525.Az

Azərbaycan poeziyasının çağdaş mənzərəsi haqqında qeydlər


 

Azərbaycan poeziyasının çağdaş mənzərəsi haqqında qeydlər<b style="color:red"></b>

İnsanın bəxtiyarlığı uğrunda mübarizə hər bir ədalətli cəmiyyətin humanist mahiyyətini müəyyənləşdirən meyardır.

Ədalətli cəmiyyət insana məhəbbət, onun inkişafı və istiqbalı üçün qayğı göstərməklə məhdudlaşmır, şəxsiyyətin hərtərəfli kamilliyi üçün zəruri olan bütün şəraiti yaradır. Zira insandan qiymətli sərvət yoxdur və olması da mümkün deyildir. Ölkə, dövlət və cəmiyyət insanın haqq və hüquqlarını, azadlıqlarını, bir sözlə, ədaləti təmin etməyə xidmət göstərməlidir.

Ədəbiyyatın humanist mahiyyəti insan və onun həyatı haqqında ən xeyirli, insanpərvər idealları irəli sürməkdə öz ifadəsini tapır. Millətin inkişafı, el-obanın səadəti, xeyirli və ədalətə əsaslanan həyatı bərqərar etmək üçün mübarizə həmişə tərəqqipərvər söz sənətinin diqqət mərkəzində olmuş və olmaqda davam edir. Həyatda baş verən hadisələr, mürəkkəb ictimai cərəyanlar söz sənətinə təsir etdiyi kimi, ədəbiyyat da öz növbəsində ədalət, azadlıq, müstəqillik, hürriyyət qayələrinin bədii təcəssümü ilə həyata həyatbəxş təsir göstərir. Təbir caizsə, ədəbiyyatı həyatın barometri adlandırmaq mümkündür.  XX əsr Azərbaycan poeziyasına baxdıqda bu dövrdə qardaşlarımızı hansı fikir və düşüncələrin məşğul etdiyi, onların arzu və ümidləri, dərd-qəmi ilə tanış ola bilərik. Azərbaycan ədəbiyyatı əzəldən böyük ədəbiyyatdır. Azərbaycan xalqı yalnız öz millətini deyil, ümumtürk və dünya ədəbiyyatını nadir əsərlərlə zənginləşdirən böyük şair və ədiblər yetirmiş xalqdır. Bu yerdə böyük Nizami Gəncəvi, Nəsimi və Məhəmməd Füzulini yada salmaq kifayətdir. Nizaminin yaratdığı qəhrəmanlar vətənin və xalqın xoşbəxtliyi, ədalətin təntənəsi üçün mübarizə aparan insanlardır. Sonrakı dövr, xüsusən ötən əsr Azərbaycan şairlərinin yaradıcılığına göz atsaq,  onların əsas mövzularının ədalətli, azad və hürr həyat olduğunu görə bilərik.

Məlumdur ki, ötən əsrin əvvəlində Azərbaycan öz milli dövlətini bərpa etmiş, lakin çox keçmədən qızıl imperiya bu dövləti yox etmiş, ədalət tapdanmış, xalq əsarətə salınmışdı. Bu, yüksək milli şüur sahibi bütün şairləri dərindən yaralamışdı. Ona görə də istedadlı şair Əli Nəzmi əsrimizin əvvəlində belə yazmışdı:

Ey  ədalət, ey mübarək kəlmə, sən
Var deyilsən varlar kimi, nə də yox,
Olsa idin, bilməyirəm, bəlkə mən,
Biri gülməz, ağlamazdı biri çox...

XX əsrin əvvəllərində güclü şairlərdən biri olan Məhəmməd Hadi onun səsinə səs verərək qeyd etmişdi:

Cahan başdan-başa meydani-matəmzad şəklində,
Fərəhlər  həbs olunmuş hüznlər azad şəklində,
Müsibətlər, bəlalər,qüssələr abad şəklində,
Ürəklər qəm oduylə hər zaman bərbad şəklində,
Baxışlar kölgəli, üzlər bütün naşad şəklində,
Bu matəmgahı kim görmüş sürurabad şəklində...

