525.Az

Qayğanaq, və yaxud sarı sarsıntı


 

Qayğanaq, və yaxud sarı sarsıntı<b style="color:red"></b>

Sarsıntının təbiətində kədər var. Mən bunu uşaq vaxtı daha çox anlayırdım.

Yaşa dolduqca, kitablarla, insanlarla təmasım sıxlaşdıqca yavaş-yavaş başa düşdüm ki, sarsıntı emosiyalarla bağlı olduğu üçün bəzən kədərli olmaya bilir. Misal üçün, bütün canlı enerjilər bir-birinə qarışanda (məkan, zaman, milli xarakter və s.) onların bir-birinə olan təsirindən doğan sarsıntılar nəsə ayrı rəngdə olur. Əlbəttə, mən bu rəngin adını bilmirəm, oxuduqlarımdan bircə o yadımdadı ki, bu rəngdə nəsə genetik maya var. Axı adamın mənşəyi nəsildən gəlir, onun tərbiyəsi, təhsili, düşüncə tərzi də genetik bir hadisədi. Bu mənada sarsıntının da genetikayla əlaqəsi var - o, xarakterə fərqli şəkildə, həm də əlvan boyalarla təsir edir. Bir anlıq təsəvvür edək: sarı sarsıntı, qırmızı sarsıntı, qara, yaşıl, boz, ağ...

Bazar günü arvadım, qaynanam və on yaşlı oğlumla birlikdə nahar süfrəsi başında mətbəxdə oturub televizor ekranına baxa-baxa, necə oldusa, elə birdəncə sarsıntı barədə düşündüm; əlbəttə, bu anlarda yaşadığımız sarsıntının təbiətini və rəngini təsvir etmək  mənim üçün göy üzünü yamamaq qədər ağlasığmaz və müşkül bir şey idi. Hər halda, hamımızın qəlbinə nüfuz edən üzücü xəbərin təsiri dərhal ovqatımızda hiss olunur,  dərhal da yox olub gedirdi.  İldırım sürətli haldəyişmələr ən çox arvadımın üz-gözünə ağrısız şillələr çəkirdi.  Ekrandan göz yaşları süzülürdü - ah-nalə, inilti, təcili yardım maşınlarının canı titrədən siqnalları, müxbirin həyəcanlı, qırıq-qırıq səsləri mətbəximizin divarlarını belə titrədirdi; orda, Ankarada terror olmuşdu, insanları kütləvi şəkildə qırmışdılar. Mikrafon müxbirin əlində əsirdi; o, ağlamsına-ağlamsına deyirdi ki, bu terror dünyaya savaşdı, Türkiyəyə yox! Sonra insan cəsədlərinin büküldüyü ağ-qara meşinləri göstərdilər. Dağıntıları, od-alovu, ora-bura yüyürən adamları, polisləri, həkimləri gah ön plana gətirən, gah da uzaq fonda göstərən kadrlar ürək parçalayırdı; bizim boğazımızdan bir tikə belə keçmədi. Hamımız sarsılmışdıq.

- Terror dünyanı dağıdır,- arvadım ah çəkdi, sonra gördü ki, oğlu, anası yanındadı, əri də böyründə oturub, deyəsən, bir qədər arxayınlaşdı, rəngi dəyişdi, dərindən nəfəs alıb yavaşca əlavə etdi:

-Mamed, çörəyini ye, belə şeylərə baxma.

Uşaq anasının sözlərinə məhəl qoymadı. O, qulağını dik tutub baxışlarını sancmışdı  ekrana, daha çox pərişan görünürdü.

-Hər gün bir şey eşidirsən, hər gün kəsib-doğrayır, vurub-öldürürlər, hər gün söküb-dağıdırlar...Bu püsküllü bəla hamıya bədbəxtlik gətirir... Belə də həyat olar?- qaynanam deyinirdi.  O da bircə anın içində sarsılmışdı, içində alovlanan aləmə qapılmışdı.  Arvad qabağındakı boş stəkanı götürüb çuqun bardaqdan su süzdü, bir qurtum içdi. Sonra durub ekrana baxa-baxa mətbəxdə qurdalanmağa başladı; gah nəm dəsmalla qaz plitəsinin böyür-başını silir, gah bayaq yuduğu stəkan-nəlbəkiləri divardan asılan xırda dolabçaların gözünə yerləşdirir, gah da ekranda tez-tez dəyişən səhnələri izləyirdi.

