525.Az

Əjdahanın yenildiyi ölkə – Vyetnam


 

Əjdahanın yenildiyi ölkə – Vyetnam<b style="color:red"></b>

Böyüklüyü ölür içində
Sevməyə başlayan adamın.

XUAN DAY

I
Gözəl yaxınlardan uzaqlar gözəl
Gözəl – vüsallardan ayrılıq gözəl,

Gözəl – yaxınlardan uzaqlar gözəl: dediyim gündən uzun illər keçib getdi. Və o gündən günəşin işığı soyuq Stokholmda, adamlarının üzündə sual gizlənmiş Kopenhagendə, ətirsiz çiçəkləri göz qamaşdıran Amsterdamda, Artur Rembonu çörək dalınca Afrikaya – ölümə göndərən Parisdə, daş döşənmiş küçələrinə Sokratın hikməti hopmuş Afinada, Nitşenin gündüzlər allah ölüb deyib, gecələr qorxusundan ona dua oxuyub tövbə etdiyi Vyanada, “Lailəha illəllah” nidalarının qulaq batırdığı Dubayda, – hər yerdə “yaxınlardan uzaqlar gözəl” deyib öydüyüm o uzaqları axtardım. Və bir də ayıldım ki;

Ah uzaqlar, bir də mən,
Niyə girdim günaha.
Ömür bitir deyəsən,
Uzaqlar görsənmir daha. 

Və günlərin bir günündə ayıldım ki, Bakıdan 1000 kilometrlərlə uzaqda, Asiya qitəsinin bitdiyi bir yerdə, Vyetnamda Sayqon (Mekonq) çayının deltasında bələdçinin dediyinə görə ilk türk adamının ayağı dəydiyi kiçik bir adadayam...

Və mənə elə gəldi  ki, fəsilləri bəlli olmayan bu ada elə mənim ömrüm boyu arzuladığım uzaqlardı.

II

Yol 

Bu yol nə uzundu allah,
Çevirdim üzümü gedirəm.
Getdiyim yol yol deyil ki,
Mən yolam özümü gedirəm.

Yol dedim, mənim o uzaq məmləkətə səfərimi təşkil eləyən fransız iş adamı, şeir dəlisi Albert Kosti, türk iş adamı Bürhan Karahan, Şəbnəm Akerman və qardaşım İlham yadıma düşdü. Bu səfər üçün onlara minnətdaram.

Adamlar yaşadıqları ömrün elə yoldan ibarət olduqlarını heç vaxt düşünməyiblər. Onlar can atdıqları son mənzilin elə getdikləri yolun bir parçası olduğunun fərqində deyillər.

Yerdə, Göydə, sularda – hər yerdə yol elə yoldu. Ancaq göydəki yolçuluq bir az üzücü və maraqsızdı. Bakıdan İstanbula, İstanbuldan Dubaya, Dubaydan Sinqapura, Sinqapurdan Sayqona (Xo-Şi Minə) 22-23 saat davam eləyən yolçuluq əslində mənə xəyalımda keçmişə səyahət eləməyə, indiyə qədər yaşananları xatırlamağa imkan verdi. Və bir də yolda oxumaq üçün götürdüyüm Ç. Şeydayevin Bakı haqqındakı maraqlı əsəri ilə, Paulo  Koelyonun “Kimyagər” romanı bu yorucu uçuşun arasına girdi.

Ancaq xəyalımda – ən əsası kitablardan öyrəndiyim Vyetnamdı. O Vyetnam ki, biz onun adını tam mənasında Amerikaya qarşı apardığı və qalib gəldiyi müharibədən sonra tanıdıq.

Mən uzun yol boyu Vyetnam haqqında bildiklərimi yenidən xatırlamağa başladım. Ona görə xatırladım ki, kitablardan öyrəndiyim və qarşılacağım ölkəni müqayisə edə biləm. Axı bu arada  gözlə qulaq arasındakı məsafə min kilometrlərlə ölçülürdü. 

III

Tarixdəki  Vyetnam 

Vyetnamı dünya gündəminə gətirən Amerika savaşı olsa da, Vyetnam yüz illər öncə çinlilərin, kmerlərin, kambocalıların və moğolların istilasına uğramışdı. Vyetnam şimal qonşusu Çin qədər qarmaqarışıq bir ölkədir. Vyetnam 1000 il Çin əsarətində olub. Eramızın 40-cı ilində Trung adlı iki bacı qəbilə başçılarını öldürərək bir ordu qurmuş və Çin valisinin qaçması ilə nəticələnən bir üsyan qaldırmışlar. Sonradan bu iki bacı özlərini azad Vyetnamın kraliçaları elan etmişlər. 3 ildən sonra böyük ordu ilə Vyetnama  qarşı hücuma keçmiş çinlilərə əsir düşməsinlər deyə bacılar özlərini Hat Qianq çayına atmışlar.

