525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər </b>

(Əvvəli ötən şənbə sayımızda)

Ejen Delakruanın “Xalqa başçılıq edən Azadlıq” tablosu inqilabi ruhu ilə seçilir.

Əsərdə təsvir olunan döşləri açıq qadın üsyana ehtiraslı çağırışın təcəssümü olmaqla, kompozisiyanın mərkəzi fiqurudur. Bu rəngkarlıq əsərinə görə Delakruanın rəssamlıq məktəbinin başçısı deyil, məhz qiyamın başçısı adlandırmışdılar.

Muzeydə impressionist rəssamlardan Klod Monenin, Eduard Manenin, Pol Sezannın bir sıra əsərləri nümayiş etdirilir. İmpressionizm cərəyanı öz adını Klod Monenin “Günəşin çıxması. Təəssürat (İmpression)” tablosunun adındakı sözdən götürmüşdü. Eduard Manenin nümayiş etdirilən “Olimpiya” əsəri o vaxtlar - kəskin tənqidə məruz qalmış, yataqda uzanan çılpaq qız, yaşlı zənci qulluqçu qadın və qara pişiyin təsviri çoxlu istehzalara və təhqirlərə səbəb olmuşdu. Onun “Ot üstündə səhər yeməyi” tablosu da, onda bağda kişilərin arasında çılpaq qadın təsvir olunduğuna görə əbləh adamların daha qəzəbli reaksiyasına rast gəlmişdi. Rəssam gəncliyində Rio-de-Janeyroda olarkən ötəri şəhvət səhvinə görə xəstəliyə tutulmuş, yaslı vaxtı onun ayağı kəsilmiş, 51 yaşında dünyanı tərk etmişdi.

Muzeydə flamand, holland, alman, ingilis rəngkarlıq məktəblərinin əsərləri də xeyli yer tutur.

Nyu-Yorkun Metropoliten muzeyi, Vatikan muzeyləri, Ermitaj, Prado, Uffitsi qalereyası, London milli qalereyası zəngin sənət məbədləridir. Lakin onlarda nə dünya miqyasında məşhur olan Miloslu Venera, nə Samofrakiyalı fateh, nə də “Cokonda” vardır. Luvrun binası da Notr-Dam kimi, çox sayda heykəllərlə bəzədilmişdir. Muzeyin eksponatlarına tamaşa etdikcə bəşər övladı dühasının əlçatmazlığının, təbiətlə yanaşı, insanın da əsrarəngiz gözəllik nümunələri yaratmasının, belə nadir və ecazkar əsərlər müəllifliyinin şahidi olursan.

