ki, insanı pələng görmüşəm!

Sumqayıt

28.03.2013.

 

Kövşən yeri

 

Həsrətinlə bu könlüm

Məhəbbət kövşənidir.

Şah İsmayıl Xətai

 

Ələsgər qəlbinə saldın işığı,

Məclislər zinəti, el yaraşığı,

Əzizliklə bəslədiyin aşığı

Zəlilliklə intiqama çəkirsən?!

Aşıq Ələsgər

Ot kökü üstündə bitər! Soyumuzun bu inancından Haqverdi Talıboğlunun haqqında yazdığım qoşmanın başı üstünə ulu cəddinin iki övliya şairinin misralarını bayraq yerinə sancmağa cəsarət etdim.

Haqverdi, Şah Xətainin simsarıdır; Aşıq Ələsgərin – nəvəsi. Hər iki klassik şairimizin cəfakeş və layiqli ruh daşıyıcısıdır Haqverdi Talıboğlu.

 

Necoldu gördüyüm şəvə saçların?!

Nə qalın qar yağıb başına sənin!

Baxışın qəhərli, saçın tarimar;

Sir-sifət uyuşmur yaşına sənin.

               

Yalan ümidlərlə baş qatan dünya;

Gah səpib-göyərdən, gah kotan dünya;

Yar-yaraşığına toy tutan dünya,

Barı qıymayaydı huşuna sənin...

               

Gün hardan doğacaq?! – Əngəllər dimdik...

Buludlar qan qusur; can çəkir gədik.

Fəhmin neyləsin ki; iqbalın dönük:

Nə deyək bəxtinə, şansına sənin?!

               

Sinəndə Ələsgər bir gur bulaqdı!

Bir ömür bağrında çağladı-axdı.

Yadında nə qalıb bu qoca vaxtı?!.

Yanaydım quruna-yaşına sənin!

               

Babanın yolunda şam tək əridin,

Özün də sənətdə hünərvər idin!

Söz əkib – söz biçən bir rəncbər idin;

Macgəllik elədim xışına sənin.

               

Dağlar hay verərdi o gur səsinə:

Mat qalardım qaya zənguləsinə.

Səni yamsılayan daş həvəsinə

Qorxardım çıxmağa qarşına sənin.

               

Doymazdın bir sazdan, bir zərif atdan;

Uğunub gedərdin bir zarafatdan;

Bacar çəmini tap, düşmə urvatdan!..

Nə deyim ki, gəlsin xoşuna sənin?!

               

Bir zaman ikiydik, bir bütöv olduq.

Bir ocaqda yanan bir kösöv olduq!

Şeirdə-sənətdə dəlisov olduq:

Sidq ilə baş qoydum daşına sənin.

               

Bəxtiyar olarsan! – Virdim həmişə

Dərdinlə kökləndi dərdim həmişə

 Başını buludda gördüm həmişə;

Bircə yol çatmadım tuşuna sənin.

               

Onda ki: bağrına basardın sazı,

Hər kəs məclisindən qalardı razı.

Şirin avazında Cənnət havası:

Hurilər-pərilər aşina — sənin!

               

Ərənlər məskəni Göyçə elində

Kimlər gül açmadı sənin dilində?!

Ağlar “Koroğlu”n da, “Göyçəgülü”n də

Hopub torpağına, daşına sənin.

               

İsmidə Haqverdi Talıboğluydun;

Haqqa köklənmişdin, Haqqın quluydun.

Ahıllığında belə dəli-doluydun:

Kimsə çıxammazdı döşünə sənin!

               

Səsin gah qırılır, gah məşum olur,

Güllərin soluxub gah həşəm olur.

Huşun dağıldıqca alnın şum olur;

Baxıram düyülən qaşına sənin.

               

Andıqca yanıram bu halətinə;

Getdikcə sərtləşən qiyamətinə...

İndi kimlər gəlir ziyarətinə?

Dostların bənzərdi qoşuna sənin...

               

Sənlə sınaşmağa el düzülərdi;

Sıxdığın əllərdən qan süzülərdi.

Dost xoşhal olardı, yad üzülərdi;

Nə qaldı, ay fağır, qışına sənin?!

               

Nakam arzuların ulduzlar sanda;

Hər biri çırpınır: əllər yaxanda...

Bir ulu qüdrət var: yetişər sonda:

Dözməz fəryadına, yaşına sənin.

               

Dağ ömrü yaşadı dədən Ələsgər!

Yaşa, ay Haqverdi, öz baban qədər!

İksir tapsan, bir az Məmmədə göndər;

Qardaşın olmadım boşuna sənin! 

   Sumqayıt

28.01.2013.

