525.Az

Səndən qeyri kimim var, Vətən?!


 

Səndən qeyri kimim var, Vətən?!<b style="color:red"></b>

Əziz oxucular! Ağlasığmaz, xəyalagəlməz 20 Yanvar gecəsinin dəhşəti məni yaman günə qoymuşdu. Bu müdhiş gecədə gözlərim qan ağlayır, ürəyim sinəmi döyür, döyəcləyirdi.
 
Gecəni diri gözlü açdım. Dan sökülər-sökülməz mürgülədim, vəhydən bir bayatı gəldi qondu sinəmə, ayıldım:

Qan sızlar,
Sinəm qandı, qan sızlar.
Qansıza bel bağlama,
Qansız olur qansızlar.

Bu misralarda ünvan aydın, hədəf aydın, törədilən vəhşilik, cinayət açıq-aydın. Hər şey unudulsa da, bu qanlı tarixi xalqımız nə unudar, nə yaddan çıxarar. Xəyanəti qiyamətə qoymazlar.

Artıq həmin gündən iyirmi yeddi il keçir. Yaralarımız sağalmır ki, sağalmır. Ürəyimizdə qövr edir, sızıldayır. Bu illər ərzində bayatı mənim ürək dostum, can sirdaşım, könül qardaşım olub. "Anam birdi, vətən tək", "Xan çinar kölgəsində", "Başı çalmalı dağlar" adlı üç cildliyim işıq üzü görüb, sizlərə təqdim edilib. Hazırda qələmə aldığım bayatılarım "Ana laylası, beşik nəğməsidi" adlı dördüncü cildini çapa hazırlayıram. Onlardan torpaqla, vətənlə bağlı bəzilərini sizlərə ərmağan etməkdən şərəf duyuram.

Açılmır,
Tökülür qan açılmır,
Qarabağın tilsimi
Tilsimlənib, açılmır.

Candan yanan,
Ürəkdən, candan yanan.
Ölsə də of söyləməz,
Vətənə candan yanan.

Çətin qaya,
Çətinim, çətin qaya.
Sinəm səngərin olsun,
Mərd qaya, çətin qaya.

Dağlaram,
Dağ çəkərəm, dağlaram.
Vətənə göz dikənin
Gözlərini dağlaram.

Dar bəndim,
Dar keçidim, dar bəndim.
Ulularım ulusu,
Dəmirqapım, Dərbəndim.

Daşına,
Qayasına , daşına.
Canım qurban vətənin,
Torpağına, daşına.

Dəyən oğlu,
Yetişən, dəyən oğlu.
Nə çoxdu Kəlbəcərin,
Canlara dəyən oğlu.

Dil bir ol,
Dilim, bir ol, dilbir ol.
Hər nə var birlikdədi,
Elim bir ol, el, bir ol.

Əsir hey,
Hey dolanır, əsir hey...
Gah Xəzri, gah Gilavar,
Qəlbimizə əsir hey.

Fərəhim,
Qürur yerim, fərəhim.
Bu xalqım, bu vətənim,
Adım-sanım, fərəhim.

Gələcək,
Bir az da döz, gələcək.
Böyük uğur, qələbə
Qarşıdadı, gələcək.

Gəlmişəm,
Gəncədəyəm, gəlmişəm.
Cavad xanın qəbrini
Ziyarətə gəlmişəm.

Gedirəm,
Yol yormağa, gedirəm.
Ana vətən gözləyir,
Qorumağa gedirəm.

Gedirəm,
Yollar açıq gedirəm.
Anam Təbriz gözləyir,
Anamgilə gedirəm.

Görəcəm,
Vətən, Sizi görəcəm.
Tanrıdan möhlətim var,
Şuşam, səni görəcəm.

Götürər,
Şərəf  bilər, götürər.
El yolunda şəhidi
El tökülər götürər.

Hayqırır,
Haray salır, hayqırır.
Dalğalar savaşında
Xəzər coşur, hayqırır.

İman yerim,
Din yerim, iman yerim.
Taleyimsən, ey vətən,
İnamım, iman yerim.

Kimim var,
Qurban sənə, kimim var?
Ana vətən, can vətən.
Səndən qeyri kimim var?

Köç gedək,
Sür atını, köç gedək.
Bizsiz qalan dağlara
Elim-obam, köç gedək.

