525.Az

“Gülər Əhmədova Elşad Abdullayevin siyasi avantürasının qurbanıdır”


 

“Gülər Əhmədova Elşad Abdullayevin siyasi avantürasının qurbanıdır”<b style="color:red"></b>

 “Gülər Əhmədovanın həbsi bir çox suallar doğurur.

İlk növbədə məni maraqlandıran məsələ odur ki, siyasi hakimiyyətin ünvanına təhqiramiz ifadələr işlətmiş, baş prokurorun ünvanına ciddi ittihamlar səsləndirmiş Elşad Abdullayevin təxribatlarına istintaq orqanı tərəfindən bu qədər diqqət yetirilməsinin səbəbi nədir?”
 
Bunu APA-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyib.
 
Vəkilin sözlərinə görə, Gülər Əhmədovanın həbsinin əsassız olduğunu təsdiqləyən bir çox sübut var: “Prokurorluq tərəfindən yolverilməz sübut kimi bir qayda olaraq rədd edilən, qanunsuz yolla əldə edilmiş video və audio yazılar Gülər Əhmədova barəsində hansı əsasla sübut kimi qəbul edilib? Hansı səbəbdən Elşad Abdullayev tərəfindən siyasi avantürizm məqsədilə yayılmış, dəfələrlə montaj olunmuş video yazılar bu günə kimi yararsız sübutlar kimi işin materiallarından çıxarılmayıb? Hansı əsasla istintaq orqanı Gülər Əhmədova barəsində ağır cinayət hesab edilən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həbslə bağlı olmayan qətimkan tədbiri seçdiyi halda, sonradan yüngül cinayət hesab edilən Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə əlavə ittiham verib, onu həbs etdirib? Hansı səbəbdən Elşad Abdullayevə qarşı prokurorluq tərəfindən ağır ittiham verildiyi halda, bu günə kimi “İnterpol” vasitəsi ilə axtarışa verilib, tələb edilməyib, yaxud ona başqa dövlət tərəfindən siyasi sığınacaq statusunun verilməsi barədə həmin dövlətdən sənəd tələb olunub ictimaiyyətə təqdim edilməyib?”
 
R. Mustafayev Elşad Abdullayevin hədəfinin Gülər Əhmədova olmadığını deyib: “Bütün bunlar belə düşünməyə əsas verir ki, Gülər Əhmədovanın məsələsi artıq siyasi məsələyə çevrilib. Elşad Abdullayevin iqtidara qarşı yönəltdiyi təhqiramiz fikirlər aydın göstərir ki, o, siyasi mübarizə aparır. Onun hədəfi heç də Gülər Əhmədova deyil. Bütün siyasi mübarizədə olduğu kimi o, iqtidarı təmsil edən siyasi fiqurlara qarşı şəryaxma kampaniyası təşkil edir. Artıq hər kəs görür ki, orada söhbət sübutdan getmir, öz cinayətini ört-basdır etməklə Azərbaycana təzyiq etmək istəyən xarici qüvvələrin dəyirmanına su tökməklə Elşad Abdullayev birmənalı şəkildə siyasi mübarizəyə qoşulub. Fikrimi təsdiqləyən arqumentlərdən biri də budur ki, müxalifət mətbuatının “azad bloqqer” kimi təqdim etdiyi Elnur Məcidli “Böyük qəzəb günü”, “Böyük xalq günü ” kimi facebook çağırışlarının təşkilatçısıdır. Azərbaycanda hərbi xidmətdən yayınmaq üçün Fransaya mühacirət etmiş bu şəxs zamanında iqtidar mətbuatının gənc yazarlarından idi. Həm Elnur Məcidli, həm də Elşad Abdullayev zamanında bu iqtidardan kifayət qədər bəhrələnən şəxslərdir. Lakin əqidə dəyişmək onlar üçün heç də çətin olmayıb. Elşad Abdullayevin siyasi avantüralarının qurbanı olmuş Gülər Əhmədova isə bu qədər haqsızlığa, şərə, böhtana düçar olmasına baxmayaraq, qadın olmasına rəğmən hər şeyə dözür. Bu gün Gülər Əhmədova 8 ay ərzində keçirdiyi sarsıntılar nəticəsində sağlamlığının bir hissəsini itirib. Amma yenə də ümid edir ki, haqq-ədalət qalib gələcək”.

 





19.04.2013    çap et  çap et