Azərbaycan şairləri həyatda olub-bitənləri, mübarizəni dərindən dərk edərək, özlərini cuşə gətirən hadisələri bədii təlqin vasitəsilə xalqa çatdırmağa can atdılar. Bu niyyəti gerçəkləşdirmək üçün yeni yollar, yeni üslublar, yeni vəznlər axtardılar. Bu vəziyyət bütün əsr boyu davam etdi və gözəl meyvələr verdi. Əlbəttə, dövrün təsiri ilə əsrin əvvəllərində bəzi şeirlərin bir qədər çılpaq tərzdə yazıldığını söyləyə bilərik. Lakin həqiqi istedad sahiblərinin niyyəti bunları qeyri-ciddi, çılpaq tərzdə deyil, poetik fikir şəklində üzə çıxarmaq idi. Bu qayə yüksək ictimai-estetik nüfuz kəsb etdi. Zira hər bir aktual qayə parlaq bədii obrazlar vasitəsi ilə, canlı və cazibəli şəkildə üzə çıxarılanda oxucu qəlbində özünə yer tapır, onu həyat haqqında düşünməyə, fikirləşməyə məcbur edir, bu yolla poeziya ictimai fikrin hərəkətverici qüvvəsinə çevrilir. Poeziyanın başqa ədəbi janrlardan fərqi budur ki, o, hissiyyat, hiss-duyğu vasitəsilə ağlı hərəkətə gətirir. Bu cəhətdən Əhməd Cavad, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq kimi ustadlar bayraqdar oldular.

Əsrin əvvəlində məşhur şairlərin yazdığı şeirlərdə millətin boynuna əsarət boyunduruğunun vurulmasından dərin iztirab ahəngləri vardır. Abdulla Şaiq 1921-ci ildə yazdığı "Sevgi hakim olmalı" şeirində: "Zor, güc hakim olan yerdə çiçəklənməz məhəbbət, Ürək bir nur ocağıdır - qaranlıqdan xoşlanmaz" deyirdi. Hüseyn Cavid eyni dövrdə yazdığı "Azər düşünürkən..." şeirində lirik qəhrəmanın iztirab dolu ürək sözlərini belə ifadə edirdi:  "Hər gün yaralar qəlbini bir sıtmalı röya, Hər gün uyudur dərdini bir nəşəli xülya". Bədri Seyidzadənin  bu illərdə yazdığı "Mən ağlaram!" şeirinin lirik qəhrəmanı çarəsizlik içində fəryad edirdi:

Mən ağlaram, çəməndə bülbül ağlar,
Gülşən ağlar, çiçək ağlar, gül ağlar.
 
Əhməd Cavadın "Nə üçündür?" şeirinin lirik qəhrəmanı dərd dolu sualları ilə oxucunu fikrə qərq edirdi: 

Bu sızlayan qəhqəhələr nədəndir?
Neçin belə son yaraşıq kəfəndir?
Kim yaratmış bu yerləri, göyləri?
Kim eyləmiş məni belə sərsəri?

Səməd Vurğun "Ceyran" şeirində ceyran obrazı vasitəsilə millətin gələcəyini ovçuların əlinə tapşırmağı qınayırdı. "Ovçunu", yəni xalqa köləlik boyunduruğu vuranları insafa, ceyranı öldürməməyə çağırırdı.

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Bu şeiri oxuyub, onu özbək poeziyası ilə müqayisə etsək, bənzər motivləri görərik. İlk olaraq XIX əsrin sonu - XX əsrin əvvəlində yaşayan özbək klassik şairi Fürqətin "Ovçu, burax ovunu" şeiri yada düşür:

Ovçu, burax ovunu, o bir avarə mən tək,
Al torunu boynundan, o bir biçarə mən tək. 

Poeziyada bənzər motivlərin, səyyar süjetlərin olması təbii haldır. Səməd Vurğun tərəfindən Fürqətin həmin şeirinin oxunub-oxunmadığı bizə məlum deyil, lakin millət dərdi onların ikisini də qələmə sarılmağa məcbur etmişdir.