-Yaxşı ki, bizdə belə şeylər olmur... oralarda... - qaynanam bir anlıq susdu, sözünün dalını gətirə bilmədi, çünki indi ekranda Parisi göstərirdilər. Orda da adamları öldürmüşdülər. Arvadım dedi:

- Deyirəm, axır, bu terrorçular dünyanı dağıdacaq... Ya da Allah elə bir bəla göndərəcək ki, hər yeri su basacaq...

Arvadım  gördü ki, heç kim onu təsdiqləmir, ona diqqət kəsilən də yoxdu, rəngi qaraldı, bayaqkı kədərli sarsıntıdan əsər-əlamət belə qalmadı, oğluma bozardı:

-Sənə demədim çörəyini ye, soyudu axı! Təzədən qızdıracam?

-Yemirəm!

-Az danış! Yeyəcəksən!- bu dəfə qaynanam səsini qaldırdı.

-Bura bax,- arvadım daha da hikkələndi,- Çöyür kanalı görüm!

Pult uşağın əlindəydi. Bayaqdan hara istəyirdi ora da çevirirdi; gah rus kanallarını, gah da türk kanallarını tuturdu. Bayaq kanalı dəyişən kimi terror səhnəsini görəndə barmağı düymədə donub qaldı, hamı susdu. Uşaq düymələri daha dəyişmədi, elə bil səhərdən bu ağır səhnəni gözləyirmiş.

-Nə görmüsən e bu türk kanallarında? Ver bura! - qaynanam qəflətən pultu uşağın əlindən qapıb kanalı dəyişdirdi.

-Bizim kanallarda nə var ki? Hansı kanala baxırsan, yemək-içmək, oxumaq,  rəqs eləmək...- arvadım etiraz elədi.

Ekranda görüntülər dəyişdi, bu dəfə aparıcı qız rusca söyləyirdi ki, bəs, Moskvada  beşmərtəbəli qocalar evi partladılıb.

-Aaaaaa... ora bax... camaatı necə....- qaynanam bu dəfə lap heyrətləndi.-Görəsən neçə nəfər ölüb? (Onun üzündəki əlamətlərin kədərə, ya da qorxuya heç bir dəxli yox idi,  elə bil arvadın bütün simasını soyuq marağa bükmüşdülər!).

Məmməd dinməz-söyləməz keçib oturdu kresloda, başladı göstərilən terror qurbanlarına sakit-sakit baxmağa. Mən:

-Orda da terror olur,- dedim.

-Elə hər yerdə terrordu...Bayaqdan bə nə deyirəm? Dünya dağılır da, - arvadım cavab verdi.

Oğlum donmuş baxışlarını televizordan çəkmirdi.

-Çevir görüm kanalı!- bu dəfə arvadım anasına hökm elədi.- Gör o birində nə var?

Qaynanam kanalı dəyişdi; Avropa, rus və türk kanallarının hamısında təxminən eyni mənzərələr canlandı, eyni xəbərlər eşidildi: Amerika məktəblərinin birində  doqquz uşağı öldürmüşdülər, Yaponiyada avtobus partlamışdı, Suriyada, İraqda məscidləri bombalamışdılar,  Pakistanda camaatı namaz qıldıqları yerdəcə güllə-baran eləmişdilər, Taylandı su basmışdı, Almaniyada yenə faşistlər baş qaldırmışdı, gəlmələrin yaşadığı yataqxanaya basqın eləmişdilər, Londonun mərkəzi meydanında üç polis nəfəri öldürülmüşdü, Misirin küçələrində yenə qan su yerinə axırdı...Bütün kanallarda qışqırtı, həyəcan, inilti, bomba gurultuları güllə səslərinə qarışmışdı.  Kanalları dəyişdikcə arvad qeyri-ixtiyari əsəbiləşirdi, mən də yavaş-yavaş hövsələdən çıxmağa başlayırdım. Oğlum isə hələ də susqun-susqun ani qamaşıb sönən ekrana baxmaqda davam edirdi. Görüntülər böyüklərin beynini dağıtsa da, Məmmədə deyəsən təsir eləmirdi. Görünür, indiki uşaqların əsəbləri yerindədir. Düşündüm.

