525.Az

“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar”


 

“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar”<b style="color:red"></b>

BAKIDA BU MÖVZUDA BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS TƏŞKİL OLUNUB 

Dünən Bakıda MDB Müsəlmanları Məşvərət Şurasının “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən konfransda Beynəlxalq İslam Missiyasının prezidenti Şafiq Pşixaçev, Tacikistanın, Ukraynanın, Qırğızıstanın, Serbiyanın, Moldovanın, Belarusun, Baltikyanı ölkələrin, Çeçenistanın, Dağıstanın, Adıgeyin, Başqırdıstanın, Tatarıstanın müsəlman liderləri iştirak ediblər.

Konfransa Rusiya Pravoslav Kilsəsinin, Rusiya Baş Ravvinin nümayəndələri, Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Marek Solczynski, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, deputatlar, dini icma liderləri də qatılıblar.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Konfrans Qurani-Kərimdən ayələrin oxunması ilə açılıb.

Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda dini icmaların fəaliyyəti dövlət tərəfindən ən yüksək formada dəstəklənir. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqın milli mənəvi dəyərlərinə, dini irsinə ehtiramı sayəsində ölkədəki bütün dini icmaların fəaliyyəti yüksək formada dəstəklənir: “Dövlət ilə din arasında həmrəylik olarsa, bir çox təhlükələrin, o cümlədən terrorizmin və ekstremizmin də qarşısının alınmasında göstərilən səylər uğurla nəticələnər, təhlükələrin qarşısı alınar. Ölkədə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə olması cəmiyyətdə mənəvi sabitlik deməkdir”.

O həmçinin vurğulayıb ki, MDB Müsəlmanları Məşvərət Şurası MDB məkanında bütün münaqişələrin tezliklə həll olunmasını istəyir və konfliktlərin sülh yolu ilə həll olunmasına tərəfdarıdır. QMİ sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb: “Biz istəyirik, tələb edirik ki, erməni işğalçıları tərəfindən başlanan Qarabağ problemi beynəlxalq konvensiyanın tələb etdiyi, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə də göstərildiyi kimi ədalətli formada həll olunsun və Azərbaycan torpaqları geri qaytarılsın”.

Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda konfransda Azərbaycan, Rusiya, Belarus və Qırğızıstan prezidentlərinin, Moskva patriarxı Kirillin konfrans iştirakçılarına təbrik məktubları oxunub. Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Məktubda bildirilir ki, Azərbaycan İslam dünyasının tarixi mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çoxkonfessiyalı bir dövlətdir: “Ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan mehriban dostluq, əməkdaşlıq münasibətləri mövcud olub. Cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin bərqərar olmasında İslam dininin müstəsna rolu danılmazdır. İslam dini öz bəşəri missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, humanizmə və həmrəyliyə dəvət edir. Bu gün ölkəmizdə tarixi mənəvi irsin, etnik mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişafı həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai siyasi proseslər yaşanır. Etnik dini zəmində münaqişələr, etnik ayrı seçkilik, dini ekstremizm və islamafobiya kimi arzuolunmaz təzahürlər müşahidə olunur. Belə hallara qarşı sivilizasiyalararası dialoqa və əməkdaşlığa dini mənəvi liderlərin nüfuzlu sözlərinə bu gün ehtiyac var. Dinin cəmiyyət həyatında xüsusən də gənclərin mənəvi əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin təbliği və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir”.

Prezident məktubunda bildirib ki, bütün bunlar müasir mərhələdə Azərbaycanın daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir: “Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Son illərdə MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirib. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək”.

Rusiya səfiri Vladimir Doroxin isə prezident Putinin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, MDB məkanında milyonlarla müsəlman yaşayır, onlar cəmiyyətin inkişafına mühüm töhfə verir və aktiv dialoq aparır: “Bu cür fəaliyyət ölkələrimizin inkişaf maraqlarına tam şəkildə cavab verir, cəmiyyətin konsolidasiyasına xidmət edir, MDB məkanında inteqrasiya prosesləri üçün mühüm əsas rolunu oynayır”.

Vladimir Putin konfrans iştirakçılarının ekstremizmə və radikalizmə qarşı mübarizə aparmasının vacibliyini qeyd edib: “Ardıcıl şəkildə dini fanatizmin inkar edilməsi atmosferi formalaşdırmaq zəruridir. Çünki dini fanatizm mərhəmət, qarşılıqlı yardım və dözümlülük prinsiplərinə əsaslanan islamın mənəvi tarixini təhrif etməyə çalışır”.

“Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir”. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib: “Din və hökumət qurumları bir-birlərindən ayrı olduqlarına baxmayaraq, dini və dünyəvi dəyərlərin inkişafına hökumət qurumlarının yaxından dəstəyi var”.

O qeyd edib ki, bu, öz ifadəsini ən gözəl şəkildə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik” sözlərində tapıb.

E.İskgəndərov bildirib ki, Azərbaycan dövləti dini dəyərlərin qorunmasına xüsusi diqqət ayırır. “Dini dəyərlər xalqımızın mənəvi irsi hesab edilir. Bu istiqamətdə bütün müvafiq qurumların xətti ilə işlər aparılır. Yenə də ulu öndərimizin “dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözü aparılan bu strateji xəttin nəzəri-praktiki əsasını təşkil edir. Sovet dövründə dağıdılmış dinin abidələrin yenidən tikilməsi, bərpası işi sürətlə aparılır”.

