525.Az

Şeirimizin poetikası barədə dəyərli araşdırma


 

Şeirimizin poetikası barədə dəyərli araşdırma<b style="color:red"></b>

professor

Filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlu (Qasımov) uzun illərdir ki, Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi ilə məşğuldur. Respublikamızın ən qabaqcıl ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət Pedaqoji Universitetində çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti ilə o, dərin savada, yüksək səriştəyə malik müəllim və təhsil təşkilatçısı olaraq böyük hörmət və nüfuz qazandığı kimi, ədəbiyyatımızın çoxəsrlik inkişaf yolunun müxtəlif mərhələlərinə və görkəmli nümayəndələrinin yaradıcılıqlarına həsr olunmuş qiymətli monoqrafik tədqiqatları ilə ustad ədəbiyyatşünas, mötəbər filoloq alim məqamına yüksəlmişdir. Himalay Ənvəroğlu imzası çoxdandır ki, ədəbiyyatşünaslıq elmimizin ən məhsuldar və yetkin nümayəndələri sırasında öz layiqli yerini tutmuşdur. Bu böyük nüfuz və şöhrətin arxasında isə, hər şeydən öncə, görkəmli alimin alicənab, nurlu şəxsiyyəti, dərin elmi təfəkkürdən, ədəbi fakt və hadisələrə hərtərəfli və unikal elmi yanaşmadan yoğrulmuş fundamental tədqiqatları dayanır.

Himalay müəllimi uzun illərdir ki, tanıyıram. Onun çoxsaylı kitablarının da əksəriyyəti ilə tanışam. Təəssüratlarımı ümumiləşdirərək deyə bilərəm ki, görkəmli alimin araşdırmalarında ədəbi-nəzəri təhlil və dəyərləndirmələr, bədii mətnlərin daxili qatına nüfuz etmək, heç də hər tədqiqatçının aşkarlaya bilməyəcəyi ən incə detalları üzə çıxarıb ideya-bədii arxitektonikanın axarı və çoxplanlı konteksti boyunca təhlil etmək, bu yolla bədii əsəri hərtərəfli şəkildə və çağdaş elmi düşüncənin nailiyyətləri fonunda qiymətləndirmək ön planda dayanır. Yəni ədəbi əsərlərə nəzəri-estetik yanaşma, sosioloji mətləblərin də bu aspektdə işıqlandırılması alimin özünəməxsus araşdırma tərzi kimi illərin sınağından uğurla çıxmış, müəllifə geniş şöhrət gətirmiş, filologiyamızı sanballı əsərlərlə zənginləşdirmişdir. “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr”, “Bədiiliyin meyarı”, “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası”, “Müasir Azərbaycan romanının qaynaqları”, “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri”, “Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri”, “Şəhriyarın lirikası və etiqadı”, “Hüseyn Cavidin lirikası və dramaturgiyası” ... bu siyahını xeyli davam etdirmək olar. Bunlar professor Himalay Ənvəroğlunun çoxsaylı kitablarının bir qisminin adıdır.

O da diqqətdən yayınmır ki, Himalay müəllimin tədqiqatlarında mərhələ və ədəbi növ məhdudiyyəti yoxdur. Görkəmli alim o tay-bu taylı Azərbaycan ədəbiyyatının həm klassik, həm də müasir yaradıcılarının əsərlərini eyni professionallıqla təhlil predmetinə çevirdiyi kimi, poeziyadan da, nəsrdən də, dramaturgiyadan da, ədəbiyyatşünaslıq və ədəbi tənqid məsələlərindən də eyni vəcd və səriştə ilə söz açaraq mükəmməl elmi-ədəbi qənaətlər irəli sürür. O, orta əsrlər ədəbiyyatımızın  İ. Nəsimi, M. Füzuli kimi ustadlarından yazanda da, XX yüzilliyin əvvəlləri romantik poeziya və dramaturgiyamızın böyük nümayəndəsi Hüseyn Cavidin ezazkar sənətini araşdırmaya cəlb edəndə də, S. Vurğun, İ. Əfəndiyev, Anar kimi ədiblərdən söz açıb mötəbər elmi fikirlər söyləyəndə də, Azərbaycan romanının poetikasını çoxplanlı aspektdə incələyəndə də unikallıq, universallıq və professionallıq nümayiş etdirir. Mükəmməl nəzəri hazırlığı, geniş mütaliəsi, dərin elmi erudisiyası Himalay Ənvəroğlunun əsərlərinin başlıca siqlətini şərtləndirən əsas faktordur, təyinedici məziyyətdir.

