525.Az

İcra başçısına hücum edən polisi 7 ilədək həbs gözləyir


 

İcra başçısına hücum edən polisi 7 ilədək həbs gözləyir<b style="color:red"></b> Keçən ilin dekabr ayında Gəncə şəhərində polis əməkdaşının icra başçısına qarşı etdiyi xuliqanlıq hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Vüqar Sultanovun Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayevə qarşı etdiyi əmələ görə Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə başlanmış iş sonradan 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsinə tövsif edilib. Cinayət işinin istintaqı yekunlaşdırıldıqdan sonra material Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib. Artıq məhkəmə işinin icraatına başlanılıb.
 
Qeyd edək ki, həmin maddəyə əsasən təqsirləndirilən şəxsə 3 ildən 7 ilədək həbs cəzası verilə bilər. V.Sultanovun törətdiyi əmələ gəlincə, onun hadisə baş verən gün sərxoş vəziyyətdə olduğu bildirilir. Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev əraziyə baxış keçirərkən bir nəfərin qazılmış xəndəkdə ədəbsiz hərəkət etdiyini görüb və yaxınlaşaraq iradını bildirib. Bu zaman həmin şəxslə birgə olan Vüqar Sultanov onlara yaxınlaşıb. O, icra başçısını tanısa da, iradları qəbul etməyib, nalayiq ifadələr işlədib. Buna görə də icra başçısı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib”.
 
Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı bu məlumatı yayıb: “Həyata keçirilən araşdırmalarla müəyyən edilib ki, dekabrın 9-da saat 15:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Vüqar Sultanov xidmətdən kənar vaxtda olmasına baxmayaraq, özünə məxsus “KİA” markalı avtomobili sərxoş vəziyyətdə idarə edərək şəhər ərazisindəki “Xatirə” parkının girişində Nizami rayon İcra Hakimiyyəti işçiləri ilə heç bir tutarlı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq onlara qarşı kobudluq etməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verib. Polis baş serjantı bununla da DİN-in hazırda qüvvədə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin bir sıra tələblərini kobud surətdə pozub. Göstərilənləri və onun üzərində əvvəllər də töhmət intizam tənbehi olmasını nəzərə alaraq Gəncə şəhər BPİ-nin rəisinin imzaladığı əmrlə V.Sultanov daxili işlər orqanlarında xidmətdən xaric edilib”.
 





18.04.2013    çap et  çap et