525.Az

Etibara - İmamverdi ocağına


 

Etibara - İmamverdi ocağına<b style="color:red"></b>

Salam, əziz Etibar!

Məktubunu haqqımda yazılmış gözəl bir məqalə kimi oxudum.

"Seçilmiş əsərlər"im barədə dediyin qiymətli fikirlərə görə təşəkkür edirəm. Sən elə bir ədəbi mühitdə, ziyalı ailəsində böyümüsən ki, mənə yazdığın məktubu başqa cür də təsəvvür etmirdim.

Elə bir pak ocaqdan gələn istiliyi duymamaq olardımı!

Mərhum atan İmamverdi müəllim xətrini istədiyi elə bir yazıçı olmayıb ki, təsbeh kimi düzülmüş xəttilə yazdığı dostluq məktubu indi onun arxivində olmasın.

Bu ədəbi məktublar çap olunanda görəcəklər ki, Sovet dönəmində və Müstəqillik illərinin ilk dövründə görkəmli yazıçılarımız, eləcə də onların əsərləri haqqında nə qədər qiymətli, gərəkli fikirlər deyilib.

Bu nadir sənətkarın ədəbi məktubları Səttar Bəhlulzadənin rəsmləri kimi, hələ müxtəlif qələm dostlarının evlərindədi. O da əsərlərinin orijinalını dostlarına, tanışlarına hədiyyə edirdi.

Səttar Bəhlulzadə paytaxtda yaşayırdı. Azərbaycan təbiətini, onun günəş işığını, qibləsini kətan üzərinə köçürürdü.

İmamverdi Əbilov paytaxtda yaşamırdı. Əyalətdə paytaxt təfəkkürü ilə yazıb-yaradır, Azərbaycan ədəbiyyatı barəsində dəyərli fikirlərini varaqlara öz xəttilə köçürürdü.

Əlbəttə, bütün müqayisələr nisbidir. Amma bir həqiqətdir ki, çox mətləblər adətən müqayisələr zamanı üzə çıxır.

Məktubunda mənə də əziz olan yazıçıların, alimlərin, sənət adamlarının adlarını çəkirsən. İstər-istəməz nostalji hisslər keçirməli oluruq. Göndərdiyin şəkildə (buna görə çox sağ ol) aramızda əyləşən Xalq artisti Məmmədrza Şeyxzamanovu gözəl xatırlayıram.

Gəncədə, indiki Pedaqoji Universitetində oxuduğum illərdə iki görkəmli şəxsiyyətlə yaxından tanış idim: bəstəkar Qəmbər Hüseynli, bir də C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının artisti Məmmədrza Şeyxzamanov. İlahi insanlar idilər. Mən də onlardan yer dərsi yox, bəlkə də göy dərsi aldım: qanad açıb uçmaq! Əslində isə paklıq, düzlük, halallıq dərsi!

Böyük şairimiz H.Cavid (indi bunlar necə də "arxaik" səslənir!) gözəl deyibdi:

Yerə enməm də, səma şairiyəm!

Peyğəmbərimizin kəlamları da göylərə - paklığa çağırış deyilmi!

Mənim ilk şeirim də Gəncədə çap oldu. "Gəncə" qəzetində. Gəncə onda vilayət statusu almışdı. Sonra ləğv elədilər.

1953-cü ildə Gəncə İnstitutunu bitirəndə, iyirmi üç yaşım var idi. Məni Bakıya, paytaxtımıza qardaşəvəzi Qəmbər Hüseynli gətirdi. Şəhəri ilk dəfə görürdüm. Gələn günü böyük şairimiz Bəxtiyar Vahabzadəgilə getdik.

Bizim uzun illər davam edən qələm dostluğumuzun bünövrəsini o böyük, o təkrarsız bəstəkarımız qoydu.

Bir neçə il öncə, "Nuru Paşa" poemasını yazmazdan qabaq, tarixi mənbələrlə tanış olurdum. Azərbaycan Akademik Milli Dövlət Dram Teatrında çalışan Xalq artisti Məmmədrza Şeyxzamanovun əmisi oğlu Nağı Şeyxzamanov haqqında da bir yazıya rast gəldim.

Azərbaycanın "olum, ya ölüm" vəziyyətinə düşdüyü vaxtlarda o, Gəncədən Türkiyəyə gedir, Osmanlı hökumətinin rəhbərlərindən Ənvər Paşa ilə görüşür. Bakının ağır, çıxılmaz vəziyyətini olduğu kimi danışır.

Mənbələr xəbər verir ki, Ənvər Paşa qardaşı Nuru Paşanın komandanlığı ilə Türk Azadlıq  İslam ordusunu Bakının köməyinə göndərir.

İndi "Şəhidlər Xiyabanı"nda Bakının azad olunmasında şəhid olan türk qardaşlarımızın şərəfinə xatirə obeliski ucaldılmışdır. Azərbaycan Türk bayrağı yanaşı durur.

Nuru paşa daşnak-bolşevik (erməni-rus) hərbi birləşmələrinin millətimizi elliklə qırmasından xilas edib.

Bu günlərdə mənə məlumat verdilər ki, Leninin təzə teleqramı tapılıb: "Bakını  ala bilməsələr, şəhər yandırılsın".

Sovet hakimiyyəti dövründə belə məsələləri açıb-ağartmırdılar. Arxivlər təbiidir ki, sovetlərin ixtiyarında idi. Nə yaxşı ki, millətin taleyinə Ulu Öndər çıxdı. Vətənimizin dostunu-düşmənini bizə tanıtdı.

Yeri gəlmişkən deyim ki, Mirzağa Quluzadənin atana yazdığı məktubda verdiyi tövsiyələr də çox xoşuma gəldi. Oğlu Vəfa müəllimi tanıyırdım. Əvvəllər Azərbaycan KP MK-da şöbə müdiriydi. Sonralar siyası icmalçı kimi nüfuz qazanmışdı. Cəsarətli adam idi. Yas yerində danışırdı ki, İranda oğlunun müalicəsi mümkün olmayandan sonra Bakıya qayıtmaq üçün çoxlarına müraciət edir. Əli hər yerdən üzülür. Əlacsız qaldığını görüb, birbaşa cənab Prezident İlham Əliyevə zəng vurur. O, şəxsi təyyarəsini İrana göndərir, Azərbaycan vətəndaşının köməyinə çatır.

Oğlunu itirən ata yas yerində cənab Prezidentə razılıq üçün söz tapa bilmirdi. Mən bunun şahidi oldum.

Bu, əlbəttə, insandakı insanlığın zühuru, bəlkə də nadir təbiət hadisəsiydi.

Əzizim Etibar, "Çalıquşu" romanı ilə bağlı təsvir etdiyin səhnəcik ziyalıların ən ağrılı yeridi. Neyləyəsən ki, indi mənəviyyatsız adamlar, bioloji tərəfdən daha çox görünürlər.

Buna görə Şekspir deyirdi:

O, öldü, ancaq yaşadığı illərdə yox, öləndə həyatını daha ləyaqətlə başa vurdu (sətri tərcümə).

Səni öpürəm.

Sağ ol, Etibar. Hələlik.

Əmin Nəriman HƏSƏNZADƏ

03.02.2107

 





14.02.2017    çap et  çap et