525.Az

Murad Hüseynov: “Azərbaycan piano ifaçılığı məktəbi dünyada özünü çoxdan təsdiqləyib” (Müsahibə)


 

Murad Hüseynov: “Azərbaycan piano ifaçılığı məktəbi dünyada özünü çoxdan təsdiqləyib” <b style="color:red">(Müsahibə)</b>

Müsahibimiz – beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Murad Hüseynov hazırda Azərbaycanın ən mahir və tanınmış pianoçularından biridir. Azərbaycan musiqi ifaçılığını, pianoçuluq məktəbini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda, dünya səhnələrində layiqincə təmsil edən sənətkarlar sırasında onun adı tez-tez çəkilir. Onu bir sənətkar kimi xarakterizə edərkən, adətən, belə deyilir ki, bu istedadlı musiqiçi piano ifaçıları arasında təkrarsız dəst-xətti, yüksək peşəkarlığı, sənətinə sonsuz məftunluğu və təvazökarlığı ilə seçilir.

 – Musiqiyə marağınız necə, nə zamandan yaranıb? Ümumiyyətlə, Murad Hüseynov necə bir mühitdə böyüyüb?

– Musiqi ilə altı yaşımdan məşğul olmağa başlamışam. Altı yaşımda Bülbül adına məktəbin birinci sinfinə daxil olmuşam. İlk musiqi təhsilimi orda almışam. Qohumlarım arasında musiqiçilər çoxdur. Demək olar ki, peşəkar musiqiçilərin olduğu bir mühitdə böyümüşəm mən. Atamın nənəsi Kövkəb xanım Səfərəliyeva çox məşhur pianoçu olub. Hətta Azərbaycanda pianoçu kimi professor olan ilk qadındır. Kövkəb xanım uzun illər Bülbül adına musiqi məktəbinin direktoru işləyib, Üzeyir Hacıbəyovla həmkar olublar və çox yaxşı münasibətləri olub. Bildiyiniz kimi mən Sovet dövründə dünyaya gəlib, o dövrdə böyümüşəm. Hamıya məlum olan və çox sevindirici bir faktdır ki, Bakı şəhəri dünya mədəniyyəti paytaxtlarından biridir və o dövrdə də Bakıya Moskvadan, Sankt-Peterburqdan dünya şöhrətli pianoçular, musiqiçilər, dirijorlar gəlirdilər. Bu musiqiçilərin mütəmadi olaraq Filarmoniyada, Konservatoriyada çox gözəl konsertləri keçirilirdi. Əlbəttə ki, ailədə həmişə çalışıblar, məni mümkün qədər bütün konsertlərə, operalara aparsınlar və mən o ifaçıları dinləyim. Bülbül adına məktəbi bitirdikdən sonra mən Konservatoriyaya daxil oldum, daha sonra onun nəzdində aspiranturanı bitirdim. Azərbaycanda təhsilimi başa vurduqdan sonra iki illik Fransaya getdim, orda dövlət təqaüdçüsü oldum. Ümumiyyətlə, uşaqlığımdan bəri Fransa musiqisi ilə çox maraqlanmışam. Elə oldu ki, şansımı sınamaq istədim, imtahan verdim və qəbul olundum Fransa Dövlət Konservatoriyasının aspiranturasına. Üçüncü aspiranturanı isə Moskvada  Çaykovski adına Dövlət Konservatoriyasında bitirdim. Bir neçə beynəlxalq müsabiqəyə qatıldım, laureat oldum. Ən axırıncı beynəlxalq müsabiqənin isə qalibi seçildim. Fransada “Fransız bəstəkarların əsərlərinin ən yaxşı ifaçısı” diplomu ilə təltif olunmuşam. Bundan başqa, Fransa və Macarıstanın ordenlərilə təltif edilmişəm. Artıq 12- ci ildir ki, Konservatoriyada dərs deyirəm. Hazırda dosent vəzifəsində çalışıram.

