525.Az

Söyüşə qocalar gedir


 

Söyüşə qocalar gedir<b style="color:red"></b>

Öyrənmişik gənc şou əhlinin televiziya ekranlarında, mətbuatda, mətbuat konfranslarında bir-birlərini təhqir eləməsinə, söyməsinə, bir-birlərini əxlaqsızlıqda suçlamasına və sair və ilaxır. Sonra da çıxıb televiziya ekranlarında ekspert kimi xalqa əxlaqdan, ailə bağlılığından, tərbiyədən, mədəniyyətdən və s. dərs deməyə.

İndi məsələ başqa cürdü. Bu dəfə söyüşə qocalar gedir. Özü də Azərbaycan xalqının qaymaqları, böyük sənətkarları, musiqi mədəniyyətimizdə hər birinin öz yeri olan, mədəniyyətimizdə öz möhürlərini vuran sənətkarlar, professorlar. Ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə (təbii ki, AzTV-nin rolunu da qeyd etməliyik) muğam müsabiqəsi keçirilir. Böyük sənətkarlarımız dahi Üzeyir Hacıbəyov kimi kəndbəkənd, şəhərbəşəhər düşüb istedadlı gəncləri axtarıb tapırlar, üzə çıxarırlar, paytaxta gətirirlər, ali musiqi təhsili almalarına yardımçı olurlar və sair və ilaxır. Və bu müsabiqənin qalibləri də həqiqətən də ən sayseçmələr olur. Onlar da ustadlarının yolu ilə gedərək Azərbaycan musiqisini demək olar ki, bütün dünyaya daşıyır, dünyanın ən böyük konsert salonlarında muğamımızı, musiqi mədəniyyətimizi təbliğ edirlər. Heydər Əliyev Fondu, şəxsən Fondun sədri, millət vəkili Mehriban xanım Əliyeva muğama sahib çıxmasaydı xalqın bu böyük və əvəzsiz mədəniyyəti az qala sönməyə doğru gedirdi. Demirəm, sönəcəkdi, amma dünyanı indiki kimi zəbt edə bilməyəcəkdi.

Və bu muğam müsabiqəsinin münsiflər heyəti var, hamısı da musiqimizin korifeyləridi: Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Ağaxan Abdullayev (yeri görünəcək), Səkinə İsmayılova, Sərdar Fərəcov və muğamın mahir bilicisi Nadir Axundov. Qısası, bir daha qeyd edirəm musiqi mədəniyyətimizin qaymaqları.

İki gündür gündəmi çox xoşagəlməz bir hadisə zəbt edib. Məsələ belədi. Deməli, Azərbaycanın xalq artisti, professor Canəli Əkbərov da münsiflər heyətinə qatılmaq istəyir, heyətin digər üzvləri isə buna etiraz edirlər. Hər birinin də öz arqumenti var. Amma bizim bu sevimli sənətkarlarımız öz fikirlərini bir az yumşaq da deyə bilərdilər. Və yaxud musiqi məbədi olan Opera və Balet Teatrının çayxanasında da oturub bu məsələni çözə bilərdilər. Söz-söhbət də quşu gözündən ovlayan mətbuata gəlib çıxmazdı.


Bir il əsgərlikdə olurlar, əsgər yeməyi yeyirlər, sonra ölənə qədər dost olurlar. Yaxud Bakı-Qazax qatarında bir kupedə gedirlər, yolda söz-söhbətləri tutur, ömürlərinin axırlarına qədər bir-birlərini itirib-axtarırlar.

Bu sənətkarlar otuz ildi, qırx ildi, hətta əlli ildi bir yerdədilər, bir qabdan çörək yeyirlər, birlikdə bəlkə yüz dəfələrlə səfərlərə çıxıblar, muğamımızı dünyaya tanıdıblar, toy-düyünləri bir yerdə, sevinclərinə də şərikdilər, kədərlərinə də. Bir-birlərinə dayaq da olublar.