Qəflətən ekran güldü, güldü də sözdü, şaqqanaq çəkdi. Səsdən qaynanam diksinən kimi oldu, sonra:

-Yenə bu kanal yaxşıdı, təzə açılıb...- mülayim səslə dilləndi, - Görək bu nə deyir? Çoxdandı yox idi, görünmürdü!

Qaynanamla arvadım gözlərini əlində mikrafon tutub şaqqanaq çəkə-çəkə studiyadakı mətbəxdə mizin üstünə düzülmüş yumurtaları aparıcıya göstərən müğənninin əyin-başına, qulaqlarında parıldayan iri brilyant sırğalarına zilləmişdilər. Birdən ikisi də ah çəkdi.

-Paltarına bax! Axı mən biləni, bu heç toylara da getmir, bə bu daş-qaşları, bahalı pal-paltarları hardan alır e?.. Ora bax, ora bax...elə bil su sığırıdı... Saxlayanı var də, yanmış...Gör nə şişib?..-qaynanam ağız-burnunu əydi.

Arvadım gördü ki, yenə ona məhəl qoyan yoxdu; anası da, oğlum və mən də matdım-matdım ekrana baxırıq. Acığını yenə tökdü uşağın üstünə.

-Mamed, soyutdun... Dur gəl bəri, di xörəyini ye!

-İstəmirəm!- uşaq bu dəfə lap ucadan çəmkirdi. Anası deyəsən buna heç əhəmiyyət də vermədi. Qaynanam dedi:

-Mamed, sənə dedilər axı, gəl çörəyini ye! Sonra get dərslərini öyrən. Səhər məktəbə gedəcəksən... Bax, elə yemirsən ki, əriyib çöpə dönmüsən! Başına da heç nə girmir!

Məmməd toy toğlusu kimi boynunu büküb televizora baxırdı. Orda isə artıq dolu bədənli müğənni mətbəx xalatı geyinib durmuşdu qaz plitəsinin önündə. “...Mənim sevimli xalqım, əziz tamaşaçılar! Yeni açılmış kanalımızda bu bazar günü sizin üçün qayğanaq bişirəcəm! Bu qayğanağı xüsusi reseptlə hazırlayacam. Şəxsən mənim reseptimdir... Ha-ha-haaaaaaaaaaa, hi-ha-haaaa!..” Əynində dizləri sürtülmüş cins şalvar və ayağında krossovka olan cavan aparıcı oğlan da hırıldaya-hırıldaya müğənni xanıma yanaşıb soruşur ki, “ey xalqımızın sevimli sənətçisi, əvvəlcə tamaşaçılarımıza reseptin nədən ibarət olmasını izah edin. Hə, hə, izah edin, xahiş edirəm...Qoy evdə oturan xanımlarımız dəftər-qələm götürsünlər, yazıb öyrənsinlər sizdən...”

“...Bir halda ki, canım mənim, sən xahiş edirsən, onda deyərəm... Hə, bax, mən bunu bişirəndə... əvvəlcə götürürəm tavanı... Ora bir qaşıq yağ tökürəm... Aaaaa, üzr istəyirəm, hi-ha-haaaaaa,  yadımdan çıxdı... əvvəlcə tavanı qoyuram qazın üstünə... bir qədər qızır...”

Qaynanam gəlib durdu düz televizorun qabağında, az qala ekrana girəcəkdi, elə bil təzə bir şey eşidirdi.

“...Hə... tava qızandan sonra”,- müğənni davam elədi, “...bir qaşıq yağ... xörək qaşığı olsun a! Özü də mütləq kərə yağı... Mən ancaq kərə yağından istifadə edirəm... O biri yağlar nöyüt iyi verir! Hi-ha-haaaaaa! Hə... sonra nə gəlir? Deməli, tava ki qızdı... yağ ki, əridi... sonra götürürəm yumurtaları, vururam ayrıca piyaləyə... Onları yaxşıca çalxalayır... hə, yadımdan çıxdı... Südü demədim...”

“...Südü?” (Aparıcı təəccüblənir).

