525.Az

Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış


 

İKİNCİ YAZI

Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə baxış <b style="color:red"></b>

politoloq 

2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsi ilə, bir çox sahələrdə olduğu kimi, gənclərlə bağlı dövlətin siyasətində də yeni keyfiyyət mərhələsi başlandı. Söz yox ki, bu sahədə artıq müəyyən işlər görülmüşdü, vəziyyət 90-cı illərin əvvəllərində olduğu kimi kritik deyildi. Lakin bu işləri davam etdirmək, bu sahəni daha da inkişaf etdirmək tələb olunurdu. Heydər Əliyevdən sonra bu yükü çiyinlərinə götürmək özü böyük bir məsuliyyət idi.

2003-cü il prezident seçkiləri ərəfəsində və sonra, dəfələrlə bəyan etdiyi kimi, İlham Əliyev ümummilli liderimizin kursuna sadiq qaldı. Onun məqsədi köhnəni söküb onun yerində yenisini yaratmaq yox, təcrübədə özünü doğrultmuş işləri davam etdirmək, əgər zərurət yaranarsa islahat aparmaq və xalqın ehtiyac duyduğu yeni sahələri inkişaf etdirmək idi. Bu, islahatçı liderin gənclər siyasəti sahəsindəki işlərində də özünü aydın büruzə verirdi.

Qeyd edək ki, rəsmi statistikaya əsasən Azərbaycan əhalisinin 31 faizini gənclər təşkil edir (“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gənclər – yaşı 14-dən 29-dək olan şəxslər hesab olunurlar). Bu, heç də kiçik rəqəm deyildir. Nəzərə alsaq ki, gənclər əhalinin ən dinamik təbəqəsi hesab olunurlar, o zaman bu sahədə aparılan siyasətin ölkənin ümumi sosial-iqtisadi inkişafına necə böyük təsir göstərdiyini görmək olar. Buna görə də, ölkənin və onun regionlarının sosial-iqtisadi inkişafına böyük əhəmiyyət verən, məşğulluq, yoxsulluq və ərzaq təhlükəsizliyini ölkə iqtisadiyyatının prioritet məsələləri hesab edən İlham Əliyev gənclər siyasətinə, gənclərin problemlərinə də xüsusi həssaslıqla yanaşır.

İlham Əliyevin 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti olduğunu, onun idmanın və olimpiya hərəkatının inkişafında göstərdiyi böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edildiyini nəzərə aldıqda, məhz onun ölkə gənclərinin qayğılarından daha yaxından xəbərdar olduğu öz təsdiqini tapar.

Cənab prezident dövlət quruculuğunun digər sahələrində olduğu kimi gənclər siyasətində də milli-əxlaqi və ümumbəşəri dəyərlərə istinad edir və bunu öz çıxışlarında dəfələrlə vurğulayır. 2011-ci ildə Novruz şənliyi zamanı onun söylədiyi bu fikirlər, hesab edirik ki,  gənclər siyasətimizin ideoloji aspektini çox gözəl ifadə edir: “Biz, bir daha demək istəyirəm ki, müasir dövlət quruculuğunda ilk növbədə milli dəyərlərimizə arxalanırıq. Bu dəyərlər bizim üçün ən vacib dəyərlərdir. Təbii ki, biz ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə hörmətlə yanaşırıq, ancaq bizim üçün əsas dəyərlər Azərbaycan dəyərləridir. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda böyüsün, tərbiyə alsın. Gənc nəsil vətənpərvər olsun, Vətəni sevsin, Vətənə ləyaqətlə xidmət etsin, peşəkar, bilikli, savadlı olsun. Bu məqsədlə ölkəmizdə aparılan işlər artıq öz nəticəsini verir. Gələcəkdə biz bu nəticələri daha da geniş şəkildə görəcəyik.”

İlham Əliyevin hakimiyyət illərində həyata keçirilən gənclər siyasətinin əsas xüsusiyyəti onun praktikliyidir. O, artıq Heydər Əliyev tərəfindən əsası qoyulmuş normativ-hüquqi baza və müvafiq insitusional mexanizmlərdən istifadə edərək bu sahədə konkred addımlara, fəaliyyətə üstünlük verir. Dövlət idarəçiliyinin elmi-nəzəri əsaslarına yaxşı bələd olan cənab prezident sosial-iqtisadi məsələlərə sistemli yanaşır, nəticədə qəbul olunan və uğurla icra olunan müxtəlif proqramlar müvafiq sahələrin bir sistem olaraq inkişafına gətirib çıxarır. Bu proqramlara əlavə olunan, konkret tapşırıqların, icraçıların və icra müddətinin müəyyən olunduğu tədbirlər planı məhz praktikliyə xidmət edir.

Ölkə, onun gələcəyi üçün prioritet əhəmiyyət kəsb edən digər sahələrdə olduğu kimi, gənclər siyasətində də bu vasitədən geniş istifadə olunur. Son illərdə gənclərlə bu və ya digər şəkildə əlaqəli olan müxtəlif dövlət proqramları icra olunub və olunmaqdadır. Onların bir neçəsini, hansı ki, birbaşa gənclərlə bağlıdır, xüsusi qeyd etmək istərdik.

