525.Az

Detektiv yazar Müşfiq XANın imza günü keçirildi


 

Detektiv yazar Müşfiq XANın imza günü keçirildi<b style="color:red"></b>

Həmçinin müəllifin "Sonuncu hədiyyə" adlı yeni romanının təqdimat mərasimi baş tutdu

Aprel ayınn 14-də, saat 14:00-16:00 arasında tanınmış detektiv yazar və naşir Müşfiq XANın imza günü və yazıçının yeni çap olunmuş “Sonuncu hədiyyə” romanının təqdimat mərasimi keçirilib.
Tədbir “Park Bulvar”  Alış-Veriş Mərkəzində yerləşən “Əli və  Nino” kitab mağazasında baş tutub. Tədbiri tanınmış teleaparıcı Orxan Cabbarlı açaraq bildirdi ki, “Sonuncu hədiyyə” müəllifin bədii detektiv janrında yazdığı sayca beşinci kitabıdır. Bundan əvvəl yazıçının “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (Şəmil Sadiqlə birgə həmmüəllif olaraq) və “O” kitabları işıq üzü görüb.

O, gənc yazıçının detektiv həvəskarları arasında xüsusi rəğbət sahibi olduğunu və öz dəsti-xətti ilə fərqləndiyini qeyd etdi.

“Hədəf” Kurslarının həmtəsisçisi, Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirdi ki, Müşfiq XAN, hələ ki, ədəbiyyatda aysberqə bənzəyir: “Çünki oxucular onun yaradıcılığının az bir qismini görüb və tanış olublar. Müşfiq XAN sadə dili, kəskin süjet xətti, maraq doğuran təhkiyə üslubu və hadisələrin gözlənilməz şəkildə açılması ilə daim oxucunu ondan ayrılmamağa vadar edir. Biz ümid edirik ki, Müşfiq XAN söz meydanında  cövlan edən qələmi mənim şəxsən çox gözlədiyim elmi-fantastik detektiv janrında şahə qalxacaq”.

Daha sonra tədbirdə “Hədəf” Kurslarının digər həmtəsisçisi Vüqar Tarquliyev də danışaraq, Müşfiq XANın detektiv əsərlərini sevə-sevə oxuduğunu və bu əsərlərdə xoşagələn, axıcı üslüb hiss etdiyini vurğuladı.
Yazarlar Elxan Elatlı, Aydın Xan, Cəlil Cavanşir, Əkbər Qoşalı, Qanun Ümman, Oktay Hacımusalı və Rüfət Əhmədzadə də çıxış edərək, “Sonuncu hədiyyə” romanı barədə fikirlərini bölüşdülər, müəllifə uğurlar arzuladılar.
Tədbir Müşfiq XAN romanlarının oxucular üçün müəllif tərəfindən imzalanması ilə  yekunlaşdı. Əsərləri detektiv həvəskarları tərəfindən maraqla qarşılanan Müşfiq XAN ixtisasca bioloqdur (biologiya üzrə fəlsəfə doktoru) və bu sahə üzrə də bir sıra maraqlı nəşrlərin  və elmi əsərlərin müəllifidir. Eyni zamanda Müşfiq XAN “Hədəf Nəşrləri”nin direktorudur.

İmza günü və təqdimat mərasiminin təşkilatçısı "Əli və Nino" Mağazalar Şəbəkəsidir.

 





15.04.2013    çap et  çap et