– Uzun illər təhsilinizi ölkə xaricində almısınız. Bununla yanaşı bir çox ölkələrdə konsert proqramları ilə çıxışınız olub, Beynəlxalq müsabiqələrdə iştirak etmisiniz. Çox rahat şəkildə təhsil aldığınız Rusiyada, Fransada qalıb fəaliyyətinizi davam etdirə bilərdiniz. Yenidən Azərbaycana qayıdıb, burda yaradıcılığınıza davam etmək mövzusunda tərəddüdləriniz oldumu heç?

– Əslində, mən həmişə qeyd edirəm ki, təhsilimi tam şəkildə Azərbaycanda almışam. Həm Fransada, Rusiyada oxuduğum illərdə, həm də indi tez- tez dünyanın bir çox ölkələrində səfərlərdə oluram. Allaha şükürlər olsun ki, indi bizim ifaçılarımız, musiqiçilərimiz bütün dünyada öz sənətlərini nümayiş etdirirərək ölkəmizi və ifaçılıq məktəbimizi layiqincə təmsil edirlər. Bilirsiniz ki, azərbaycanlılar öz torpağına, dostlara, ailəyə çox bağlı olurlar. Mən də sözün əsl mənasında öz torpağıma bağlı bir azərbaycanlıyam. Həmişə istəmişəm ki, xarici ölkələrdə aldığım təhsili gəlib Azərbaycanda tədris edim. Təhsilinin əsas hissəsini burda alan bir sənətçi kimi mən də çalışıram ki, Azərbaycan üçün nəsə edim. Ümumiyyətlə, xaricdə təhsil alan hər bir azərbaycanlı gəlib onu öz torpağında tədris etməlidir. Dünya səviyyəli konsertlərdə nə qədər çox iştirak etsək, Azərbaycanı, onun musiqilərini, bəstəkarlarının əsərlərini dünyaya bir o qədər geniş şəkildə təqdim edə bilərik. Həm Fransada, həm də Türkiyədə işləmək üçün təkliflər almışam. Hətta üç il ərzində Türkiyədə master klaslar keçmişəm. Ümumiyyətlə, mən xaricdə oxuduğum illərdə də cəmi üç-dörd ay Azərbaycanda olmamışam. Onda da beynəlxalq müsabiqələrə hazırlaşırdım və bilirdim ki, üç –dörd ay heç yerə tərpənməməliyəm, öz üzərimdə çalışmalıyam. Ustad kurslarını qəbul etdim, ancaq orda qalıb müəllim, professor kimi çalışmaq istəmədim. Ona görə ki, mən orda müəllim kimi qalıb işləsəydim, bir il heç yerə tərpənməli deyildim. Bildim ki, o müqavilənin şərtlərinə riayət edə bilməyəcəm. Amma ustad kurslarında mənim özümün şərtim var idi. O şərt də bundan ibarət idi ki, iki həftəlik gəlib tələbələrə öz biliklərimi çatdırıb sonra yenidən Azərbaycana qayıdacam. Xaricdə olmağı çox xoşlayıram, konsertlər verməyi sevirəm, amma Azərbaycandan kənarda yaşamağa heç vaxt xüsusi istəyim, həvəsim olmayıb. Bu gün özünüz də şahidsiniz ki, mədəniyyətimizin inkişafı üçün nə qədər işlər görülür, şərait yaradılır. Təkcə burda yox, Fransada, Rusiyada, İngiltərədə, İtaliyada Heydər Əliyev Fondu çox gözəl konsertlər təşkil edir. Mən də fəxr edirəm ki, o konsertlərin iştirakçısı olmuşam. Və bu tədbirlər həmin ölkələrin ən gözəl konsert salonlarında keçirilib. Bizdə istər klassik musiqiçilərin, istər caz ifaçılarının, istərsə də pianoçularımızın səviyyəsi yüksəkdir. Mən də fəxr edirəm ki, burda fəaliyyət göstərirəm, lazımam, gələcəkdə də istərdim ki, Azərbaycan musiqisini xarici ölkələrdə olduğu kimi, Azərbaycanımızda da təmsil edim.

