525.Az

Cümhuriyyətə aparan yollar: fanatizmdən uzaq İslam


 

Cümhuriyyətə aparan yollar: <b style="color:red">fanatizmdən uzaq İslam </b>

Azərbaycan Cümhuriyyəti laik dövlət idi. Dini ənənələrin güclü olduğu müsəlman Şərqində belə dövlət modelinin seçilməsi “qurucu atalardan” böyük cəsarət, dünyəvi dəyərlərə və demokratik prinsiplərə sədaqət tələb edirdi.

Bu məsələdə ruhani ailəsində doğulmuş Məhəmməd Əmin Rəsulzadə də, rus universitetlərinin məzunu olan Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyski də çəkici eyni zindana vurmağı bacarmışdılar.

Ümumiyyətlə, hələ Cümhuriyyətə on illər qalmış Azərbaycan ziyalılarının birgə səyi, Azərbaycan cəmiyyətinin fitri tolerantlığı sayəsində cəmiyyətdə din və məzhəb zəminində qarşıdurmalardan uzaqlaşmaq mümkün olmuşdu. Elə etimad mühiti və qarşılıqlı münasibətlər sistemi qurulmuşdu ki, burada böyük Mirzə Ələkbər Sabir demişkən, “şiə ikən sünniləri şad etmək” və “sünni ikən şiələri yad etmək” tam normal və məqbul sayılırdı. 1917-ci il fevral inqilabından sonra, hər cür xaosun, anarxiyanın qaçılmaz göründüyü qarışıq günlərdə Bakıda keçirilən müsəlman siyasi partiyaları və ictimai təşkilatlarının qurultayında Qafqaz şeyxülislamı ilə Qafqaz müftisi hamının gözü qarşısında bir-birini qucaqlayıb vahid, ayrılmaz müsəlman ümmətindən olduqlarını elan etməklə dini təfriqə və məzhəb davası gözləyənlərin arzularını gözündə qoymuşdular.

Hərçənd “ayır və buyur!” siyasətini dönmədən həyata keçirən Rusiya imperiyası Azərbaycandakı yüz illik hakimiyyəti dövründə daim buna can atmışdı. Müsəlman təbəələrin dini məsələlərinin tənzimlənməsi üçün vahid ruhani idarəsi əvəzinə ayrıca şeyxülislam və müfti institutu təsis edilmiş, şiə və sünni uşaqların təhsili üçün müvafiq surətdə Əli və Ömər məktəbləri qurulmuşdu. Amma nə yaxşı ki, insanlarımız bu tələyə düşməmiş, bir-birinin üzərinə getməyə hazır olan iki düşmən məzhəbə parçalanmamışdılar.

Bu məsələdə islam maarifçiliyi prinsipini dönmədən həyata keçirən, cəhalət və dini fanatizmin zərərli təzahürlərinə qarşı çıxmaqdan çəkinməyən ziyalıların, gələcək Cümhuriyyət qurucularının böyük xidməti olmuşdu. Hələ XIX əsin sonundan başlayaraq onlar cəmiyyəti islamın “qızıl dövrünə” səsləyirdilər. Dini dözümlülük və sekulyarizm təbliğatı aparırdılar. İslamı daha dərindən öyrənməyə, onun humanist mahiyyətini anlamağa çağırırdılar. Və təbii ki, bu məqsədyönlü fəaliyyət nəticəsində istər Rusiya müsəlmanlarının müstəqillik mübarizəsində, istərsə də Azərbaycan Cümhuriyyətinin qısa müddətli mövcudluğu dövründə dini zəmində hər hansı nifaq və qarşıdurma hallarına təsadüf olunmamışdı.

Aşağıda Ə.Topçubaşovun gələcək Cümhuriyyətin din siyasətinin guşə daşları sayıla biləcək iki məqaləsinin tərcüməsini təqdim edirəm. “Qurucu atalar” xalqı siyasi müstəqilliyə hazırlamaq yolunda açıq fikirli din xadimlərini və maarifçi islamı özlərinin müttəfiqi kimi görmək istəyirdilər. Bu isə, şübhəsiz, cəmiyyətdə harmoniyaya nail olmaq baxımından ciddi addım idi.  