Və birdən-birə bir münsiflər heyəti üzvlüyünə görə əlli illik dostluq tapdanır, çörək tapdanır.

Əvvəla, münsiflər heyətinin üzvləri neçə ildi bu müsabiqəni yönətirlər, artıq bir ailə olublar. Müsabiqə məsələsində bir-birlərinə çox bələddilər, bir-birlərinin şıltaqlıqlarına da öyrəşiblər, zarafatlarına da, sərtliklərinə də, ironiyalarına da, atmacalarına da. Və təbii ki, ailə kənardan gələn təzə bir adamı qəbul edə bilmir. Həmin şəxs həmin ailənin mətbəxinə yaddır. Buna görə də münsiflər heyəti üzvlərinin Canəli Əkbərovu qəbul etməmələri başa düşüləndi. Qınamağa da dəyməz. Dediyim kimi, bu məsələni mətbuata çıxarmalı deyildilər, elə öz məbədlərinin çayxanasında yoluna qoya bilərdilər.

Canəli müəllim də bir ağsaqqal kimi bu məsələyə belə sərt yanaşmamalıydı, əlli illik dostlarına hədə-qorxu gəlməməliydi ki, açaram sandığı tökərəm pambığı.

Həmin sənətkarların sandığı çoxdan açılıb, pambıqları da çoxdan tökülüb həm Azərbaycana, həm də dünyaya. Bunlar təkcə muğamımızın korifeyləri deyil, həm də şəxsiyyətdilər. Və bir şəxsiyyət kimi də hər biri bir örnəkdi gənc nəsil üçün, bizlər üçün. Yəni el dilində desək, dağdan ağır kişilərdi və dağdan ağır ağbirçəkdi. Ağbirçək sözü Səkinə xanımın xətrinə dəyməsin, ağsaqqal, ağbirçək sözü yaşla deyil, əməllədi. Bəli, Səkinə xanım mənim üçün muğamımızın bir ağbirçəyidi. Canəli müəllim deyir Mənsum İbrahimovu, Səkinə İsmayılovanı səhnəyə əllərindən tutub mən gətirmişəm. Çox gözəl. Buna görə sağ olun, amma bunları onların başına qaxınc etmək lazım deyil. Canəli müəllim, özünüz qeyd etdiyiniz kimi, vaxtilə sizin də əlinizdən tutublar. Bu hər iki muğam ustası öz istedadları, qeyri-adi səsləri, öz şəxsi keyfiyyətləri, öz mədəniyyətləri ilə gəlib bu səviyyəyə çatıblar.

Canəli müəllim, siz xalqımızın çox sevdiyi sənətkarlardan birisiz. Operamızda, muğamımızda, ümumiyyətlə, musiqi mədəniyyətimizdə öz yeriniz var. Siz də musiqi mədəniyyətimizə möhür vurmuş şəxslərdən birisiz. Çayxanada həll olunası bir məsələni bu qədər şişirtməyə dəyməz.

Yağın tapılmayan vaxtıydı. Yasamaldakı dükanların birində uzun bir növbə vardı. Bir uşaq da çalışırdı ki, növbəsiz alsın. Ha çalışırdı, vurub növbədən çıxarırdılar. Axırda uşaq üzünü hamıya tutub dedi:

- Mən də acıqnan heç yağ da almıram.

İndi bir ailə sizi öz aralarında görmək istəmirsə, siz də deyin ki, heç mən də sizi istəmirəm. Day sandıq-pambıq…

Əziz qələm dostlarımdan bir xahişim var, siz bu məsələnin üstünə çox getməyin, ümumiyyətlə, getməyin. Allaha şükür, ölkədə mövzu qıtlığı deyil ki. Qoymayın Azərbaycan xalqının sevdiyi, fəxr elədiyi bu şəxslərin nüfuzlarına xələl gəlsin.

Adalet.az

 





08.02.2017    çap et  çap et