525.Az

Elmin Muxtar Abduyev zirvəsi


 

Muxtar Abduyev - 90

Elmin Muxtar Abduyev zirvəsi<b style="color:red"></b>

BMT Baş Assambleyasının müvafq qərarı ilə hər il 5 dekabr Ümumdünya Torpaq Günü kimi qeyd edilir.
 
Hər il olduğu kimi bu dəfə də dünyanın əksər ölkələrində torpaqşünaslığın təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirildi və keçirilməkdə davam edir.

Bu baxımdan, torpaqların öyrənilməsi , qorunması, yaxşılaşdırılması və düzgün istifadəsi sahəsində çalışmış və  torpaqşünaslıq elmində böyük nailiyyətlər qazanmış  görkəmli alimlərin elmi irsini bir daha geniş auditoriyaya çatdırmaq özü də, Ümumdünya Torpaq Gününün məqsədlərinə uyğundur.  Belə  əlamətdar məqamlarda  əlbəttə ki, ilk növbədə, Azərbaycan milli torpaqşünaslıq məktəbinin ən parlaq və istedadlı nümayəndələrindən biri,  özündən sonra zəngin elmi irs qoyub getmiş, sonsuz hörmət bəslədiyim müəllimim professor Muxtar Abduyevin elmi yaradıcılıq yolu   yada düşür.  Ömür vəfa etsə idi , keçən  il  Muxtar müəllimin 90 illik yubileyini qeyd edəcəkdik.  Çox təəssüf ki, bu cür istedadlı alim və qayğıkeş insan bu dünyadan vaxtsız köçdü və elmi yaradıcılığının ən məhsuldar vaxtında tədqiqatları yarımçıq qaldı. İstedadlı alimlərin həyat və yaradıcılığı ilə tanış olarkən həmişə belə bir təsəvvür yaranır ki, sanki onlar ömürlərinin uzun olmayacağını duyurlar və ona görə də qısa zaman ərzində bir insan ömrünə sığmayan nailiyyətlərə imza atırlar.
 
Professor Muxtar Abduyevin də elmi yaradıcılığını hər dəfə nəzərdən keçirdikdə onun  cəmi 53 illik (1926-1979) ömründə  gördüyü işlərin, əldə etdiyi elmi nəticələrin qarşısında heyrətlənməyə bilmirsən. Bu gün ki, texnoloji imkanlar şəraitində belə, o cür mürəkkəb işlərin görülməsinə onilliklər kifayət etməz. Burada onu da qeyd etmək lazımdır ki, Muxtar müəllimin  tədqiqatları həmişə yeni-yeni istiqamətlərə həsr olunub. Məhz buna görədir ki, gənc yaşlarında elmlər namizədi, elmlər doktoru alimlik dərəcəsi və professor elmi adını alan tədqiqatçı, daha mürəkkəb mövzulara müraciət etməyə başlamışdır. Professor Muxtar Abduyevin doktorluq dissertasiyasının nəticəsi kimi 1966-cı ildə ərsəyə gətirdiyi "Azərbaycanda delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiya məsələləri" adlı monoqrafiyasını həmin dövrdə elmdə hadisə adlandırırdılar. O zamanlar Şərqi Avropa ölkələrinin torpaqşünasları  Sovet torpaqşünaslıq məktəbinin qabaqcıl nümayəndələri ilə sıx elmi əlaqəyə malik idilər.

Təsadüfi deyil ki,  prof. M.Abduyevin  yuxarıda qeyd olunan monoqrafiyası tez bir zamanda Avropa alimlərinin diqqətini cəlb emişdi.  O zamanlar Avropanın torpaq meliorasiyası üzrə cəmiyyətinin prezidenti məşhur alim prof. İ.Sabolç idi. Bu monoqrafiya ilə tanış olan prof. İ.Sabolç, öz həmkarı K.Darab ilə birlikdə, prof. M.Abduyevin monoqrafiyasına rəy yazmış və Azərbaycan SSR Elmlər Akademiyasının "Xəbərlər"ində dərc etdirmişdilər. Monoqrafiyanın elmi əhəmiyyətini geniş şərh edən müəlliflər , öz rəylərini belə bir fikirlə tamamlamışdılar ki, prof. Muxtar Abduyevin bu kitabı təkcə Azərbaycanda deyil, xarici mütəxəssislərin də stolüstü kitabına çevriləcəkdir. Bu qədər zaman keçəndən sonra təsdiq olundu ki, prof. İ.Sobolç nə qədər haqlı imiş. Son qırx ildə elmi ədəbiyyatı izləyərək gəldiyim bir faktı da qeyd etmək  istərdim ki,   həmin  rəydən  sonra , torpaqşünaslıqda hər hansı digər  bir kitab və ya müəllif haqqında bu cür yüksək beynəlxalq səviyyəli fikir söyləndiyinə rast gəlməmişəm. Prof. M.Abduyevin elmi fəaliyyəti AMEA-nın Torpaqşünaslıq və Aqrokimiya institutu ilə bağlıdır.

