525.Az

İnsana insandan danışmaq sənəti


 

RÜSTƏM BEHRUDİ POEZİYASINDAKI ƏXLAQ FƏLSƏFƏSİ HAQQINDA QEYDLƏR

İnsana insandan danışmaq sənəti<b style="color:red"></b>

Dünyadan gəlib getmiş bütün şairlər insana ölümdən, əbədiyyətdən, Allahdan, ağacdan, otdan, çiçəkdən danışdı, o, hamıdan fərqli olaraq insana insandan danışmaq istədi.

O insandan danışmaq istədi ki, bu yer üzündə çox şey bilsə də tanrının bu adsız bəndələri ölüm və Allah haqqında hələ heç nə bilmirlər. Ölüm və ölümsüz olmağın sirrini açmağa çalışdı şair Rüstəm Behrudi. Bitsin deyə bitib-tükənməyən hər şeyin içində olduğunu söylədi şair, ölümsüzlüyün mahiyyətini açdı insana.

Şair  "Göz yaşlarından baxan Allah" kitabında yazır: Bu dünyada insandan və ölümdən başqa heç bir şeydə sirr yoxdur. Sevmək və bitmək kimi bir şeydi insanla ölüm arasındakı bağlılıq. Bitmədən bitməyin nə olduğunu bilməkdi insanın hərdən adam olmaqdan çıxıb quşa, ağaca, ota, çiçəyə, daşa... çevrilmək arzusu. Söz adamı olan şairin də ürəyindən bunlar keçir, şair bir yerdə qərar tuta bilmir, dünyanı qarış-qarış gəzir, amma yenə darıxır, hətta "başdaşımızdan o tərəfə nə görsənir"i düşünür. Ölümsüz olmaq ölməmək deyil şairə görə, ölümsüz olmaq son anda söz olmaqdır, sözə çevrilməkdir, sözsə insan ruhunun ölməzliyi haqqında ədəbiyyat nəğməsidir. Mən isə belə müqayisə edərdim; "ölməzlik və Rüstəm Behrudi, ölməzlik, ölümsüzlük sonda sözə çevrilirsə Rüstəm Behrudi ruhu da yazdığı hər misrasındakı sözdədir. Deməli, ruhunu sözlərinə köçürmüş ölümsüz şairdir Rüstəm Behrudi.

İnsana insandan danışan şair insanın yaratdığı bəşəri dəyərləri öz günahlarına haqq qazandırmaq cəhdindən başqa bir şey olmadığı fikrindədir, mən sənə səndən danışım deyir şair. Musa, İsa, Məhəmmədə sirr qalan din yaradıb ondan danışmaq istəyir, bu Allahla allahlıq etmək deyilmi? Mələklərin qanadlarından süzülən qan onları da günaha batırmadımı? Bəzən İblislə qol-boyun olub bədəndə candan danışan şair günaha batmaqdan qorxmurmu Allah hüzurunda? Şair etiraf edir; "İnsanlar yollarını o dərəcədə azıblar ki , nəyin haqq, nəyin nahaqq olduğunu anlatmaq olmur. Şairlər Allah tərəfindən seçilmiş bəndələrdir, hətta bu yolunu azmış bəndələr şairləri də eşitmirlər, onlara da qulaq asan yoxdur, anlamırlar ki, şairin sözü Allahın sözüdür, şairin sözü Allahdan gəlir.
 
Mənə qulaq asan yoxdur,
Deyim nə haqq, nə nahaqdı.
Sözlərimdən Allah baxdı,
Duyan yoxdu, qoy danışım.

Şairin içində bir məmləkət yanğısı, Vətən harayı, Turan yarası var... Səbrinə daha üz tutmayan şair yarasına duz basıb min ildir uzaqlaşdığı Turana doğru yol başlayır, Turan onun içindədir , "min il getməliyəm özümə sarı" deyir . Turanın min illik ayrılığının bitməsini görməsə başının çiyinlərində yox qolunun üstündə olmağını istəyir. Şair özünü Turana bənzədir, başladığı yolun sonunu ölüm bilib ürəyinin Turan kimi bölüm - bölüm olduğunu qələmə alır,Turan dərdini sözə çevirib öz dərdindən keçirir. Şairin sevinci də, kədəri də, hətta ölümü də Turandır.

Halım məmləkətin halı,
Mən Tanrıya mələklərindən də yaxın
bir adamam
Məmləkətim Turan
tək ölürəm,
yavaş-yavaş, asta-asta.

