525.Az

BFİ tələbə qəbulu elan etdi


 

BFİ tələbə qəbulu elan etdi<b style="color:red"></b>

Bakı Film İnstitutu növbəti yeni ixtisas üzrə tələbə qəbulu elan edib.

Bakı Film İnstitutu layihəsinin rəhbəri Fehruz Şamıyevin 525.az-a verdiyi məlumata görə, Qurban Məsimovun aktyorluq kursuna sənəd qəbulu 25 aprel tarixində başa çatacaq. Onun sözlərinə görə kursun məqsədlərindən biri də indiki televiziya filmlərinin və seriallarının sayının artdığı bir dönəmdə, bu sahədə aktyor işinin keyfiyyətinin artırılmasına xidmət göstərməkdir: “Hələ serial bumu başlamadan öncə Azərbaycanda geniş tamaşaçı kütləsi “Aramızda qalsın” serialını yaxından izləyirdi. Həmin vaxtda serialın baş qəhrəmanı Qurban Məsimov və Kamilə Babayeva idi. Qurban Məsimov bir çox filmlərdə və tamaşalarda oynayıb. Məncə, Qurban Məsimovun istedadı hamıya məlumdur. Xüsusi ilə qeyd etmək istəyirəm ki serial istehsalında Qurban Məsimovun böyük təcrübəsi var. Məncə, efirdəki seriallarımızı izləyəndə orada nə qədər təsadüfi insanların rol aldığını görməmək mümkün deyil. 3 ay davam edəcək kurslarımıza qatılan şəxslər ən azından pafos və sünilikdən azad olacaqlar. Kursa qatılmaq istəyənlər iki ədəd fotoşəkil və Bakı Film İnstitutunun kurslarına qatılmaq üçün iştirak blankını doldurmalıdırlar. Aktyor kursunda aylıq ödəniş 80 manatdır. Qeyd edim ki, kursları bitirən şəxslərə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, Bakı Film İnstitutunun sertifikatı veriləcək. Sözsüz ki, bu sertifikatı əldə etmək elə də asan olmayacaq”.

Məlumat üçün bildirək ki, İnstitutda bundan öncə kinoprodüser ve kinorejissor kursları təşkil olunub. Hazırda kinoprodüser kursunda ikinci qrupda kurslar başa çatmaqdadır.

 





16.04.2013    çap et  çap et