525.Az

"Tufan" milli zirehli maşını təqdim edildi


 

"Tufan" milli zirehli maşını təqdim edildi<b style="color:red"></b> Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib.
 
Nazirliyin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin konsepsiyası nazirliyin mütəxəssisləri tərəfindən altı ay ərzində reallaşdırılıb.
 
Zirehli maşının yalnız aqreqat və şassi hissələrində donor detallardan istifadə olunub. Ağırlığı 12,3 tona çatan “Tufan” zirehli maşını 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malikdir. Zirehli maşının heyəti “STANAG-4569” ballistik qoruma standartının tələblərinə uyğundur. Bu isə real döyüş və antiterror əməliyyatları zamanı daha təhlükəsiz mobil üstünlük deməkdir.
 
Çəkisinə baxmayaraq, zirehli avtomobil şosedə saatda 85 km sürət yığır və yolsuzluqda olduqca yüksək keçid qabiliyyətinə malikdir. Hündür klirens və tam ötürmə sayəsində, “Tufan” zirehli maşını 65 sm dərinlikdəki xəndəkləri və 1,2 m su maneələrini rahatlıqla keçir. Dəf edilən eniş və yoxuşun səviyyəsi 30 dərəcə, yamacın isə 18 dərəcədir. Yerində dönmə radiusu 20 metrə çatır. Zirehli maşının uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. MRAP “Tufan” maşınının gövdəsi xüsusi markalı homoqen zirehli poladdan hazırlanıb və əsas hissələrdə qaynaq deyil, məhz əymə üsulu ilə öz formasını alıb.
 
“Tufan” zirehli maşınının üzərində universal döyüş modulu quraşdırılıb ki, bu məhsul da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunub. Qurğunun yüksək dəqiqli optik və elektron cihazları sayəsində 2 km-dən çox məsafədə olan düşməni aşkarlamaq, bir neçə hədəfi prioritetlərə bölmək və məhv etmək mümkündür. Modulu 12,7mm çaplı NSVT-12,7 tipli pulemyot, tank əleyhinə idarə olunan raket sistemi və ya avtomatik qumbaraatan ilə təchiz etməklə istənilən hava şəraitində və hətta gecə tətbiq etmək olar. Avtomatik idarəetmə, sursatı doldurma və optik müşahidə sistemləri, döyüşçüyə zirehli gövdəni tərk etmədən 360 dərəcədə atəş aparmağa imkan verir.
 
Müxtəlif şəraitlərdə və istismar rejimlərində poliqon yürüş sınaqları keçirilən “Tufan” zirehli maşını və universal döyüş modulu peşəkar hərbiçilərin və sahə üzrə mütəxəssislərin təklif və məsləhətləri nəticəsində, seriya öncəki prototip real döyüş şəraitinə uyğunlaşdırılacaq və məntiqi həllərlə zənginləşdiriləcəkdir. Bununla da, tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası Müdafiyə Sənayesi Nazirliyinin istehsalat sırasına yeni tam milli məhsul – “Tufan” zirehli maşını daxil ediləcək.
 





14.02.2017    çap et  çap et