525.Az

Qoy oxucu desin, sonra nə olur?


 

Dayandur Sevginin ad gününə şeirləri haqqında yazılmış yazı

Qoy oxucu desin, sonra nə olur?<b style="color:red"></b>

Dayandur Sevgini uzun illərdir tanıyıram. Eyni ilin uşaqlarıyıq. Məndən cəmi iki ay böyükdür, söhbətlərimizdə bu iki ay hökmən nəzərə alınır. Yadımda onun elə xatirələri, elə şeirləri var, hərdən kövrəlirəm.

80- ci illərin ortaları idi. İmişlidə tez –tez görüşürdük. Tərəkəməçilik, zəhmət, şeir bizi birləşdirirdi. Şeirlərindəki intonasiya, havacat, dil, səmimiyyət çox xoşuma gəlirdi. Eyni əzabi çəkirdik. Şeirimiz çap olunmurdu, redaksiyalar qapılarını üzümüzə bağlamışdı.

Dayandur Sevgin el-obaya, kənd- kəsəyə bağlı adamdı. Həmişə el-obasının, dost tanışının hayına çatan, xeyrində, şərində iştirak edən müdrik bir insandı.

O, kiçik yaşlarında atasını itirib. Atasızlıq ona vaxtında əvvəl yaşlanmaq, ata əvəzindən xeyirdə, şərdə iştirak etmək səlahiyyəti verib.

80 ici illərdə yazdığı “Yetim uşaqlar” şeiri o vaxt dillər əzbəri idi. Nə qədər ki, həyatın bu amansızlığı var, Dayandurun bu şeiri də həmişə aktual olaraq qalır.

Baharı bənzəyər boranlı qışa,
Dünya gözlərində bir sual olar.
Uşaqkən keçərək yuxarı başa,
Atasız bir evdə ağsaqqal olar. (Yetim uşaqlar)

Dayandur Sevgin həyatın hər üzünü görüb. Istər kənddə, istər şəhərdə, istərsə də uzaq Rusiyada həyatın amansız şaxtası onun saç – saqqalını vaxtsız ağardıb. Çölçülük, otun, qarağanın, yovşanın rəngarəngliyi, qoyunçuluq, bütünlükdə tərəkəmə həyatı və bu həyatla çarpışaraq xeyli sayda tarixi romanlar oxumaq, qoşma, gəraylı əzbərləmək və yeni, orjinal şeirlər yazmaq heç vaxt onu usandırmayıb.

Əl ağacı demə, xətrimə dəydi,
İgidin əlində ər ağacıdı.
Qurdu damaq eylər, oğrunu peşman,
Çobanın çiynində zor ağacıdı. (Əl ağacı)

Bu şeirdə “əl ağacı demə xətrimə dəydi” misrası böyük əhəmiyyət kəsb edən bir düşüncənin məhsuludur. Adətən yaşlı, qoca, əlil adamlar əlinə ağac götürürlər ki, yeriyində büdrəməsinlər. Əslində bu ağacın adı əsadır. Bəzən “əsa” sözü yaddan çıxır , əksər adamlar onu adi ağac kimi başa düşürlər. Belə bir vəziyyətdə şairin çobanın əlindəki ağaca verdiyi tərif gəlir. Əsas tərif budur ki, bu ağac “qurdu damaq eylər, oğrunu peşman”, yəni qurd qoyunları yemək üçün o qədər ulayar və dişlərini o qədər qıcayar ki, nəticədə damağı yara bağlar. Xalq arasında da belə bir söz var: damağım gəlib. Demək əl ağacı kişilik, qeyrət, zəhmət ağacıdır. Yəni bu ağac büdrəməmək üçün deyil.

Dayandur Sevgin sadə və aydın şairdir. Onun şeirləri bir başa xalq təfəkküründən süzülüb gəlir. Mütaliəçilik, kitabçılıq onun şeirlərinə təsir etmir. Şeirlərin yeganə qaynağı çəkdiyi çətinliklər, gördüyü, müşahidə etdiyi hadisələr, vətən, azadlıq və sevgi düyğularıdır ki, bu da həyatın iztirablarından sözə çevrilir.

“Var”da olmaz adım mənim,
Axtar məni “yox”da, Tanrım.

Şair haqlıdır. Bu iki misranın iki mənası var: Alt və üst. Kimə lazımdırsa, onu götürür. Üst qat budur ki, bugünün şairi cəmiyyətdə varlı yaşaya bilməz. O, həmişə yoxsuldur. Alt məna budur ki, Allahın yaratdığı insan həmişə “yox” da “var” olur. Bu dünyada “yox”luq əslində “var” olmaqdır. Dərin fəlsəfi ürfan sitixiyası ilə yuğrulmuş bu misralar onun yaradıcılığının əsl mahiyyətini açır.

Dayandur Sevgin 80 –ci illərdə ədəbiyyata gəlib. Ona görə şeirlərindəki 80 – ci illərin möhürü aydınca özünü göstərir. Bu şairin səmimiliyi, orjinallığı deməkdir. Aşağıdakı şeirin dili, sadəliyi, obrazlığı, intonasiyası oxucunu nəfəs dərməyə məcbur edir.

İl olar sevənin hər keçən günü, Sevgin məşəl olar, hicranın çəksən. Gözümün odunda qızdırsam səni, Saçımın qarında üşüyəcəksən.

