525.Az

“Çexiyada Azərbaycanla uğurlu əməkdaşlığa mane olan addımlar atılır”


 

“Çexiyada Azərbaycanla uğurlu əməkdaşlığa mane olan addımlar atılır”<b style="color:red"></b>

“Çexiya xarici işlər nazirinin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən qərəzli bəyanatlar verməsi əlaqələrin genişləndirilməsinə mane olan addımlardandır”

Azərbaycan prezidenti İlham Əliyev aprelin 17-də Çexiya Respublikası Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğulayıb. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini bundan sonra da verməkdə davam edəcək.
 
Ölkələrin istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini söyləyən prezident, Çexiyada bu əməkdaşlığa mane olan addımların atıldığını təəssüflə qeyd edib. O bəyan edib ki, Çexiyanın xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən və heç bir əsası olmayan, qərəzli bəyanatlar verməsi Çexiya-Azərbaycan əlaqələrinin genişləndirilməsinə mane olan addımlardandır. Bu cür bəyanatların qəbuledilməz olduğunu deyən dövlətin başçısı, Çexiya rəhbərliyinin ikitərəfli əlaqələrin inkişafına xələl gətirən bu cür hallara münasibət bildirəcəyinə ümidvar olduğunu söyləyib.
 
İ. Əliyev Çexiya-Azərbaycan dostluq qrupunun sədri kimi Y. Hamaçekin Azərbaycana bu səfərinin parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
 
Y. Hamaçek isə ölkələr arasında ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməyin əhəmiyyətini qeyd etdi. O, Çexiya parlamenti Deputatlar Palatasının Xarici əlaqələr komitəsinin Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırımı qətiyyətlə pisləyən qətnamə qəbul etdiyini vurğulayıb.

 





17.04.2013    çap et  çap et