Əlbəttə, görkəmli alimin hər bir kitabından geniş şəkildə bəhs etmək, onların məziyyətlərindən ətraflı danışmaq mümkündür. Bu məqalədə biz istedadlı alimin “Azərbaycan şeirinin poetikası” monoqrafiyasından söz açacağıq.

2008-ci ildə Bakıda “Nurlan” nəşriyyatında çap olunmuş bu monoqrafiyada çoxəsrlik Azərbaycan şeirinin poetik sistemi əsas araşdırma predmetinə çevrilmişdir. Uzun müddət ərzində bu aktual elmi problemin hərtərəfli şəkildə tədqiqi ilə məşğul olan Himalay müəllimin bu kitabı çoxillik araşdırmaların məntiqi nəticəsi, əzəmətli yekunu kimi ortaya çıxmışdır.

Beş fəsildən, 388 səhifədən ibarət olan monoqrafiyanın ilk üç fəsli poeziyamızdakı süjetli lirikaya həsr olunmuşdur. Tədqiqatçı süjetli lirikanın mahiyyəti, qaynaqları, təşəkkülü, inkişaf yolu, yaradıcılıq problemləri, poetika və tipologiya məsələləri, ədəbiyyatımızda müxtəlif mərhələlərdə qələmə alınmış rəngarəng xüsusiyyətlərə malik nümunələri barədə dolğun, əhatəli araşdırma aparmış, mühüm elmi nəticələrə gəlmişdir.

“Süjetli lirika Azərbaycan şeirinin yaşarılı poetik forması kimi” adlanan ilk fəsildə görkəmli alim haqlı olaraq problemə kompleks elmi yanaşma nümayiş etdirmiş, əvvəlcə süjet anlayışının mahiyyətinə nəzər salaraq qədim yunan alimi Aristoteldən üzü bəri dünya, eləcə də Azərbaycan filoloji fikrində bu barədə olan çeşidli elmi baxışları incələmiş, diqqətəlayiq yekun qənaətlərə gəlmişdir. Xüsusən süjet ilə fabulanın müqayisəli səciyyəsi razılıq doğurur. Bunun ardınca isə lirika haqqında analoji təhlil və dəyərləndirmələr özünə yer almışdır. Mövzunun məntiqi davamı olaraq müəllif əhatəli təhlillər yolu ilə süjetli lirika anlayışının əsas xüsusiyyətlərini müəyyənləşdirmiş, belə bir nəticəyə gəlmişdir ki: “Həyatın geniş vüsətini hadisə formasında vermək imkanı lirikada yoxdur: fabula və süjet anlayışları ədəbi növ olmaq etibarı ilə lirikanın bilavasitə öz daxili məzmununa ziddir. Lakin lirika epik və dramatik həyat lövhələrini vermək iddiasına düşəndə süjet onun məcburi tərkib hissəsinə çevrilir”. Alimin bu fikri də təqdirəlayiqdir ki, “Süjetli lirikanın məzmununu təkcə daxili, subyektiv hiss və duyğu deyil, eyni zamanda, canlı “obyektiv” münasibətlərin real ifadəsi təşkil edir”.