Vilayət QULİYEV

Yeni Bakı qazısı

Cənab qubernator knyaz M.A.Nakaşidze Bakı qazısı və Bakı quberniya məclisinin sədri vəzifəsinə Axund Mir Məhəmməd Kərim Axund Mir Cəfərzadəni təyin etmişdir.

Bu vəzifə uzun müddət boş qalmışdı və son yarım il ərzində quberniya məclisinin tərkibində yalnız bir üzv vardı. Öz növbəsində, tabeliyində 6 qəza qazısı olan həmin məclis  əhalisi başdan-başa müsəlmanlardan ibarət Bakı quberniyasının bütün ruhani məsələlərini idarə edir. Amma təəssüflər olsun ki, son illərdə quberniya məclisi Bakı müsəlmanlarının dini işlərinin tənzimlənməsi məsələsində xüsusi fəallığı ilə seçilməyib. Təkcə onu demək kifayətdir ki, məhəllələrin (onların sayı isə 500-dən artıqdır) yarıdan çoxunda hələ də məhəlli mollalar yoxdur. Vəqf mülklərinin idarəçiliyində də məclisin  qayğısı çox az nəzərə çarpır. Nümunə kimi, Bakının Qasım bəy məscidi yanındakı vəqf dükanlarını göstərə bilərik. Onların təmirini xeyli gözləmək lazım gəldi. Amma nədənsə, təmirdən sonda da dükanlar uzun müddət icarəyə verilmədi və hələ də boş qalmaqdadırlar.

Dini məsələlərə belə münasibət məclisin əvvəlki tərkibinin zəifliyindən, yoxsa iş bacarmamasından irəli gəlirdi? Deyə bilmərik. Ancaq ümid edirik ki, quberniya məclisinə yeni qazı təyinatı ilə qurumun fəaliyyəti  canlanacaq və şəhərimizin müsəlman əhalisinin ruhani ehtiyacları lazımi həllini tapacaqdır. Yeni Bakı qazısı şəhər idarəçilərinə və Bakı bölgəsinin bütün müsəlman əhalisinə yaxşı tanışdır. Axund Mir Məhəmməd Kərim Axund Mir Cəfərzadə əslən bakılıdır. Ən mötəbər din xadimlərinin yanında təhsil görüb. Zaqafqaziya ruhani idarəsində birincilər sırasında ali dini rütbə - Axund adı almaq üçün imtahan verib. Bu zaman özünün islam ilahiyyatı, habelə türk-tatar, ərəb və fars dilləri sahəsində mükəmməl biliklərini nümayiş etdirib. Axund Mir Məhəmməd Kərim Axund Mir Cəfərzadə on ildən artıq Bakının qala hissəsində (indiki İçərişəhər - V.Q.) məhəllə mollası vəzifəsini tutub. Bu müddət ərzində üzərinə düşən vəzifəni son dərəcə nizam-intizamla, cani-dildən yerinə yetirməsi sayəsində özünü nümunəvi məhəllə mollası kimi tanıda bilib. Nəticədə hər kəsə örnək bir din adamı nüfuzu qazanan Mir Məhəmməd Kərim ağa təkcə məhəllə dindarlarının deyil, bütün Bakı camaatının böyük hörmət və ehtiramına layiq görülüb. Bakı müsəlman din xadimlərinin məşhur simalarından  biri  kimi o, şəhərimizin ən mötəbər sakinləri sırasında  bütün mühüm və  təntənəli mərasimlərinə dəvət alıb. Məsələn, yerli müsəlmanlar Axund Mir Məhəmməd Kərim ağanın başçılığı ilə Əlahəzrət İran Şahının Bakıda pişvazına çıxıblar.

