525.Az

“Qəzəl de ki...”


 

“Qəzəl de ki...”<b style="color:red"></b>

Azərbaycan poeziyası tarixində iki janr yalnız xüsusi populyarlığı ilə fərqlənməmiş, həm də bu janrların adları milli poeziyanın iki üslubi istiqamətinin simvoluna çevrilmişdir ki, biri qəzəl, digəri qoşmadır...

Qoşma milli poetik təfəkkürün “arxaika”sından gəlirdi, qəzəl isə orta əsrlər müsəlman mədəniyyətinin yeniliyi idi.

Qəzəl yaradıcılığı XII-XIII əsrlərdən etibarən Azərbaycanda elə bir vüsət aldı ki, orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər bədii şüura hökm etdi. XVIII əsrdə Vaqif, XIX əsrdə isə Zakir bu hökmə tabe olmayıb qoşmanın orta əsrlər boyu “pozulmuş” hüququnu bərpa etdilər. Lakin Füzuli nüfuzunu sındırmaq elə də asan deyildi, Seyid Əzim Şirvaninin şəxsində yenidən zühur edən qəzəl yaradıcılığını XIX əsrin sonu XX əsrin əvvəllərində bir sıra istedadlı sənətkarlar yeni tarixi şəraitin ideya-estetik tələblərinə uyğun olaraq davam etdirdilər ki, onlardan biri də Səməd Mənsur idi.

Əlabbas Müznib yazır:

“Təbi-şeirə malik olduğundan gənc ikən Şair şairlərə qoşularaq qəzəl yazmağa başlamışdır. Lakin qəzəllərinin bütün üsul- üslubunda Ağakərim Salik təsiri üstün olduğu aydın surətdə görünür. Hətta onun Salikin şagirdi olması tam mənasilə hökm edilir”.

Əlbəttə, Səməd Mənsur, sözün geniş mənasında, nə Salikin, nə də hətta Seyid Əzimin şagirdi ola bilməzdi; onun əsas ustadı dahi Füzuli idi. O Füzuli ki, vaxtilə məsləhət görmüşdü:

Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola...

Səməd Mənsur neçə il neçə qəzəl yazıb, bilmirik; ancaq onu bilirik ki, istedadla, məharətlə yazıb:

Tiri-qəmzən dili-zarımla tutub ünsü əlaiq,
Əksi-hikmətdir ol şey ki, ola eşqə müvafiq.
Çeşmi-məstinlə verən mərdümünə oldu müqəllid,
Əqli-nabaliğimiz kəsb edə ta rəmzi-dəqaiq.
Dili-üşşaqi ki sədparə qıla tiği-məlamət,
Paralar nuru, əcəbdirmi ola göylərə faiq.


Səməd Mənsur, bir tərəfdən, dahi ustadın məsləhətinə əməl edib, qəzəl yazmışdı; digər tərəfdən isə, əməl etməyib, asan yox, “çətin” yazmışdı. Çünki bu dili XVI əsrdə olduğu kimi XX əsrin əvvəllərində də anlayan çox deyildi:

Mərəzi-eşqə müalic olu, qabilmi təbabət,
Tiri-eşqin hədəfi olmağa gər sinədü şaiq.
Tərki-tən qıl, olasan kişvəri-dildarə mühacir,
Şəmü pərvanə hədisin oxu, ey aşiqi-sadiq.
Qabil olmazdı mühim can verə əmvata Məsiha,
Verməsəydi ləbin ecazı belə əmrə rizalıq.
Bizə hicran odu, əğyarə vüsal olsa da qismət,
Min təşəkkür ki, bu müştaqın olub cövrünə layiq.


Məsələ yalnız dilin, ifadə tərzinin qəlizliyində deyil, məzmun-mətləb də xeyli mücərrəddir. Və gənc şairin məqsədi özünü, öz hisslərini ifadə etməkdən çox, məharətini göstərməkdən, ustadlarla yarışa girməkdən və tezliklə onların səviyyəsinə yüksəlməkdən ibarətdir:

Saqi, əksin mərdümi-çeşmimə gər göstərsə cam,
Badəxar olmaz meyi-təlxindən hərgiz təlxnam.
Bilmədin, könlüm ki, tirəndaz kimdir dəhrdə,
Lacərəm zəxmindən, eylərsən fəğan hər sübhü şam.
Əndəlibi-zarın əfğanı gülə qılmaz əsər,
Ol nəzakətzat gülzar içrə olmuş xarə ram.

Səməd Mənsurun istedadı, üslubu klassik qəzəl şeirinin ənənəvi funksional tələblərinə cavab verir, bununla belə həmin istedad və üslub ənənəvi poetik standartları aşıb öz modelini, stilizasiyalarını və ya variasiyalarını yarada bilmir:

Səbr qıl, Mənsur, kim sabir tapar rahi-nicat,
Vəzi-dövran qalmamış yeksan, həp qalmaz müdam.