-Mamed, dur gəl yeməyini ye!- arvadım bərk əsəbiləşdi,- əşşi, çevir bu zəhləmgetmişi!- anasına çəmkirdi.- Gör nəyə baxır da! Çaqqal toyuna! Qayğanaq bişirməyi uşaq da bilir... Bizi dolayıb barmağına, köpəyin qızı!

-Azzz, dayan...aman ver, görüm nə deyir də! Heç olmasa bu kanal var! Terrordansa... bu yaxşıdı! O biri kanallara baxanda adam qorxusundan gecələr yata bilmir!

-Mamed, sənnən deyiləm?- arvadım göz qızartdı.

-Ana, ac deyiləm!

“...Hə, deməli...”, - müğənni dişlərini ağarda-ağarda çalxaladığı yumurtaların üstünə süd tökür”. ...Bax belə, bunu qatıram ki, qayğanaq şişsin... Onda daha ləzzətli olur...”

-Ana, mən qayğanaq istəyirəm...- Məmməd qəflətən dilləndi.-Acımışam...

-Az danış, nahar vaxtıdı, nə qayğanaq? O cürə dolma bişirmişəm, yemirsən, qayğanaq istəyirsən?!

-Hə, qayğanaq istəyirəm!- Məmməd daha bərkdən qışqırdı.

-Dayan, buna baxım, sonra...- arvadım yenə gözlərini ekrana zillədi.

-Yox, indi bişir! Qayğanaq! Tez ol!

Qaynanam arvadıma hökm elədi:

-Dur uşağa qayğanaq bişir! Bu kanalın bircə xeyri dəydi ki, uşaq nəhayət yemək istəyir... Heç olmasa qayğanaq yesin...

Arvadım başladı tələm-tələsik tavanı axtarmağa. Bir gözü ekranda, bir gözü tavada...

Qazı yandırdı, tavanı qoydu üstünə, yağ tökdü, sonra yumurtanı çalxalayıb vurdu tavaya... İkicə dəqiqəyə qayğanaq hazır oldu və tava qarışıq qoydu oğlunun qabağına. Məmməd gördü ki, bu, ekrandakı qayğanaqdan deyil, üz-gözünü turşudub tavanın içindəkiləri tökdü boşqaba, mısmırığını salladı.

-Bunu istəmirəm! Ordakından bişir!

Arvadımın qanı qaraldı.

-Ədə, dolamısan məni? Elə ordakındandı! Ye, sənə deyirəm! Bax, sən öl, yeməsən, səni... Gör də, sən Allah, yeyən deyildin, niyə bişirtdirdin?  Bax, kəllən haqqı yalan demirəm, zorla ağzına soxacam o yeməyi.... Hünərin var yemə!

-Eeeeeeee....- Məmməd çiyinlərini çəkib küncə qısıldı. Axırda dözmədim:

-Məmməd, bizi incitmə! Ye!- dedim və televizordan xeyli uzaqda, salonun küncündəki divana yayxındım, səhər aldığım qəzetlərə baxmağa başladım. Əlbəttə, bir qulağım və bir gözüm mətbəxdəydi, beynimdə isə yenə gah sarsıdıcı, gah da yumşaq, nizami fikirlər dolaşırdı. Düşünürdüm ki, bizdə ailə məişəti birinin digərinə itaət etməsi zərurətiylə müşaiyət olunsa da, şəhər həyatı qanunlarına tabe olmaq baxımından ağrılı prosesdir. Bu prosesin özü də sarsıntı yaradır, özü də qayğanaq kimi sarı sarsıntı! Axı insan nəsli öz tarixi boyu sarsıntıların şahidi olub. Beynim istər-istəməz bayaqkı qənaətlərimi alt-üst edirdi, ürəyimdə deyirdim ki, yox, sarsıntılar genetik biçimli deyil, hər halda, bunu yalnız uşaq yaşlarında hiss edirsən, vəssalam, sonralar bütün bunlar  ailədə və mühitdə baş verən emosional qıcıqlardan asılı olur.  Lakin məni daha çox narahat edən qayğanaqla terrorun qarşılıqlı əlaqəsindən doğan sarsıntıydı və nədənsə, düşündüm ki,  bəlkə də bu, Neron kimi quduz və həyasız adamların dövründən qalıb, çünki  elə o zamandan insan əyləncə və rahatlıqdan da sarsılır; qəribədir, elə bəlkə də bu paradoksal səbəbdi nəticəni kədərli edən...