Dayandurun dillər əzbəri olan məşhur bir şeiri var: “Dərənin dərdi”. 80 –ci illərin ən gözəl şeiridir. Şeirin intonasıyası adamı silkələyir. Bu şeir heca şeirinin hüdudlarını genişləndirir. Məsələ təkçə görüntü deyil. Deyək ki, dağların ucalmasına səbəb dərələrdir. Dağlar ucalmaq üçün dərənin torpağını əlindən alıb. İlk baxışda belədir. Əslində bu fiziki görüntünün içtimai mənası heç kəsin ağlına gəlməyib. Dayandurun şair ustalığı orasındadır ki, adi təbiət hadisəsinə sosial məna verib. Cəmiyyətdə də kimincə haqqını əlindən alıb dağ kimi ucalanlar var. Adi, sadə adamlar həmin ucalanlardan haqqını geri istəsə, o adamın ucalığı qalmaz.

Dağlar “Yanıq Kərəm”, dərə “Lələ”di,
“Kərəm”in ardınca çəkdi öz köçün.
Dərələr özünü şəhid eylədi,
Dağları göylərə qaldırmaq üçün.

Dərənin köksündən dikəldi, qalxdı,
Kəsdi yolu-izi, bəndi-bərəni.
Göydə şimşəklərə qarışdı başı,
Görmədi ayağı altda dərəni.

Bəli, dağlar bulud köçünə qoşuldu, başı şimşəklərə qarışdı. Heç vaxt ayağının altında qalan və onu bu zirvəyə qaldıran dərəni görmədi, onu birdəfəlik unutdu. Bu, təkçə təbiət şeiri deyil. Həm də cəmiyyət, social , içtimai- siyasi şeirdir. Özü də çox maraqlı, oxunaqlı, “Baş sarıtel” havası üstə sənətkarlıqla yazılmış şeirdir.

Dağlardan həmişə bəla görübdü,
Selindən yaşlıdı gözü dərənin.
Canının odunu dağa veribdi,
Günə həsrət qalıb özü dərənin.

Dərənin canını illərdən bəri,
Alsa da ürəyi dolmaz dağların.
Dərələr torpağın istəsə geri,
Boyu bir təpəcən qalmaz dağların.

Dərələr özünü dağa qurban verib. Selləri gözünün yaşıdır. Cəmiyyətdə baş verən hadisələri bu şeir ifadə edir. Şeir cəmiyyətin əyninin üstündədir. Onun boyuna biçilib. Təbiət və cəmiyyət bu şeirdə üst – üstə yerləşib. Təbiət detalları cəmiyyət detallarına üyğundur. Şeir təbiəti cəmiyyətə köçürür.

Dayandur saz üstündə parvazlanan şeirlərinə yaşadığımız zamanın ağrı - acılarını elə ustalıqla qatır ki, satirik ovqat güclü olsa da, biz ona satirik şair deyə bilmirik. Bu, gözəldir. Ən asan yol heca şairinin satiraya yuvarlanmasıdır. Satiraya pis baxmıram. Amma şair əvvəldən satirik şeir yazsa, sözüm yox. Dayandur satirik problemləri heca şeirinin içində ustalıqla əridir.

Pələngi görürsən kimlər izləyir,
Yaman çılızlaşıb nəsillər Dədə,
Oğrunun saçını sığal gözləyir,
Doğrunun başını kəsirlər, Dədə.

Oğrunun başına sığal çəkən həyat, cəmiyyət qorxuludur. Dayandur problemləri bir başa çılpaq demir. Məsələni obrazlı, bədii şəkildə həll edir. Çünki ən gözəl şeirin başlıca meyarı bədiilikdir.

Elə burdaca yenə şairin “Əl ağacı” şeirinə qayıdıram. Şair əl ağacını müxtəlif aspektlərdə mənalandırır. “Varlıya sandıq, tüfəngə qundaq” olan bir ağacın nə qədər maraqlı əlamətləri varmış. Şair min illər boyu çobanın əlindəki ağacı cəmiyyətin müasir problemleri ilə xarakterizə edir.

Barını gəzirik hey budaq, budaq,
Demirik bir yol da qolundan tutaq,
Pulluya sandıqdı, tüfəngə qundaq,
Qeyrət ağacıdı, ar ağacıdı.

Dayandır nədən yazırsa yazsın, hər zaman bədiilik onun qələminin cövhəri olur. Bu məsələni əsasən şairin yazı üslubu və heca şeirinin min illik intonosiyası nizamlayır.

Əl atıb üzdüyün alma deyil ki,
Qandı, laxtalanıb bar ağacında.

Ağacın başında qırmızı almanın qan kimi laxtalanması dünyamızda yaşanılan problemlərin, xüsusən baş verən müharibələrin təzahürüdür. Artıq tökülən qanların şərəfinə ağac da öz budağında qan laxtası bitirir.

Aşağıdakı iki misra uzun illərdir məni sarsıdır. Və mən hər yerdə bu misranı yaddaşımda təsbeh dənələri kimi cevirirəm. Misraları fikrimdə təkrarlamaq mənə həm də səbr gətirir. Səbr gətirsə də, misranın həqiqəti adamın qanını dondurur.

Edam otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa…

Bütün bunlardan sonra hər şey oxucunun ixtiyarına buraxılır. Qoy oxucu desin: “edam otağından çıxan cəlladın, əlləri qanlı və üzü ağdırsa… “ onda nə olur? Əsl ədəbiyyatın həqiqəti budur. Elə bu misrsaları yazan Dayandur Sevginin də…

 





06.02.2017    çap et  çap et