525.Az

Tariximizlə bağlı qiymətli mənbə: "Naxçıvan əyalətinin statistik təsviri"


 

BU ORİJİNAL NƏŞRİN MÜƏLLİFİ HAQQINDA ZƏRURİ QEYDLƏR

Tariximizlə bağlı qiymətli mənbə: <b style="color:red">"Naxçıvan əyalətinin statistik təsviri"</b>

Naxçıvan xanlığı Azərbaycanın dövlətçiliyi tarixində mühüm rol oynayıb.

XVIII əsrin ikinci yarısından etibarən Naxçıvan Kəngərli xanları digər xanlarla yanaşı Rusiya ilə də əlaqələrin yaranmasına həssaslıqla yanaşıb və dostluq əlaqələrinin etibarlılığına çalışıblar. Sonralar siyasi proseslər elə cərəyan edib ki, Naxçıvan xanları sülaləsindən olan varislər Rusiya ordusunda xidmətdə olublar və bu nəsildən olan 6 məşhur general öz hərbi hünərləri ilə adlarını hərb tarixinə yazıb.

XVIII əsrdən başlayaraq Rusiyanın hərbi tarixçiləri Naxçıvan haqqında xeyli maraqlı monoqrafiyalar yazıblar. Çox təəssüf ki, qiymətli faktlarla zəngin olan bu kitabların müəlliflərinin əksəriyyəti hayların bəzi yalanlarına inanıb öz monoqrafiyalarında həmin yalanları da veriblər. Bütün bunlara baxmayaraq o kitablar Azərbaycan tarixinin zəngin bir səhifəsi olan Naxçıvan tarixinin çox ziddiyyətli və mürəkkəb dövrünü (1747-1920-ci illər) tədqiq etməkdə tədqiqatçıların stolüstü kitabıdır.

Tarixi-etnoqrafik baxımdan çox orijinal kitablardan biri "Naxçıvan əyalətinin statistik təsviri" (1833) adlanır. Bu kitabın müəllifi Vasili Nikiforoviç Qriqoryevdir. Onun tərcümeyi-halına çox az rast gəlinir. Hətta çar Rusiyası dövründə və sonralar da ensiklopediyalara düşməmişdir. Azərbaycanda isə nəşr edilən kitablarında onun adını və atasının adını səhv yazırlar. Ona görə də V.N.Qriqoryevin tərcümeyi-halının və elmi fəaliyyətinin maraqlı, həm də faydalı olacağını nəzərə alıb oxucuların diqqətinə çatdırırıq.

Vasili Nikiforoviç Qriqoryev 25 yanvar (yeni stillə 6 fevral) 1803-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində məmur ailəsində anadan olmuşdur. Peterburq gimnaziyasında təhsil aldıqdan sonra Vasili əsasən maliyyə idarələrində çalışmışdır. Hətta ömrünün son illərində həqiqi saray müşaviri olmaqla bərabər dövlət xəzinə departamentinin vitse-direktoru və şöbə rəisi vəzifələrində işləmişdir.

Qeyd edək ki, 1821-ci ildə kiçik dövlət məmuru kimi xidmətə başlayan V.Qriqoryev bu vəzifədə 50 ildən çox çalışmışdır. Hələ 1820-ci ildən başlayaraq V.Qriqoryev müntəzəm olaraq almanax və jurnallarda öz şeirlərini çap etdirməyə başlayır. Yeri gəlmişkən deyək ki, onun şeir yaradıcılığı 1820-1830-cu illəri əhatə edir. V.Qriqoryevin şeirləri əsasən "Şimal çiçəkləri" almanaxında çap olunmuşdur. Ədəbiyyatla yaxından məşğul olduğu illərdə o, Puşkinlə, Delviqlə, A.Bestujev və digər yazıçılarla, şairlərlə yaxından tanış olur.

"Qütb ulduzu" jurnalı, həmçinin digər jurnallarla əməkdaşlıq edən V.Qriqoryev bir çox dekabristlərlə yaxından dostluq edir.

V.Qriqoryev ədəbiyyatla məşğul olduğu illərdə K.F.Rıleyevlə tanış olur və onun kimi şeirlər yazırdı. Bu şeirləri isə K.Rıleyevin və A.Bestriyevin almanaxında - "Qütb ulduzu"nda çap etdirirdi.

