525.Az

Jurnalistlərin müəllimi və dostu


 

Jurnalistlərin müəllimi və dostu<b style="color:red"></b>

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, Prezident təqaüdçüsü, professor Cahangir Məmmədlinin nurani çöhrəsi gözümüz önündə canlananda qəlbimizə işıq düşür. Çünki o, həqiqi mənada söz adamıdır. Sözdə isə işıq var. Bəlkə də, hörmətli alimi bütün söz adamlarına sevdirən onun bu cəhətidir.

Kimdir Cahangir Məmmədli? Hər şeydən əvvəl səbir və təmkin yolçusu, sadə və xeyirxah insan, mahir pedaqoq, zəhmətkeş alim. Mənalı ömrünün yarıdan çoxunu jurnalistikaya həsr edən fədakar insan. Cahangir Məmmədlinin adını eşidəndə göz önündə gözəl ziyalının, Azərbaycan jurnalistlərinin böyük bir nəslinin yetişməsində xidmətləri olan layiqli müəllimin obrazı canlanır. Bu nəcib keyfiyyətlər onun portretini tamamlayan əsas ştrixlərdir.

Bu gün Cahangir Məmmədlinin 75 yaşı tamam olur. O, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. 1968-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib və burada müəllimlik fəaliyyətinə başlayıb. Yarım əsrə yaxın pedaqoji fəaliyyəti dövründə baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb, jurnalistikanın elmi-nəzəri problemləri ilə bağlı 500-dən çox elmi-publisistik məqaləsi dərc olunub. Ədəbi tənqidə və jurnalistika məsələlərinə dair bir neçə kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində “İlin müəllimi” nominasiyasının qalibi olub. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. C.Məmmədli 2003-2005-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Hollandiyada, Türkiyədə, Rusiyada beynəlxalq seminar, simpozium və konfranslarda, eləcə də Avropa Şurasının layihəsi ilə İctimai Televiziya və Radio Yayımları haqqında Qanunun hazırlanmasında iştirak edib.

Onun görkəmli yazıçı və pedaqoq Mir Cəlal Paşayev haqqında yazdığı “Böyük alim, böyük müəllim”, “Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi”, “Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri”, “Vətənə sevginin ölçüsüzlük ölçüsü”, “Zaman sərhədini aşan klassik publisistika”, “Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları” kimi məqalələri bu gün də aktuallığını itirməyib. Alimin müasir jurnalistika və jurnalistikanın nəzəriyyəsinə dair dərslikləri tələbələrlə yanaşı, gənc qələm adamları üçün də dəyərli mənbədir.

Bəlkə də bu xırda avtobioqrafik cizgilər şablon görünə bilər. Ancaq Cahangir Məmmədlinin ömür yolu şablonçuluqdan çox uzaqdır. O, həyatda çətinliklərlə üzləşsə də, iş prosesində müxtəlif əqidəli və xarakterli insanlarla qarşılaşsa da heç vaxt təmkinini itirməyib, mövqeyini dəyişməyib. Tələbələri, iş yoldaşları ona ürək qızdırır, çətinə düşəndə məsləhət alırlar.

Cahangir müəllimi yaxından tanıyanlar, onunla birgə çalışan həmkarları söhbət düşəndə onu təbiətən xeyirxah, nəcib və əsl el adamı kimi xarakterizə edirlər. Məhz bu keyfiyyətlərinə görə Cahangir Məmmədli hələ cavan yaşlarından ağsaqqallıq məqamına yetişib. Cahangir müəllim bu gün Azərbaycan mətbuatında çalışan yetirmələri ilə daim ünsiyyət saxlayır, onların uğurlarına sevinir, yeri gələndə məsləhət və köməyini əsirgəmir. Odur ki, onu sevir və hörmət edirlər.

AzərTAc
Elçin Kamal
yazıçı-jurnalist

 





26.01.2017    çap et  çap et