525.Az

Vəkil: “Gülər Əhmədova əzab çəkir”


 

Vəkil: “Gülər Əhmədova əzab çəkir”<b style="color:red"></b>

Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət hazırlanır. Məlumatı “Media forum” saytına Gülər Əhmədovanın vəkili Raqif Mustafayev verib.

Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinə təqdim olunacaq vəsatətdə Gülər Əhmədova haqda həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyəcəklər: “Qanunsuz və ədalətsiz həbsin dəyişdirilməsi üçün başqa hüquqi imkanımız qalmayıb. Bununla qanunsuzluğu qismən aradan qaldırmaq istəyirik. Gülər Əhmədovanın işi üzrə hər hansı istintaq hərəkəti aparılmır. Bu necə istintaqdır ki, Gülər Əhmədovanı həbs edirlər, amma bu günədək Elşad Abdullayevi dindirməyiblər. İlk növbədə Elşad Abdullayev dindirilməlidir. İstintaq onun ifadəsi əsasında Gülər Əhmədovadan ifadə almalıdır. Çünki onun Gülər Əhmədovaya qarşı hansı ifadələr səsləndirdiyi məlum deyil. Bir yandan deyir ki, Gülər Əhmədova məndən 500 min dollar alıb, o biri yanda yazır ki, 1 milyon dollar, digərində isə 2 milyon dollar göstərir. İstintaq 1 milyon dollarlıq ittiham verib. Amma istintaq Elşad Abdullayevi dindirməyib.

Mətbuatda yayılan məlumatlara görə, istintaq orqanı Fransaya istintaq qrupu göndərir. Mən bilmirəm ki, istintaq orqanı niyə Elşad Abdullayevə bu qədər diqqət göstərir? Əgər ona Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürüblərsə, deməli, Elşad Abdullayev İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməlidir. Ondan Bakıya gəlməsi tələb olunmalıdır. Elşad Abdullayevin ardınca Fransaya getmələri ona göstərilən diqqət və qayğının göstəricisidir”.

Aprelin 16-da Gülər Əhmədova ilə görüşdüyünü deyən vəkil bildirib ki, sabiq deputatın səhhəti ağırdır: “Hərarəti aşağı düşmür. Bu da Gülər Əhmədovanın ağır xəstəlikdən əziyyət çəkdiyini göstərir. Deyir ki, məni şərləyiblər, haqsızlıqla üzləşmişəm, qanunsuz həbsdə saxlanıram, istintaqı uzadırlar, istintaqın gedişi haqda heç bir məlumat vermirlər. Bütün bunlara görə Gülər Əhmədova əzab çəkir”.

2012-ci il sentyabrın 25-də Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Videoda deputatla rektor və vasitəçi kimi təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldıran kimi Gülər Əhmədova Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib, Mərkəzi Seçki Komissiyası onun deputatlığına xitam verib.

Elşad Abdullayev ötən il dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. Qadın Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu, tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyrinə dəyişdirilib (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub). Bu videonun ardınca Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb.

178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib.

2013-cü il fevralın 13-də Səbail Rayon Məhkəməsi sabiq deputat Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələri ilə günahlandırılan sabiq deputat Bakı İstintaq Təcridxanasına aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

 





17.04.2013    çap et  çap et