525.Az

Nəcməddin Mürvətovun şeirləri


 

Nəcməddin Mürvətovun <b style="color:red">şeirləri</b>

Yazmadım

Qəlb açan bir şeir yazardım sənə,
Duydum, laqeydsən sözə, yazmadım.
Təbim heç baxmadı qələm deyənə,
Getdi, görünmədi gözə, yazmadım.

Ağrı-əzab verdi acı kəlmələr,
Könlümün dünyadan bacı - kəlmələr.
Şeirimin bəzəyi, tacı kəlmələr
Çevrildi can yaxan közə, yazmadım.

Soyuq baxışından üşüdüm o an,
Dəyişib tanınmaz olmuşdun, aman!
İçimi ah-fəryad göynətdi yaman,
Ürək daş deyil ki dözə - yazmadım.

Dolaşdı, qarışdı düşüncələrim,
Bir anda qüvvətdən düşdü əllərim.
Gözümdə heç oldu qədrim-dəyərim,
Bir damla yaş sızdı üzə, yazmadım.

Boğuldu qəlbimin ahəngdar səsi,
Söndü ürəyimin coşqun həvəsi.
Cismim oldu ruhun zülmət məhbəsi,
Damarda qan döndü buza, yazmadım. 

Utandım yerinə...

Uduzdun nəfsinlə döyüşdə sən də,
Məni yox, sən üstün tutmusan zəri.
Dostluq sandığımız qaldı dünəndə,
Beş-üç quruşluqmuş demə dəyəri.

Utandım yerinə, vallah, o anda
Aciz, yazıqsanmış nə qədər, demə.
Dar gündə dayaqdın guya arxamda...
Allahım, gör ümid olmuşam kimə!

Yetər, at kənara hər bəhanəni,
Bitsin boş söz-sovun, izahatın da.
Fikrim bu: unudum, unudum səni,
Gömüm vecsizlərin ən alt qatına.

Yalvarış, etiraf yetməz, daha, yox
Gözümdə azacıq qədrin-qiymətin.
Neyləyim olmadın gözü-könlü tox,
Tamah qənimidir səmimiyyətin.

Kimliyin ortada aydın, aşikar,
Ehtiyac qalıbmı sorğu-suala?
Özümü sanmıram zərrə günahkar,
Xislətin tuş etdi səni zavala.

Diqqət umanlara

Diqqət istəyirsən, diqqəti artır
Tanışa, bilişə, dosta, yaxına.
Hərənin içində xoş istək yatır,
Tərpət ki, üstünə dönə axınla.

Dinib danışmasan, kim duyar səni,
Nə bilər içində nələr var, nələr?
Bölüş ətrafınla sən düşüncəni,
Onda aralığa hərarət gələr.

Sevginə qarşılıq sevgi, məhəbbət
Görərsən, bol et ki, bol olsun payın.
Qayğınla fərqlənsən, tapılmaz əlbət
Ünsiyyət qurmaqda bənzərin, tayın.

Laqeydlik azarı tutmasın səni,
Yoxsa uzaq durar doğman, sirdaşın.
Bax odur diqqətin qatı düşməni,
Onunla ülfətdən bir yolluq daşın.

Diqqət görəcəksən diqqətli olsan...
Hər kəs bu hikməti anlaya, bilə!
Yadında saxla ki, yadda qalasan,
İstək endirilmir göydən zənbilə. 

 





10.02.2017    çap et  çap et