525.Az

Milli Kitabxanada gənc yazarlarla görüş


 

Milli Kitabxanada gənc yazarlarla görüş <b style="color:red"></b>

Fevralın 3-də Milli Kitabxanada gənc yazarlarla görüş keçirilib. Görüş Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə reallaşan "Gəncliyin səsi" festivalı çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin kino yaradıcılığı və filmlərin təbliği sektorunun aparıcı məsləhətçisi, yazıçı Elşad Əliyev ənənəvi festival günlərində yaradıcı gənclərin iştirakı ilə konsertlər, görüşlər, sərgilər təşkil olunduğunu bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan yaradıcı gəncliyi dövlətimizin qayğısı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Hər il bir neçə gənc yazarın Prezident təqaüdünə layiq görüldüyünü vurğulayan E.Əliyev diqqətə çatdırıb ki, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

Çıxış edənlər bildiriblər ki, "Gəncliyin səsi" festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival paytaxtla yanaşı, bölgələri də əhatə edən layihə gənclərin özlərini tanıtmaq, potensiallarını nümayiş etdirmək baxımından təqdirəlayiqdir.

Gənc Ədiblər Məktəbinin üzvləri olan yazarlar çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüş gənc müəlliflərin öz yaradıcılıq nümunələrinin təqdimatı və fikir mübadiləsi ilə davam edib.

 





07.02.2017    çap et  çap et