525.Az

Azərbaycan vətəndaşları Çində pulsuz ali təhsil ala biləcək


 

Azərbaycan vətəndaşları Çində pulsuz ali təhsil ala biləcək<b style="color:red"></b> 2017-2018-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq həyata keçirilir.
 
Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir.
 
Ali məktəbdə qeydiyyat, laboratoriya,  təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimini Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsini isə Çin həyata keçirir.
 
Sazişə uyğun olaraq, hazırda 37 nəfər azərbaycanlı tələbə “Beynəlxalq əlaqələr”, “Beynəlxalq iqtisadiyyat və ticarət”, “Turizm”, “Mülki və ticarət hüququ”, “Politologiya və dövlət idarəçiliyi”, “Yeni və ən yeni çin ədəbiyyatı”, “Kommunikasiya və informasiya sistemləri”, “Neft və təbii qaz mühəndisliyi”, “Maşınqayırma mühəndisliyi”, “Beynəlxalq maliyyə və investisiya” və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır.
 





13.02.2017    çap et  çap et