Şəxsən mənim də torpaqşünaslıq ixtisasını seçməyimdə və elmi tədqiqatçı olmağımda bu böyük alimin müstəsna rolu olmuşdur. Yuxarıda qeyd etdiyim kimi, prof. M.Abduyev meliorativ torpaqşünaslığın ən aktual mövzuları ilə məşğul olurdu. Azərbaycanın şorlaşmış və şorakətləşmiş torpaqlarının duzlardan təmizlənməsi və əkin dövriyyəsinə qaytarılması üçün bir-birindən maraqlı ideyalar irəli sürər və elmin perspektiv istiqamətlərini vaxtında görə bilirdi.

Uzaq 1975-ci ildə mənim üçün namizədlik mövzusu seçərkən , minerallaşmış (duzlu) kollektor-drenaj suları ilə şorlaşmış torpaqların duzlardan yuyulub təmizlənməsi imkanına pessimist yanaşanlar çox olsada , sonda elmi tədqiqatın nəticələri , elmi ideyanın perspektivliyində şübhə yeri qoymadı. Məlum olduğu kimi, bütün dünyada su qıtlığı hiss olunmaqdadır. Hələ 40 il bundan əvvəl Muxtar müəllimin rəhbərliyi ilə istifadəsiz qalaraq dənizə axıdılan miyardlarla kub metr sulardan və dəniz suyundan istifadə məsələləri, bu uzaqgörən alimin elmi maraq dairəsində idi. Bir zamanlar  Siyəzən -Şurabad massivində torpaq tədqiqatları apararaq , həddən artıq qeyri-qənaətbəxş su-fiziki xassələrə malik olan bu torpaqları öyrənərkən, kimin ağlına gələrdi ki, 50 ildən sonra müasir Taxtakörpü su anbarı tikiləcək və bu torpaqlarda aparılmış tədqiqatlar hava və su kimi lazım olacaq. Digər bir misal kimi torpaqların rekultivasiyasını, əsas etibarı ilə Abşeronun neftə bulaşmış torpaqlarının təmizlənməsi və istifadəsi problemini göstərə bilərik. 40 il bundan əvvəl Sovet İttifaqı dönəmində torpaqların rekultivasiyası problemi Moskva üçün aktual deyildi. Buna baxmayaraq 1974-cü ildə prof. M.Abduyevin təşəbbüsü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Torpaqların rekultivasiyası" yaradıldı və bu gün də fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra rekultivasiya problemi diqqət mərkəzinə çevrildi və torpaqların neftlə çirklənməsinə qarşı mübarizə tədbirləri dövlət qayğısı ilə əhatə olundu. Bütün bunlar heç də hər bir alimdə olmayan elmin inkişaf perspektivlərini qabaqcadan görmək qabiliyyətidir. Muxtar müəllimin elmi fəaliyyəti o qədər zəngindir ki, bir yığcam yazıda , onların hamısını sadalamaq belə, imkan xaricindədir.

Odur ki, elmi fəaliyyət haqqında qısa xülasədən sonra professor M.Abduyevin böyük alimliyinə tam uyğun gələn yüksək insani keyfiyyəti haqqında söz açmamaq doğru olmazdı. Muxtar müəllim gənc yaşlarından Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ictimai həyatında yaxından iştirak etmiş və kollektivin üzvləri arasında hörmət qazanmışdı. Heç də təsadüfi deyil ki, 1968 -ci ildə böyük elmi isçi seçilən kimi, ona etimad göstərərək institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin etmişdilər və  o, ömrünün sonuna kimi bu vəzifəni bacarıqla icra etmişdir. O zamanlar biz aspirantlar hər həftənin 3-cü gününü səbrsizliklə gözləyirdik ki, Muxtar müəllimin rəhbərliyi ilə keçirilən elmi-metodiki seminarda iştirak edək. Bu seminarda institutun aparıcı əməkdaşları çox maraqlı mövzularla çıxış edirdilər və ən əsası isə elmi etikadan kənara çıxmayan qızğın müzakirələr gedirdi. Bu cür seminarda öyrəndiklərimiz bizim üçün günlərlə kitabxanalarda oxuduqlarımızdan faydalı olurdu. Nə qədər acınacaqlı olsa da , qeyd etməliyəm ki, Muxtar müəllimdən sonra bu seminarlar forma və mahiyyətini dəyişdi və ötən 37 il ərzində bir daha o səviyyədə seminarın şahidi olmadıq. Bir məsələni də açıq şəkildə bildirmək olar ki, Muxtar müəllimdən sonra,  bu günə kimi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsi əvvəlki statusuna qayıda bilmədi.