Şairin dahi sələfinə məhəbbəti özünü yalnız qəzəllərində yox, ona təxmişlərində də bilavasitə nümayiş etdirir:

Gəl, gəl, ey lalərüxüm, bülbüli-şirinsüxənim,
Ömr bağında xəzan oldu gülüm, yasəmənim,
Çak-çak oldu qəza tiği ilə bəs ki tənim;
“Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim”.

...Demə Mənsurə ki, həp nalədürür göftarın,
Nalədən qeyri nə göftarı olar bimarın,
Nə qədər yetsə mənə sərzənişi əğyarın;
“Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”.

Füzulinin məşhur “Söz” qəzəlinə cavab-nəzirə olaraq qələmə alınan aşağıdakı qəzəldə isə müəllifin ideya-məzmun axtarışlarını hiss etməmək mümkün deyil:

...Natiq öz nitqində izhar eyləyər idrakını,
Çünki hissü qəlb təşxisindədir meyar söz.
...Söz fünununda məharətsiz gərək etsin sükut,
Həm müxərrəbdir könül mülkünə, həm memar söz.
Söz eşit, Mənsur, ta təkmil edə idrakını,
Zərreyi-xaki qılar əlmasi-qiymətdar söz.

Və klassik standartlardakı bu yenilik Səməd Mənsurun digər bir qəzəlində özünü daha aydın göstərir:

Ehrazi-məqamat üçün alat qələmdir,
Həm aləti-təhsili-kəmalat qələmdir.
Övraqi-vücud üzrə çəkən nəqşeyi-məna,
Nəqqaşi-dili-əhli xəyalət qələmdir.
Əbnayi-bəşər feyzi-qələmdən olu faiz,
Bəxş eyləyən afaqə füyüzat qələmdir.

Göründüyü kimi, şair qələmin qüdrətini orta əsrlərə məxsus mücərrəd obrazlarla deyil, maarif və mədəniyyətin geniş vüsət aldığı, insanın, cəmiyyətin ruhuna “feyzlər” verdiyi bir dövrün “terminologiya”sı ilə tərənnüm edir. Eyni zamanda qələmin gücünün, ziyasının İlahidən gəldiyini zikr etməklə yeni dövrün ictimai-intellektual ovqatına o qədər uyğun olmasa da, onu müqəddəsləşdirir. Və beləliklə, qələm (maarif, mədəniyyət!..) barədəki təsəvvürün ənənəsi ilə bu günü arasında mükəmməl bir assosiasiya yaradır:

Təqrir qılan dideyi-nasuti olursa,
Gər məskən ona çeşmeyi-zülmat qələmdir.
Bişübhə, qələm şəşəyi-qəlbi-bəşərdir,
İnsanlar üçün fəxri-mübahat qələmdir.
Çün tərbiyeyi-növi-bəşərdir ona möhtac,
Vazeh bu ki, ümmül-ədəbiyyat qələmdir.
Ayati-ilahidən imiş xilqəti, həqqa,
Kim, qüdrəti-xəllaq üçün isbat qələmdir.


Və Füzuli sənətinə ehtiramın bir təzahürü də ona nəzirələridir:

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim,
Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim.
Ət yemək pəhrizini əmr etmə kim, bazarda
Hər qədər axtarsa ət, tapmaz xridar, ey həkim.
...Qəlbini sıxma deyirsən, ac qalıbdır külfətim,
Olmuşam mən onların fikrilə bimar, ey həkim...

Yaxud:

Əhli-fəqrəm, ol səbəb on rublə əksikdir pulum,
Az da olsa, rəhm elə, al, etmə israr, ey həkim.
On manatçın eyləmək bimarını evdən kənar,
Söylə caizmi sənə bir böylə rəftar, ey həkim?
Hansı bir millətdə doktor baxmaz öz fəqr əhlinə,
Qeyrə bax, gəl qeyrətə, həm eylə bir ar, ey həkim...

Lakin nəzərə almaq lazımdır ki, bu nəzirələr, bir tərəfdən, Füzuli sənətinə ehtiramdırsa, digər tərəfdən, artıq Sabir satira məktəbinə mənsubluqdur.

Sabir Füzulidən gəlmiş, yeni üslub yolu açmışdı...

Səməd Mənsur da böyük ədəbiyyata o yolla gəldi... Və həmin yol onun öz üslubunu formalaşdırdı, məram-məqsədini ifadə etmək üçün özünəməxsus poetexnologiyasını müəyyənləşdirdi, dilini xalq üçün son dərəcə anlaşıqlı etdi.

 





13.02.2017    çap et  çap et