“Azərbaycan poeziyasında süjetli lirikanın təşəkkülü” adlanan ikinci fəsildə çoxəsrlik ədəbiyyatımızın zəngin, çoxşaxəli inkişaf yoluna nəzər salınmış, əvvəlcə epik-lirik poeziyada süjetli lirika ünsürləri araşdırılmış, bu məsələ özünün elmi təhlilini bəzi dastanlardakı şeir parçalarının, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi ədiblərin müxtəlif əsərlərinin timsalında tapmışdır. Bu nəticəyə gəlinmişdir ki, “epik-lirik janrlarda verilmiş lirik parçaları süjetli lirikaya bir hazırlıq, onun zəmini kimi qiymətləndirmək” daha məqsədəuyğundur. Bayatı, rübai, qoşma, xüsusən qəzəl kimi ənənəvi şeir formalarındakı süjetli lirika nümunələrini, yaxud elementlərini folklorun və yazılı poeziyamızın müxtəlif örnəkləri əsasında araşdırmaqla müəllif ədəbiyyatımızda süjetli lirikanın qaynaqları və təşəkkülü barədə dolğun elmi mənzərə yarada bilmişdir.

“Çağdaş Azərbaycan şeirində süjetli lirika” adlanan üçüncü fəsil həm həcminə, həm də elmi tutumuna görə xüsusi razılıq doğurur. Müəllif mövzuya kompleks yanaşma nümayiş etdirmiş, poeziyamızın son bir əsrlik təcrübəsində süjetli lirikanın inkişaf yolunu, yaradıcılıq problemlərini müxtəlif müəlliflərin çoxsaylı əsərlərinin təhlili yolu ilə araşdırmış, hər mərhələnin və hər şairin süjetli lirikasının ümumi və fərdi poetik xüsusiyyətlərini yetərincə incələmişdir. Burada H. Cavid, A. Səhhət, S. Rüstəm, M. Müşfiq, S. Vurğun, R. Rza, M. Rahim, O. Sarıvəlli, Ə. Cəmil, Z. Xəlil, B. Vahabzadə, N. Xəzri, H. Arif, Ə. Kərim, F. Qoca, M. Araz, S. Rüstəmxanlı və digər tanınmış şairlərin yaradıcılığında süjetli lirikanın ədəbi-estetik mövqeyi, müxtəlif tematikaya malik əsas nümunələri hərtərəfli şəkildə araşdırılmışdır.

Xüsusən ayrı-ayrı şairlərimizin yaradıcılıqlarında müharibə mövzusunda qələmə alınmış çoxsaylı süjetli şeirlərin geniş yer tutması, yeni keyfiyyətlər qazanması geniş təhlillər yolu ilə aşkarlanmışdır.

Ümumiyyətlə, bu fəsildə Azərbaycan poeziyasında süjetli lirikanın həm mövzu-ideya, həm də sənətkarlıq xüsusiyyətləri yetərincə tədqiq olunmuşdur. Bu fəsildə süjetli lirika ilə mənsur şeirin müqayisəli səciyyələndirilməsi istiqamətində aparılan təhlillər də özünəməxsus elmi əhəmiyyət kəsb edir. Obyektiv elmi həqiqətin aşkarlanması, ədəbi fakt və hadisələrin dəqiq dəyərləndirilməsi naminə monoqrafiya müəllifin apardığı uğurlu polemikalardan sonra gəldiyi qənaətlərin dolğunluğu da ayrıca vurğulanmalıdır.

Süjetli lirikanın çağdaş poeziyamızda önəmli yer tutduğunu, getdikcə öz ədəbi arsenalını qüvvətləndirdiyini vurğulayan Himalay müəllim yazır: “Çağdaş poeziyamızı yaradanlar içərisində elə bir şairə rast gəlmək olmur ki, süjetli lirikadan yan keçsin, onda qələmini sınamasın”.