– Bir neçə il öncə Əfqanıstanda da konsertiniz oldu. İstərdim, bir az o konsertdən danışaq. Necə oldu sizin orda konsert verməyiniz, Əfqanıstanda Azərbaycan musiqisi necə qarşılandı?

– Fransanın mədəniyyət naziri Əfqanıstana gedirdi və nümayəndə heyətindən mənə təklif gəldi ki, gedib orda konsert proqramı ilə çıxış edim. Mən də bu təklifi qəbul etdim. Bu konsert Azərbaycanın tarixinə yazıldı, çünki Əfqanıstanda mədəni missiya kimi birinci konserti Azərbaycan pianoçusu verdi. Məlumdur ki, Əfqanıstanda ümumiyyətlə 30- 40 il ərzində heç bir konsert olmamışdı. Hətta bir maraqlı faktı da qeyd etmək istəyirəm ki, biz burdan birbaşa “Petrof” royalını da Əfqanıstana aparmışdıq. O royal hazırda Fransa səfirliyinin konsert salonunda qalır. Bu çox gözəl bir faktdır ki, 30- 40 il sonra Əfqanıstanda ilk solo konserti məhz azərbaycanlı musiqiçi verdi. Konsertdə dünya şöhrətli rejissor Klod Leluş da iştirak edirdi. Mən repertuarıma Raxmaninovdan tutmuş, Qara Qarayev, Fikrət Əmirova qədər görkəmli bəstəkarların əsərlərini daxil etmişdim. Konsert çox gözəl qarşılandı. Hətta Fransada bir çox məşhur aktyorlar, rejissorlar, musiqiçilər maraqlandılar bizim musiqimizlə. Sonra biz onlarla Fransada konsert zamanı görüşdük və disklər, notlar istədilər. Alen Delon, Pyer Kardin kimi ünlü şəxslər bizim musiqi ilə maraqlanırdılar, konsertlərdə iştirak etməyə çalışırdılar.

– İndi dünyada musiqilərin sintezinə böyük üstünlük verilir. Bu yeni ənənə Azərbaycana da nüfuz edib. Bu barədə Siz nə fikirdəsiniz?

– Musiqidə sintez çox gözəldir və lazımlıdır. Bunu hələ ilk dəfə 100 il əvvəl dahi Üzeyir Hacıbəyov edib. O bizim xalq musiqimizi Qərb musiqisilə qovuşdurub, misilsiz əsərlər, operalar, operettalar və başqa əsərlər yazıb. Bununla həm musiqimiz inkişaf edib, həm də Azərbaycan mədəniyyəti dünyaya çıxıb. Cazı isə əsasən Vaqif Mustafazadə, həmçinin Tofiq Quliyev kimi görkəmli sənətkarlar sintez edib. Vaqif Mustafazadə çox gözəl şəkildə cazla muğamı sintez edən birinci sənətkardır. Sintezlə bağlı bir maraqlı epizodu danışım. Mən Muğam Mərkəzinə gəldikdən sonra burada Macarıstanın xalq çalğı alətlərindən ibarət konsert keçirildi, həm də onların milli rəqsləri nümayiş olundu. Konsertdən əvvəl televiziyada səhər proqramında birlikdə qonaq olduq. İstedadlı muğam ifaçılarımız çıxış etdilər. Və mən gördüm ki, gözləmədiyimiz halda, bizimkilər muğam ifa edəndə macarlar da improvizəyə başladılar. Baxmayaraq ki, onlar ilk dəfə idi bizim musiqini eşidirdilər, amma çox gözəl bir sintez alınmışdı. Sonra konsertdə də bu sintezi etdilər və olduqca maraqla qarşılandı. Bizim musiqimiz onların o qədər xoşuna gəlmişdi ki, gedəndə bizdən disklər, notlar alıb apardılar. Yaxşı, peşəkar səviyyədə nümunələr var. Məsələn, Alim Qasımov başqa ölkələrin musiqiçilərilə belə uğurlu sintezlər edir. Əgər bu bizdə yüksək səviyyədə alınırsa, niyə mahir ifaçılarımız hansısa ispan, macar, yaxud başqa ölkələrin musiqiçiləri ilə sintez etməsinlər?!