Bu dönəmdə Vyetnam Hindistanla Çin arasında bir liman halında idi. Çinlilər Vyetnama  konfutsiliyi, daoizm və Mahayana buddizmini gətirmiş, hindlilər isə onları Theravarda buddizmi ilə tanışdırmışlar.

Eramızdan əvvəl 938-ci ilə Çindəki Tan imperatorluğunun çöküşündən sonra adi vətəndaş olan Nqo Quyenin başçılığı altında qalxan üsyan nəticəsində Çinin 1000 illik hökmranlığına son qoyuldu.

Eramızın 1300-cü ilində moğol Kubilay xan Kambocaya hücum üçün vyetnamlılardan  izn istəmiş, vyetnamlılar bunu rədd etmişlər. Bunun nəticəsində 500 minlik moğal ordusu Vyetnama basqın etmişdi.

Bizim eranın 1500-ci ilində Çin yenidən Vyetnamda hökmranlığı ələ aldı.

1418-ci ildə Le Loi adlı vətənsevər bir vyetnamlı gizlincə bir ordu qurmuş, 10 ildən sonra çinliləri yendən Vyetnamdan qovmuşdu. Onun silahdaşı Nquyen Trai  Le Loinin qəhrəmanlığını Daş kitabəyə belə qazdırmışdı:

“Bəzən zəif, bəzən qüvvətli olduq,
Ancaq tarixin heç bir dönəmində
Qəhrəmansız olmadıq”. 

1516-cı ilə avropalılar (portuqal və ispanlar) Vyetnama ayaq açmışlar. 1847-ci ildə isə Vyetnama onu düz 100 il boyunca soyub talayan fransızlar gəldilər.

Xo Şi Minin 1930-cu ildə qurduğu Vyetnam Kommunist Partiyası ölkənin gələcək taleyini həll etdi. 1945-ci ildə Xo Şi Min Hanoyda Vyetnamın müstəqilliyini elan etdi. 1957-ci ildə fransız orduları Vyetnamdan birdəfəlik qovuldular. Viyetnam cənub və şimal olaraq iki hissəyə bölündü.

1959-cu ildə Vyetnamda şimal –cənub savaşı başlandı. Cənub şimal qarşısında davam gətirə bilmirdi. Araya Amerika girdi. 1964-cü ildən sonra ABŞ iki  gəmisinin hücuma məruz qaldığını bəhanə gətirərək Vyetnama qarşı müharibə elan etdi. 1965-ci ildə Vyetnamdakı ABŞ əsgərlərinin sayı 184 min  idi. 1967-ci ildə 485, bir il sonra isə Sayqon hökuməti adına vuruşan əsgərlərlə ümumi sayı 1,3 milyon idi.

Dünya tarixində bənzəri olmayan bu müharibə 1975 –ci ildə Amerikanın məğlubiyyəti ilə başa çatdı.

Bu müharibədə 3 milyon 140 min amerikalı (7 mini qadın) iştirak etmiş, rəsmi rəqəmlərə görə  58183 amerikalı savaşda ölmüş və itkin düşmüşdü. Pentaqondan verilən məlumatlara görə 3689 döyüş təyyarəsi, 4857 vertolyot itirilmiş, ABŞ-a 167 milyard dollara başa gəlmiş müharibədə 1 milyon 223748 vyetnamlı şəhid olmuşdur.

Amerikanın Vyetnama qarşı apardığı müharibənin mənzərəsi tükürpədicidir. Bu mənim yaddaşımda olan və xatırladığım Vyetnamdır. Əsl həqiqət isə Vyetnamın cəngəlliklərində gizlənib. Mən o gizlinləri görməyə tələsirəm. 

IV

Sayqon – xo  şi min 

Sayqonda hava limanında təyyarədən düşəndə 30-35 dərəcə istidə məni üşütmə tutdu. Qarşıdakı böyük, qızılı lövhədən K. Marksla Lenin mənə baxırdı. Başdan- başa yaşıllığa sığınmış Sayqonu elə bil zorla qırmızıya boyamışdılar. Vyetnamın Lenini Xo Şi Min hər yerdə qıpqırmızı lövhələrdən küçə-küçə, ev-ev vyetləri izləyirdi elə bil.

