525.Az

Qəlblərin fatehi - Cahangir Məmmədlinin 75 yaşına


 

Qəlblərin fatehi - <b style="color:red">Cahangir Məmmədlinin 75 yaşına</b>

Hər dövr insanlarının özünəməxsus həyat və təfəkkür tərzi, maddi-mənəvi tələbatı, istəkləri olur.

Ötən əsrin 70-80-ci illər Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin tələbələri də bu baxımdan istisna deyildi və onların da  məxsusi məziyyətləri vardı, həmin xüsusiyyətlər  onları  özündən əvvəlki və sonrakı dövrlər gəncliyindən xeyli dərəcədə fərqləndirirdi. Xarici ölkələrlə, Qərb dünyası ilə  SSRİ arasında “dəmir pərdə”nin mövcud olduğu zaman, kompüter, xüsusilə internet anlayışlarının hələ laboratoriyalardan çıxmadığı, milli dildə elmi, bədii əsərlərin qıtlığı şəraitində təhsil alan tələbələr  daha çox oxumağa, daha çox mənimsəməyə maraq göstərir, heyrətamiz ehtiras və həvəslə ətrafda cərəyan edən prosesləri izləyir,  onları dərk etməyə və dəyərləndirməyə çalışırdı.Həmin dövr tələbələrinin bəxti onda gətirmişdi ki, müəllimlər də tələbələrin tələbatını duyur, hiss edir və onların mənəvi, ruhi istəklərinə, ehtiyaclarına biganə qalmırdılar. Şirməmməd Hüseynov, Abbas Zamanov, Mir Cəlal Paşayev, Nurəddin Babayev, Nəsir İmanquliyev, Şamil Qurbanov,  Nəriman Zeynalov, Abuzər İsmayılov, Qulu Xəlilov, Famil Mehdi, Xəlil Əlimirzəyev... kimi qələmi və kəlamı ilə məşhur olan xadimlər Sovet rejimi  və kommunist ideologiyasının prinsip və qaydalarına açıq-aşkar zidd getməsələr də, sətiraltı sözlərlə, mətbuat tariximizin azmanlarından gətirdikləri sitatlarla, nəhayət, həyat hekayələri ilə tələbələrin gözlərini açır, onlara fakt və hadisələri müstəqil şəkildə  təhlil etmək,  dəyərləndirmək,  nəticə çıxarmaq bacarığı,vərdişi aşılayırdılar.

Adını çəkdiyimiz və məhəbbətlə  xatırladığımız həmin böyük müəllimlərlə çiyin-çiyinə nisbətən cavan Cahangir Məmmədli, Yalçın Əlizadə, Mahmud Mahmudov, Əliş Nəbili, Akif Rüstəmov, Nəsir Əhmədli... kimi müəllimlər də ustadlarla eyni yolu gedir, eyni mərama, məsləyə xidmət edirdilər. Onların hamısının  tələbələrinin, o cümlədən, mənim də  taleyimdə rolu, yeri olmuşdur. Kökdən gələn, adət-ənənlərimizdən qidalanan milli duyğuları, zəngin mənəviyyatı, parlaq dünyagörüşü, geniş intellekti, çevik və aydın düşüncə tərzi, pedaqoqluq məharəti,  iti qələmi ilə Cahangir Məmmədli həqiqətən də ötən illər ərzində böyük nüfuz qazanmış, qəlblərin fatehinə çevrilmişdir.

Sadə və səmimi insan, dəyərli alim-pedaqoq Cahangir Məmmədlinin həyat və fəaliyyəti haqqında sənədli film çəkilmiş, barəsində KİV-də çoxlu sayda məqalələr dərc edilmişdir.  Onun sarsıntı və sıxıntılarla dolu körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik illəri,  əsgərlik, tələbəlik həyatı ilə tanış olduqca, Cahangir müəllimin əzəmətli  obrazı göz önündə canlanır və  taleyin  sitəm və sınaqlarına sinə gərən bu  insanın   dözümü, iradəsi, inadkarlığı, zəhmətsevərliyi və nikbinliyinə məftun olursan”. C.Məmmədli daha çox zəhməti, yoxsa istedadı sayəsində bu zirvəyə yüksəlib?”- sualının cavabı fikrimcə, belədir: İstedadı  Cahangir müəllimi fədakarlığa, zəhmətə sövq edib, yaxud belə də demək olar, əməyə bağlılığı  Cahangir müəllimin istedadını üzə çıxarıb. Saysız- hesabsız elmi- publisistik məqalələr, bir- birindən dəyərli kitablar C. Məmmədlinin maraq və  fəaliyyət dairəsinin genişliyinə dəlalət edir. Hələ cavan yaşlarından qələmə sarılan Cahangir müəllimin nəbzi daim ölkənin ədəbi-mədəni, mətbu həyatı ilə birgə vurmuş, qəlbinin çırpıntılarını oxucularla bölüşmüşdür.