– Bu gün ölkəmizdə klassik musiqinin təqdimatı hansı səviyyədədir, ümumiyyətlə, ona maraq necədir?

– Mən sizə deyim ki, Muğam Mərkəzinin konsert zalının tamaşaçı tutumu 350 nəfərdir. Ancaq Muğam Festivalı zamanı buraya 500-600 nəfər adam gəlirdi. Bu çox yaxşı göstəricidi. Ümumiyyətlə, təkcə paytaxtda deyil, həmçinin Gəncədə, Qəbələdə, Lənkəranda da bu göstərici yüksək səviyyədədir. Mən Alban kilsəsində çıxış edəndə zal dolu idi. Sevindirici haldır ki, təkcə musiqiçilər deyil, həm də sıravi insanlar gəlirlər konserti dinləməyə. Qəbələdə min nəfərlik zalda hətta əlavə stullar qoyulmuşdu. Məncə, bu onu göstərir ki, Azərbaycanda klassik musiqiyə maraq heç də az deyil.

– Opera və Balet Teatrında, premyeraları çıxmaq şərtilə, adi günlərdə nümayiş olunan operalara tamaşaçı az gəlir. Hətta bir çox tamaşaçı yeni bir əsərin olmamasından şikayətlənir ki, nə qədər “Leyli və Məcnun” a, “Koroğlu” ya baxmaq olar...

– Məncə, bu düzgün yanaşma deyil. “Leyli və Məcnun” operasını mən uşaqlığımdan dinləyirəm və demək olar ki, o musiqilərin içərisində böyümüşəm. Bəlkə də adi tamaşaçıdan dəfələrlə çox dinləmişəm. Amma “Leyli və Məcnun”a nə qədər çox qulaq assam da, doymuram dinləməkdən. Çünki dahiyanə əsər heç vaxt insanı bezdirmir. Mən ildə iki-üç dəfə Fransaya, Rusiyaya gedirəm. Parisin, Moskvanın opera teatrlarında ayda bir neçə dəfə “Karmen”, “Aida” kimi 200-300 yaşı olan operaları nümayiş etdirirlər. İnandırım sizi, bəlkə də bir tamaşaya 50- 60 dəfə baxmış tamaşaçılar var, amma yenə də bezmirlər, gəlirlər. Yeni əsərlər də yazılır. Bizim kifayət qədər istedadlı bəstəkarlarımız var ki, onların içərisində gənclər də az deyil. Ümumiyyətlə, bizim xalq istedadlı xalqdır. Amma əgər indiki tamaşaçılar Qara Qarayev, Fikrət Əmirov kimi dahilərin yetişməsini gözləyirlərsə, bu olmayacaq. Belə şəxsiyyətlər hər dəfə doğulmur. Amma yeni operada yazılıb. Görkəmli bəstəkarımız Firəngiz xanım Əlizadənin əsərləri nümunə ola bilər. Bəstəkarlar İttifaqı Filarmoniyada müsabiqə keçirmişdi. Orda simfonik musiqilər yazan gənc bəstəkarlar iştirak etdilər. Bu işin içərisində olduğuma görə əminliklə deyə bilərəm ki, kifayət qədər istedadlı bəstəkarlarımız və gözəl əsərlər var.

– Əcnəbi dinləyicilərdən istədiyiniz səviyyədə müsbət rəylər ala bilirsinizmi? Ümumiyyətlə, xarici ölkələrdə Azərbaycana, onun musiqisinə, mədəniyyətinə münasibətdə ən çox nəyi müşahidə etmisiniz?