Görkəmli dini rəhbər Azərbaycan dilində qələmə aldığı və Müqəddəs Quran şərhlərindən ibarət möhtəşəm elmi-fəlsəfi əsərinin başa çatması xəbəri yayılandan sonra xüsusən böyük şöhrət qazanıb. Adını çəkdiyimiz nadir əsərin birinci cildi artıq çapdadır. Heç şübhə yoxdur ki, həmin şərhlər bizim müsəlmanlar üçün Quranın həqiqi mahiyyətini başa düşmək baxımından həqiqi açar rolunu oynayacaq. Ümumiyyətlə, belə izahedici əsərlərin olmadığı yerdə  müsəlmanların  çoxu  hətta islamın başlıca ehkamlarının mənasını anlamaqdan da uzaqdırlar.

Axund Mir Məhəmməd Kərim ağa qeyrətli müsəlmandır; onu tanıdığımız bütün bu illər ərzində  fikri-zikri hər zaman  din qardaşlarına daha çox  fayda gətirmək olub.

Tam əminik ki, quberniya qazısı və məclis sədri vəzifəsində möhtərəm Axund  bütün mənəvi-əxlaqi keyfiyyətlərini ortaya qoyacaq və bununla da öz borcunu yüksək səviyyədə yerinə yetirən bir din xadimi kimi digərləri üçün də həqiqi örnək və nümunəyə çevriləcək.

Onu da əlavə edək ki, möhtərəm Axundun mühüm vəzifəyə təyin olunması üstümüzə gələn bəlaya - vəba epidemiyasına qarşı uğurlu mübarizədə bütün qüvvələrin birləşdirilməsinin zərurətə çevrildiyi vaxta təsadüf etmişdir. Din adamlarının bu mübarizədə iştirakı və onların öz xütbələri, vəz və məsləhətləri ilə əhaliyə göstərəcəkləri təsir bizim sanitar təşkilatlarının indiyə qədər nail ola bilmədikləri  həqiqi yardıma çevrilə bilər.

Yeni qazının maarifçi baxışlarına və  islam camaatına bəslədiyi məhəbbətə yaxşı bələd olduğumuzdan Axund Mir Məhəmməd Kərim ağanın vəbaya qarşı başlanmış mübarizədə böyük fayda gətirəcəyinə inanırıq.

Biz Axund Mir Məhəmməd Kərim ağanın vəzifəyə təyin olunmasını alqışlayır və qarşıdakı mənəvi fəaliyyəti yolunda ona sidq-ürəkdən böyük güc və enerji arzulayırıq.

“Kaspi”, № 207, 14 sentyabr 1904-cü il.            

Müsəlman ruhani seminariyası 

İslam ruhanilərinin, cəmiyyətin, ilk növbədə isə mətbuatın gündəliyə çıxardığı Qafqazda müsəlman dini seminariyasının təşkili məsələsi müsəlman əhalinin həyati tələbləri ilə sıx bağlıdır. 

Müsəlmanlar üçün dinin əhəmiyyəti o dərəcədə aydın və anlaşıqlı bir məsələdir ki, bu barədə xüsusi izahat verməyə lüzum görmürük. Sadəcə, islam din xadimlərinin indiyə qədər müsəlmanların həyatında oynamış olduqları və indi də oynadıqları rolu xatırlatmaq kifayətdir. Buradan isə ortaya yalnız bir nəticə çıxır: din xadimləri nə qədər çox müsbət keyfiyyətlərə yiyələnsələr,  bilikləri nə qədər geniş və əhatəli olsa, yeni həyat şərtlərinin dindarlar qarşısına qoyduğu tələblərə nə qədər  şüurlu yanaşsalar, bir sözlə, daşıdıqları adın və üzərlərinə götürdükləri vəzifənin ucalığında nə qədər bacarıqla dayana bilsələr, xalq kütlələrinə göstərdikləri təsir də bir o qədər faydalı və səmərəli olacaqdır. Yaxud da əksinə - müasir həyatın tələb etdiyi şərtlərə yalnız cahilcəsinə deyil, həm də yad və düşmən münasibət bəsləyən din xadiminin vurduğu zərbənin miqyası da ağlagəlməzdir.

