525.Az

İnsana insandan danışmaq sənəti


 

RÜSTƏM BEHRUDİ POEZİYASINDAKI ƏXLAQ FƏLSƏFƏSİ HAQQINDA QEYDLƏR

İnsana insandan danışmaq sənəti<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)
 
Şair üçün zaman "min il" çərçivəsindədir, min il əvvəl yaşamış olduğunu, özünə doğru min il yol getdiyini və min il sonra da yaşayacağını deyir.

Şair üçün bu dünyada nə möcüzə var, nə də sirr heç yeni yaranan bir şey də yoxdur, hər şey əvvəldən mövcuddur, yalnız olanları, insanlar ortaya yeni bəzəkdə çıxardırlar, hətta yarımçıq ömürlər belə yoxdur, yer üzünün adsız bəndələri kiminsə ömrünü yaşayıb bu dünyadan gedirlər.

Şair hər şeyi gözəl görür, hətta hər şeyin bitib tükəndiyi, sonun əvvəldən öndə olduğu bir boşluqda cəhənnəm də cənnətdən gözəl görünür deyir. Kim belə düşünə bilər? Bu yalnız Rüstəm Behrudinin görə bildiyi bir aləmdir. 4 fəslə sığmayan şair ruhu göylərə oxşayanları, ölümü, qəbri qədər sevir , Behrudi şeirlərinin fəlsəfəsi hər kəsə anlaşılandırmı? Bəndə ilə Tanrının arasındakı məsafənin daha yaxın olduğunu o hamıdan yaxşı bilir.

Ey daş qoyub, məscid quran,
Uzaq yoldur İncil, Quran,
Çiçək, yarpaq... yoldu hər yan
Bəndəylə Tanrı arası.

Şair özünü sərhədsiz adam adlandırır, hər kəsin gəlib sonda dayandığı bir yer, bitib tükəndiyi bir an var dünyada, Rüstəm Behrudi isə doğulduğu andan təkliyin və tənhalığın içində, yer üzü göy üzündə qərib olduğu qədər o da yer üzündə bir sürgün həyatı yaşayır, təklik və tənhalıqdan doğan bir səs kimi...

Biz-tənhalar, biz təklər
Biz arısız pətəklər,
Və dibçəkdə çiçəklər
Eyni şeyik, ilahi!

Nədir şairdə təklik və tənhalığa bu qədər bağlılıq? Şair öz yalqızlığı və tənhalığından öz içində özünə heykəl qoyur. Bəzən öz yalqızlığı və tənhalığı ilə dərdləşir. Hətta adı çəkiləndə hamını vəsvəsəyə salan dəhşətli varlıq iblislə söhbət edir, onun dərdinə şərik olur. Tanrıya söz demək haqqı əlindən alınan, Tanrı dərgahında olub oradan qovulan şeytanın dərdi insanın yalnız özünə məxsus adi həyat tərzini özünə dərd və talesizlik hesab etməsindən daha böyükdür. Tanrıya can atan üsyankar mələklə söhbətindən sonra şairin canından iblis xofu çıxır və o iblisin halına acıyır. Tanrı ilə İblisi barışdırmaq üçün bir araçı olmaq istəyir.

Şair insanı təklik və tənhalığın tabutu adlandırır. Tanrı bəndələri özünəbənzər yaratdı. Bu təklik və tənhalıq insana Tanrıdan gəlir. Demək şair Tanrıdan gələn və Tanrıya bənzər hər şeyi sevir...

Biz bir yerdə yalnızıq,
Yıx təkliyi, yıxıb get,
Təkliyində gözəlsən,
Təkliyinə çıxıb get.

Boynunda ağ kəfən, dilində tövbə, Allaha bəndəlik etməyən, ölümə gülən, ayrılıqları əlində olan şairin göz yaşlarının parıltısında onun ürəyi görünür. Şair ayrılıqlardan şikayətçidir;

Ayrılığın nə vaxtdır
İxtiyar var əlində
Daş yağdıra fələklər
Leysan tökə buludlar,
Sönməz yenə bu ocaq
Yoxsa bizi nə vaxtsa
Ayrılıqlar yıxacaq.