İlk rast gəldiyim vyetnamlı buddist rahib oldu. Dilənçilərdən fərqli olaraq əl açıb dilənmirdi. Yanından keçən xeyirxah, imanlı adamlar onun kasasına xırda pullar atırdılar. Buddist rahiblər gündə 1 dəfə yemək yeyir. Yeməklərini özləri qazanmağa məcburdular. Rahib olmaq üçün poqoda adlanan məbəddə 3 ay müddətində məcburi biliklərə yiyələnmək lazımdır. Və ondan sonra onlar rahiblər cərgəsinə qoşula bilərlər.

Buddist rahiblərə görə əlillər, xəstələr  və kasıb adamlar yaşadıqları əvvəlki həyatlarındakı günahların cəzalarını çəkirlər. Onlar ölüb yenidən diriləcəklərinə inanır və gələcək həyatlarını indidən hazırlayırlar. Anladığıma görə Vyetnam buddizmi hind buddizmi, konfutsizm, daoizmin qarışığından ibarət bir dünyagörüşüdür.

Bildiyimə görə bizim din adamlarından fərqli olaraq buddist rahib  gündəlik yeməyinə yetəcək qədər ianə toplayandan sonra ibadətlə məşğul olur. Və əynindəki geyim onun həmişəlik geyimidir. Elə buna görədir ki, cavan rahiblərin əynindəki geyim təzə, yaşlı rahiblərinki solğun və nimdaşdır.

Sayqon ölkənin ikinci ən böyük şəhəridir. Birləşməyə qədər Sayqon Cənubi Vyetnamın paytaxtı idi. Sayqon Me Konq (Doqquz başlı əjdaha) çayının deltasına yaxın bir yerdə yerləşir. Torpaq münbit və zəngindir. Çindən, Laos və Kambocadan keçib okeana tökülən Me Konq dünyanın ən böyük çaylarından biridir. O okeana 9 qolla axıb töküldüyündən xalq ona doqquz başlı əjdaha (Me Konq) adını verib.

Bir orta məktəbin yanından ötüb keçirəm. Uşaqlığımı xatırladım. Boğazımı sıxdığından pioner olduğum vaxtlar qalstukumu əlimdə gəzdirdiyim üçün həmişə tənbeh olunurdum. İndi budur, boynu ipək qalstuklu uşaqları görəndə o günləri xatırladım. Burda çox şey 15-20 il əvvəl bizdə olduğu kimidi. Şüarlar, heykəllər  – hər şey.

Sayqon çirkli şəhərdi. Polislər əleyhqaz maskalarında, əhalinin 3 milyonu xüsusi hazırlanmış tənzif və parça maskalarda gəzir.

6 milyonluq şəhərdə tək-tük avtomobil gözə dəyir. Əhalinin əksəriyyəti motosikl və velosipedlərdən istifadə eləyir. Şəhər nəqliyyatında 3 milyon 200 min motosikl var.

Sayqon amerikan filmlərində gördüyümüzdən fərqli bir şəhər, Vyetnam fərqli bir ölkədir.

Me Konq çayı Vyetnamın 9 budaqlı həyat ağacıdı. Min kilometrlərlə uzaqlardan gətirdiyi münbitlik onu müqəddəslik səviyyəsinə qaldırıb. Me Konq çayının deltasının eni 3 kilometrdən çoxdur. Onun yaratdığı adalar və onlardakı həyat möcüzədir. Adaları gecə gəzdiyimdən hamısının işığa qərq olduğunu gördüm.

Yeyəcəkləri, içəcəkləri bizdən tam fərqlidir. Yeməklərinə 10-15 adda ədviyyat vururlar. Elə ona görə də ən gözəl restoranlarında da iydən, qoxudan adamın bağrı çatlayır. Qaldığım oteldən başqa heç bir yerdə yemək yeyə bilmədim.

Burda hər şey – sevgi və nifrətdən başqa- bizim dünyadakından fərqlidir.

Əhalinin əksəriyyəti buddistdir. Şəhərdəki tapınaqlar, məbədlər poqoda, dağlıq yerdəkilər stupa adlanır.