Vəziyyətin bu şəkildə davam etməsinin doğuracağı acı nəticələri yaxşı anlayan müsəlman ziyalıları artıq çoxdan bəridir ki, ruhanilərin tərkibinin yaxşılaşdırılması yolları ilə bağlı müzakirələr aparırlar. Bu isə öz növbəsində yalnız lazımi şəkildə təhsil verməyi bacaran məktəb vasitəsi ilə öz həllini tapa bilər və tapmalıdır.

Mübaliğəsiz demək olar ki, son zamanlar ölkədəki yaşayış məskənlərinin az qala tam yarısı mollasız qalıb. Din adamlarının sayının get-gedə azalması nəzərə alınarsa burada qəribə heç bir şey yoxdur. Təbii ki, söhbət yalnız müəyyən tələblərə cavab verən mollalardan gedir.

Bəs belə mollaları haradan tapmaq olar?

Əvvəlki dövrlərdə Zaqafqaziyanın bir çox yerlərində xüsusi mədrəsələr (dini məktəblər) şöhrət tapmışdılar. Həmin mədrəsələrin öz bilikləri və yüksək mənəvi keyfiyyətləri ilə tanınan müdərrisləri savadlı mollalar yetişdirirdilər. Lakin indi ölkədə belə mədrəsələr qalmayıb. Odur ki, dini təhsil almaq istəyən Qafqaz müsəlmanları İrana, Türkiyəyə, Misirə getməli olurlar.

Digər tərəfdən, Zaqafqaziya müsəlman ruhani idarəsi haqqındakı mövcud əsasnaməyə görə, xaricdə islami təhsilə yiyələnən şəxslər Qafqaz canişinliyi hüdudlarında dini vəzifə tuta bilməzlər.

Beləliklə, çıxılmaz vəziyyət yaranıb: öz vətənində təhsil almağa məktəb, Rusiya imperiyasından kənarda təhsil alanlara isə yer yoxdur.

Belə olduğu təqdirdə, müsəlmanlar ruhaniləri, həm də bəlli tələblərə, təbii ki, ilk növbədə bilik və mənəvi kamilliklə bağlı tələblərə cavab verən din xadimlərini  haradan tapa bilərlər?

Bu məsələ ilə əlaqədar islam ümmətinin bütün müraciətləri eyni ilə xeyriyyə cəmiyyətinin yaradılması haqda ərizələr kimi cavabsız buraxılmışdır. Hələ biz onu demirik ki, müsəlmanlar ruhani seminariyasının bütün xərclərini ödəməyə  hazır olduqlarını da dəfələrlə bildiriblər. 

Amma deyəsən, artıq bu məsələ ilə bağlı din qardaşlarımızın işləri artıq yoluna düşməkdədir. Zaqafqaziya Şeyxülislamı Axundzadə və Müfti Qayıbov Qafqazın mülki işlər üzrə Baş idarəsinin rəisi vəzifəsini yerinə yetirən general Freze vasitəsi ilə İmperator Əlahəzrətlərinə Vəliəhdin doğulması münasibəti ilə göndərdikləri təbrikdə bu xoş hadisənin əks-sədası kimi Tiflisdə vəqf gəlirləri və şəxsi ianələr hesabına maliyyələşən müsəlman ruhani seminariyası (mədrəsə) açılması və ona Vəliəhdin adının verilməsi məsələsini qaldırıblar.

General Freze məsələyə həssaslıqla yanaşıb. Onun tapşırığı ilə Baş idarənin dəftərxanası hələ 1904-cü ilin oktyabrında Zaqafqaziya Şeyxülislamı və Müftisindən açılması nəzərdə tutulan tədris müəssisəsinin əsas prinsipləri ilə bağlı mülahizələrini bildirməyi, habelə seminariyanın təşkili və saxlanması üçün zəruri  xərclər haqqında əhatəli məlumat verməyi xahiş edib.