Özünü özündə, dərdini dərdində, dərdini dərddə öldürüb bəndəlikdən çıxan şair, "öldürün məni, öldürün" deyir, çünki şair özü də bilir ki, o artıq ölümsüzdür, elə özünü özündə öldürdüyü kimi, ölümünü də ölümsüzlüyündə öldürüb. Şairin ruhu azaddır, lakin bədəni canına yükdür, bu yükü daşıyaraq sonsuzluğa yol gedir şair. Özünü tanrı övladı bilən, mayası qurddan gələn, özgə din tanımayan şair başqalarının dili ilə bəzən özünə kafir deyir, haqq nurunun ona tərəf gəlməyəcəyini söyləyir. Əslində haqq elə şairin içində, haqqın nuru isə onun sözlərindədir. Ana sığınan şairin ölümü elə bu anla gələcək. Zamanı öldürən şairin özünü elə gecikən zaman öldürəcək, qan içində üzən Turanın gecikən zamanı... Ölümü hər şeydən uca bilib ona xoş gəldin deyən şair gözlərinin içinə baxa-baxa onun ömrünü əlindən alan illərə də xoş gəldin deyir...

Qocalıq, ölüm... əslində şairin ruhu bunlardan yüksəklərdədir, hətta şairin cismi də zamanı öldürüb zamanın üstündə gəzir. Şair zaman - insan - məkan üçlüyünün bağlılığından söz açır. Daim məişət qayğıları ilə əhatə olunan biz insanlar həmişə düşünmüşük; "günlər nə tez keçir, sanki zaman qaçır" . Lakin şairin düşüncəsi ilə yanaşdıqda aydın olur ki, əslində tələsən, tez keçən zaman deyilmiş, hərəkətdə olan, dəyişən dayanan zamanın içindən keçib gedən bizlərik. Biz zamanı öz ölçülərimizlə şərtləndirsək belə o sükunətdədir, dəyişməzdir.

Zamanı açdım üzümə,
Gördüm an taxtdan əyləşib
Dünən, bu gün, sabahdı o
Taxtında haqdan əyləşib.

Şair zamana sığmır, o, zamanın və məkanın üstündə gəzir, ona görə də onun zaman və vaxt haqqında fəlsəfi düşüncələri Allahın yaratdığı zamanı dərk etməkdə insana yardımçı olur. Şairə görə zaman Allahın ölçüsüdür, zamanı Allah yaratdı, amma burda bir məsələ var, Allah öz yaratdığı zamanın içində yaşaya bilməz, necə ki, insanların arasında yaşamır, Allahın yaratdığı hər bir şeyin əvvəli və sonu var, hər şey ölümlüdür. Zaman da əbədi deyil, başlanğıcı olan hər şeyin son nöqtəsi var. Bu sonun adı qiyamətdir. Bu fikirləri anlayandan sonra Allahı niyə görə bilməməyimizin səbəbini başa düşmək anlamına gəlirik.

Sən əvvəlsən, sən axırsan,
Zamansan , vaxtsan - axırsan,
Hər yerdən mənə baxırsan,
Mən də bir yol görüm səni.

Buna görə də Tanrı sevdiyi bəndələrinə göndərdiyi Musaya daş atan, İsanı çarmıxa çəkən, Məhəmmədin keçdiyi yollara tikan düzən günahkar bəndələrinə əbədi zaman, əbədiyyət verə bilməzdi. Günah tanrının mələklərini aldadıb onun yazdıqlarını pozmaq cəhdidir insanın deyən şair nəyin doğru, nəyin yalan olduğunu, düzün yalanın, yalanın düzün içərisində çiçək açdığını gördüyündən yazır.

Durub durub günah dedim
Günah da bir bəhanədi
Biz bəndəyik, nə bilirik.
Tanrı bilir günah nədi.