Görkəmli alimin poeziyamızdakı çoxsaylı süjetli lirika nümunələrinin ətraflı araşdırılmasından sonra gəldiyi aşağıdakı nəticə ümumiləşmiş elmi qənaət kimi tutumlu və konseptualdır: “Süjetli lirika ədəbi prosesin axarında poetik hadisələri aramaqda poeziyanın digər janrlarından daha həssasdır. Çünki bu janr şairin poetik istedadını sınağa çəkməkdə yüksək çevikliyə malikdir. Tərənnüm, ritorik pafos, hətta lirik-assosiativ “təhkiyə” tərzi və özünüifadə üstündə köklənən fərdi poetik üslublar çox zaman süjetli lirikanın tələblərinə dözə bilmir, “hüdudsuzluğa” can atırlar... Süjetli lirikada süjet epik poeziyadakı kimi “həyat forması”nda deyil. Buradakı “soyuqluq” subyektin qəlb aləmindən, düşüncəsindən keçərək hərarət kəsb edir. Eyni zamanda, subyektin hərarəti “miniatür süjet”in, “mikro əhvalat”ın zatındadır, cövhərindədir”.

O da dərhal diqqəti çəkir və razılıq doğurur ki, müəllif süjetli lirikanın tədqiqi sahəsində dünya ədəbiyyatşünaslığındakı fundamental əsərlərə, eləcə də Azərbaycan filoloji fikrinin müvafiq mülahizələrinə yaxından bələddir. Məhz belə bir bələdlik zəminində və çağdaş elmi təfəkkür işığında aparılan araşdırma Azərbaycan ədəbiyyatında süjetli lirikanın uzunmüddətli tarixinin mükəmməl elmi mənzərəsinin yaradılması ilə nəticələnmişdir. Tam qətiyyətlə deyə bilərik ki. Azərbaycan ədəbiyyatşünaslığında süjetli lirika anlayışının kompleks şəkildə elmi müstəviyə gətirilməsi, bütün əsas parametrləri ilə tədqiqi məhz Himalay müəllimin adıyla bağlıdır. Bu məqamı o, çoxsaylı elmi məqalələri və haqqında danışdığımız fundamental araşdırması ilə qazanmışdır.

Klassik şeirimizin poetikasının öyrənilməsi istiqamətində aparılan axtarışlar monoqrafiyanın “Hikmət və məhəbbət poeziyası” adlı dördüncü fəslində öz ifadəsini tapmışdır. Bu fəslin ilk bölümündə böyük şairimiz, hürufi poeziyasının ustadı İmadəddin Nəsiminin əısrarəngiz sənət dünyası diqqət mərkəzinə çəkilmiş, onun mübariz ruhlu, fəlsəfi mündəricəli lirikasının ideya-bədii özəllikləri yüksək professionallıqla araşdırılmışdır. Xüsusən şairin ədəbi yaradıcılığının poetik sistemində, ideya-bədii arxitektonikasında hürufi düşüncə tərzinin və simvolikasının təqdim üsulları yönündə aparılan incələmələrin mahiyyət və mündəricəsini ayrıca vurğulamaq istərdim. Bu mövzuda tədqiqat aparmaq heç də asan görünməsin. Bunun üçün klassik Şərq lirikasının poetik və semantik özəlliklərini, islam fəlsəfəsini, dini hədis və ayələri, hürufilik təriqətinin mahiyyətini dərindən bilmək gərəkdir. Sevindirici haldır ki, H. Ənvəroğlu bu çətin işin də öhdəsindən layiqincə gəlmiş, İ. Nəsiminin lirikasının əsl məğzini, poetik strukturunu orijinal və tutarlı şəkildə aydınlaşdıra bilmişdir. Razılıq doğuran cəhət həm də odur ki, Himalay müəllim ümumi mülahizələr, səthi dəyərləndirmələr ardınca qaçmamış, bədii mətnlərin, hətta ayrı-ayrı beytlərin daxili mahiyyətinə nüfuz etmiş, Nəsiminin ifadə etdiyi əsl qayəni lazımınca aşkarlamağa nail olmuşdur.

