525.Az

Mətbuat Fondunun sədri Lapşinin ekstradisiyasından danışdı


 

UMUD MİRZƏYEV: "İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRƏ QANUNSUZ SƏFƏR ETMİŞ ŞƏXSİN AZƏRBAYCANA EKSTRADİSİYASI DÖVLƏTİMİZİN XARİCİ SİYASƏTİNİN BÖYÜK UĞURUDUR"

Mətbuat Fondunun sədri Lapşinin ekstradisiyasından danışdı<b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloger Aleksandr Lapşinin Belarusdan Bakıya ekstradisiyasına münasibət bildirib.

U. Mirzəyev deyib ki, Qarabağ problemi başlayandan bəri bu, Azərbaycanın qazandığı böyük uğurlardan biridir:

"Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxsin həbsi və ölkəmizə ekstradisiyası dövlətin xarici siyasətinin böyük uğurudur. Separatçı rejimin təbliğatını aparan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən Lapşinin Bakıya ekstradisiya edilməsinə dəstək verdikləri üçün mən bir qarabağlı kimi, Belarus xalqına və prezidentinə öz təşəkkürümü bildirirəm".

Bəzi beynəlxalq təşkilatların Lapşinin həbsini media azadlığı ilə bağlamaq cəhdləri haqda danışan U.Mirzəyev qeyd edib ki, onun fəaliyyəti siyasi xarakter daşıyır: "Lapşin müəyyən dairələrin maraqları çərçivəsində hərəkət edib, onların tapşırıqlarını yerinə yetirib. Ona görə də, Lapşinin həbsi və ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində baş verib. İndi o, etdiyi cinayət əməllərinin cəzasını çəkir".

BAMF sədri deyib ki, bu həm də qanunsuz yolla Dağlıq Qarabağa səfər etmək və birtərəfli mövqe sərgiləyənlər üçün bir xəbərdarlıqdır.

Xatırladaq ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bloger Aleksandr Lapşinin haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açılıb. Göndərilən sorğuya əsasən, Belarusda həbs edilən Lapşin fevralın 7-də gecə saatlarında xüsusi reyslə Bakıya gətirilib.

Ceyhun ABASOV

 





10.02.2017    çap et  çap et