Burada bir haşiyəyə çıxmaq istərdim ki, elmi işlər üzrə direktorun kabinetində bir taxta yazı lövhəsi var idi ki, bütün elmi mübahisələr həmin lövhənin üzərində öz əksini tapırdı. 1980-ci ildə o lövhəni həmin kabinetdən çıxardılar və bu zaman mən dəhlizdə idim. Mən son 3 ili hər gün o kabinetdə elmi rəhbərimin yanında keçirdiyim üçün ,bu cür yerdəyişmələr mənə pis təsir edirdi. Birdən-birə qəlbimdən belə bir fikr keçdi ki, əgər o kabinetdə Muxtar müəllim yoxdursa, elmi  də  çıxarıb aparsalar yaxşı olar, çünki  orada elm olmayacaqdı. Ötən dövr göstərdi ki, mən hissimdə yanılmamışam. Fəhlələr əllərindəki taxta lövhənin üzərində, sanki elmi müzakirələri də birdəfəlik aparırdılar.
 
Muxtar müəllim zehni əməklə yanaşı fiziki əməkdən də çəkinməyən zəhmətkeş və sağlam insan idi. Onun əsas xüsusiyyəti , özgələrin də dərdini ürəyinə salması , haqq-ədalətin pozulmasına göz yuma bilməməsi,  hamıya qarşı diqqətli olması idi ki, bu da həmişə mümkün olmurdu və daxilən əziyyət verirdi.  Xüsusilə ömrünün son 4 ilində institutda rəhbərliyin dəyişməsi ilə ona qarşı olan haqsızlıqlar və səviyyəsiz münasibətlər Muxtar müəllimin səhhətinə olduqca mənfi təsir göstərirdi. O zamanlar , ali məktəblərdən birində kafedra müdiri vəzifəsi təklifini qəbul etsəydi, bəlkə də başqa cür olardı. Bunu deməyə o əsas verir ki, 1998-ci ilin sonunda Moskvada kardiologiya mərkəzində bir professor demişdi ki, sizin iş yerində gördüyünüz hər bir ədalətsiz münasibət təsirsiz ötüşmür, siz heç nəyi qulaqardına vura bilmirsiniz, ona görə də iş yerini dəyişməniz məsləhətdir. Həkim , bircə onu bilmirdi ki, Muxtar müəllim bu kollektivə nə qədər bağlıdır və elmi-tədqiqatsız özünü təsəvvür etmir.  İnstitutun bir neçə paxıl və dar düşüncəli insanlarından (onlar da dünyalarını dəyişdikləri üçün adlarını yazmıram) başqa  tam əksəriyyət həmişə onun hörmətini saxlayırdılar.

Torpaqşünaslar yaxşı bilirlər ki, tanınmış torpaqşünas Akademiyanın müxbir üzvü, prof.M.E.Salayev çox tələbkar alim idi  özünə və digərlərinə tənqidi yanaşırdı, buna görə də , hər alimi bəyənməzdi. 1978-ci ildə Elmi Şurada bərk mübahisə düşdü və heç kim digərinin fikri ilə razılaşmaq istəmirdi. Bu zaman Muxtar müəllim zala daxil oldu və keçib öz yerində əyləşdi. Mübahisəni davam etdirən prof. Salayev üzünü oponentlərinə tutdu və Muxtar müəllimi göstərərək dedi : Vot priznannıy avtoritet (az:avtoriteti hamı tərəfindən qəbul edilən), görün nə cavab verəcək. Mən sonra Muxtar müəllimdən soruşanda ki, nə əcəb prof. Salayev belə dedi,  cavab verdi ki, o, elmə, biliyə qiymət verən adamdır. Mən arabir həmin dövrün alimləri haqqında Muxtar müəllimin fikirlərini öyrənirdim. O da bir dəfə demişdi ki, mənə görə M.E.Salayev  mükəmməl torpaqşünasdır.