Fəslin ikinci bölümü isə ustad Füzuli sənətinə güzgü tutur. Əlbəttə, Məhəmməd Füzulinin əsrarəngiz yaradıcılığı, zəngin, bənzərsiz şeiriyyəti barədə yüz illərdir ki, söz açılır, bundan sonra da bəhs olunacaq. Çünki Füzuli sənəti elə bir möhtəşəm xəzinədir ki, onun əsl qiymətini vermək əslində imkansızdır. Hər gələn elmi, ədəbi nəsil şairin sənət dəryasında yeni-yeni gövhərlərin varlığını aşkarlayır. Bu sırada professor H. Ənvəroğlunun da öz xidmətləri var. Monoqrafiyanın “Füzuli lirikasında “eşqi-ruhani” məqamı” adlı bölümü bunu deməyə tam əsas verir. Bu bölümdə qəlb şairinin lirikasının təsəvvüflə əlaqələrinin yeni təfəkkür işığında dəyərləndirilməsi həm də gələcək tədqiqatlara yön verə bilmək imkanlarına malikdir.

Monoqrafiyanın son fəsli isə iyirminci əsr Azərbaycan şeirinin poetik xüsusiyyətlərinin araşdırılması ilə əlamətdardır. “Azərbaycan poeziyası yeni ideya-poetik axtarışlar mərhələsində” adlanan bu fəsil dörd böyük sənətkarın – Hüseyn Cavidin, Səməd Vurğunun, Məhəmmədhüseyn Şəhriyarın və Bəxtiyar Vahabzadənin lirikasının poetik məziyyətlərinin incələnməsinə həsr olunmuşdur. Təqdirəlayiq haldır ki, müəllif quru nəzəriyyəçilik, mücərrəd mühakiməçilik yolunu tutmamış, təhlilə cəlb olunan bədii nümunələrin ideya-tematik xüsusiyyətləri ilə poetik özəlliklərini üzvi vəhdətdə araşdırmışdır. Bu isə həmin əsərlərin, bütövlükdə adı çəkilən ustad şairlərin yaradıcılığının dürüst və əhatəli səciyyələndirilməsinə əlverişli imkan formalaşdırmışdır.

Bəllidir ki, çoxəsrlik Azərbaycan poeziyası tarixində mütəfəkkir ədibimiz Hüseyn Cavidin xüsusi mövqeyi vardır. Onun böyük ilham və istedadla yazılmış fəlsəfi-romantik əsərləri ideya-bədii mündəricəsi ilə ədəbiyyatımızda yeni hadisədir. Beşinci fəslin ilk bölməsi də məhz H. Cavid lirikasının mövzu və ideya düzəninin romantik poeziya üçün xarakterik olan bütün əsas tematik parametrlər üzrə tədqiqinə həsr olunmuşdur. İnsan, onun taleyi, cəmiyyətdə mövqeyi, ruhi-mənəvi təbəddülatları, kamillik və həqiqət axtarışları, keçmiş, bu gün və gələcək barədə fəlsəfi-romantik düşüncələr, məhəbbətin ülviyyəti, mənəvi ucalığa yönələn xilaskarlıq missiyası, sosial ədalət, xəyal və gerçəklik, təbiət mənzərələrinin vəsfi və s. kimi məsələlərin H. Cavid lirikasının ideya-tematik strukturunda önəmli yer tutması bu bölümdə özünün dərin elmi təhlilini tapmışdır. Müəllif haqlı olaraq bu nəticəyə gəlir: “Şairin sevgi lirikasında məhəbbət və gözəllik bir-birini tamamlayır və poetik tədqiq müstəvisində “cahanı xilas edəcək” ülvi qüvvə olaraq yer alırlar. Bu kontekstdə H. Cavidin lirik qəhrəmanlarının keçilməmiş yollar qət edərək özlərini təsdiq məqamına yetmələri təbii qəbul edilməlidir... H. Cavid lirik qəhrəmanı məhz ağrıdan və ruhi-mənəvi yaşantılardan qaynaqlanan təmənnasız məhəbbətin aşiqidir”.