Cahangir Məmmədlinin sözü ilə əməli həmişə bir-birini tamamlamışdır. O, həmkarlarına, tələbələrinə obyektiv, operativ, vicdanlı, dürüst, prinsipial, ədalətli olmağı, qərəzə, böhtana  yol verməməyi  tövsiyə edir. C. Məmmədlinin fəal və faydalı ictimai, elmi- pedaqoji fəaliyyəti, eyni zamanda  istər kafedra müdiri, istər dekan kimi daşıdığı vəzifələrdə təmiz əməlləri, xoş niyyəti və  məramı bu tələblər üçün ciddi mənəvi əsas verir və  ona haqq qazandırır.

Təbiət etibarı ilə yazmağa, yaratmağa meylli olan Cahangir Məmmədli həmişə axtarışdadır. Hərdən elə təəssürat yaranır ki, qarşında sanki eyni zamanda iki Cahangir Məmmədli var: biri auditoriyada mühazirə oxuyur, digəri fikrən hansısa elmi məqalə üzərində işləyir, yaxud biri dekanlıqda iclas aparır, digəri qəlbində bir rəyin planını cızır, biri  tədbirdə çıxış edir, digəri xəyalən yenicə başa çatdırdığı məqaləni təkrarən gözdən keçirir  və s.  Əsərləri ilə milli jurnalistika irsinə layiqli töhfələr verən, onu zənginləşdirən  Cahangir müəllimin ən üstün cəhətlərindən biri özünə tənqidi yanaşmasıdır. Müsahibələrindən birində  həmkarı ondan yaradıcılıq planlarını və bu vaxta kimi etmədiklərini soruşur. Cahangir müəllim cavab verir ki, jurnalistika nəzəriyyəsi ilə bağlı çox kitablar yaza bilərdim, çox problemlər qaldıra bilərdim. Onlardan bəzilərini etmişəm. Tutalım, yeni dönəm jurnalistikası ilə bağlı əsərlərim var. Amma görürəm, jurnalistikanın Qərb standartlarına münasibəti yenidən işləmək olardı. Tam əminliklə deyirəm ki, əgər Cahangir müəllim  bu dediklərini də etsəydi, yenə yeni problemlər haqqında və onların həllinin vacibliyindən danışacaqdı.

30 ildən də çox Azərbaycan jurnalistikasının elmi-nəzəri və praktik problemləri sahəsində çalışan Cahangir Məmmədli son illərdə müasir dövr jurnalistikasının qurucusu və mahir təşkilatçısı funksiyasını bacarıqla yerinə yetirməkdədir. Zəngin təcrübənin  və gərgin axtarışların bəhrəsi kimi ərsəyə gətirdiyi “Azərbaycanda jurnalistikanın müasir inkişaf meylləri” mövzusunda doktorluq dissertasiyası Cahangir müəllimin sahənin inkişafına sanballı töfhəsi oldu. Əsərdə çağdaş  jurnalistikanın başlıca cəhətləri, məziyyətləri göstərilir və bu konteksdə yeni dövr  Azərbaycan jurnalistikasının inkişaf meylləri ümumiləşdirilir, təhlil olunur, xarakterizə edilir, dəyərləndirilir.