Əsrlər boyu rəssamlığa, heykəltəraşlığa böyük dəyər kimi qayğı göstərilmiş, onlarda çalışan fədakar yaradıcı insanlar öz möcüzə xarakterli əsərlərini bəşəriyyətə qiymətli irs kimi qoyub getmişlər. Heykəltəraşın uzun müddət ərzində mərmər üzərində tişə ilə işləməsi, rəssamın kürəyi üstündə uzanıb plafona gözəl tablolar çəkməsi, nəinki fədakarlıq, həm də sənət sahəsindəki igidlik hesab oluna bilər. Onlar anın bəzən məcburi təzyiqi ilə qəhrəmanlıq göstərənlərdən fərqli olaraq, aylarla, bəzən illərlə elə ağır zəhmətə girişib, öz istedadlarının məhsulu, balası olan inciləri yaratmaqla əsl qəhrəmanlıq şücaəti nümayiş etdirmişlər. Qoca Mikelancelo Romadakı Müqəddəs Pyotr bazilikasında Sikstin kapellasındakı məşhur freskasını yaradarkən, gecələr uca nərdivanlar üzərində qoyulmuş taxtanın üstündə uzanaraq, şlyapasına əridilib bərkidilmiş şamın işığında başının üstündəki tavana boyalı rəsmlər çəkmək üçün, əslində, katorqa zəhmətinə bərabər bir iş görürdü və Bibliya mövzusundakı öz ecazkar tablolarını yaradırdı. Luvrda, Versal sarayında, Notr-Damda belə tavanları bəzəyən plafon sənət əsərlərinin sayı-hesabı yoxdur. Onlar əsasən dini, mifoloji mövzulara həsr olunmuşdur. Lakin istedadlarından yaranan əsərlər şandan süzülən bal təsiri bağışlamaqla, həzz mənbəyi olmalarını əsrlər boy davam etdirirlər. Vaxtilə Qərbə sivilizasiya dəyərlərini ötürən Şərq isə vaxtilə donorluq etdiyi öz qonşusundan bu sahədə xeyli geri qalır.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, Şərqdə yayılan islam dininin qadağası ilə canlıların rəsmini çəkmək və ya heykəlini yaratmaq Allahla - Yaradanla müqayisəyə girmək cəhdi hesab edilərək, bəşər övladının qədimdən gələn bu estetik fəaliyyətini dayandırmışdır. Axı ibtidai insan da təbiət haqqındakı öz təsəvvürlərini mağara, qaya rəsmlərində təsvir etməklə bu sahədəki yaradıcılıq potensialını üzə çıxarmışdı. Lakin islam dini öz postulatını əsas götürərək, insanın təbiətinə xas olan bu yaradıcılıq əməlinə tabu qoymuşdu. Ona görə də həmin təsviri sənət növləri əvəzinə, Şərqdə abstrakt sənət nümunələri kimi xalçaçılıq inkişaf etməyə başlamış, xalça üzərindəki naxışlar həndəsi fiqurlardan ibarət olmaqla, mücərrəd düşüncəyə ünvanlanmışdı. Müəyyən dərəcədə miniatür rəssamlıq təşəkkül tapmış, qabaqcıl şəhər mədəniyyətinin təsiri altında arxitektura, xüsusən məscid binaları memarlığı ön plana keçmişdi. Ona görə də Şərq ölkələrində, müsəlman dünyasında rəssamlığın və heykəltəraşlığın dərin kökləri yoxdur. Radikal islamçılar isə xristianlığa, bütpərəstliyə qarşı qəzəblərini tarixi abidələri, nəfis sənət əsərlərini dağıtmaq, məhv etmək yolu ilə soyutmaq yolunu tuturlar. Taliblər Əfqanıstandakı Bamyanda Buddanın unikal sayılan nəhəng heykəlini məhv etdilər. Suriyanın qədim Palmira şəhərində DAİŞ-çilərin vandalizmi Romanı dağıdan vandalların əməllərini də geridə qoyur.

İnsanlar qədim dövrün qiymətli sənət əsərlərinə xüsusi hörmət bəsləyir, onlara pietetlə yanaşırlar. Axı onlar bəşəriyyət üçün əsl sevinc mənbəyidir. Heykəltəraş Tutmesin dühası hesabına yaradılan, dövrünün gözəllik simvolu hesab edilən Nefertitinin heykəlləri 3,5 min il sonra bizim dövrə gəlib çatmışdır. Yaxud, bizim eradan əvvəl Yunanıstanda yaradılan “Disk atan” əsəri insanı hərəkət anında əks etdirən ilk antik heykəl kimi şöhrət tapmış, orijinalı orta əsrlərdə itirilsə də, özünün çoxsaylı kopiyalarında bütün dünyanı dolaşır.

Və ya qədim Roma kopiyasında bizim dövrə gəlib çatan yunanların “Laokoon” heykəltəraşlıq kompozisiyası yüksək sənətkarlıq səviyyəsindən xəbər verir. Belə ənənələri olan xalqlar həmin sənət sahələrinə daha çox və daha qiymətli töhfələr vermişlər.