Hüseyn Cavid lirikasının poetik xüsusiyyətlərini ayrıca yarımfəsildə araşdıran Himalay müəllimin həm problemə elmi yanaşmasının konseptuallığı, həm də gəldiyi qənaətlər, irəli sürdüyü müddəalar tədqiqatdan alınan yüksək təəssüratı daha da tamamlayır və dolğunlaşdırır. Görkəmli ədibin poeziyasında lirik qəhrəmanın təqdim üsulları, lirik “mən”in daxili aləmi, şairin bədii təsvir və ifadələr sistemi, işlətdiyi qafiyə modelləri, müraciət etdiyi şeir şəkilləri, xüsusən mürəbbe, qəzəl, nəğmə, rübai, qoşma və s. barədə dolğun qənaətlər maraq doğurur. H. Cavidin bədii forma sahəsində də novator bir şair olduğunu vurğulayan monoqrafiya müəllifi onun sonet janrına müraciətini, eləcə də Şərq və Qərb poetik sistemlərinin elementlərindən yaradıcılıqla istifadəsinin uğurlu nümunəsi, yenilik axtarışlarının mükəmməl təzahürü olan “Qəmər”, “Neçin?”, “Çəkinmə, gül!”, “Mən istərəm ki” və digər şeirlərini bu aspektdə ideya-bədii təhlil süzgəcindən keçirmiş, səciyyəvi məziyyətləri aşkarlamışdır.

Monoqrafiyada Xalq şairi Səməd Vurğunun lirikası barədə aparılan təhlil və dəyərləndirmələr də maraq doğurur. Görkəmli sənətkarın məhəbbət lirikasını əhatəli şəkildə araşdıran müəllif onun lirikasında fərdi yaşantıların poetik təcəssümü, avtobioqrafik məqamlar, kövrək məhəbbbət duyğularının yüksək emosionallıqla təqdimi, ictimai mündəricə və s. barədə tutarlı nəticələrə gəlmişdir. Ələlxüsus S.Vurğun poeziyasında məhəbbət mövzusunun bədii təqdiminin klassik lirika ənənələri kontekstində təhlilə cəlb olunması indiyədək ədəbiyyatşünaslığımızda lazımınca dəyərləndirilməyən bir sıra mətləblərin elmi şəkildə aşkarlanmasına şərait yaratmışdır. Şairin lirikasının Nizami, Nəsimi, Füzuli poeziyası ilə müqayisəli səciyyəsi bu baxımdan əlamətdardır. Təhlil zamanı təkcə Səməd Vurğunun şeirlərinin yox, bəzi poema və dramlarındakı lirik parçaların da önə çəkilməsi kompleksliyə xidmət edən uğurlu vasitədir.

Professor H. Ənvəroğlu S. Vurğun poeziyasının bir sıra poetik məqamlarını da ayrıca yarımfəsildə tədqiqat predmetinə çevirmişdir. Burada şairin ayrı-ayrı poemalarının bədii strukturu, janr-üslub özəllikləri barədə aparılan təhlillər, gəlinən əsaslandırılmış qənaətlər tutarlı və inandırıcıdır. Ustad sənətkarın poemalarını həmin aspektdə incələyən alimin aşağıdakı fikri bu baxımdan xarakterikdir: “Bakı”nın dastanı” və “Muğan”a fəsil-nəğmələr, yol təəssüratları sintetizm, liro-epik xüsusiyyət aşılamışdırsa, “Ölüm kürsüsü” və “Zəncinin arzuları”nda lirik-publisistik pafos, “Acı xatirələr” və “Macəra”da təhkiyənin xatirə səpkisi janra özəllik gətirmişdir”.

