525.Az

Lester Universitetinin prezidenti: "UNEC-lə əməkdaşlıqda maraqlıyıq"


 

Lester Universitetinin prezidenti: "UNEC-lə əməkdaşlıqda maraqlıyıq"<b style="color:red"></b> Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub.

UNEC-dən 525.az-a verilən məlumata görə, universitetin prezidenti, professor Paul Boyle, strateji əməkdaşlıq üzrə direktor Maykl Qrin və Bakı regional menecerləri UNEC-də tətbiq olunan yeniliklərlə tanış olub, Maliyyə və İnnovativ bankçılıq laboratoriyalarına baxış keçiriblər.

Universitetin prezidentinə Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti haqqında məlumat verilib. Eyni zamanda “Elektron Universitet” modeli və “Differensial əməkhaqqı sistemi” haqqında təqdimat nümayiş etdirilib. Xarici qonaqlar universitetdə mərkəzləşdirilmiş qaydada aparılan test imtahan sistemi ilə də maraqlanıblar.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti universitetdə tətbiq edilən yenilikləri yüksək qiymətləndiriblər. UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinin və regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsi olmasının universitetlər arasındakı əməkdaşlıqda mühüm rol oynadığını bildiriblər. Prezident Boyle innovativ ideyalar əsasında fəaliyyət göstərən UNEC-lə dərin və uzunmüddətli strateji tərəfdaş olmaqda maraqlarını ifadə edib.

Görüş zamanı UNEC-lə Lester Universiteti arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi müzakirə edilib.

Radio UNEC-in qonağı olan professor Paul Boyle universitet haqqında təəssüratlarını bölüşüb.

Qeyd edək ki, UNEC-in 3 tələbəsi təhsillərini “Erasmus+” mübadilə proqramı çərçivəsində Lester Universitetində davam etdirirlər.
 





13.02.2017    çap et  çap et