525.Az

Sergey Lavrov Türkiyəyə gedir


 

POLİTOLOQ NİYAMƏDDİN ORDUXANLI: «BU SƏFƏRİN ƏSAS MÜZAKİRƏ MÖVZUSU TÜRKİYƏ-SURİYA MÜNASİBƏTLƏRİ OLA BİLƏR»

Sergey Lavrov Türkiyəyə gedir<b style="color:red"></b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-də Türkiyəyə səfər edəcək.

Bu barədə «525» "Anadolu" agentliyinə istinadən məlumat verir. Səfər çərçivəsində S.Lavrov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək. Rusiya XİN rəhbərinin Türkiyədə regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Bu barədə «525»in müxbirinə münasibət bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı hesab edir ki, Lavrovun Türkiyəyə işguzar səfəri əsasən 2 ölkə arası münasibətləri əhatə edir: “Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlərin tənzimlənməsi, iqtisadi və mədəni əlaqalər görüşün əsas mövzusu olacaq. Regional məsələlər fonunda Suriya mövzusu həm Türkiyənin, həm də Rusiyanın fərqli mövqeyə sahib olduğu məsələdir. Bu mənada həmin məsələyə görüşdə yer veriləcəyini istisna etmək olmaz. Çünki qardaş ölkə ilə Suriyanın münasibətləri həddindən artıq gərgin məcra alıb. Rusiya isə Suriyanın mütəfiqi olaraq yaxın əmədaşlıq münasibətlərinə sahibdir”.

Türkiyə, Azərbaycan və Gürcüstanın əmələ gətirdiyi regional üçbucağa da toxunan politoloq Niyaməddin Orduxanlı qeyd edib ki, 2 qardaş ölkə arasında dostluq bağlarına dayanan müxtəlif səpkili sıx münasibətlər mövcud olsa da, bunu Gürcüstanla Türkiyə münasibətlərinə aid etmək olmaz: “Türkiyəni bu ölkə ilə bir-birinə yalnız qonşuluq siyasəti bağlayır. Düşünmürəm ki, rəsmi Ankara Rusiya və Azərbaycanla əlaqəli müzakirələrə başlayaraq hər hansı bir gərginliyi aradan qaldırmaq üçün vasitəçilik misiyasını öz üzərinə götürməz. Qeyd etdiyim kimi bu səfərin əsas müzakirə mövzusu sırf Türkiyə-Suriya münasibətləri ilə əlaqəli ola bilər. Çünki Rusiya ilə Azərbaycan arasında elə bir problemli məqamlar yoxdur ki, müzakirə mövzusuna çevrilsin”.
Ceyhun ABASOV

 





16.04.2013    çap et  çap et