525.Az

Ömrü az, qabağı yaz olan Kiçik çillə


 

Ömrü az, qabağı yaz olan Kiçik çillə<b style="color:red"></b>

Yanvarın 31-dən başlayaraq 40 gün davam edən (21 dekabr-30 yanvar) Böyük çilləni Kiçik çillə əvəzləyib.

İyirmi gün çəkən Kiçik çillə fevralın 19-dan öz yerini ala çillə və ya ala çolpav çilləyə (20 fevral-20 mart) verəcək. Xalq arasında bu çilləyə boz ay da deyilir.

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov AZƏRTAC-a müsahibəsində bildirib ki, el arasında bu üç çilləni üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı arasında deyilmiş bir söyləmə də var. Rəvayətə görə, Böyük çillə ömrünü başa vurub geri qayıdanda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: “Nə etdin?” Böyük çillə cavab verir ki, tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm. Kiçik çillə deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəm, qalaqları yandırıb göyə sovuracam, gəlinlərin əlini xəmir təknəsində donduracam”. Böyük çillə isə ona belə cavab verir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.

Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” də adlanır.

Asəf Orucovun sözlərinə görə, Ordubad və Culfa rayonlarında əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, onun dörd günü Böyük çillədən, dörd günü isə Kiçik çillədəndir. Xalq meteorologiyasına görə, Böyük çillənin son dörd günü və Kiçik çillənin ilk dörd günü qışın ən sərt günüdür.

“Culfa bölgəsindən topladığımız etnoqrafik materiallara əsasən, bu bölgədə Böyük çillə qurtarıb yerini Kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “çilləkəsdi” oyunu və ya şənliyi keçirilirmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir. Ümumilikdə, adamlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, bu da “çilləkəsmə” adlanırdı”, - deyə A.Orucov vurğulayıb.

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi bildirib ki, Kiçik çillənin şaxtalı, boranlı olması “Kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görülür:

Kiçik çillə, vay çillə,
Qarlı, dumanlı çillə.
Gəbə, kilim toxuduq,
Cəhrəmiz də var, çillə.

Deyilənə görə, Kiçik çillə daxil olduğu kimi, çıxanda da havada bir dəyişiklik yaradır. Lakin bu çillə vədəsində onun haqqında deyərlər ki, “ömrünə bir şey qalmayıb, heç nə edə bilməz” və ya “ömrün azdır, qabağın yazdır”.

Kiçik çillənin adı ilə bağlı xalqımız arasında belə bir deyim də yaranıb:

Kiçik çillə –
Boyu bir belə
Hikkəsi iri belə...
Gəlişi oldu hayınan,
Gedişi oldu vayınan.

Ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, keçmişdə Novruz bayramından əlli gün qabaq – Böyük çillənin sonunda odla əlaqəli olaraq Səddə bayramı keçirilərdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da görürük.

“Xalq təqviminə uyğun olaraq, Böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilir. Bu da ilin bu dövründə ac qaldığı üçün qurdun (canavar) insanlara hücum etməsi ilə əlaqələndirilir”, - deyən Asəf Orucov qeyd edib ki, el təqvimində qışın bərk şaxtalı günləri, Böyük çillənin sonu və Kiçik çillənin əvvəlləri həm də “qışın qulun (atın balası) salması” dövrü də adlandırılır.

Araşdırmalardan məlum olub ki, Ordubadda Böyük çillə ilə Kiçik çillənin arasındakı “təhvil-təslim dövrü”ndə və ya Böyük çillənin (ulu çillə) qurtarıb yerini Kiçik çilləyə verən günü “Çoban bayramı”, yaxud “Sayagəzmə” adlı mərasim təşkil edilərmiş. Mənbələrin verdiyi məlumata görə, mərasimi keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda, bu tariх maldar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.

Onu da qeyd edək ki, Kiçik çillənin onuncu günü, yəni fevralın 9-da Naxçıvanda xalq arasında “Xıdır Nəbi” adı ilə bilinən mərasim qeyd olunur. “Xıdır Nəbi” bayramı Naxçıvanda fevralın 9-dan 11-nə qədər davam edir.

AzərTAc

 





31.01.2017    çap et  çap et