Şair Turana çevrilməyən Vətənin sonunu görmür.
 
Mənə üz tut-yurda ocaq qurana
"Turan" - deyib
Boz qurd kimi durana,
Sonun yoxdu, çevrilməsən
Turana-Vətən !

Şairin yuxularına hər gecə tanrının qarğışından "taleyi dönmüş", "ocağı sönmüş" sevgili bir yurd yeri girir. Amma şairin içində həmişə bir ümid var, türk xilaskarı gözü göydən də mavi bir qurd gəzir bu viranə Vətən torpağında, nə toxumu əksən baharda ayrılıq bitər bu qara torpaqda. Bununla belə şairin yuxusundan önündə qurd olan ordular keçir. Şair ağacların yaşıl yarpağı altında ölmək istəyir. Altayları özünə qiblə sayan şair türkün göydən gələn ruh olduğunu, türkün elə haqq olduğunu, yalnız Tanrıya yendiyini bildirir...

Tanrıdan savayı kimə yendi türk?!
Nə vaxtsa ruh kimi göydən endi türk.
Haqq sevən bəndəyə elə dindi türk.
İnam da, iman da bu anddan gəlir.

Vətən eşqi ilə ölənlərin qəbirlərdə qərar tutmayan, qəbirlərinə sığışmayan ruhları şairin ruhundadır, şair bu ruhların dili ilə danışır, ağzı tövbəli, dili dualı şair sevda yolçusudur, fərqi yoxdur hansı sevdanın, Vətənmi, ya başqa...

Mən sevda yolçusuyam,
dəlilik var başımda,
Ona görə sözlərim
kədərlidir, qəm dadır
Gözləməkdən yoruldum
son səbri var daşın da,
Duydum daha dözmərəm,
dözüm məni aldadır...

Şairin taleyi getdiyi sevda yoludur, arxasınca gələn olacaq, ya olmayacaq, o bu yolu gedir...

Tanrı baxır, yol verməz,
sevda kim, qəm yeyim,
Mənim zamanım gəlir ...
Bax tarix səksəkədə!
Mən səni gedəcəyəm, ey yol!
- Mənim taleyim! 
Zalım dostlar arxamca
gəlsə də, gəlməsə də !

Şair məmləkətini və millətini kənardan müşahidə xüsusiyyətini bəyənmir  "Allahlıq" iddiasında olsa da məmləkəti və milləti üçün dua edir...

Şaman kimi sözlərdən
mən tale toxuyuram,
Ürəyimdə səksəkə,
ruhumda bir zəlzələ... 
Hər gecə göy üzünə
mən dua oxuyuram;
İlahi, bu milləti
yox olmaqdan hifz elə!

Çilik-çilik olmuş aynada görünən əksimiz kimidir bu məmləkətin halı. Şair Azərbaycanı ortada qalmış ana tabutu adlandırır, bütün oğulların ana tabutuna girməyə eyni dərəcədə haqqı var, amma Vətən oğullarının miras savaşı bitmir ki, ana rahat mənzilində yatsın, "Vətən düşmən yağılarından azad olsun. Bir vaxt Allah pıçıltımızı belə eşidirdi, indi harayımızı eşitmir, "Vətəni sevmək imandandır" deyir şair, amma imanımız yoxdur, Allah da dualarımızı qəbul etmir.

Qapımı döy, qapımı vur,
Çatmır mənə çalınan sur,
Çünki mənim ruhum duymur
Tövbə, dua, namaz daha.
Mənim haram müsəlmandır,
Mənə çarə olmaz daha.

İnsanlar Allaha bəndə olmaqdan,  adam olmaqdan çıxıb, Allah neyləsin? İnsanların etdiyi günahlardan artıq Allah da yorulub...

Tanrı yorğun, bəndə bitmiş,
Ölüm gəlib məndə bitmiş,
Mələklər də çıxıb getmiş,
Tanrı duymaz ha bağırım.

Şair hamı susanda danışan, hamı danışanda susan bir insandır, o pıçıltını sevir. Şair Allaha üz tutur, iman gətirir, imanın ən gözəl şey olduğunu söyləyir...

Əlçatmaz olduğunu bilə-bilə,
Ən gözəl şey-iman gətirməkdi
bir şeyə.
İman gətirməkdi ən gözəl şey; -
Onda dua kimi səslənir
deyilmiş sözlər belə.

