525.Az

"Sevgililər günü"ndə gəzişmə


 

"Sevgililər günü"ndə gəzişmə<b style="color:red"></b>

İşdən yenə yorğun qayıdıb metroya düşürəm. Eskalator elə asta yeriyir, adamın canı sıxılır.

Nəhayət, platformadayam. O ağ zolağın qabağında. "Xətdən kənarda dayanın!". Oldu. Kənardayam onsuz da. Bu səsi batmamış, hardan bilsin ki, ürək xəstəsiyəm. Bir az sıxlıq olanda nəfəsim çatmır. Tez köynəyimin yuxarı düymələrindən bir neçəsini açır, yaxamı boşaldıram. Əllərimi boğazımda gəzdirib başımı fırlayıram. Aha... Sol tərəfdə iki oğlan. Birinin əlində bağlama, o birinin əlində plastik qızılgül. Beynimin otaqları bir anlıq işıqlanır. 14 fevral?

Qara kostyumlu, ağ köynəkli, qalstuklu oğlan şax dayanıb. Paltarının ütüsündən hiss olunur ki, məsələ ciddidir. Üzündə elə bir xoşbəxtlik var ki, bu təbəssümü ancaq "Kolqeyt"in reklamında görərsən. Dişləri parıldayır.

- Möhkəm yapış, açılar.

Yoldaşı bir az cansızdı. Əlindəki sarı, naxışlı bağlamanın ağ ipini sığallayıb qız nəvazişiylə söz atır:

-Narahat olma, toya getməyəcəm.

-Nə toy ala? - Kostyumdakı gəncin onurğası dikəlir.

- Rəsmi tədbirə gedirsən, yoxsa qızla görüşə?

Geyim zövqləri fərqlidir, amma ikisi də elə eyni yuvanın quşudur. Əlində qızılgül tutan mənə tərəf çönüb qalstukunu düzəldir.

- Elə-belə adamlarla oturub-durmuruq, - əli boğazında, buğa kimi başını asta-asta yellədib böyürür.

Nə qədər hay-küy, nə qədər söz-söhbət, uğultu olsa da, yerin altında ölü sükut var. Bu səssizliyi isə ancaq vaqonların nəriltisi basdıra bilər. Metro özünü yetirir, qapılar açılır və əllərində hədiyyə sevgililəri üçün geyinib-keçinmiş iki yaraşıqlı gənc sürət və vıyıltının içinə atılır. Mən də ardınca...

Vaqondakı insanlara göz gəzdirirəm. Əlamətdar bir gün deyil. Həmişəki yorğun-arğın, acıqlı, kədərli, buz simalar. Ancaq bu günün sevgililər günü olduğuna əminəm. Olsun ki, gənclərimiz ya mənim kimi fərasətsizdir, ya da ümumiyyətlə, bu ölkədə gerçək gənc yoxdur. Bu iki kavalerdən başqa.

Onları eşitmək mümkün deyil. Yəqin ki, çıxışacan beynimdə çək-çevir edəcəm. Hələliksə gözlərim mexaniki qapıyla pəncərənin arasında istedadla vurulmuş bir plakata sataşır. Bu, Bakının kinoteatrlarından birində yayımlanacaq filmin reklamıdır. Məhəbbət filmi olsa, yerinə düşərdi. Təəssüf. Ağlıma isə ilk Romer gəlir. Frederikin soyuq ehtirası. Bu günün Bakısı - dünənin Parisi...

Erik Romerin "Günortadan sonra eşq" filmi əxlaqi dilemma yaşayan, amma heç cür seçim etməyi bacarmayan evli bir kişinin həyatından bəhs edir. Frederik ailəli də olsa, başqa qadınlara da meyllidir və cavan bir xanımla münasibət qurmağa can atır. Ancaq mümkün deyil. O, sevgi münasibəti qurmağa çalışdığı dostu ilə heç vaxt sevişə bilmir. Çünki Frederik prosesin sonunu, nəticəni düşünür, bu isə hər şeyi alt-üst edir. Həyat düzxətli yaşam deyil axı. Kələfin ucu isə burdadır: arzular, ehtiraslar öz-özünü necə itələyə bilər?

Frederik xəyal qurur. Özünü şəhərin ağuşuna at, küçəyə çıx və qarşına çıxan ilk qadına ürəyindən keçənləri de. Misalçün, səninlə çay içə bilərik? Olar, içək. Hər qadının öz cavabı var. Xəyallar isə sərhəd tanımır. Ancaq reallıq necədir? Küçədə bir qadını saxla və gəl sevişək de. Gör şillə hansı üzünə yapışır?

Metroda eyni vaqonda yol getdiyim oğlanların, sözsüz ki, bu cür dərdləri yoxdur. Allahın sözü olmasın, "nə xoş onların halına".