Məşhur özbək şairi Abdulla Arifovun 1967-ci ildə çap olunan "Ahu" şeirinin leytmotivi də yuxarıdakı şeirlərə bənzəyir. Şair ahuya müraciət edərək:

Dəryalar qoynunda nəyi istərsən,
Niçin daim qəmgin, daim müztərsən.
Nəsə bir dərdin var, onu gizlərsən,
Sən də aşiqmisən yoxsa, ahucan? -

dedi və bu qəmin baisi "ovçunun cəbri sənə imkan vermir" deyə nəticə çıxardı. Azadlığın, müstəqilliyin tərənnümü, ovçunun - müstəbid qızıl imperiyanın cəbrinə qarşı baş qaldırmağa səsləyən bu şeirlər millətin gözünü açmaqda mühüm rol oynadı. Millət azad olmadan ədalətin bərqərar olması mümkün deyil. Ona görə də Azərbaycan şairlərinin yaradıcılığında azadlıq və ədalət qayələri güclü pafosla tərənnüm edildi. İstedadlı şair Mikayıl Müşfiq vətəni "üzü gülməyən xarabaya" oxşatdı, "başını bəlalı", "eşqini bəxtsiz" gördü. Şair "Yaşa, könül" şeirində "atdığı ox"un nişangaha deyil, "daşa dəyməsindən" şikayət etdi. Axırda Mikayıl Müşfiq totalitar qızıl imperiyanı şaxtalı qışa oxşadaraq, Azərbaycan xalqının ondan bezib, cana doyduğunu obrazlı misraların yardımı ilə ifadə etdi. Şiddətli soyuqda üşüyən adam isti günlərə, yaza necə həsrət duyursa, köləlik əzabından cana yığılan millətin də azadlıq və hürriyyət istəməsi o qədər təbiidir. Bu cəhətdən şairin "Dilənçi" şeiri çox səciyyəvidir:

Ey ixtiyar, sən ey zalim, məzlum dolu illərin
Ürəklərə kədər saçan, ələm verən töhfəsi,
Acı dolu, azab dolu, zülm dolu illərin
Mərhəmətsiz fırçalarla qaralanmış lövhəsi!

Sənin artıq vaxtın ötmüş,
Səni dövran səfil etmiş.
Fəqət onu, o sevimli qızcığazı,
Olma razı,
Qış dondursun, günəş yaxsın.
Burax onun əllərini.
Burax onun hörülməmiş tellərini.
Qoy buraxsın
Oxuduğu yanıq, xəstə havaları.
Burax barı,
Çağlayırkən yurdumuzda yaşayışın selləri.
Bəlkə öpsün gözlərini səadətin yelləri.

Mikayıl Müşfiqin iztirablı misraları istedadlı şair Əhməd Cavadın 1919-cu ildə yazdığı "Gəlmə" şeiri ilə həmahəngdir.

Könüllər bir dəniz, coşdurma onu,
Coşğun könüllərin  tufandır  sonu,
Sən, ey şimal yeli,
anlasan bunu:
Sənə boyun əyməz bu tufan, gəlmə!

Əhməd Cavad "şimal yeli" deyəndə qızıl imperiyanı, "tufan" deyəndə isə Azərbaycan xalqını nəzərdə tutduğu açıq-aydın şəkildə görünür. Bu fikirlərin millətini sevən, hürriyyətin və azadlığın qədrini bilən oxucu qəlbini lərzəyə salmaması mümkün deyildi.

Əlbəttə, Sovet İttifaqındakı başqa xalqların ziyalıları kimi, Azərbaycan ziyalılarının əksəriyyəti də oktyabr çevrilişindən sonra bolşeviklərin hürriyyət, təyini-müqəddərat, ədalət haqqındakı yalançı vədlərinə inanmışdı. Əslində, ədalət haqqında söylənən laflara deyil, həqiqətdə görülən işlərə baxıb qiymət vermək gərəkdir. Həqiqətən, çox keçmədən yalanların paxırı çıxdı. Amma fürsət tapan kimi qızıl imperiya ayağa qalxaraq millətin gözünü açmağa qadir olan ziyalıları cismən yox etməyə girişdi. 1937-ci ildən sonra başlanan qətliamda millətinin tərəqqisi yolunda can qoyan Əhməd Cavad, Əli Nazim, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi iyirmidən artıq ədib güllələndi. Bir sıra şairlərə millətçi, pantürkist damğası vurulub zindana atıldı, sürgün edildi. Millətini sevmək, onun gələcəyi haqqında düşünmək böyük suç, bağışlanmaz günah sayıldı. 20-30-cu illərdəki Azərbaycan ədəbi mühiti eynilə həmin dövrdəki Özbəkistanı yada salır. Millətini sevən, onun azadlığı üçün çalışan Behbudi, Çolpan, Fitrət, Münəvvərqari, Batu, Elbək kimi qələm sahibləri də repressiyaya məruz qaldılar.  O da var ki, eynilə Özbəkistanda olduğu kimi Azərbaycanda da millət içindən çıxan manqurdlar mənsəb, ad-san naminə qızıl imperiyaya yaltaqlandılar, düşüncə yoxsulluğu, qorxu mühiti yaratmağa xidmət etdilər. İstedadlı və cəsur şair Xəlil Rza belələri haqqında yazmışdır:

