525.Az

Moskvada Anarın 75 illiyi qeyd olunub


 

Moskvada Anarın 75 illiyi qeyd olunub<b style="color:red"></b>

Moskvada Millətlər Evində Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə “Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın və Rusiyanın mədəniyyət xadimləri iştirak ediblər.

“Ocaq” cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli tədbiri açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verib.

Polad Bülbüloğlu öz çıxışında qeyd edib ki, Anar təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin həyatında bir hadisədir: “Anar haqqında danışmaq, bir tərəfdən çox asandır, çünki faktlar çoxdur, digər tərəfdən onun barəsində danışmaq çətindir, çünki Anarın yaradıcılığı, onun fəaliyyəti çoxşaxəlidir”. 

Rusiya yazıçılarının nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri öz çıxışlarında vurğulayıblar ki, Anarın yaradıcılığı Azərbaycan və rus klassik ədəbiyyatının böyük ənənələrinin davam etdirilməsi ilə əlamətdardır. Natiqlər Azərbaycan ədəbiyyatçıları ilə, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi ilə əlaqələrin yüksək səviyyədə olmasını qeyd ediblər.

Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının prezidenti, Riqadan Moskvaya məxsusi Anarın yubileyi münasibəti ilə gəlmiş Andrey Korsarov tanınmış Azərbaycan yazıçısının ictimai fəaliyyətinin beynəlxalq aspektinin əhəmiyyətini vurğulayaraq “Планета поэтов” (“Şairlər planeti”) kitabının altıncı cildini Anara hədiyyə edib. Bu cilddə azərbaycanlı müəlliflərin də əsərləri dərc edilib. 

Ümumrusiya Azərbaycanlıları Konqresinin Aparatının icraçı direktoru İlqar Hacıyev, Moskva Yazıçılar İttifaqının üzvü, şair-tərcüməçi Mixail Sinelnikov, Moskvadakı bir sıra Azərbaycan ictimai təşkilatlarının rəhbərləri və nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri yubilyara ünvanlanmış təbrik nitqləri ilə çıxış ediblər.

Yubiley gecəsinin sonunda “Şəfəq səfiri” adlı bədii film nümayiş edililib. Böyük Azərbaycan dramaturqu və ictimai xadim Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən bu film Anarın ssenarisi əsasında çəkilib. Filmin rejissoru Ramiz Həsənoğlu, operator Kənan Məmmədovdur.

GÜNEL

 





16.04.2013    çap et  çap et