Sonralar K.Rıleyev dekabristlərin "Şimal Cəmiyyəti"nin rəhbəri olmuşdur.

1823-cü ildə Rıleyev onu o vaxtlar Rusiyada azad (sərbəst) ədəbiyyatçılar cəmiyyətinə gətirir. Elə həmin vaxtdan V.Qriqoryev bu cəmiyyətin işlərində yaxından iştirak edir. Bu cəmiyyət isə dekabristlərin "Rifah" birliyinin qanuni filialı idi.

1823-1825-ci illərdə Vasili Nikiforoviç bu cəmiyyətin işində fəallıq göstərir. Onun iştirak etdiyi cəmiyyətdə xeyriyyəçilik və maarifçilik ideyaları əsas yer tuturdu. V.Qriqoryev F.Qlinkanın, K.Rıleyevin, A.Bestujevin və A.M.Somovun başçılıq etdiyi sol cinahda idi. Ancaq o, heç vaxt rəsmi olaraq gizli cəmiyyətin üzvü olmadı. Bunun üçün də onu dekabristlərin işinin istintaqına çağırmırdılar.

1825-ci ilin dekabrında o, artıq Qafqazda xidməti ezamiyyətdə idi.

1826-cı ildə Vasili Qriqoryev Faddey Venegukroviç Bulqarinin (əsl adı Yan Tadeuş Bulqarin) bağ evində diplomat və şair A.S.Qriboyedovla tanış olmuşdu. Maraq üçün deyək ki, F.Bulqarin Napoleon ordusunun kapitanı olmuş və Fransanın Fəxri Legion Ordeninin kavaleri olub. Sonralar həyatını və ədəbi fəaliyyətini Sankt-Peterburqla bağlayıb. Çox qəribə taleyi olan Bulqarin rus yazıçısı, jurnalist, tənqidçi kimi fəaliyyət göstərib. F.Bulqarinin (1789-1859) milli mənşəyini polyak yazsalar da, bəzi mənbələrdə o, belorus və ya bolqar albanlarından olduğu göstərilib. O, Rusiyada Puşkinin, Vyazemskinin, Baratınskinin, Lermontovun, Nekrosovun və digərlərinin yazdıqları həcvlərin "baş qəhrəmanıdır".

Bulqarin A.S.Qriboyedovun yaxın dostu olmuşdur. 1828-ci ildə yenidən Vasili Nikiforoviç Qriqoryevi Qafqaza xəzinə məmuru kimi bir neçə illiyə işləməyə göndərirlər. Qafqazda V.Qriqoryev Sankt-Peterburqdan tanıdığı A.Qriboyedovla qarşılaşır. Əslində V.Qriqoryev Gürcüstanda P.D.Zaveleyskinin yanında işləməyə göndərmişdilər. O, Tiflisdə Sankt-Peterburqdan tanış olduğu bir çox şəxslərlə, o cümlədən, knyaz A.Çavçavadze ilə də görüşür.

Araşdırmalar göstərir ki, V.Qriqoryevin o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisə ezam edilməsinin əsas səbəbi Naxçıvan əyalətinin iqtisadi-statistik təsirinə aid kitabın yazılması olub. Çünki Tiflisdə A.Bestujev-Marlinski və A.Qriboyedovla görüşəndə onlara da məlumat verir ki, ona belə kitab yazmaq tapşırılıb. A.Qriboyedov ona məsləhətlər verir və uğurlar arzulayır. Hətta onu öz toyunada dəvət edir. Sonralar V.Qriqoryev Tiflisdə A.Çarçavadzenin qızı Nina ilə A.S.Qriboyedovun toy şənliyində iştirak edir. 1830-cu ildə "Vətən oğulları" jurnalında yazdığı xatirələrdə bu görüş haqda məlumat verib.

1829-cu ildə (mayın 1-2-3-də) V.Qriqoryev Naxçıvanda yaşayarkən Tehranda öldürülən rus diplomatının cənazəsini qarşılayanlar arasında olur və həmin kədərli səhnəni "Vətən oğulları" jurnalında çap etdirib. O, yazırdı: "Səlahiyyətli səfirin cənazəsini İrandan təxti-rəvanda gətirdilər. Təxti-rəvan ağ mahudla örtülmüşdü. Sadə düzəldilmiş tabutun içərisinə dəri çəkilmişdir və üstünə qara iplik məzmər örtülmüşdü. Təxti-rəvana iki seçmə at qoşulmuşdu. Arxada isə İranın 100 nəfərdən ibarət süvari dəstəsi sultanla birgə addımlayırdı. Arazın bu tayına keçəndən sonra cənazəni təzə tabut və arabaya qoydular. İran qoşunlarını bizim döyüşçülərdən ibarət batalyon və iki topla əvəz etdilər..."

