525.Az

“Analitik düşünə bilən, cəmiyyətə dəyər və fayda verə biləcək tələbələr yetişdirmək istəyirik"


 

“Analitik düşünə bilən, cəmiyyətə dəyər və fayda verə biləcək tələbələr yetişdirmək istəyirik"<b style="color:red"></b>

Bu gün xaricdə təhsil alan azərbaycanlı gənclərin bir çoxu Türkiyə universitetlərində təhsil almaqdadırlar. Hətta  qardaş Türkiyənin  bir sıra universitetlərində  100-dən çox azərbaycanlı tələbənin  təhsil aldığı barədə məlumatlar da var. Əlbəttə ki, bu ölkənin seçilməsinin  bir sıra səbəbləri var. Şübhəsiz ki,  ilkin fakt olaraq digər ölkələrə nisbətən azərbaycanlılar üçün  dil problemi olmur. Coğrafi yaxınlıq isə bu ölkənin seçilməsində daha mühüm  bir  faktordur. Türkiyənin 3-cü böyük şəhəri olan İzmirdə 3 dövlət və 4 özəl universit yerləşir. İzmir universitetləri mehriban və qonaqsevər mühiti, zəngin mədəniyyəti, Aralıq dənizi iqlimi, tələbələrə əsaslanan cəmiyyət, daha ucuz həyat şəraiti, Qərb və Şərq, Avropa və Asiya arasında körpü, artan iş imkanları, sadə viza imkanları, zəngin yemək mədəniyyəti, əbədi dostluq münasibətləri ilə diqqəti cəlb edir. Universitetlərin cəmiyyətdəki yeri və rolu, üstünlükləri haqqında, həm də Türkiyədə oxumaq, buradakı təhsil imkanları ilə ətraflı tanışlıq üçün İzmir Universitetinin rektoru prof. Kayhan Erciyeş məmnuniyyətlə həmsöhbətimiz olmağa razılıq verdi.

– Sayın rektor, universitetlərin cəmiyyətdəki yeri, rolu və üstünlükləri haqqında bilgilərinizi oxucularımızla bölüşərdiniz.

– Universitetlərin 3 əsas universal vəzifəsi var ki, biz də bunları hədəflədik. Bunlardan birincisi, yaxşı bir bakalavr təhsili verərək gənclərimizi gələcəyə hazırlamaq və onları yaxşı bir peşə sahibi etməkdir. Bu, İzmir Universitetinin bir nömrəli hədəfidir. İkinci hədəfimiz, cəmiyyətdə öndər bir təhsil təşkilatı və universitet olmaqdır. Bu da yalnız bakalavr təhsili ilə olmur. Bunun üçün universitetin araşdırma və inkişafetdirmə fəaliyyətlərinə geniş yer verərək, iqtisadiyyat, o cümlədən sənaye ilə birgə layihələr hazırlaması lazımdır ki, biz bunun üzərində çox dayanırıq... Bu məqsədlə, magistratura və doktorantura bölmələrimizi  açdıq və təhsilə başladıq. Universitetlərin üçüncü və son vəzifəsi də ictimai problemlərlə maraqlanmaq və onları həll etmək, təkliflər təqdim etməkdir. İstədiyiniz qədər bakalavr təhsili verin, araşdırma, inkişaf etdirmə fəaliyyətlərinə başçılıq edin, amma dünyanın, o cümlədən məmləkətinizin problemlərindən uzaqsınızsa, söylədiyimiz universal üçlüyü tamamlamış sayıla bilməzsiniz. Biz İzmir Universiteti olaraq, ictimai problemlərlə daim maraqlanmağa, bu mövzuda əlimizdən gələni etməyə çalışırıq.

– Bildiyimə görə Siz İngiltərədə Mançester Universitetində, sonra isə Salford Universitetində magistr təhsili almısınız. Daha sonra professor olarak Edinburq Universiteti, Oregon Dövlət Universiteti və Kaliforniya Dövlət Universitetində fəaliyyətinizi davam etdirmisiniz. Bunlar Qərbin təhsil sistemi ilə Türkiyənin təhsilini müqayisə etməyə  böyuk şans verir. Bu barədə danışın...