Haqqı yoxdur, doğuldum deyə elin qorxağı!
Vardır hər cinayətdə qorxaq əli, barmağı!..
 
Özbəkistanda səksəninci illərin üsyankar şairi kimi tanınan Şövkət Rəhmanın "Cəngdə" adlı şeiri də qorxaqlara və xəyanətkarlara bəslənən nifrət ruhu ilə yuxarıdakı misraları andırır:

Cəngdə ölən deyil
bunca bahadır,
üst-üstə yığılan xəyanətlərdən...
İ nan ki,
heç zaman səni aldatmaz
safdil elatların əsatirləri,
bunca bahadırı öldürəmməz cəng,
qorxaqlar öldürər bahadırları.

Şairlər azad düşüncəyə imkan olmayan bir şəraitdə ədalət, hürriyyət barədə duyğularını pərdəli şəkildə deməyə məcbur idilər. Ona görə Süleyman Rüstəmin  "Üsyan qaldır" şeirində Azərbaycan xalqının müstəqillik, azadlıq, ədalət duyğuları pünhandır. Şair "bədənini qayğı-ələm, əsarət əzən"  "qəflət yuxusunda"kı oxucunu "ruhunu o "mədəni" zatlar gəmirib bitirməzdən əvvəl gözünü açmağa, oyanmağa  çağırırdı. "Niyə sənin gözlərindən acı yaşlar axır? Niyə bayquş cövlan edir sənin yurdunda? Gənc qəlbində haqqını almaq niyyətin varsa ayağa qalx, onu yox et, qənimətdir hər bir dəm" deyə xitab edirdi.
Süleyman Rüstəm öz şeirini guya uzaq ellərin zəhmətkeş gənclərinə həsr etmişdi. Ancaq şair əslində qorxu səltənətinin ədalətsizliyinə qarşı baş qaldırmaq fikrini irəli sürürdü. Niyə onun ana yurdunda "bayquş, bayquşlar ötür?", "niyə gözlərindən acı yaşlar axır?" Bu suallar oxucunu düşüncəyə qərq edirdi. Şair bu vəziyyətdən qurtuluş yolunu mübarizədə, istibdada qarşı "öz şərəfi üçün" üsyanda görürdü.  Məşhur özbək şairi Çolpanın zülmə, istibdada qarşı üsyankarlıq ruhunda yazdığı  "Könül" şeiri də eyni ovqatdadır:
 
Dirisən, ölməmisən,
Sən də adam, insansan.
Zəncir taxma,
Boyun əymə,
Sən də hürr doğulansan!

Çolpanın şagirdi Batunun 20-ci illərdə guya Bolqarıstan həyatını təsvir edib yazdığı bu misralarına diqqət edin:

Yağının gücü artıb, yağıya yağı gərək,
Ov izləyən yağıya başqa bir yağı gərək.

Qorxu səltənətinin vəhşət saçdığı bir şəraitdə həqiqəti demək, ədaləti himayə etmək üçün at başı boyda ürək lazım idi. Çünki həqiqəti söylədiyi üçün başına gəlməsi mümkün olan bəla və qəzalara da hazır olmaq lazım idi. Ədalətin yolu hamar deyil, əksinə, cəngəlliklər arasından ötür. Cəngəl əzabına dözmək üçün isə möhkəm etiqad və güclü iradə sahibi olmaq gərəkdir.

(Ardı var)

Babaxan Məhəmməd ŞƏRİF
Ədəbiyyatşünas
(Özbəkistan)

 





15.02.2017    çap et  çap et