 

Hələ də

                     

Qubadlı həsrətlilərindən Yusif Şahsuvaroğlu ilə Qubaya gedirdik. Yolda atüstü olaraq Gədik kəndinə baş çəkəsi olduq. Kəndin üst tərəfindən uzaqlarda görünən silsilə dağlar yadımıza doğma yerlərimizi salırdı.

Yusif çox böyük vəcd ilə birdən:

– Dağların başında qar var hələ də – deyib kövrəldi.

Səfər dostum özü də bilmədən dipdiri bir misra söyləmişdi:

Dağların başında qar var hələ də.

Bu qoşmanı o hazır misra yazdırdı mənə.

 

Darıxma, bənövşəm, yaza çox qalıb;

Dağların başında qar var hələ də.

Hələ kol dibinə yolun bağlıdı,

Yamacda uçqun var, tar var hələ də.

               

Dərdim dağa döndü, möhtəşəm oldu;

Unutdum nəşəni, yas peşəm oldu...

Qönçələr bürüşdü, gül həşəm oldu;

Butasız kollarda xar var hələ də.

Qol-qanad açardın yaz havasında;

Nazla uçunardın saz havasında.

Mövsümlər qalmadı öz havasında;

Səhərin gözündə tor var hələ də.

               

Yarpaq kimi titrər könlüm sarayı,

Düşən hər kərpicdə ömrün harayı...

Mən dilə tutsam da həftəni, ayı;

Dilimin ucunda yar var hələ də.

               

Sən qəmxar yarandın Məmməd Aslana;

Mən deyim dərdimi, sən bir-bir sana.

Görək necə çatır bu nağıl sona;

Ümid boğçamızda nar var hələ də.

Bakı.

09.02.2013.

 

Bahar cilvəsi

              

Bahar nə cilvədə, nə nazda gəlir?!

Onu kol dibində bənövşədən sor.

Bulaqlar başında yarışa çıxan

Gözlərdə qaynaşan nur-nəşədən sor.

              

Gülşənə naz satır laləyanaqlar;

Çayların səsinə quş qanad saxlar;

Necə cuşə gəlib keyvir bulaqlar?!

Təzə yaşıllaşan o meşədən sor.

              

Bulaq dediyimiz abi-həyatmış!

Coşub-çağladıqca aləm yaratmış!

Pərilər əliylə sığala yatmış,

Ətirlə yoğrulmuş bir guşədən sor.

              

Bu həmən gülzardı – yuxuma girən;

Çiçək pərən-pərən, gül pərən-pərən...

Qayadan dikələn Şirinmi görən?! –

Görsən Fərhad susdu, bir tişədən sor!..

              

Zirvədən süzülən çeşmələr baldı!

Gözəllər axışdı, səhənglər doldu.

Bahar hansı dağda Cənnəti buldu?! –

Həm Kəlbəcərdən sor, həm Şişədən sor!..

 

Bir quru cəsəddir Vətənsiz insan;

Vətənsiz nə bahar, nə Məmməd Aslan?!

Bənövşəsiz qalan, nərgizsiz qalan

Bağrıma od salan əndişədən sor.

              

Bakı

26.03.2013.

 

Behcətabad məhşəri

              

Ulduz sayaraq gözləmişəm 

                                  hər gecə, yarı.

Gec gəlmədədir yar,

                      yenə olmuş gecə yarı...

               Şəhriyar

              

Behcətabad Şəhriyara

Sehrli dastan o gecə:

Ya sovrular heçliklərə;

Ya çıxar yasdan o gecə.

Axıb doldu nəhrə sitəm,

Həm qəzəbə, qəhrə sitəm;

Dərd tağ atıb; bəhrə — sitəm:

Birə-min bostan o gecə.

               

Dan sökülür, gəlməzmi yar?!

Bu, nə sevda; bu, nə qərar?!

Ləhzələr ötür biqərar...

Yoğrulmuş nəsdən o gecə.

               

Nə varlıq var, nə yoxluq var;

Nə kişvər var, nə şahlıq var;

Tək Allaha pənahlıq var,

Əl üzüb dostdan o gecə.

               

Nə məna var; nə məntiq var;

Bir divanə romantik var:

Dərd-qəm yığır o antikvar;

Eşqi dəbistan o gecə.

               

Bir dönük var, bir də talib;

Talib təslim, dönük qalib...

Mələklər də heyran qalıb,

Baxırdı üstdən o gecə.

               

Göyə zilləmiş gözünü,

Saydı göyün ulduzunu.

Çaşdırmadı ulduz onu;

Göz vurdu məstanə gecə.

               

Çırpınır Şəhriyar huşda,

Qərar tutmur ağıl başda...

Budağa qonmuş bir quş da

İnləyir pəsdən o gecə.

               

Cükküldəyir aram-aram:

“- Quş yuxuma qatdın haram...

Tək deyilsən, mən də varam” –

Dillənir qəsdən o gecə.