Haşiyə: Arazın bu tayında cənazənin Naxçıvana gətirilməsini ümumi qeydlərlə yazan şair V.Qriqoryev bəzi həqiqətləri yazmağı nədənsə unudub. Biz yazımızda bu məqaləyə aydınlıq gətirəcəyik. Çünki sənədlərdə yazılıb ki, cənazəni Naxçıvanın Kəngərli süvariləri müşaiyət edib və sair.

Vasili Qriqoryevin yazdığı çox sanballı tarixi bir kitab - "Naxçıvan əyalətinin statistik təsviri" 1833-cü ildə Sankt-Peterburq şəhərində nəşr edilmişdir. Kitab iki bölmə və üç fəsildən ibarətdir. Birinci bölmədə Naxçıvan dairəsindən, ictimai bölmədə isə Ordubad dairəsindən bəhs edilir. Kitab cəmi 263 səhifədən ibarətdir. Bu kitab həm də həmin illərdə Naxçıvan xanlığının sənədlərini müəyyən etməkdə qiymətli bir mənbədir.

Kitabda verilən statistik cədvəllər də maraqlıdır. V.Qriqoryev Kaxetiyanın da kameral təsvirlərini işləmişdir. Onun yazdığı xatirələrdən məlum olur ki, bu məqsədlə o Kaxetiyada knyaz A.Q.Çavçavadzenin Sinandalidəki malikanəsinə getmiş və orada yaşayan Nina Aleksandrovanın (A.Qriboyedovun dul qadını) qonağı olmuşdur.

V.Qriqoryevin Gürcüstanla bağlı yazdığı oçerklərdən "Gürcü toyu", "Allahverdi bayramı , "Kaxetiyada ingilislərlə görüş" və s. Peterburq jurnallarında çap olunmuşdur.

Vasili Nikiforoviç Qriqoryev Naxçıvanla bağlı yazdığı kitab əvvəlcə "Tiflisskiye vedomosti"(Tiflis xəbərləri) qazetində (1831-ci ildə) çap olunmuşdur. Bu kitabla bağlı "Sovremennıx" jurnalının redaktoru A.S.Puşkin tərifləyici bir rəy nəşr etdirmişdir. Bu çox maraqlı bir məsələdir və ayrıca bir yazının mövzusudur.

V.Qriqoryevin Qafqazla bağlı yol qeydləri və etnoqrafik oçerkləri də vardır. O, əsasən dekabristlərin mövzuları ilə bağlı - insanları azadlığa səsləyən şeirlər yazmışdır.Onun şeirlərində etnoqrafik cizgilər də əsas yer tutur. Lirik şeirlər müəllifi kimi tanınan Vasili Qriqoryevin yazdığı "Səhər günəşi", "Aya doğru", "Həyat çayı", "Babilistanın dağılması", "Ossiyananın həsrəti", "Əsir müğənninin düşüncələri", "Maşuqda axşam", "Beştan", "Gürcü qızı" və sair şeirlər həmişə müəllifə oxucu rəğbətini qazandırıb. Bu şeirlərin demək olar ki, hamısı 1821-1828-ci illərdə yazılıb. Amma onun şeirləri heç vaxt ayrıca kitab kimi çap olunmamışdır.

Məlum olmayan səbəbə görə o, 1840-cı ildən sonra artıq ədəbiyyatla məşğul olmamışdır. Maraqlı odur ki, lirik şair və xəzinə məmuru olan Vasili Qriqoryev "Naxçıvan əyalətinin statistik təsviri" kitabı ilə əbədi olaraq Naxçıvan tarixində öz adını yazmışdır. Onun "Həyatımdan qeydlər" adlı əlyazması çap edilməmiş qalmışdır. Yalnız bəzi hissələr "Sovremennik" jurnalında (1925, № 1) çap edilmişdir.

Vasili Nikiforoviç Qriqoryev 5 dekabr 1876-cı ildə Sankt-Peterburqda vəfat etmişdir.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





07.02.2017    çap et  çap et