-Yox!- uşaq Nuh dedi, Peyğəmbər demədi, tərslik eləməyə başladı. - Bunu istəmirəm!

Canım burnuma gəlmişdi; gah mətbəxdəki televizordan gələn qəhqəhələr, gah da oğlumun tərs keçi kimi elə hey “onnan istəyirəm!” deməsi, gah da beynimdə dolaşan bir-birindən ağır, ya da elə pambıqdan yüngül əlvan fikirlər məni əməlli-başlı hövsələdən çıxartdı.

-Vallah, bu evdə adam dəli olar!- öz-özümə donquldandım.

Amma kimə deyirdin, heç kəs vecinə almadı; qaynanam və arvadım ekrandan əl çəkmədi, uşaq da dediyindən.

Ekrandakı müğənni hırıldaya-hırıldaya bişirdiyi qayğanaqdan dadırdı və elə marçıldadırdı ki, uşağın ağzının suyu axdı. Axırda uşaq gördü ki, heç kim onu eşitmir, durub tavanı təzədən qazın üstünə qoydu,  bir dənə də yumurta götürüb sındırdı, çalxaladı, içinə də süd qatıb qarışdırdı, onu cızıldayan tavaya tökdü.  Birdən yadına düşdü ki, yağ vurmadı, cəld böyürdəki qarğıdalı yağını götürdü, qapağı açıq qalmışdı. Butulkanı başı aşağı tavaya tutanda ordan süzülən yağ tavanın böyürlərindən çıxan alov dilimlərinin üstünə töküldü (elə bil neft tökürdün!) və bir anın içində qazın üstündən elə bir alov qalxdı ki, uşağın bütün üz-gözünü və saçlarını tutdu.  Uşaqdan çığırtı qopdu.  Arvadım dik yerindən atıldı, onda gördü ki, alov oğlunun sir-sifətini tutub.

-Vay, uşaq yandı...- qaynanam nəvəsini özünə sarı çəkib sinəsinə sıxdı. Mən də yerimdən durub mətbəxə cumdum.

-Nooldu?

-Uşaq yandı! Su, su... soyuq su...

Hə, yaman peşimançılıq oldu. Özümü itirmişdim. Bilmirdim vannaya cumum, ya uşağa baxım.  Qaynanam uşağın üz-gözünə soyuq su çırpırdı.

-Can, can bala! Yağ yağdı ki! Allah bilir nə qatırlar! - deyinirdi.

Məmməd ağlayır, qışqırır, arabir inildəyirdi:

-Ağrıdır, nənə! Ağrıdır!

-Əcəb oldu! Sənə deyən vardı qayğanaq bişir?-arvadım od püskürdü.

Sonra əsəbi-əsəbi yaş dəsmalı oğlunun üz-gözünə sürtə-sürtə mənə çəmkirdi:

-Ədə, uşağın sir-sifəti, saçları yanıb!.. Tez elə, həkim çağır...

Məni elə bil iynəli beşiyə uzatmışdılar; qaynanam isə dilini dinc qoymurdu,  donquldanırdı:

-Əsl terror budu yeeeeee!!! Gördün? Bu da sənin qayğanağın!..

Həkim gəlib gedəndən sonra arvadım üz-gözü sarınmış oğlumun iniltilərinə qulaq asa-asa dodaqlarını gəmirirdi.  Qaynanam çıxıb getmişdi. Mən mətbəxin pəncərəsini açıb  siqaret sümürürdüm; ağzımdan və burnumdan çıxan papiros tüstüsü hələ də uçub getmək bilməyən yanıq saç qoxusuna qarışmışdı. Hərdən qaz plitəsinin üstündəki kündəyə oxşayan, şişib taqqa olmuş qapqara kütləyə baxırdım, çox acıqla baxırdım! Necə oldusa, qəflətən çönüb o qara kütləni götürdüm, tava qarışıq hirslə həyətə tulladım.

2016.

 





13.02.2017    çap et  çap et