Bununla belə şair insanları tövbəyə çağırır, amma eyni zamanda deyir; tövbə günahı yumur, hər bir günahın çəkiləsi bir əzabı var, tövbə qayıtmaqdır, amma işlənmiş bir günahdan necə qayıtmaq olar? Amma şairin çox böyük təsəllisi var ; "hər şey - günah, savab olmuşlar və olacaqlar Tanrının əlindədirsə bir gün o bütün bəndələrinin günahını hüzurunda bağışlayacaq. Bu şairin ən böyük duasıdır Tanrıya. Şair sevir və sevgisində ölür, onun sevgisi ölümə, ölümü isə sevgisinə bənzəyir, sevib ölməkdən gözəl şey yoxdur dünyada deyir. Şair min dəfə öz günahları ilə ölür, amma ölüm mələyi onu qəbul etmir, çünki hələ əzab çəkməyini istəyir.

Sevdim, sevib canı atdım
Başımdan sevdanı atdım
Öldüm, ölümdən qayıtdım
Ölüm məni tanımadı.

Şairin Tanrıya sevgisi insanlara sevgisindən keçir, gedir, "Mən Allahımı sevdiyimə görə bəndələri sevirəm" deyir. Sevginin ölümü dünyanın ölümüdür, Allah da sevgidə yaşayır. Onsuz da bütün yollar Allaha gedir.

Çətindir göyü sevib, qayıdıb yerin olmaq deyən göy adamı olan, özünü gedən şair getdiyim yol yol deyil ki, "mən yolam, özümü gedirəm" deyir. Şair yolunu ürəyindən başlayır, çünki gedəcəyi yolun əvvəli də sonu da onun içindədir.

Yol gedirəm mən dəli,
Bu yol dəli mən dəli,
Bu nə yoldu əvvəli
Və sonu öz içində.

Şair məğrur və qürurludur, əyilmək ona yaddır.

Hərəni bir cürə dərd dillə ndirir,
Hərə öz dərdinə bir alışan şam,
Neyləyim, öldürün,
mən öz dərdimə
Qultək əyilməyə doğulmamışam.

Söz olub yalnız Allaha yenən şair bu məkana sığmayan dövr eləyən zaman mənəm deyir, əbədiyyətin andan keçdiyini və zamanınsa sığdığı o anın şairin elə özü olduğunu iddia edir. Şair bəşəriyyəti şərdən xilas etmək üçün dua edir, yer üzünün bütün adsız bəndələri adından Tanrıdan tövbə umur.

"Ruhum mənim, ölümümdən bir an əvvəl çiçəkləsəm, ölümümə səndən özgə bir inanan olmayacaq" deyir.

Bəli, şairin ölümünə həyatdan, insanlardan, Turan həsrətindən yorulmuş ruhundan başqa kimsə inanmayacaq, insanlar şairin nə Turan həsrətini anladı, nə də onun yoxluğunu anlayacaqlar... Rüstəm Behrudi sıradan biri olan şairlərdən deyil . O, ölümsüz olan ölümü varlığı ilə öldürən ölümsüzlərdəndir. Şairin hər sözündən bir Rüstəm Behrudi baxır. Dünyanın əvvəli və sonu da söz olduğundan Rüstəm Behrudi sözə çevrilib qiyamət gününə qədər yaşayacaq... Sonrası Tanrının işi...

Şair öz yazdıqlarının fərqində və fövqündədir : "Mənim yazdıqlarım etiraz kimi görünə bilər, amma etiraz deyil, sirr kimi görünə bilər, amma sirr deyil, mənim yazdıqlarım tənhalığın, yalqızlığın, ayrılıqların üzərinə oxunmuş sevgi dolu bir duadır".

Mən kiməm, kim?
Ən azı Tanrıdan gələn yazı
Sözümü namaz əvəzi
Duatək qılan biləcək.

Bütün yazılanlardan uca, sözündə doğulub, sözündə ölən ölməz şair Rüstəm Behrudi...
Mən Rüstəm Behrudini belə tanıdım.

 





27.01.2017    çap et  çap et