Təsviri sənət məbədlərindən digəri Parisin ikinci böyük muzeyi d`Orsedir. Muzey adını XIX əsrin son ilində keçirilən Ümumdünya sərgisinə görə açılmış Orse vağzalının adından götürmüşdür. Ümumiyyətlə, Ümumdünya sərgiləri Parisin özünə yaxşı hədiyyələr verməsi ilə əlamətdar olmuşlar. 1889-cu ildə belə bir sərginin açılışı ilə Eyfel qülləsi öz mövcudluğuna başlamış, şöhrət yoluna qədəm qoymuşdu. 1977-ci ildə isə fransız hökuməti Orseni XIX əsrin ikinci yarısının incəsənət əsərləri üçün muzeyə çevirməyi qərara alır. Bu muzey, əslində, fransız impressionistlərinin sənət malikanəsinə çevrilmişdir. İmpressionistlər real dünyanı onun hərəkətliliyində və dəyişkənliyində daha təbii qaydada verməyə çalışmaqla, özlərinin ani vəziyyətdəki təəssüratlarını ifadə edirdilər.

1860-cı illərdə fransız rəngkarlığında Eduard Mane, Ogyüst Renuar, Edqar Deqa kimi yeni cərəyanın nümayəndələri meydana çıxdı. Sonrakı onilliklərdə Klod Monenin, Kamill Pisarronun, Alfred Sisleyin peyzajlarında plener sistemi meydana gəldi. Bu, açıq havada işləməklə parlaq günəşin işığı hissini, təbiətin rənglərinin zəifliyini, işığın və havanın titrəyişini vermək üsulu idi. Ona görə də onların əsərləri müqayisə olunmayan işıqla titrək bir mənzərə yaradırdı.

Sonralar impressionizm Fransada heykəltəraşlığa, musiqi yaradıcılığına da keçdi. Heykəltəraş Ogyüst Roden, bəstəkarlar Klod Debyüssi, Moris Ravel öz əsərlərində müvafiq olaraq zərif əhvali-ruhiyyələri, psixoloji çalarları verməyə çalışırdılar.

Muzeydə Vinsent van Qoqun, Pol Qogenin tabloları da nümayiş etdirilir. Van Qoqun bir avtoportreti, Qogenin Taitidə çəkdiyi rəsmlər diqqəti cəlb edir. Əlbəttə, Amsterdamdakı Van Qoq muzeyi ilə müqayisədə d`Orsedə rəssamın yaradıcılıq nümunələri kasaddır. Amsterdam muzeyində onun məşhur “Günəbaxanlar” seriyası təmsil olunmuşdur. Parisdə Ogyüst Rodenin ayrıca muzeyi olduğu üçün d`Orsedə onun “Balzak” heykəltəraşlıq portreti, Viktor Hüqonun başının heykəli müvafiq şöbəni bəzəyir. Burada onun Dantenin “İlahi komediyasından” əxz etdiyi “Cəhənnəm qapısı” adlı məşhur əsəri də yer tutur. Bu, XV əsr italyan heykəltəraşı Lorentso Gilbertinin “Cənnət qapısı” əsərinə cavab idi. Bu əsərində Roden məhəbbətin, ağrının və ölümün ağlasığmaz qarışığını açıb göstərir. Burada XV əsrə məxsus olan adam obrazları və heykəl qrupları vardır. Həmin şöbədə həmçinin digər məşhur fransız heykəltəraşı Emil Antuan Burdelin “Herkules” heykəli nümayiş etdirilir. Rodenin çox populyar heykəli olan “Mütəfəkkir” isə Roden muzeyinin həyətində əlini çənəsinə dirəyərək fikrə dalmışdır. Roden əvvəlcə onu Dantenin heykəli kimi yaratmağı düşünmüşdü.

Rodenin məhəbbətə himn kimi həsr olunmuş “Əbədi bahar” kompozisiyasında iki çılpaq bədənli gəncin bir-birinə sarılıb, özlərini ehtirasın ən güclü ifadəsi olan öpüşə qərq etdiyi təsvir olunur. Heykəltəraşlıq əsərindəki ekspressiya, ehtirasın coşması, ülvi hisslərin mərmərdən haray çəkib boylanması kompozisiyanın təsir gücünü ağlasığmaz yüksəkliyə, sehrliliyə qaldırır. Ermitaj kompozisiyanın orijinallarından birinə sahib olması ilə öyünə bilər.

(Ardı var)

 





13.02.2017    çap et  çap et