– Mən həmişə onu müşahidə edirəm ki, bizim musiqiyə çox böyük maraq var. Məsələn, Fransa bəstəkarı o qədər bizim musiqimizə vurulub ki, ondan sonra Xocalıya aid əsər yazıb. Bu başqa nəyin göstəricisi ola bilər? Ötən il Pyer Tiloy ilə Fransada görüşdük, bir az söhbət etdik. O bilirsiniz nə çıxartdı öz əl çantasından? Üzeyir Hacıbəyovun muğam və xalq musiqisi barədə kitabını. Mən fəxr etdim və gözlərimə inana bilmədim ki, məşhur fransız bəstəkarı çantasında öz musiqiçilərinin yox, Azərbaycan bəstəkarının əsərlərini gəzdirir. 3-4 ay sonra o, Xocalıya həsr olunmuş əsərini yazdı. Əsər Fransada, İngiltərədə yüksək səviyyədə qarşılanmışdı və bu faktlara da əsaslanıb deyirəm ki, bütün dünyada Azərbaycan musiqisinə, mədəniyyətinə çox böyük maraq var. Pyer Tiloy o əsəri elə-belə yazmamışdı. Deməli, bizim musiqimiz onu maraqlandırıb ki, iki il ərzində ölkəmizə gəlib- gedib və nəticədə də o əsəri yaradıb. Bir insan o qədər musiqini xoşlamalıdır ki, ondan sonra belə bir əsər yaza bilsin. Öz konsertlərimə də çox böyük maraq görürəm. Məsələn, 2007-ci ildə Budapeştdə möhtəşəm “Dunay” sarayında Yalçın Adıgözəlovla birlikdə Vasif Adıgözəlovun 4 saylı fortepiano konsertini ifa edirdik. Hazırlıq üçün vaxt az olduğundan bizim cəmi üç, ya dörd məşqimiz olmuşdu. Amma konsert elə yüksək səviyyədə keçdi ki, bizi altı dəfə səhnəyə çağırdılar. Əvvəlcə Vasif Adıgözəlovun əsərlərini, sonda isə Şopenin polonezini ifa etdim. Zalın reaksiyasını görəndə keçirdiyim qürur hissi təkcə ifamla bağlı deyildi. Mən həm də Azərbaycanın ifaçılıq məktəbi, onun ölməz sənətkarları, bəstəkarları üçün qürur hissi keçirirdim. Konsertdən sonra müxtəlif xalqların nümayəndələri mənə yaxınlaşıb ürək sözlərini söyləyirdilər, bəziləri ifa etdiyim əsərlərin notlarını istəyirdilər. Yəni bu marağı görəndə adam istər-istəməz qürurlanır, sənətinin insanlara bəxş etdiyi sevincə görə fərəhlənir. Mən bunu təkcə özümə olan maraq saymıram, bu bizim musiqimizə, ifaçılıq məktəbimizə olan maraqdır. Tofiq Quliyevin, Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun, Azər Dadaşovun, Vaqif Mustafazadənin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin və bir çox başqa bəstəkarlarımızın əsərləri xarici ölkələrdə çox böyük maraqla qarşılanır və bu bəstəkarlar dünya səviyyəsində öz sözünü demiş musiqiçilərimizdir.

– Siz rus və fransız ifaçılıq məktəbi görmüsünüz. Onlarla qarşılaşdırdıqda Azərbaycan ifaçılıq məktəbinin üstünlükləri nələrdir?

– Mən müxtəlif musiqiçilərlə çıxış edəndə onları müşahidə etmişəm və deyə bilərəm ki, fransızların gözəl ifaçılıq üslubu olsa da, rus piano məktəbi təkrarsızdır. Azərbaycan ifaçılıq məktəbinin üstünlüyü isə ondan ibarətdir ki, burada həm rus, həm Avropa ifaçılıq məktəbləri, həm də Şərq musiqi ənənələri cəmlənib. Mənim aldığım təhsildə də həm Rusiya, həm də milli musiqi məktəbləri son dərəcə orqanik şəkildə sintezləşdirilib. Yəqin elə buna görədir ki, Fransada fransız bəstəkarlarının əsərlərinin ifasına görə müsabiqədə qalib gəlmişəm. Bir azərbaycanlının belə müsabiqədə qalib gəlməyi mənim üçün son dərəcə qürurverici amildir. Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycan piano ifaçılığı məktəbi dünyada özünü çoxdan təsdiqləyib. Bilirsiniz ki, Fərhad Bədəlbəyli ilk dəfə beynəlxalq müsabiqədə birinci olub, böyük uğur qazanıb. Uğurlar indi də davam edir.