Frederik isə düşünür: "Bir qadın görəndə daha onları "işə yarayar" və "yaramaz"  təsnifatına ayırmıram. Ağzımın dadını itirdiyimdən yox. Hansı kriteriyalara görə hökm verəcəyimi bilmirəm".

Öpüşmək, qucaqlaşmaq istəyi özüylə gətirdiyi böyük əngəlləri, problemləri hədsiz məharətlə gizləyir. Qadın birdəfəlik üzqırxan, plastik stəkan deyil. Sevdiyin adamı tapmaq, ailə həyatı qurmaq, övlad sahibi olmaq - bunlar ki ciddi məsələlərdir. Deməli, sevgilin varsa və onunla ciddi düşünürsənsə, artıq bütün qadınlardan imtina etməlisən.

Amma əgər deyirsinizsə ki, bu, bayağı yanaşmadır, o zaman gəlin əxlaqsızlığın qapılarını üzümüzə açaq. Kişi-qadın münasibəti insan şəhvətinin misilsiz, qırılmaz estafetidir...

Frederik bir az soyuq, bir az şən, bir az da yorğun düşüncələrə dalıb. Avtobusda qarşısında oturan bir qıza (dizlərində imtahan kağızları, çox güman, dərslə məşğuldur) diqqətlə baxır: "Bəs bu gənc xanımla üç il əvvəl tanış olsaydım? Diqqətimi çəkə bilərdimi? Ona aşiq olub ondan uşağım olmasını istərdimmi?"

Biz kişilərin daxilində, şübhəsiz, düşüncəli, romantik bir Frederik gizlənib. Amma gənclik fikirdən daha çox duyğuya bənzəyən qəribə bir xəyalla da dövrələnib: evlənsək, canımız qurtaracaq. Evlilik xəyallarımızda istər-istəməz bir intim çalar var və bu şərtdir. Amma bütün təcrübəsizliyimizə rəğmən yenə də evliliyin qurtuluş olmadığını bilirik.

Doğrusu, Müqəddəs Valentin günü bu kimi düşüncələr üçün uğurlu gün deyil. İndi hansısa bir qız sevgilisindən axşam yeməyi gözləyir, ya da al-qırmızı gül. İndi yəqin ki, Bakının soyuq, küləkli parklarından birində fevral günəşinin təsirsiz şüaları altında iki bədən bir-birini isidir. Onlar çoxdan evlilik xəyallarını qurub qurtarıblar, ya da ki, gün keçirirlər. Bu məqamda durub sevgi münasibətlərinə fəlsəfi don geyindirmək nəyə gərəkdir? Ancaq bir Frederik kimi düşünsək, axı bütün bunların nəticəsi nədir? Bizlərə həqiqətən də sevgili lazımdır? Əlbəttə! Qaçılmazdır.

Metronun çıxışında uzaqdan durub izləyirəm. Sağollaşırlar. Hərəsi  bir tərəfə üz tutur. Əlində sarı bağlama tutan qırmızı kapüşonlu oğlan parka tərəf götürülür.

Skamyalar sudur. Oturmaq olmaz. Ancaq yerimək. O başa-bu başa. İkimiz də gözləyirik. Ürəyinə xal düşməsin deyə, bir xeyli uzaqlaşmışam. Elə bil marıqdayam. Gəzişənlər, gəlib-keçənlər çoxdur. Fürsət tapıb hərdən-hərdən göz qoyuram. Valentini deyə bilmərəm, ancaq eşq müqəddəsdir. Gör insanı bu yağışlı-çiskinli gündə hara gətirib-çıxarıb. Di gəl, eşqin də ömrü çox deyil. Bir qadının saçlarının ətrindən, dodaqlarının dadından, gözlərinin işığından bezikib yenidən yola, axtarışa çıxmaq. Sevgi deyəsən elə bir qadını ayaqlayıb başqasına doğru yol açmaqdır. Əgər sevməyi bacarırsansa.

Əxlaqsızlıq bir xilas yolu kimi görünə bilərmi? "Sevgililər günü"nü bizlərə yadigar qoyan Müqəddəs Valentindir. Onun qətlinə sərəncam verən imperator II Kladius evliliyi qadağan etmişdi. Valentin isə əxlaqsızlığa rəvac vermişdi. Məncə, bunların ikisini də baş-başa çırpmaq lazımdır. Axı bunlar ikisi də eyni məqsəd üçün şərait yaradır.

Mənə elə gəlir, bu gün daha çox qadınları "işə yarayan" və "yaramayanlar"a ayıranların günüdür. Saf məhəbbət arayanlar, sadədil aşiqlər isə bu gün bir xeyli gülünc görünürlər.

Parka əncir mürəbbəsi kimi süzülə-süzülə bir qız girir. Sarı bağlama, sarı saçlı qız... Söz dodaqlarındır.

 





14.02.2017    çap et  çap et