Hazırda Baş idarə rəisi vəzifəsini yerinə yetirən general-leytenant Malama da öz tərəfindən belə bir seminariyanın açılmasını son dərəcə məqbul hadisə kimi dəyərləndirib.

Ali müsəlman Ruhani İdarəsinin təqdim etdiyi layihəyə əsasən Tiflisdə açılması planlaşdırılan seminariya 50 nəfərlik qapalı tədris müəssisəsi olacaq. Lakin kənardan gələnlərin məşğələlərə buraxılmasına da imkan yaradılacaq. Aşağıdakı tədris proqramı təklif olunur: Dillər: ərəb, fars, türk-tatar və rus dilləri. Fənlər: a) dini elmlər üzrə: Quran şərhi, peyğəmbərlərin və bütünlükdə dinin tarixi, ilahiyyat, ritorika; b) dünyəvi elmlər üzrə: hesab, həndəsə, coğrafiya, ümumi tarix və rus tarixi, Şərq tarixi, formal məntiq, dövlət hüququ və müsəlman qanunşünaslığı (fiqh). Bütün bu fənlər tədris planı və Xalq Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə üzrə tədris olunacaq. Dərsləri aparanlar hüquqi baxımdan orta təhsil müəssisələrinin müəllimlərinə bərabər tutulacaqlar. Tədris müddəti bir illik hazırlıq sinfi də daxil səkkiz ildir. Seminariyaya 9 yaşdan böyük, 14 yaşdan kiçik yeniyetmələr qəbul olunacaqlar. Mövcud qaydalara əsasən dini fənlərin tədrisi müsəlman Ruhani İdarəsinin, digər fənlər isə yerli təhsil rəhbərliyinin nəzarəti altında həyata keçiriləcək. Seminariya binasının tikilməsi, ilkin təminatı və saxlanması üçün aşağıdakı vəsait qaynaqları təklif olunur: a) Qafqazdakı məscidlər yanında müsəlman vəqflərinin illik gəlirlərinin xərclənməyən izafi hissəsi, b) həmin vəqf mülklərinin ehtiyat kapitalından birdəfəlik ayrılan maliyyə yardımı, c) fəxri himayəçilərin üzvlük haqları, d) şəxsi ianələr, e) şəhər və kənd icmalarının təqaüd ayırdığı tələbələrə  ödədikləri məbləğ. Vəzifələrinə görə seminariyanın fəxri himayəçiləri Zaqafqaziya Şeyxülislamı və Müfti sayılır. Eyni zamanda seminariya yanında seçilmiş şəxslərdən ibarət xüsusi himayə şurası fəaliyyət göstərir.

Layihə hələlik ilkin variant kimi tərtib olunub. Zaqafqaziya Şeyxülislamı və Müftisi Bakıya gəlmələrindən yararlanıb şəhərin möhtərəm müsəlmanlarını sənədlə tanış ediblər. Onlar da müsəlman dini seminariyasının zəruriliyi fikrini anlayıb  Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə ianə dəftəri açıblar və indiyə qədər  həmin məqsəd üçün 53 270 rubl vəsait toplanıb (sonda ianə verənlərin ad və soyadları da göstərilmişdir - V.Q.)

İanə verilməsi davam etdirilir. Çünki toplanan məbləğ seminariya binasının tikilməsi üçün yetərli deyil. Ümid edirik ki, imkanlı müsəlmanlar ruhani seminariyası ilə bağlı təşəbbüsün gerçəkləşməsinə köməyə tələsəcəklər. Seminariya isə öz növbəsində hazırlıqlı din xadimlərinə böyük ehtiyac duyan şəhər və kəndlər  üçün belə ruhanilər yetişdirən ocağa çevriləcəkdir.

“Kaspi”, № 29, 22 fevral 1905-ci il.

 





13.02.2017    çap et  çap et