– Özünüzün əsər yazmaq, musiqi bəstələmək fikriniz, istəyiniz varmı?

– Mən hesab edirəm ki, bəstələmək sözü çox ağır, məsuliyyətli sözdür. Özüm üçün nə vaxtsa nə isə yazaram bəlkə də, amma geniş auditoriyaya çıxara bilmərəm. Əgər bir əsər yazılacaqsa, o təkcə yaxşı yox, çox yüksək səviyyədə yazılmalıdır. Mən hesab edirəm ki, incəsənət elə bir sahədir ki, bu sahədə çox peşəkar, dolğun təhsil almalısan. Ondan sonra sən yox, başqaları, müəllimlər, professorlar, bu sahədə öz sözünü demiş adamlar deməlidirlər ki, sənin buna haqqın var, ya yox. Çünki bu çox böyük məsuliyyətdir. Mən pianoçu kimi  6 yaşımdan bəri çıxış edirəm, amma hər dəfə görürəm ki, bilmədiklərim var. Hələ də öyrənirəm və yenə də öyrənəcəm. Hətta yaxşı tələbədən də müəllim nə isə öyrənə bilər. Musiqi yazmaq isə mənə həddindən artıq çətin, məsuliyyətli iş kimi gəlir.

–Gənc pianoçularımız barədə nələr düşünursünüz?

– İstər caz ifaçısı, istərsə klassik musiqi ifaçılarının hər birini bəyənirəm, mümkün qədər dəstəkləyirəm. Onları dəyərli həmkarlarım kimi qəbul edirəm. Şahin Növrəsli, İfsar Sarabski, Emil Əfrasiyaboğlu və başqa istedadlı ifaçılarımızın uğurları məni sevindirir. Hər il Montrö kimi dünya şöhrətli festivalda ilk yerləri tutanlar bizim gənc pianoçularımız olurlar. Bununla ancaq fəxr etmək olar. Klassik musiqidə də eyni dərəcədə yüksək nailiyyətlər əldə edilir.

– İfaçılıqdan əlavə, Muğam Mərkəzinin direktoru kimi muğamlarımıza, onların yaradıcılığındakı yerinə dair fikirlərinizi bilmək istərdim.

– Pianoçu kimi onu deyə bilərəm ki, ifa etdiyim Azərbaycan klassik musiqilərinin əksəriyyətində muğamlarımızın, milli musiqilərimizin elementləri var. Mən peşəkarların əsərlərini ifa edirəm, o əsərlər də əsasən muğam üzərində yazılıb. Fikrət Əmirovun əsərlərində çoxlu muğam melodiyaları var. Məndən əvvəl də onu gözəl pianoçularımız ifa ediblər. Elə oldu ki, mənə də qismət oldu və mən Fransada, Paris şəhərində o əsəri böyük simfonik orkestrlə birlikdə ifa etdim. Gələcəkdə də ifa edəcəyim əsərlərin sırasında muğamla səsləşənlər mütləq öz layiqli yerini tutacaq.

– Yaxın gələcək üçün planlarınızda xaricə qastrollar varmı?

– Fransa, Latviya, Macarıstan və Rusiyaya qastrol təklifləri almışam və mən onları ardıcıllıqla dəyərləndirmək fikrindəyəm. Mayın 7- də Fransada, Madlen kilsəsində konsertim olacaq. Konsert ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Günel MUSA

 





15.04.2013    çap et  çap et