O bildirib ki, dövlət qurumları dini icmaların problemlərinin həlli yolunda bir sıra işlər görür ki, bu da Azərbaycanda pozitiv dünyəviliyin əsas təzahürlərindən biridir: “Azərbaycanda fəaliyyət göstərən başlıca dini icmaların rəhbərlərinin ali dövlət tədbirlərində, dini icmaların bütün səviyyəli dövlət tədbirlərində yaxından iştirakı, Prezident İlham Əliyevin təşəbbüsü ilə dini icmalara maliyyə yardımının illik əsaslarla göstərilməsi bunun təzahürüdür”.

MDB müsəlmanları Məşvərət Şurasının II iclası çərçivəsində keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq konfransın yekun sənədi qəbul olunub.

“Trend”in məlumatına görə, sənəddə bildirilir ki, görüşün əsas məqsədi postsovet məkanı müsəlman icmaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, dini radikalizm əleyhinə mənəvi qarşıdurma işində müsəlman din xadimlərinin birgə əməkdaşlığı, multikulturalizm və tolerantlıq ənənələrinə sadiqliyin nümayişi olub: “Bəzi postsovet məkanı ölkələri bir sıra daxildən və xaricdən yönləndirilən ekstremizm, radikalizm və destruktiv məzmunlu müxtəlif ideoloji təxribat təhlükələri ilə üz-üzə qalmışlar. Postsovet məkanının müsəlman din xadimləri dəfələrlə bəyan etmişlər ki, terror, istənilən forma və şəkildə – İslam nöqteyi-nəzərindən cinayətdir. Dini icmalar dövlət qurumları ilə yanaşı mənəvi dəyərlərin aşılanması, ekstremizm və terrorizm əleyhinə mübarizə aparmalıdırlar”.

Din xadimləri siyasi xadimlərin mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəklədiklərini, baş verən bütün konfliktlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulayıblar.

“Bizi həmçinin qloballaşmanın neqativ nəticələri, miqrasiya prosesləri, gənclərin tərbiyəsi, ailə institutunun qorunub saxlanılması, gender məsələləri ilə bağlı problemlər narahat edir. Buna görə də dinlərarası və konfessiyalararası dialoqun genişlənməsi ilə yanaşı, dövlətlərimizin siyasi rəhbərləri ilə səylərimizin birləşdirilməsini, sülh, əmin-amanlıq və ali mənəvi dəyərlərin bərqərar olması naminə dini potensialdan istifadəni əhəmiyyətli amil kimi dəyərləndiririk”.

Qeyd olunur ki, MDB müsəlmanları Məşvərət Şurası dövlətlər tərəfindən dinlərarası dialoqa verilən önəmi dəstəkləyir və öz fəaliyyətində dini mərkəzlərlə, həmçinin beynəlxalq cəmiyyətlərlə əlaqələrin genişlənməsinə səy göstərir.

Yekun sənəddə vurğulanır ki, konfrans iştirakçıları konfessiyalararası və mədəniyyətlərarası dialoqun inkişafını vacib sayır, bütün forma və təzahürləri ilə terrorizmi kəskin pisləyir, dini dözümsüzlük səbəbi ilə təcavüz və vandalizm faktlarını, dini inanc yerləri və rəmzlərinin, həmçinin dindarların dini hisslərinin təhqir olunmasını yolverilməz hesab edir, postsovet məkanında radikal dini təmaüllərin qarşısının alınması üçün xüsusi mexanizmlərin işlənib hazırlanmasını vacib hesab edir, bir sıra ölkələrdə müsəlmanlara qarşı dözümsüzlük və islamofobiya hallarının mütəmadi davam etməsindən narahatlıqlarını bildirir, Həcc, Ümrə və digər müsəlman ziyarətgahlarına ziyarətlərin təşkilində əməkdaşlığa hazır olduqlarını bəyan edir, İslamın informasiya məkanında geniş təbliğ olunması üçün ümumi təkliflər hazırlanmasını, miqrasiya problemləri və gənclərlə iş sahəsində, həmçinin dini təhsil və maarif sahəsində postsovet məkanı müsəlman icmalarının sıx əməkdaşlıq aparmasını, müvafiq ədəbiyyat və təqvimlərin müştərək nəşrini, informasiya, iş təcrübəsi, müəllim və tələbə mübadiləsini vacib sayır, bu tədbirləri həyata keçirmək, eləcə də MDB və digər ölkə müsəlmanları ilə əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, dinlərarası əməkdaşlığı, ictimai təşkilatlarla münasibətləri tənzimləmək, Birliyin müxtəlif ölkələrində, həmçinin xarici dövlətlərdə Məşvərət Şurasının kofransları arasındakı müddətdə görüşlər, elmi simpoziumlar təşkil etmək üçün Məşvərət Şurasının nəzdində işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edir, tədbirlərin reallaşması üçün MDB müsəlmanları Məşvərət Şurasının Fondunun yaradılmasını təklif edir, bütün dünyanın dini liderlərini bəşəriyyətin rifahı naminə sülhə, əmin-amanlığa və əməkdaşlığa dəstək olmağa dəvət edirlər.

 





17.04.2013    çap et  çap et