Cahangir Məmmədlinin jurnalistika ilə bağlı çoxsaylı kitablarının, o cümlədən, dərsliklərinin dəyəri və sanbalı ayrıca və geniş bir mövzudur. Tələbələri Cahangir müəllimə bağlayan yalnız onun əsərləri deyil, fakültədə, auditoriyada, kafedradakı görüşlərdən, söhbətlərdən, müzakirələrdən, bəzən mübahisələrdən yaranan və  hər birinin tərcümeyi-halına yazılan, həkk olunan,  unudulmaz, əziz xatirələrdir. 1970- ci illərin sonlarında- 2-ci, 3-cü kursda oxuyarkən Cahangir müəllim bizə XIX əsr rus jurnalistikasından mühazirələr oxuyurdu. O, mühazirələri elə məhəbbət və şövqlə aparırdı ki, dərsin bitdiyini bildirən zəngdən sonra tələbələr onu dəhlizdə dövrəyə alır, ard-arası kəsilməyən suallar verirdi.Cahangir müəllim yorulmur, usanmır, sualları özünəxas təbəssümlə cavablandırır, tələbələrin predmetə  böyük maraq  göstərməsindən məmnunluğunu gizlətmirdi. C. Məmmədli həmin dövr  rus ədəbiyyatı, publisistikası kimi  jurnalistikasının da öz tarixinin zəngin və mübariz səhifələrini yazdığını,çöldən sərhədlərini genişləndirən, içdən çürüyən “Avropa jandarmı”nın - Rusiya imperiyasının bütün problemlərini, təhkimçilik köləliyinin və mütləqiyyət zülmünün törətdiyi fəsadları, dərd-sərini, yükünü öz çiynində çəkdiyini deyir,çar üsul-idarəsini, onunla bağlı cəmiyyətdə mövcud olan bütün eybəcərlikləri darmadağın edən, ictimai, inqilabi-demokratik fikri formalaşdıran, publikanın zövqünü tərbiyələndirən tərəqqipərvər qüvvələri səfərbər edən rus mətbuatının ən parlaq nümunələrinin- “Russkaya mısl”, “VestnikYevropı”, “Russkoye boqatstvo”, “Russkiy vestnik”, “Jizn”, “Naçalo”, “Niva”, “Rodina”, “Vokruq sveta”, “Polyarnaya zvezda”, “Kolokol”, “Teleskop”, “Nedelya” və s. kimi nüfuzlu qəzet və jurnalların rus cəmiyyətindəki yeri və rolunu vurğulayır, A.A.Bestujev, V.K.Kjulxelbeker, F.A.Bulqarin, A.İ.Gertsen, N.P.Oqaryov, N.L.Dobrolyubov, N.Q.Çernışevski, D.İ.Pisarev, V.Q.Belinski, A.S.Suvorin kimi naşir, redaktor və publisistlərin coşqun fəaliyyətindən   söz açırdı.Belə mühazirələrdən sonra tələbələr öz aralarında maraqlı fikir  mübadiləsi edir, növbəti dərslərdə Cahangir müəllimə ünvanlayacaqları sualları formalaşdırırdılar.

Təcrübəli, mahir pedaqoq Cahangir Məmmədlinin yuxarıda adını çəkdiyimiz mütərəqqi rus ziyalılarının, maarifçi- dekabristlərin həyat və yaradıcılığından dönə-dönə, sevə-sevə bəhs etməsinin səbəbi təkcə onun öz peşəsinə vurğunluğunda  deyildi. Tələbə yoldaşımız, “Azərbaycan” qəzetinin müxbiri Raqif Məmmədovla ötənləri, Cahangir müəllimin mühazirələrini  xatırlayarkən dedikləri  maraqlıdır və həqiqəti əks etdirir:- Cahangir müəllim özünü xalq yolunda fəda edən , bu yolda  hər cür məhrumiyyətlərə dözən rus publisistlərindən, mətbuatından məhəbbətlə bəhs etməklə, sanki  “ xalqına, millətinə xidmət edən jurnalist və mətbu orqan necə olmalıdır?”- sualını cavablandırırdı.Onun o dövrlərdə açıq-aşkar  Sovet sisteminə,  kommunist ideologiyasına qarşı çıxdığını söyləmək, səmimiyyətdən uzaq olardı. Amma  fikir verin, o heç vaxt  bizə “Kommunist” qəzetini, yaxud “Pravda”nı oxuyun deməzdi, deyərdi ki, 60- cı illər ədəbiyyatını mütaliə edin, “Azərbaycan gəncləri”ni, “Bakı” axşam qəzetini, “Ulduz” jurnalını, “Literaturaya qazeta”nı, “Arqumentı i faktı”, “Komsomolskaya pravda” qəzetlərini, Məmməd Arazı, Bəxtiyar Vahabzadəni oxuyun, deyəndən sonra tövsiyə edərdi ki, Süleyman Rüstəmin Cənub şeirlərini də oxuyun. Əlbəttə, ayıq tələbə anlayır,  görürdü ki, o, partiya, komsomol mövzusunun üzərindən niyə sükutla keçir...

Bu günlərdə  mənalı, halal və şərəfli ömrü, əsərləri, pedaqoji fəaliyyəti ilə örnək olan professor Cahangir Məmmədlinin yubileyi qeyd olundu. Bakı Dövlət Universitetinin  rektoru Abel Məhərrəmov Cahangir Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçılarından biri, tanınmış elm, təhsil və mədəniyyət xadimi adlandırmış, demişdir  ki, Cahangir Məmmədli uzun illər boyu səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyət ilə elmin və təhsilin tərəqqisinə çalışmış, universitetimizdə böyük hörmət qazanmışdır.

Biz də  böyük eşq və ehtirasla ilə yaşayan, yaradan hörmətli professoru, müəllimimizi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona  müstəqil jurnalistikanın elmi-nəzəri və praktik tərəqqisində, təhsil- tədris təşkilatçılığı  sahəsində  yeni uğurlar arzulayırıq.

 





13.02.2017    çap et  çap et