Şairə görə sözlər də adamlar kimidir, yazığı var, dalaşqanı var, hönkürəni var, güləni var. Amma bu sözlərin içərisində 2 söz var, şairə görə bir-birinə çox bənzəyir və həm də çox fərqli sözlərdir , "Çörək və Azadlıq" . Çünki azad olan adamın çörəyi aslan ağzında, çörəyi olan adamın azadlığı cəhənnəm mələklərinin atəş içində çırpınan qanadlarındadır. İnsanların "Azadlığını ayağının altına qoyub çörəyinə can atmasına inanmır, adamların bu canatmadan xilas olmalarını istəyir. Bu təlatümlü dünya şairin içində çırpınır, şair isə bir sözün içində.  "Dünyada hər şey canatmalardan ibarətdir" deyən şair günlərin bir günü bu fikirdən imtina etməyi düşünür, heç nəyə canatmadan yaşamaq, sənin olan şeylərlə kifayətlənmək, ola bilən hər şeyə sevinmək və qəbul etmək... axı onları Allah göndərir. Lakin Qurani-Kərimin "Qədr" surəsində deyilir; "qədr gecəsində mələklər yerə enər, bəndələrinə salam verər, onların taleyini yazar" , buna görə də səhərə qədər oyaq qalıb Allaha ibadət etmək, arzu və diləklərini Allahdan istəmək məsləhətdir. Bu Allaha canatma istək və diləklərinə doğru canatmalar deyilmi?

Şairin "dünya canatmalardan ibarətdir " fikri Quran ayəsindən gəlmirmi? Belə bir şairin "allahsız" olmasını düşünmək bir absurddur. Şair özü deyir ; "sənə oxşayıram sənə, içimdə hirs və hikkə adına heç nə yox, Allahım. Şair istədiyi kəlmələrinə görə Allahdan əfv olunmasını istəyir ;  "mən Allahdan daha çox Allahın, ağappaq qanadları ilə qapımı döyən mələklərini sevdim. Bağışla, tanrım, bağışla əfv elə. Sənə olan bu sevgidən yuxarı bir qara sevdanı sən verdin mənə". Şair insanların içində olan Allah sevgisi və qorxunu çox lakonik şəkildə şərh edir ; "Allah qorxusu var, Allah sevgisi yoxdu bu məmləkətdə, Allah qorxuda yox, sevgidə yaşayır. Allaha olan sevgi ilə qorxunu barışdırmaq üçün tanrıya dua edir şair.

Şair yer üzündəki otları, çiçəkləri, ağacları, dənizləri, dağları və adamları Tanrının yerdəki əlaməti kimi görür. Tanrını göstər deyən insanlara Tanrını görməyə gözünüz varmı? sualını verir şair, çünki tanrı haqda, ədalətdə, mərhəmət və insanlıq hissində, Allaha sevgidədir. "Varmı səndə bunlar ey günahkar insan? Şair yer üzünü göy üzünün əlaməti hesab edir, bir zaman yer üzü göy üzündə necə itəcəksə, yer üzünün günahlarını da göy üzü eləcə udacaq deyir. Şair əxlaq, ləyaqət və həya əlamətlərinə də toxunur şeirlərində. Əxlaq bədənin can atdığı, ruhun əzab çəkdiyi şeylərdən imtina etmək bacarığıdır insanda, imtina etmək əxlaqın əlamətidir, utanmaqsa həya əlamətidir. Bu Rüstəm Behrudinin əxlaq fəlsəfəsidir.

Canının can atdığı vaxtı çatmış son şair üçün maraqlı deyil. Şairin sıxıntısı içində Turan sevgisi olan qurdların quş yuvası boyda dar çərçivədə qalmalarıdır. Qanını sözlərinə sızdıran şair qansız dünyada günahsız bəndə olduğunu, haqqa doğru yol getdiyini söyləyir. Bəzən namərdlərin əlindən "dar ağacıyam-asdım, mən özümü özümdən" deyir.

Qəm-sevinc, sevincdə qəm,
fərq yox - yaşasam ölsəm,
bir gün çıxıb gedəcəm,
Namərdlərin üzündən.

Ruhu yer üzündə qərib, kimsəsiz olsa belə mələklər onu haqq bilir, çünki göydən gəlib, göy adamıdır, qədrini nə bilər yer adamları? Ölsə tabutunu mələklər tutub Allahlar yasını saxlayar...

(Ardı var)

Hicran ƏHMƏD

 





26.01.2017    çap et  çap et