Bir qədər Fransa istilası dövrü dinini dəyişmiş katolik xristianlar və 5 mindən bir az çox müsəlman var. Sayqonda bir neçə kilsə və iki məscidə rast gəldim. Məscidlərin birində üzü nurla dolu müsəlman vyetnamlılarla oturub yemək yedim. Vyetnamlılardan tam fərqli vyetnamlılar idilər. Müsəlman olduğumu bilib əldən- ayaqdan gedirdilər.

Əhalisinin sayı 85-90 milyondan artıq olan Vyetnamda ailə planlaması həyata keçirilir. Dövlət məmurunun 2-dən  artıq uşağı ola bilməz.

Vyetnamda 50-dən artıq xalq yaşayır. Etnik qruplar əsasən çinlilər, taylar, kmerlər, komboclar və dağlılardan ibarətdir.   

Bizim Vyetnam kimi tanıdığımız ölkənin əsl Adı Çonq Nao Xa Nou Çhi Ndhia Viet – Namdır.

329 min 500 km sahəsi olan bu ölkənin özünə yetəcək qədər neft ehtiyatı (dənizdə) qazı, kömür, fosfor, boksis, xrom ehtiyatları var. Meşələri əsl təbii sərvətləridir.

Düyü istehsalına görə Amerika və Tailanddan sonra üçüncü yerdədir.

Rambutandan bal daşıyan arılar.
(yaxud Allahın möcüzəsi) 

Me Konq çayının deltasının əmələ gətirdiyi çoxlu sayda adalar tükürpədən sürətlə axan 3 km. enindəki suların üzündə qayıq kimidilər. Hamısında həyat qaynayır. Getdiyim adada 6 min adam yaşayır. Elə bil bu adamlar 2 min illik savaşdan çıxmış adamlar deyillər. Hamı gülür, əylənir, işıq saçır.

Viyet dünyagörüşünə görə hər xalq özünə layiq torpağın sahibidir. Mən həm də tamam möcüzəli bir şeyin  şahidi oldum. Mənə pətəkdən çıxardığı balla “ballı çay” təklif edən vyetnamlının üst- başı arı ilə dolmuşdu. Mən heyrətə gəldim. Arılar bizim arılardan 3 dəfə kiçik idilər. Lap o balacaboy vyetnamlıların özlərinə oxşayırdılar. Elə bil Allah bəndəsinə baxıb arısını yaratmışdı.

Ekvatorda yetişən banan, rambutan, manqo, duryam, raqon kimi meyvələr belə bu ölkədə normal ölçülərindən 2 dəfə kiçikdi. Bu əsl möcüzə deyilmi?

VI

Unudulmayan gerçəklik 

... Həmişə döyüşə hazır olan viyetlər üçün fransızlar və amerikalılar ağızlarından vurulub geri göndərilmiş düşmənlərdi. Min illik Çin hökmranlığı onlarda Çinə qarşı həm qorxu, həm də hörmət hissi aşılayıb.

... Vyetnamda həyat tərzi ənənəvi olaraq ailə-tarla və qədim inanclar ətrafında min illərdi olduğu kimi davam eləyir. Sevinc və üzüntülü günlərdə ailə və qohum-əqrəba bir yerdə olur, hər şeyi birlikdə paylaşırlar.

Şimalda Çindən, cənubda Hindistandan təsirlənən Kamboca və kmerlərin mədəniyyətindən etkilənən Vyetnam özünəməxsus bir mədəniyyət yaratmışdır. İki  minillik bir savaşda dağıdılmış Vyetnamda məbədlərdən başqa qədim tikililərə rast gəlmək mümkün deyil.

Vyetnamın özünəməxsus mətbəxi var. Onlar gündə 5 dəfə və çox az-az yeyirlər.

Onların məhşur atalar məsələsində yemək məqamının nə qədər önəmli olduğu göz önündədir: “Göylər cəzalandırır, göylər mükafatlandırır. Amma bunların heç birini göylər yemək zamanı eləməz”.

İmperator Tu Duç hər öynədə 50 ayrı yeməyin hazırlanmasını və bunların 50 xidmətçi tərəfindən paylanmasını istərmiş. Ayrıca içdiyi çay belə gecələr yarpaqların üzərində əmələ gəlmiş su damlalarından hazırlanmalıymış.

Ən məşhur yeməkləri pho və nem adlı düyü ərisidəsi və makaronudur. Dənizdən çıxan hər bir canlı stolüstü yeməkləridir. Müxtəlif dəniz heyvanlarından hazırlanmış şorbaları adamı heyran edir. Düyü və təzə balıq Vyetnam mətbəxinin canıdır.