Bu bölmədə həmçinin Səməd Vurğunun süjetli lirikasına geniş diqqət yetirilmiş, onun “Konsert axşamı”, “Ananın dərdi”, “İgid şahin”, “Ananın öyüdü”, “Alman bənnası və sovet zabiti” və digər əsərləri süjetli şeirin dolğun nümunələri kimi araşdırılmışdır. Bütövlükdə aparılan təhlillər S. Vurğunun poetik dünyasının bir sıra qatlarına yeni təfəkkür müstəvisində işıq salır.

Güney Azərbaycanda yaranan ədəbiyyatın misilsiz ustadı Məhəmmədhüseyn Şəhriyarın bənzərsiz sənət dünyasının poetik məziyyətləri də Himalay müəllimin diqqətindən kənarda qalmamışdır. Əvvəlcə Şəhriyar lirikasının poetik qaynaqlarına üz tutan alim haqlı olaraq yazır ki, “Şəhriyar klassik şeirin, milli folklorun yaşarılı poetik ənənələri zəminində boy atan, XX əsr Azərbaycan, İran, ümumən Şərq poeziyasında insan mənəviyyatının sadəliyini, ülviliyini, əzəli paklığını vəsf edən ən qüdrətli şairdir”.

M. Şəhriyarın məhəbbət lirikasını, ictimai məzmunlu şeirlərini tematika, problematika və poetika baxımından araşdıran müəllif şairin klassik ənənələrə münasibəti, folklor motivlərindən istifadəsi, əsərlərində zəmanənin, cəmiyyətin reallıqlarının bədii təqdimi, dünyanın və insanın bədii-fəlsəfi dərki istiqamətində rəngarəng yaradıcılıq axtarışları, ifadə olunan avtobioqrafik məqamlar, inam və əqidənin mahiyyəti, vətəndaşlıq duyğularının poetik təcəssümü, təbiət gözəlliklərinin vəsfi və s. barədə dolğun fikirlər irəli sürmüşdür ki, bunlar da elmi-ədəbi təhlilin vüsəti və məntiqi ilə seçilir.

Kitabın “Şəhriyari-qəzəl, yaxud qəzəlin Şəhriyarı” adlı bölümünü ayrıca qiymətləndirmək gərəkdir. Yüksək professionallıqla yazılmış bu bölmədə Himalay müəllim ustad Şəhriyarın qəzəl yaradıcılığını geniş şəkildə araşdırmışdır. Təsəvvür tamlığı naminə əvvəlcə Şərq ədəbiyyatında qəzəl janrının keçdiyi çoxəsrlik inkişaf yoluna müfəssəl nəzər salınmış, səciyyəvi məqamlar ümumiləşdirilmişdir. Sonra isə Şəhriyarın qəzəlləri ideya-bədii təhlil prizmasından dəyərləndirilmişdir. Şairin qəzəllərində bir sıra məqamlarda Nizami, Nəsimi, Füzuli, Seyid Əzim kimi ustadlardan gələn ənənələrin davam və inkişaf etdirildiyini yazan müəllif onun qəzəl sahəsində mühüm xidmətlər göstərdiyini, Şərq poeziyasının bu qədim janrına bir sıra yeni xüsusiyyətlər gətirdiyini vurğulamış, fikrini konkret nümunələr əsasında izah etmişdir. Şəhriyarın qəzəllərində avtobioqrafik notlar, hissi-mənəvi yaşantıların yüksək bədiiliklə təcəssümü, müəyyən məqamlarda boy verib önə keçən ictimai motivlər və s. barədə kitabda oxuduğumuz təhlillərdən aldığımız təəssürat tam və dolğunluğu ilə yadda qalır.