               

Ruhumuza bir aynadı!

Bulaq eşdi, söz qaynadı.

Fələklə şətrənc oynadı

Çıxmadı marsdan o gecə.

               

Bu, nə meydan, bu, nə məcra?!

Dörd yanım Vamiqü-Əsra...

Çiçək yağdı misra-misra;

Könlüm gülüstan o gecə.

               

Bu eşq deyil, başqa sirdi!

Qanatmadan baş kəsirdi.

Həm bu aləm daş kəsildi;

Həm Məmməd Aslan o gecə.

Bakı

14.03.2013.

 

Təskinlik

          

Cavan qələmdaşlarımızdan birisi görkəmli şair Əjdər Ola qarşı mətbuatda “Əjdər hələ gedib Əjdər olsun” – deyə toxunaqlı yazı yazmışdı.

   

Saz ilə, söz ilə qəlbini ovut,

Arıya sirdaş ol bal deyə-deyə.

Ar-namusdan özgə hər şeyi unut;

Dağlarda iz axtar, el deyə-deyə.

              

Allah sənə canı ilk əvvəl verib;

Bir kamil baş verib, iki əl verib;

Coşqun ilham verib, xoş əməl verib;

Nur dalınca yollan, gəl deyə-deyə.

              

Qaş-qabaq sallayıb, nə dərd elərsən?!

Qəzəblə diləsən, hədər dilərsən!

Torpağı yoğursan, comərd elərsən;

Şoran gülşən olar: gül deyə-deyə.

              

İnsan xaliqinin xas xilqətidir!

Rəbi nə buyursa, əmrə qətidir!

Bəxti razı salmaq ər qeyrətidir! –

Əjdər, Əjdər Oldu: “Ol!” – deyə-deyə.

                                          

Bakı.

13.02.2013.    

                

Dünyada

 

Ürəyin sevəsi, gözün görəsi

Fərli şey qalmadı daha dünyada.

Ömrün nəşəsini hələ dadmamış

Öyrəşdik amana-aha dünyada.

              

Kaşənələr qurduq dağlar başında,

Qalıb tarixlərin daş yaddaşında.

Bir əmin-amanlıq axtarışında

Möhnətə tutdurduq yaxa dünyada.

              

Haqdan verilmişkən hər nemətimiz,

Bilmədik qismətin qiymətini biz.

Acizlik göründü mərhəmətimiz:

Rahat tikə olduq naxa dünyada.

              

Üz tutduq dünyaya, düşdük oyuna;

Qane olan azdı Haqqın payına.

Namərd çörəyinə, namərd suyuna

Suyulan tuş gəlsin oxa dünyada!

              

Namərd üzükməyə bəndi-bərənə!

Minnətli abadan qalsın viranə!

Allahın mülkünə gözün dirənə:

Çeşmələr çağlaya, axa dünyada!

              

Acgözlüklə sorar toxlar acları:

Dən kimi üyüdər yalavacları.

Vara bar bəsləyər darağacları;

Var olan möhtacdı yoxa dünyada.

              

Şeytanın qəhməri, nəfsin donqarı,

Həzm edə bilməzsən bu gur bazarı!

Son nəfəsdən əvvəl bir dəfə barı

Haramdan ağzını yıxa dünyada!

              

Mənəvi dəyərlər birər urvatdı!

O Günəş nurundan bizə nə çatdı?!

Hatəm səxalılar Ay kimi batdı;

Gözləmə kimsədən səxa dünyada!

Nala-mıxa döydü bu qoşman yaman;

Sözünü uzatma, kəs, Məmməd Aslan!

“Ye, çuxam, ye!” – deyib Bəhlul bir zaman;

Hələ də iş görür çuxa dünyada...

 

Bakı

08.03.2013.

 

 

Kərəm qıl, yarəbbi!..

              

Xalq şairi

Zəlimxan Yaquba

              

Bir bağı bəsləyən iki su arxı

Birdən qurusalar, bağ necə yaşar?!

Dəyişə dünyanın nizamı, nırxı,

Aran necə yaşar, dağ necə yaşar?!

 

Dənizlər quruya, çaylar soğula,

Qönçələr udquna, güllər boğula...

Bulaqlar can verə, su dağ-dağ ola:

Xəstələr bir yana, sağ necə yaşar?!

 

Hər böyrək bir çeşmə, axarı – arxdı,

Altmış il bu arxlar bir bağa axdı...

Kərəm qıl, ya Rəbbi, ömrün bu vaxtı

Soğulmuş bostanda tağ necə yaşar?!

 

Bakı

19.02.2013

 

 

Sözün pərvazı

 

Yusif Günaydının “525-ci qəzet”də dərc olunmuş silsilə şeirləri ilə onu yenidən tanıdım. “Şairimiz xaneyi-mübarək!”