– Bakalavr təhsilindən başlasaq, ilkin onu görərik ki, qərb təhsilində tələbə müəllimdən tapşırıq istəyir, tapşırığını yerinə yetirərkən başqasının məhsulu olan bir cavabdan istifadə etməyin nə qədər zərərli olduğunun başa düşür, bunun cəzasının sonralar ödəmək məcburiyyətində qalacağını dərindən anlayır. Türkiyədə isə tapşırıq verəndə, ümumiyyətlə, tələbənin əhvalı pozulur və bir-birinə kömək halları həddindən artıq olur. Bir də dərs saatı məsələsi var. Dərs saatları, hər fənn üçün həftədə 2-3 saat nəzərdə tutulub ki, tələbələr anlamadıqları mövzuları fərdi şəkildə soruşub öyrənə bilsinlər. Amma bütün bunlara baxmayaraq, bu gün Türkiyədə bakalavr təhsili, ümumiyyətlə, qərb ölkələrindəki təhsildən çox da zəif deyil.

Magistraturada isə vəziyyət bir az  fərqlidir. Doktoranturanı bitirmiş bir insandan, ədəbiyyata əlavələr etmək və müstəqil araşdırma – inkişaf etdirmə səviyyəsinə gəlmək gözlənilir. Bu iki qayda qərbdə ümumi mənada tətbiq olunur. Bizdə isə bu mövzu bəzən o qədər ciddi qəbul olunmur. Daha təsirli təftişlər lazımdır. Hər universitetin doktorant verməsi də lazım deyil. Bir başqa mövzu isə layihə mədəniyyətidir. Tələbələrimizi və araşdırıcılarımızı layihə hazırlamaq üçün təşviq etməmiz lazımdır..

–  İzmir  Universitetinin yaradılması tarixi və qazandıqlarınız haqqında nə demək istərdiniz? Bu gün Türkiyə universitetləri sırasında İzmir  Universitetinin yerini necə dəyərləndirərdiniz?

      – Universitetimiz rəhmətlik  Necdət Doğanata tərəfindən qurulub. Özü gerçək bir təhsil vurğunu və fədaisi idi.  Bütün şüurlu həyatını təhsilə həsr etmiş Necdət Doğanata, İzmir Özəl Fatih Kollecinin qurulmasında fəal iştirak etmiş, burada yüksək vəzifə almış və bu təşkilatı bütün Türkiyədə sayılıb-seçilən bir mərtəbəyə çatdıra bilmlşdi. Başlanğıcda qarşılaşdığı bürokratik maneələr bu işi uzun müddət ləngidib, amma bürokratiya onu  sındıra bilməyib. Nəhayət,  15 il səbr etdikdən sonra universiteti qurma icazəsini alıb və İzmir Universiteti 18 may 2007 tarixində qurulub. İlk tələbə qəbulu 2008-2009-cu təhsil ilində keçirilib və həmin tədris ilində universitetimiz 526 tələbə və 60 müəllimdən ibarət bir heyətlə təhsilə başlayıb. İzmir Universiteti, bu gün təməlində təxminən yarım əsrlik təhsil müəssisələrinin təmin etdiyi məlumat və təcrübə fəaliyyəti olan Doğanata Şirkətlər Qrupunun dəstəyi ilə təhsil fəaliyyətlərini uğurla davam etdirməkdədir. Doğanatadan danışarkən bir faktı da bildirmək lazımdır ki, Doğanata Təhsil və Mədəniyyət Cəmiyyəti qurulduğu gündən bəri istər ibtidai təhsil, istərsə də ali təhsil səviyyəsində maddi vəziyyəti aşağı olan şagirdləri və tələbələri təhsil ödənişləri və yemək haqqları kimi təqaüdlərlə təmin etmiş, mədəni, bədii və elmi tədbirlərin təşkilində köməklik göstərmiş və bu tipli layihələrə maddi  dəstək vermişdir.