Nəhayət, monoqrafiyanın beşinci fəslinin son iki bölümü istedadlı şairimiz Bəxtiyar Vahabzadənin lirikasına həsr olunmuşdur. “B. Vahabzadə poeziyasının daxili məna zənginliyinə bir nəzər” adlanan bölümdə şairin yaradıcılıq yoluna  müfəssəl nəzər salınmış, səciyyəvi cəhətlər ümumiləşdirilmişdir. Alimin haqlı qənaətinə görə, “ İnsanın qəlb həyatını vəsf edən B. Vahabzadənin lirik qəhrəmanı ümuminsani dəyərlərə bağlı vətəndaş və milli təəssübkeşdir. Bu dəyərlər onun sənəti üçün əbədi qayə olmuşdur”. Xüsusən şairin lirikasında, ümumən bütün yaradıcılığında Vətən və xalq taleyinin üstün tutulması, önə çəkilməsi, ciddi sosial-mənəvi problemlərin cəsarətlə bədii müstəviyə gətirilməsi və s. barədə təhlillər və irəli sürülən mühakimələr razılıq doğurur.

Bəxtiyar Vahabzadəni “böyük və təmiz məhəbbət nəğməkarı” sayan Himalay müəllim onun sevgi şeirlərinin bir sıra məqamlarda ictimai mündəricə ilə də çulğaşdığını dəqiq müəyyənləşdirmiş, bu fikrə də müvafiq mətnlərin lazımi təhlili yolu ilə gəlmişdir.

Sonuncu bölmədə isə Bəxtiyar Vahabzadənin lirikası müdrik fikirlər, mənəvi-əxlaqi qənaətlər, fəlsəfi ümumiləşdirmələrlə zəngin olan, xalqımızın əsrlərin sınağından çıxmış baxışları ilə səsləşən düşüncələr toplusu kimi dəyərləndirilmişdir. Şairin müxtəlif illərdə qələmə aldığı bir çox fəlsəfi şeirlərin ideya-bədii məziyyətlərini araşdıran alim bu əsərlərdə ifadə olunan yüksək duyğuların, ali ideyaların özünəmüvafiq dolğun sənətkarlıq biçimində təzahürünü, yəni B. Vahabzadənin müdrik fikirləri, fəlsəfi mühakimələri həm də mükəmməl bədii qiyafətdə oxucuya çatdırmağı bacaran böyük söz ustası olduğunu ayrıca vurğulamışdır. Ədəbiyyatşünas alimin aşağıdakı fikri B. Vahabzadə lirikasının əsas məğzinə diqqəti yönəldir: “Bəxtiyar Vahabzadə ... lirikada da, epik poeziyada da, dramaturgiyada da filosofdur, milli və bəşəri dərdləri deyəndir. Çünki şair idrakdan özəl qəlbini yandırır, dindirir”.

Bütövlükdə bu bölmə B. Vahabzadə lirikasının əsas ideya-bədii məziyyətlərini yetərincə səciyyələndirir.

Tədqiqatın başlıca yekunları kitabın nəticə hissəsində ümumiləşdirilmiş şəkildə ifadə olunmuşdur.

Bu qısa qeydlər də göstərir ki, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlunun (Qasımovun) “Azərbaycan şeirinin poetikası” monoqrafiyası tədqiqata cəlb olunan ədəbi problemin çoxsaylı elmi qaynaqlara və bədii materiallara istinadən əsl professionallıqla və əhatəli şəkildə araşdırılması, ən incə məqamların aşkarlanması, çoxəsrlik poeziyamızın poetik xüsusiyyətlərinin yeni təfəkkür işığında öyrənilməsi, müxtəlif şairlərin yaradıcılığının bu aspektdə dəyərləndirilməsi baxımından diqqəti cəlb edən sanballı əsərdir. Yüksək elmi-nəzəri səviyyədə yazılmış bu fundamental monoqrafiya Azərbaycan ədəbiyyatşünaslığının son illərdəki ən dəyərli nümunələrindən biridir.

Sonda keçmiş şagirdim, əziz dostum, çox hörmətli Himalay müəllimə yeni uğurlar və möhkəm cansağlığı diləyirəm!

mart 2013

 





17.04.2013    çap et  çap et