525.Az

Bənövşə bəndə düşə...


 

Bənövşə bəndə düşə...<b style="color:red"></b>

İlin bu vədəsi gələndə, düz ürəyimin başından bir sızıltı keçir.Yazın nəfəsi daha yaxından duyulur,xatirələr isə mənim nəfəsimi kəsir.Uzaq dağ kəndində orta məktəbin üçüncü sinfində oxuyurduq.Qayğısız,şən uşaq marağı ilə kitablarla tanış olurduq.Sinifimizdə dəcəl,qarabuğdayı,kəkilli bir qız var idi.Bir gün dərs zamanı sinif müəllimimiz(Allah rəhmət eləsin)məni ayağa qaldırdı.Həmin o dəcəl,qarabuğdayı,kəkilli qız ev tapşırığını etməmişdi.Müəllimə mənə dedi ki,o qıza deynən ki,qadam ürəyinə tökülsün.Necə oldusa, həmin qıza dedim ki,qadan ürəyimə tökülsün.Hamı güldü.Mən isə karıxıb qalmışdım.

Və buludlar dolub boşaldı,günlər, ayları əvəz etdi.Qızlar gözəllər bulağından su içdikcə gözəlləşirdilər.Yeniyetmə oğlanlar isə hərə öz ürəyində bir qızın adını qəlbinə yazmışdılar.Söz vaxtına çəkər ,  deyiblər.Yaz düzü-dünyanı al-əlvan rəngə boyamışdı.Kəndimizin üst tərəfindəki təpələrin döşündə quzu otarırdım.Gün düşməyən yerlərdə seyrək qar gözə dəysədə yal-yamac yaşıl donunu geyinmişdi.Birdə nə görsəm yaxşıdır?!Kol dibindən qan rəngli bənövşə boylanır.Kol-kos əllərimi qanatsa da, axşama kimi iki qom bənövşə yığdım.Birini gətirib anama verdim,o birini isə gizlətdim.Səhəri gün məktəbdə, böyük tənəffüsdə həmin qıza yaxınlaşıb dedim:-sənə bənövşə gətirmişəm.Bu sözləri ona  deyəndə bütün bədənim titrəyirdi.Bir an keçdi.O sehrli an mənə bir gün qədər uzun göründü.O,qız bənövşəni alaraq qoxladı və sinəsinə sıxaraq qaçıb getdi.

Və o uzaq dağ kəndində bir sevgi elə bənövşə kimi boy göstərdi.Vaxt məhfumu itmişdi.Gecə-gündüz ilk sevginin sətəlcəmi məni təbdən-təbə salırdı.Orta məktəbi bitirdik.O, uzaq dağ kəndinin havası,suyu,göy üzü kimi tərtəmiz olan sevgidən hamı xəbər tutmuşdu.Hətta,kəndimizi üzük qaşı kimi dövrəyə almış meşənin dərinliyin də,qocaman çinar ağacı da bu sevgidən xəbər tutdu.Bıçağın iti ucu ilə çinarın budağına adımızın baş hərflərini həkk etmişdim.Yuxum ərşə çəkilmişdi.Gecələr kəndimizə həzin səsi ilə nəğmə oxuyan Xaçınçay da o ilahi sevgi kimi adamı ovsunlasa da,qəlbimin döyüntüləri  o səsə də ovuna bilmirdi..

Və yenə buludlar gözlərini sıxdı,yağışlar yağdı,adımızın baş hərflərini həkk etdiyim çinarın beşbarmaq yarpaqları göz yaşı kimi tərtəmiz damlalarla yuyunurdu.Məni hərbi xidmətə çağırdılar.Sağollaşanda dedim ki,ölsəm qara torpağın,qalsam sənin olacağam.Bu qəti və möhkəm ümidlə uzaq və qərib bir diyarda hərbi xidmətə başladım.Aylar ötüb keçirdi...

Bir gün məktub aldım ki,əhd peyman bağladığım qızı zülümlə-sitəmlə başqasına ərə veriblər.Nakam bir eşqin ağrısı köz kimi sinəmə basıldı,sinəmin altındakı ürəyim kədərlə damğalandı.Bənövşə ətirli məhəbbətim daşa dəydi,bənövşəm bəndə düşdü...

Və yenə buludlar gözlərini sıxdılar,göy üzündən yerə göz yaşları səpələndi, o qıza elə göz yaşı kimi təmiz olan Allahın xoşbəxtliyini arzulamaqdan başqa çarəm qalmadı.

O,nakam eşqin qətlə yetirilməsindən qırx ildən çox bir vaxt keçib.Taleyin gərdişinə bax,o nakam eşqin doğulduğu və öldüyü kənd indi işğal altındadır.Adımızın baş hərflərini yazdığım çinar ağacı da əsarətdə qalıb.Qara bulaq da,Xaçın çayı da,quzu otardığım təpələr də,bənövşə yığdığım yerlər də,ayaq izlərimiz olan cığırlar,irəmələr də,lap elə xatirələrin özü də yadellilər tərəfindən işğala məruz qalıb.

Bir vaxtlar bizim eşqimizi işğal edənlər, indi, özləri işğala ürcah olublar.

Yoldan bir qədər aralıdakı göy çəmənlikdə oynayan uşaqların cingiltili səsi məni diksindirdi.Bənövşə bəndə düşə,bizdən sizə kim düşə –deyərək, bu dünyadan xəbərsiz, bir-birini haraylayırdılar...

 





16.04.2013    çap et  çap et