Bu gün isə İzmir Universiteti 3 min 500-ə yaxınlaşan tələbə sayı ilə, 7 fakultəsi və 30-dan çox digər təhsil sahələri ilə  Türkiyə universitetləri sırasında çox layiqli və mötəbər bir yerə sahiblik edir. Quruluşunun 5-ci ilində- 2012-ci ildə təhsil verməyə başladığı Tibb fakültəsi ilə İzmir Universiteti, cəmiyyət universitetləri arasında quruluş ilində ən çox seçilən 4-cü universitet olma müvəffəqiyyətini qazandı. Hər üç tələbədən birinə təqaüdlü təhsil verən İzmir Universiteti, araşdırma imkanları, ictimai məsuliyyət işləri və elm dünyasında iştirak etdiyi layihələri ilə qabaqcıl bir yerdə dayanır.

–Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş təhsil müşaviri Halis Koyunçuoğlu müsahibələrinin birində bildirir ki, 2011-ci ildə Azərbaycandan 150 gənc dövlət, 2500 nəfər özəl xətlə Türkiyədə təhsil almağa gedib. Türkiyənin seçilən bir universiteti kimi Sizin Universitetdə də təhsil alan azərbaycanlılar varmı?

– İzmir Universitetində Keniya, İngiltərə, Somali, Kosovo, Hollandiya, Ukrayna, Tunis, Albaniya, İran, Bolqarıstan, Tacikistan və Suriya kimi ölkələrdən gəlmiş tələbələr təhsil alır. O, cümlədən Azərbaycandan da tələbələrimiz var, 6 azərbaycanlı tələbəmiz  psixologiya, beynəlxalq əlaqələr, beynəlxalq ticarət və maliyyələşdirmə, hüquq, tibb və biznes idarəetmə üzrə magistr proqramında təhsillərini davam etdirirlər.

–Türkiyə universitetlərində bakalavr pilləsində təhsil almaq üçün TQDK balı, YÖS və ya atestat balı tələb olunur.  Bu günlərdə  bəzi ali təhsil ocaqları YÖS, SAT üzrə imtahanın tarixlərini və TQDK üzrə keçid ballarını açıqladı. Bu sırada Ankara Universitetinin, Orta Doğu Teknik Universitetinin, İstanbul, Egey, Marmara Universitetlərinin, Yıldız Teknik Universitetinin eləcə də onlarca universitetlərin adlarını görduk. İzmir  Universitetinin adını bu sırada nə vaxt görəcəyik? Başqa sözlə İzmir  Universitetini seçmək istəyənlərə  nə deyərdiniz?

– Adlarını çəkdiyiniş universitetlər Türkiyənin təhsil sistemində və cəmiyyətdə çox tanınan universitetlərdir. Onların hər birinin yaranma və fəaliyyət tarixi İzmir  Universitetindən dəfələrlə çoxdur.  Amma bu,  heç də o demək deyil ki, bizim təhsil bilgilərimiz onlardan yaşımız qədər aşağıda durur. Bu cür olsa idi heç fəaliyyətimizə icazə verməzdilər. İzmir  Universiteti də  analitik düşünə bilən, yalnız özlərinə deyil, içində olduqları cəmiyyət və dünyaya da dəyər və fayda verməyi hədəfləyən, ictimai məsuliyyət sahibi olan, savadlı tələbələr yetişdirməyi hədəfləyir. Hədəflərimiz üçün isə dünya meyarlarını əsas götürürük. Bu mənada,  müəyyən etdiyimiz beynəlxalq qəbul  meyarlarına uyğun olaraq, universitet təhsili almağa ən uyğun iqtisadi, coğrafi və mədəni şərtlərə sahib olan bütün azərbaycanlı gəncləri Türkiyənin incisi olan İzmirə- İzmir  Universitetinə dəvət edir, onları gözləyirik.

N. Əhmədov

 





18.04.2013    çap et  çap et