VII 

Sonbaharsız məmləkət

Sonbaharda yarpağam,
Boz-bulanıq sularda.
Buralarda işim yox,
İşim yox buralarda.

Bir şair üçün buralarda yaşamaq zordu. Nğuyen Du, Xuan Day adlı iki şairin kitabları ilə tanış oldum. Dostum Vo Kyok Dayın sətri tərcüməsində oxuduğum bu kitablarda nə sonbahar, nə qış, nə də ilk bahar varıydı. Son baharda yarpağın üzülüb budaqdan düşməsini görməyən bu şairlərə yazığım gəldi. Burda iki fəsil var. İstilərin + 400-yə çatdığı yay və yağışların ara vermədiyi “yağmur” fəsli. Heç bu iki fəsil də bir-birindən azacıq belə fərqlənmir. Hər iki fəsildə də ağacların üstü meyvə ilə dolu olur.

Vyetnam təbiəti allahın yerdə yaratdığı cənnətdi.

VIII

İşığa aparan qaranlıq yol 

Bu balaca, bəstəboy millətin nə Babəki, nə Koroğlusu, nə Cavanşiri, nə aynalı tüfəngli Qaçaq Nəbisi, nə də istiqlal və şərəf ordenli şair, yazıçı ordusu olub. Əvəzində minillik Çin istilasına son qoyan Trunq adlı bacı olan iki qız balası olub.

Amerikan müharibəsində onların nə bizdəki kimi modern silahları, nə bizim kimi müdafiə nazirləri, nə də ki nizami orduları var idi. Əvəzində təkbaşına Amerika ordusuna saldıran “qorilla” adlanan ölümün gözünə dik baxan savaşçıları 400 minlik Amerika ordusuna meydan oxuyurdu. Xo Şi Minin dediyi “siz hər əsgərinizin əvəzinə 10 əsgərimi öldürə bilərsiniz, ancaq sonda qələbə mənimdir” nidaları Sayqonun gəzdiyim cəngəlliklərindən hələ də çəkilməyib.

Hansısa türk sultanının “qələbə əsas deyil, əsas onu nə cür əldə etməkdir” kəlamı qəhrəman viyetlərin boyuna biçilib. Köməksiz və silahsız bu qəhrəman xalqın 1945-ci ildə fransızlara, Amerika savaşında amerikalılara qarşı Sayqon ətrafında qazdığı 250 km.lik tunellər dünya döyüş sənətinin möhtəşəm abidəsi sayılsın gərək. Modern Amerika silahının gücünə davam gətirə bilməyən kilometrlərcə tunellər çəkərək Amerika ordularının qərargahlarında “yerdən çıxıb” onları göyə sovuran “qorillalar” dünya hərb sənətinin ən böyük döyüşçüləridir.

Cənubi Vyetnamın millətçi bölgəsi olan Kuçi vilayətində yaşayan kuçilərin yeraltı tunellər vasitəsi ilə başlatdığı savaş müharibənin taleyini həll elədi.

Bir buddist rahib Kuçi vilayətini Vyetnamın qəlbi adlandırmışdı.

Azərbaycanın qəlbi harada döyünəcək görəsən?

Göydən yağan, partlamayan fuqas bombalarını ölüm imtahanı qarşısında qorxmadan doğrayıb içindəki barıtla yeni mina düzəldən vyetnamlı əsgər gözümün önündən getmir.

Bakıdan Qarabağa yerüstü yol yoxdu. O yol ölüb. Yeraltı yol çəkək bəlkə?

Amerika – Vyetnam savaşında 13 milyon ton bomba atılıb. Bunun gücü Xirosimaya atılan atom bombasının gücündən 450 dəfə artıqdır. Bu, Vyetnam, Laos, Kambocada yaşayan kişi, qadın, uşaq başına 265 kq bomba deməkdir.

Biz Bakıya, Şəkiyə, Gəncəyə, Şamaxıya atılan bombalarımı gözləməliyik?

Düşmənə mən gəlirəm yox, mən gəldim deməyin zamanı gəldi.

Lider olmaqdan bezib təkbaşına savaşçı olmağın xoşbəxtliyini yaşamaqdan gözəl şey yoxdu dünyada. Çünki:

Bax qorxu bir milləti
Bitirdi yavaş –yavaş.
Ölməlidi bu qorxu,
Bitməlidi bu savaş.

Sayqon – Sinqapur, Bakı

 





15.04.2013    çap et  çap et