Köçəköçdü,
Hay-haray, köçəköçdü.
Elat yaylağa qalxır,
Qovqahov, köçəköçdü.

Kurqanlar,
Şiş təpələr, kurqanlar
Oğuzda yan-yanadı
Altı məzar kurqanlar.

Qalalar,
Qayalıqda qalalar.
Ər-ərənlər yığnağı,
Qürur-məğrur qalalar.

Qalalar,
Dar keçidlər, qalalar.
Qəbələyə arxadı,
Ər-ərənlər qalalar.

Qalalar,
Mərd igidlər, qalalar.
Hamısı canlı tarixdi,
Qəbələdə qalalar.

Qalandı,
Qalacaqdı, qalandı.
Tarix görmüş bu qala,
İgidlərdən qalandı.

Qan salan,
Qan-qan deyən, qan salan,
Od-ocağın boş qalsın,
A yurduma qan salan.

Qan varsa,
Qanlı oğul, qan varsa.
Vətən ağ günə çıxar,
Torpağında qan varsa.

Qan uddur,
Qana bələ, qan uddur.
Torpağıma göz dikənin,
Torpağında qan uddur.

Qarşına,
Yan-yörənə, qarşına...
Vətən üçün şəhid ol,
Ölüm çıxsa qarşına.

Qız qala,
İsmət qala, qız qala.
Əl çatmaz, ün yetməzdi.
Dağ zi rvəsi, Qız qala.

Qoca dağlar,
Qocadan qoca dağlar.
Xocamdı, əfəndimdi,
Müdrikdi, qoca dağlar.

Yollarımda,
Azadlıq yollarımda.
Qırar, parçalayaram
Zənciri qollarımda.

Qoynunda,
Qalam dağlar qoynunda.
Ömrümün qürub çağı,
Gedəm, öləm qoynunda.

Qovuşur,
O tay, bu tay qovuşur.
Nə gözəldi, İlahi,
Araz Kürə qovuşur.

Məlhəmdi,
Məlhəm kəndi məlhəmdi.
Min bir dərdin dəvası,
Həm təbib, həm məlhəmdi.

Məzarı,
Nəzrədədi məzarı,
Şair, alim, xocanın
Bədrəddinin məzarı.

Nargində,
Qana batdı Nargin də.
Neçə can, neçə ürək,
Güllələndi Nargində.

Nə dərdim,
Nə məlhəmim, nə dərdim?
Kəlbəcəri alan gün
Ölsəm, getsəm, nə dərdim7

Neynirəm,
Mülkü-malı neynirəm?
Vətən yoxsa, el yoxsa,
Yaşamağı neynirəm?

Ocağa dön,
Pirə dön, ocağa dön.
Baba yurdu ocaqdı,
Ocaq çat, ocağa dön.

Öpərlər,
Vətən bilər, öpərlər.
Qarşısında diz çöküb,
Al bayrağı öpərlər.

Uca tutun,
Ucaldın, uca tutun.
Bayraq dövlət rəmzidi,
Bayrağı uca tutun.

Ürəyim,
Gözüm, könlüm, ürəyim.
Xalqımı xoşbəxt görsə,
Dönər dağa ürəyim.

Ürəkdən,
Bağlan qəlbdən, ürəkdən.
Ana vətən sevilər
Canı-dildən, ürəkdən.

Vətəndi,
Qanım-canım vətəndi.
Ürək boyda bu qala
Dünya boyda vətəndi.

Vətəndi,
Müqəddəsdi, vətəndi.
Dalğalanır al bayraq,
Bayraq da bir vətəndi.

Yaşasın,
Ömür sürsün, yaşasın.
Xalqını yaşadanlar
Xalqım qədər yaşasın.

Yal-yamac,
Dərə-təpə, yal-yamac.
Gözəllik sərgisidi
Dağ sinəsi, yal-yamac.

Yanmasaq,
Alov saçıb yanmasaq.
Yurdumuz kor qalmazmı
Od tutmasaq, yanmasaq?

Samirə,
Şəhri-Bağdad, Samirə,
Babəki öldürəndə
Ağladımı Samirə?

Təbrizdə,
Şəhri-qədim Təbrizdə,
Nə ola gedəm, görəm.
Öləm-qalam Təbrizdə.

 





14.02.2017    çap et  çap et