525.Az

Havalar niyə qeyri-sabit keçir?


 

Havalar niyə qeyri-sabit keçir?<b style="color:red"></b> Ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsinin səbəbi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Azərbaycan ərazisi iki fərqli hava kütləsinin təsiri altında qalıb. Şimaldan daxil olan soyuq hava cərəyanı cənub-qərbdən, Türkiyə ərazisindən keçən siklonla Azərbaycan üzərində qarşılaşıb. Bu iki siklonun qarşılaşması nəticəsində hava şəraiti təzadlı dəyişib və yağıntılar daha intensiv olub.
 
Departamentdən verilən məlumata görə, hava şəraitinin pisləşəcəyi gözlənilən proses olub: “Aprelin 15-dən hava şəraitinin təzadlı dəyişəcəyi ilə bağlı xəbərdarlıqlar tərtib olunmuşdu. Aprelin birinci ongünlüyündə anomal isti hava şəraiti hökm sürürdü. Temperaturlar çoxillik norma qiymətlərindən 8 dərəcəyədək yüksək idi. Deməli, temperatur yer səthini kifayət qədər qızdırmışdı. Şimaldan soyuq hava kütləsi ölkə ərazisinə daxil olanda temperatur fərqi daha çox olduğuna görə yağıntıların intensivliyi də artıb. Yəni bu proses digər proseslərdən fərqli olaraq bir qədər kəskin keçib. Ən çox yağıntı Ağcabədi stansiyasında (45 mm) qeydə alınıb. Ağstafada 26 millimetr, Astarada 24 millimetr, Zaqatala-Balakən zonasında 19 millimetr yağıntı düşüb. Respublikanın dağlıq rayonlarında gözlənildiyi kimi yağış sulu qara və qara keçib. Hətta bəzi ərazilərdə yenidən qar örtüyü əmələ gəlib. Xınalıqda qar örtüyünün hündürlüyü 18 sm təşkil edib. Digər yüksək dağlıq stansiyalardan gələn məlumata görə, qar örtüyünün hündürlüyü 3-8 santimetr, Qubanın dağlıq ərazilərində isə 10-15 santimetr olub”.
 
Qeyd edək ki, hava şəraiti anomal keçsə də, bu, rekord göstərici deyil. Ayrı-ayrı illərdə bu cür hava şəraiti müşahidə olunub. Çoxillik meteoroloji müşahidələrə görə, ən soyuq aprel ayı 1954-cü və 1987-ci illərdə olub. Daha kəskin hava şəraiti 2004-cü ilin aprelin 5-də qeydə alınıb ki, həmin gün Bakıya sulu qar yağıb. Hazırda ölkə ərazisində temperatur iqlim normasından 1-3 dərəcə aşağıdır.
 
Departamentdən qeyd ediblər ki, bu prosesin ən əlverişsiz və intensiv dövrü bu gün yaşanır: “Aprelin 17-də yağıntılar əksər rayonlarda intensiv xarakter daşıyır. Aprelin 18-də yağıntıların intensivliyi azalacaq. Bu proses tədricən səngiməkdədir. Hətta bəzi rayonlarda günorta saatlarında yağıntılar tədricən kəsiləcək. Yaxın 3-4 gün ərzində havanın temperaturu bu günlə müqayisədə 2-4 dərəcə yüksələcək, iqlim normasına yaxınlaşacaq. Lakin gecə və axşam saatlarında ayrı-ayrı rayonlarda, əsasən də dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı qalır. Çünki qeyri-sabit hava kütləsi hələlik ölkə ərazisini tam tərk etməyib”.
 





17.04.2013    çap et  çap et