Cənab Prezidentin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş, 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı çərçivəsində gənclərin inkişafı, sağlamlığı, onların cəmiyyətin ümumi sosial-iqtisadi həyatına fəal inteqrasiyası, sosial problemlərinin həlli, təhsili, milli-ideoloji, yüksək əxlaqi və hərbi-vətənpərvər ruhda tərbiyəsi, sahibkarlıq fəaliyyətinə və dövlət (bələdiyyə) idarəçiliyinə cəlb edilməsi, vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği baxımından böyük işlər görülmüşdür. Bu işlər ölkənin ümumi sosial-iqtisadi inkişafına xüsusi rəng qatmış, gəncləri bu prosesdə fəal iştiraka ruhlandırmışdır. Lakin ölkə rəhbərliyinin apardığı gənclər siyasəti uzaq gələcəyə istiqamətlənən sistemli və ardıcıl bir işdir. Buna görə də bu iş kampaniya xarakterli, müvəqqəti, yeknəsək, yaxud plansız aparıla bilməz. Ölkə başçısının 7 iyul 2011-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da məhz bu zərurətdən irəli gəlmişdir. Bu Proqram birinci proqramdakı işlərin davamı və gənclər siyasəti sahəsində dövlətin fəaliyyətinin genişləndirilməsi, dəstəyinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Proqramın 2-ci bəndində onun əsas məqsədi aşağıdakı kimi ifadə olunmuşdur: “Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.”

Proqramın qarşıya qoyduğu vəzifələr isə, bunlardır: gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması; gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi; gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması; əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması; dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması; gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi; gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi; gənc ailə institutunun möhkəmləndirilməsi; gənclərin məlumatlılığının artırılması; gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi; gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi; gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi; gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi; gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi; gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi; gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi; gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi; gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması; gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi; gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.

Göründüyü kimi, proqram kifayət qədər əhatəli xarakter daşıyır və ona əlavə olunan tədbirlər planı bu vəzifələrə çatmaq üçün icra mexanizmi funksiyasını yerinə yetirir.

Dövlətin gənclərlə bağlı siyasətində konkret sahələr üzrə proqramlar da böyük rol oynayır. Misal üçün, xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı (2006-2010-cu illər), yaxud Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı (2007-2012-ci illər) kimi dövlət proqramları müvafiq sahələrin inkişafına, son nəticədə isə, gənclər siyasəti sahəsində dövlətin ümumi məqsədlərinə xidmət edirlər. 

 Bu baxımdan cənab prezidentin 16 aprel 2007 ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev ənənələrinin davamı olan bu siyasət heç bir ayrı-seçkilik olmadan bütün istedadlı, elmə, təhsilə marağı olan gənclərimizin dünyanın müxtəlif nüfuzlu təhsil ocaqlarında təhsil almasına şərait yaradır.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlət idarəçiliyinə sistemli və kompleks yanaşma nəticəsində müxtəlif sosial-iqtisadi inkişaf proqramlarına da gənclərlə bağı müəyyən müddəalar daxil edilmişdir. Belə ki, gənclər siyasəti ölkənin ümumi sosial-iqtisadi inkişaf strategiyasına uyğunlaşdırıldığı kimi, sosial-iqtisadi inkişaf proqramları da gənclər siyasətinə uyğun gəlir. Beləliklə, sosial-iqtisadi inkişaf və gənclər siyasəti ilə bağlı görülən işlər bir-birini tamamlayır, bu isə, idarəetmənin effektivliyinin artırılmasına səbəb olur. Misal üçün, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, o cümlədən 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Sosial-iqtisadi inkişaf Dövlət Proqramlarında gənclərin məşğulluğu, təhsili, sahibkarlıq fəaliyyəti və dövlət idarəçiliyində iştirakı kimi məsələlər öz əksini tapmış, bu məsələlərlə bağlı müvafiq icra hakimiyyəti orqanlarının qarşısına konkret tapşırıqlar qoyulmuşdur.

Cənab Prezidentin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı 9 fevral 2007-ci il tarixli Sərəncamı və həmin Sərəncamla təsdiq olunmuş Tədbirlər Planı ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Gənclər ilinə sadəcə olaraq bir il ərzində gənclərlə bağlı görülmüş işləri sadalayaraq qiymət vermək düzgün olmazdı. 2007-ci il ölkədə o dövrə qədər aparılmış gənclər siyasətinin, bu sahədə görülmüş işlərin qiymətləndirilməsi, gələcək planların müəyyən olunması, səhvlərin aradan qaldırılması, müsbət təcrübənin inkişaf etdirilməsi baxımından daha əhəmiyyətli olmuşdur. 2007-ci il müvafiq dövlət qurumlarına dönüb geriyə baxmaq və gələcəklə bağlı qərarlar qəbul etmək üçün yaxşı fürsət olmuşdur. Bu məntiqlə çıxış etsək deyə bilərik ki, “Gənclər ili” 2007-ci illə bitməmişdir. Hər il ölkə rəhbərliyi və gənclərimiz üçün “Gənclər ili” ruhunda keçir.

 





16.04.2013    çap et  çap et