Qələminə heyranlığımı aşağıdakı misralarımla bildirmək istədim:

 

Buludlar sıyrılıb, “Gün Aydın” olub;

Şahlanmış bir şair boy verib birdən.

Gözəllər səfinə üz tutub gedib;

Mələklər səsinə hay verib birdən.

 

Nə şahanə gəliş, nə yeriş idi!

Sözün pərvazıydı; diriliş idi!

Şair nə karədi; Allah işidi:

Bir aylı-ulduzlu göy verib birdən.

 

Sözü sevir bəndə; bəyənir Haqq da!

Söz təzədən doğur bir yoxayoxda.

Sənət cilasının batdığı vaxtda

Tanrı öz qeybindən pay verib birdən!

 

Qəfil gerçəkləşən nağıllar varmış!

Nağıldan süzülən ağıllar varmış!

Papaqlar altında oğullar varmış:

Taykeş qalmışlara tay verib birdən.

 

Çağlaya bilmədin, sus, Məmməd Aslan!

Xam sözün fəhmini eşit də, uslan!

Gözləmədiyimiz bir tülək tərlan

Zirvədən qıy alıb, qıy verib birdən.

 

Bakı,

05.03.2013.

 

Əlbəttə ki...

 

Səhhətini hifz etməyən

 bimar olar, əlbəttə ki...

 

 M.Ə.Sabir

İstədiyini danışan istəmədiyi

söz eşidər.

Türk inancı

 

20 Yanvar metro koğuşunun yaxınlığında xırda-xuruş satan bir çərənçi öz ağlı ilə müştəri çağırırdı:

– Hara baxırsan, a millət, bura gəl! Buynuzlu yumurta satıram, a millət; sərçə pendiri satıram, qısraq südü satıram, a millət, qaçma, fürsəti buraxma!..

Məndən qaçma, a millət! Belə fürsət ələ düşməz, a millət!..

Allahına, Peyğəmbərinə, millətinə və ümumiyyətlə mənəvi müqəddəsatına belə hərzəvü-hədyan deyərək meydan sulayan görənəklər, təəssüflər ki, çoxdur və çoxalır...

 

Bir sərsəmin millətinə hədyanı

Danalığından gələr, əlbəttə ki!

Zatıqırıq, südü xarab dəyyusun

Zinalığından gələr, əlbəttə ki!

             

“A millət!..” – deməkdən dil-dodaq qabar;

Qılınca qurşansa, milləti çapar...

Varlığına çökmüş üfunət ki, var:

Nəqdi alığından gələr, əlbəttə ki!

             

Bir hikmət duymayıb dünya tamından;

Nə səhərindən duyub, nə axşamından...

Hinindən, küzündən, dana damından –

“Danalığ”ından gələr, əlbəttə ki!

             

Qaya kölgəsində hürən bir köpək

Sağını-solunu dalar quduztək.

Gahdanbir başına dəyən dəyənək –

Fənalığından gələr, əlbəttə ki!

             

Yoxmu bir sahibi ipindən çəkə?!

Yava ağzı çuxur; söz-savı ləkə...

Tanrı tanımaz gicbəsərin yekə–

xanalığından gələr, əlbəttə ki!!!

             

Bakı, 26.03.2013.

 

Canlı cənazə

              

Bu evin yanından keçmək əzabdı:

Gələn hənirtidə bir dədə inlər.

Könlü qarət olub, ruhu tapdanıb,

İnlər gecə-gündüz, hər vədə inlər...

 

Ona qalan ancaq bir can qəfəsi;

Bir də hərdən gəlib-gedən nəfəsi;

Gah quyu dibində çabalar səsi,

Gah dərdi sürünüb zirvədə inlər.

 

Bəxtəvər kişiydi el-obasında;

Xalqın bayramında, elin yasında.

İndi dura bilmir iddiasında,

Get-gedə od alar, get-gedə inlər.

 

Sitəmli dağları ta aşa bilmir,

Nə desin zamana, ta yaşa bilmir...

Sınan qeyrətinə tablaşa bilmir

İnlər, bağrındakı min zədə inlər.

 

Dartınar, qıvrılar, zənciri qıra:

Dünya qəfəsindən bəlkə qurtula!

Əzabdan rahata bir əncam qıla...

Qarışar ruhunda öd-ödə, inlər.

 

Dağ-qaya anlasa, dərd açar adam;

Canında köz olsa, od saçar adam...

Yüz gözlü bulaqdı bu naçar adam:

Qəlb inlər, ruh inlər, həm didə inlər.

 

Bu necə iqbaldı, bu necə cəza?!

Fağır öz evində canlı cənazə...

Nanəcib arvada, naxələf qıza

Eyləyib ömrünü can – fəda, inlər.

 

Bakı

18.02.2013.

 

 





15.04.2013    çap et  çap et