525.Az

Şairin yaşı olmur


 

Şairin yaşı olmur<b style="color:red"></b>

Sabir Abdin. Şair - nəğməkar şair. Bu ad, bu imza neçə illərdir qoşulub sözün karvan köçünə.

Nəğmə-nəğmə dillərdə, bəstəkarların dodaqaltı zümzümələrində, gitaranın barmaq toxunan simlərində, əslində barmaqların uclarında belə kövrək-kövrək ağlayır Sabir Abdin şeirləri. Bu kövrəklik onun poeziyasının durna qatarından düşən, qəlbinin dərin qatlarından gələn, düşüncələrində yoğrulan bir fəryaddır. Mən Sabiri tanıyandan O bu söz qatarı ilə mənzil-mənzil addımlamaqdadır:

Üzümə bağlıdır açıq qapılar,
Köhnə qapıların cəftəsi paslı.
Kim bilir bəlkə də itib açarı,
Qıfılı qapıda qalıb asılı.

Doğrusu, bu misralar elə bil mənim, sənin, onun, hamımızın üsyankar səsimizdir. Bu dörd misranın hər birində Sabir Abdin fəlsəfəsi, Sabir Abdinin iç dünyasının üsyankar səsi mərd, mübariz bir şairin söz harayı var.

Sabir Abdinin "Yağış pıçıltısıyam" şeirində çox mənalı, eyni zamanda düşündürücü fikirlər çoxluq təşkil edir.

Oxuya-oxuya düşünürəm, Sabir şahmat oynayır. Ən qəribəsi də onun bu misraları iki xoşbəxt sevginin hardan və necə yaranması, sonda isə yaradan uca Allaha qovuşması çox ustalıqla qələmə alınıb.
Sabirin lirik şeirlərində sevgi duyğuları bir qəlbin bulaq zümzüməsi, yarpaq xışıltısı, əsən küləyin, çiçəklərin yanaqlarını sığallaması kimi lirik bir simfoniyanı xatırladır.

Hər səhərə dil açan,
Hər axşama əl açan,
Hər gecəyə qol açan,
Bir sən idin, bir də mən.

Biz hər birimiz deyirik: Bu Vətən mənim canımdır, qanımdır, anamdır. Bu Vətən üçün canımı verərəm, ölərəm. Sabir Abdin isə yazır.

Mən də bir Vətənəm,
Qana qan demirəm, qanım durudur.
Tökülən qanları torpaq qurudur.
Ürəyim gözümün sevgi yurdudur.

Sabir bir şair kimi Vətəni varlığı qədər sevən və Vətənləşən şairdir.

Mən də bir vətənəm,
Şərbət əvəzinə zəhər içmişəm.
Sevinc əvəzinə qəhər içmişəm,
Bütövləşmiş Vətən yolu seçmişəm.

Vətən yolunu seçən, haqqı sevən, haqqı qoruyan yalnız şair ola bilər. Sabir Abdinin "Adını sən seç" şeirlər kitabı onun dərin düşüncələrinin fəlsəfi mayasından yoğrulub. Kitabın 70-ci səhifəsində "Yağ ömrümə, yaz yağışı"  bu qəribə misraya donub qaldım. Ən çox sevdiyim yağışdır. O yağış ki, uca Yaradanın nurudur. Bu nurda dualar qəbul olunur.

Pəncərəmin göz yaşısan,
Yağ ömrümə, di yağsana.
Bircə hovur məni ovut,
Qalıb əlac, ümid sənə.

Şeiri oxuyanda bütün yorğunluğum bir anda yox oldu. Sabirin yağışında bir sevgi var. Sabir öz yağışında islana-islana neçə-neçə şeirlərinin toxumlarını göyərdib.

Sabir şeir yalnız onu tapdığı anda yazır. Onun şeirləri Yardımlı bulaqlarının suyu kimi dupduru, gözseçməsidir.

Şair "Əlli yaşıma"  şeirində yazır:

Yığıb gözlərinə buz bulaqları,
Dağlardan, daşlardan keçib gəlirsən
Qaralır ömrümün ağ vərəqləri,
Sən lap uzaqlardan köçüb gəlirsən.

Əziz qələm dostum! Mən neçə-neçə illər belə ta tələbəlikdən üzü bu yana səni şair kimi tanımışam.  "Əlli yaşıma"  şeirini oxuyanda bir anlıq düşündüm. Əslində, şairin yaşı olmur. Onun şeirlərinin yaşı olur. Hər yazılan şeir oxucu ürəyinə hakim olduqca ünvan-ünvan, mənzil-mənzil, yaddaş-yaddaş yaşayır.
Şair Sabir Abdinin də yaşı bilinmir.

Dəyanət SƏLİMXANLI   

 





14.02.2017    çap et  çap et