525.Az

Əsgər ağa Kəngərlinin ömür yolu sənədlər işığında


 

Əsgər ağa Kəngərlinin ömür yolu sənədlər işığında<b style="color:red"></b>

XIX yüzilliyin axırlarında və XX yüzilliyin birinci rübünün 15-ci ilində çar Rusiyasının qəzet və jurnallarında Əsgər ağa Həsən ağa oğlu Kəngərlinin adına tez-tez rast gəlinirdi. Hətta, 1915-ci ildə saray müşaviri vəzifəsini daşıyan sənədi də əldə edə bildik. Son illərdə də bu şəxsin adına tez-tez gömrüklə bağlı yazılarda rast gəlirik.

Kəngərli sənədləri ilə araşdırmalar apardıqda Əsgər ağa və onun əcdadları haqqında xeyli yeni məlumatlar əldə etdik. Məlum oldu ki, Əsgər ağa 1865-ci ildə Naxçıvanın məşhur hərbçilərindən olan Həsən ağanın ailəsində doğulmuşdur. 1915-ci ildə Sankt-Peterburqda  dərc edilmiş "Rusiya gömrük  xidmətinin strukturu və şəxsi  heyəti " haqqında Qafqaz gömrük - inspektor sahəsinə aid olan Culfa gömrükxanasının  şəxsi heyətində Əsgər ağa Kəngərlinin də adı yazılıb. Amma bu sənəddə onun doğum tarixi 1866 -cı il kimi  qeyd olunub. Hər halda onun  arxivdən tapılmış şəxsi işindəki  anadan olduğu il dəqiqdir. Gömrük  sənədində onun Qori müəllimlər seminariyasını bitirməsi haqqında məlumat da yazılıb.

Həsən ağa II Məhəmmədkərim Sultanın nəvəsidir. II Məhəmmədkərim Sultan XVIII yüzilliyin 60-80-ci illərində Naxçıvan xanlığının vəkili və hərbi rəisi olub. Həsən ağanın atası Kazım ağa da dövrünün ən yaxşı süvarilərindən idi. Bilici-Kəngərlilərin, yəni Vəkilov-Kəngərlilərin 9-cu nəsil budağını təşkil edən Həsən ağa Kazım ağa oğlu təxminən 1821-ci ildə anadan olub. 2004-cü ildə Sankt-Peterburq şəhərində Kəngərli sənədləri saxlanan fondda Həsən ağanın şəxsi işini tapa bildik. Həmin işi öyrənərkən aydın oldu ki, Həsən ağa 1 may 1845-ci ildə Zaqafqaziya süvari müsəlman polkunun tərkibində Varşavaya gəlib və hərbi xidmətə başlayıb. 1 mart 1849-cu ildə Əlahəzrətin müsəlmanlardan ibarət xüsusi süvari komandasına dəyişdirilib. Həmin süvari komanda 7 may  tarixində fəaliyyətə başlayıb. 1849-cu ildə "qiyamçı macarlara" qarşı vuruşmaq üçün həmin dəstənin tərkibində döyüşə aparılıb. 17 may 1851-ci ildə Kəngərlilərin vəkili seçilib. 20 mart 1853-cü ildə kornet hərbi rütbəsini alıb. 1853-cü ildə ordudan tərxis edilən Həsən ağa Naxçıvana qayıdıb.Onu da deyək ki, Varşavaya gedən Kəngərli süvariləri vətənə qayıdanda vergilərdən azad olunur, onlara xeyli güzəştlər verilirdi. Həsən ağanın Naxçıvanda və Ordubadda xeyli torpaq sahələri, eləcə də Ordubadda tiyul kəndləri var idi. Onun həyat yoldaşı Bədirnisə xanım məşhur general-mayor II Kalbalıxan Naxçıvanskinin qızıdır. Onların nikahından doğulan Əsgər ağa Naxçıvan şəhərindəki 3 sinifli şəhər məktəbində təhsil almışdır.   

Əsgər ağanın da Sankt-Peterburqdakı Vəkilov-Kəngərlilərin arxivindən tapdığımız sənədləri öyrənərkən aşkar oldu ki, o, ilk dəfə Şərur Karantin-gömrük zastavasında 10 mart 1887-ci ildə dəftərxana xidmətçisi kimi fəaliyyətə başlayıb. Ona aid sənədlər toplusu 1895-ci ildə tərtib edilib. Bu sənəddə onun Biləsuvar karantin-gömrük zastavasında da işləməsi haqqında ətraflı məlumat vardır. Həmin sənəddə deyilir ki, o, gömrük zastavalarında tərcüməçi işləmiş, həmçinin nəzarətçinin köməkçisi də olmuşdur. Əsgər ağa Kəngərli dövrünün  ziyalı, mədəni məmurlarından biri olmuşdur. O, Məhəmməd Tağı Sultanın qızı Pəricahan xanım Şahtaxtinskaya ilə ailə qurmuş və inqilaba qədər həm də Şahtaxtı kəndində yaşamışdır. Əsgər ağanı bu gün də ehtiramla xatırlayır, onun kənddəki məktəbə təmənnasız maddi yardımından danışırlar. Başqa cür də ola bilməzdi. Çünki onun ana babası general-mayor II Kalbalı xan Naxçıvanski maarifə xeyriyyəçilikdə öndə gedənlərdən olub. Bir də ki, onun qaynı Məhəmməd ağa Şahtaxtinski dövrünün böyük alimi olduğundan hər yerdə maarifə, mədəniyyətə təmənnasız qayğı göstərirdi.   Əsgər ağa Kəngərlinin Pəricahan xanımla nikahından iki qızı olmuşdur. Böyük qızı Güllü (buna evdə və qohumlar arasında Ölkə demişlər) 28 yanvar 1890-cı ildə, kiçik qızı Bədirnisə isə 1894-cü ilin martında doğulmuşdur. Əsgər ağa qızlarının təhsil alması üçün hər cür şərait yaratmış və onları  Naxçıvan şəhərində oxutmuşdur.

Qızları rus və fransız dillərini mükəmməl bilmişlər. Bədirnisə xanıma Naxçıvanda hamı "Bədri xanım"- deyə müraciət edirmişlər. O, Şahbaz ağanın oğlu Müsəvvərlə ailə qurmuşdur. Müsəvvər ağanın Bakıda MTN-nin arxivində qovluğu saxlanılır. O, həbs ediləndə, yəni 1923-cü ildə Bədirnisə xanımın 29 yaşı varmış. Əsgər ağanın qızı Bədirnisə (Bədri) xanımın ömür varislərinin bəziləri bu gün də Naxçıvanda yaşayırlar. Onlar nənələri Bədirnisə xanımın çox qiymətli yadigarları olan tarixi fotoşəkilləri qoruyub saxlayırlar.  Bu fotoşəkillər təkcə onlar üçün yox, əsrlərdən-əsrlərə zəfərlərlə addımlayan tariximiz üçün də çox qiymətli töhfədir. Bir də ki, həmin fotoşəkillərin əksəriyyəti Bilici-Kəngərlilərin (Vəkilov-Kəngərlilərin) nəsil şəcərəsini ətraflı öyrənməyə  imkan verir. Əsgər ağanın çox yaxşı tərtib edilmiş albomu olub. Əfsuslar olsun ki, repressiya illərində əldən-ələ keçib, dağıdılıb, bəziləri isə qalıb. Əsgər ağanın albomunda ana tərəfdən general babası II Kalbalı xana və onun ailəsinə aid şəkillər də olub. Ümid edirik ki, həmin tarixi şəkillər də nə vaxtsa tapılacaq.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





08.02.2017    çap et  çap et