Sovet İttifaqının ən sərt vaxtlarında  Muxtar müəllim milli təəssübkeşliyini gizlətmirdi. Bunun bariz nümunəsi kimi, məndən yaşlı və təcrübəli həmkarlarımdan eşitdiyim  bir epizodu hörmətli oxucularla bölüşmək istərdim. 1963-cü ildə Elmlər Akademiyası, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əyani aspiranturasına 2 yer ayırır. Torpaqşünaslıq üzrə  imtahan komissiyasına iki akademiklə yanaşı Muxtar müəllim də daxil olur. Bu iki yerə 4 nəfər  sənəd təqdim edir və onlardan  heç bir dəstəyi olmayan  2 nəfər suallara əla cavab verirlər, digər iki nəfər isə nisbətən təcrübəli hesab olunmalarına və imtahan götürən alimləri yaxından tanımalarına rəğmən zəif cavab verirlər. Zəif cavab verənlərdən biri Kuleşov familiyalı iddiaçı həm də o zamanlar Elmlər Akademiyasında akademik-katib və institutda isə Muxtar müəllimin çalışdığı laboratoriyaya rəhbərlik edən akademik V.Volobuyevin  dəstəyinə malik idi. Məhz buna görə, elmi katib Buyanovski təklif edir ki, gəlin bunların hamısına 4 yazaq getsinlər. Bütün komissiya razılaşır, yalnız Muxtar müəllim qəti etirazını bildirir ki, əla cavab verənlərə əla, zəif cavab verənlərə isə kafi yazmaq lazımdır. Mübahisə uzanır və  təcrübədə ilk dəfə olaraq qiymətlərin elan olunmasını sabaha saxlayırlar. O zaman Muxtar müəllimin doktorluq dissertasiyası da akademik V.Volobuyevdən asılı idi. Bütün risklərə baxmayaraq Muxtar müəllim öz sözünün üstündə durur və tanımadığı iki gəncə əla qiymət yazılmasına nail olur. Böyük ziyalı olan akademik V.Volobuyev də bu məsələdən incimir.
 
Nəticə etibarı ilə, Muxtar müəllimin haqlarını qoruduğu həmin azərbaycanlı gənclər aspiranturaya daxil olur və ömürlərini elmə həsr edirlər. Həmin, o zamanki gənclər hal-hazırda da Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışırlar. Onlardan biri ,  tanınmış torpaqşünas alim, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənov digəri isə AMEA-nın həqiqi üzvü, aqrar elmlər doktoru, professor Məhərrəm Babayevdir. Muxtar müəllimin həyatından  belə nümunələr çox gətirmək olar. 

Muxtar müəllim qazandığı hörməti, təkcə Bakıda deyil, Azərbaycandan kənarda da müşahidə etmək ,bu sətirlərin müəllifinə qismət olub.  1978-ci ilin dekabrında Moskvaya Torpaq İnstitutuna getmişdik. O zamanlar (elə indi də) Moskva Torpaq İnstitutu torpaqşünaslıq elminin mərkəzi sayılırdı. İnstitutun o zamanki direktoru akademik Y.Yeqorovun elmi işlər üzrə direktor müavini İ.Raboçevin Muxtar müəllimlə səmimi münasibətləri, mənim kimi bir gənc aspirant üçün çox fərəhləndirici idi. Ezamiyyətimizin ilk günündə bir yaşlı qadın, (sonra bildim ki böyük elmi işçidir) Muxtar müəllimə yanaşaraq hörmətlə salamlaşdı və dedi ki, professor mən Sizin xəbərdarlığınıza qulaq asmadım və nəticəsi acınacaqlı oldu. Söhbətdən başa düşdüm ki, həmin alim Voronej tərəfdən vaqonlarla münbit qaratorpaq gətirib Moskva  ətrafında əkinə yararsız yerlərin üzərinə yaymaqla həmin ərazilərdə münbit şərait yaratmaq istəyib və illər keçdikcə, Muxtar müəllimin dediyi kimi həmin qaratorpaq məhv olmuşdu.

O zamanlar Sovet torpaqşünasları arasında prof. N.Minaşinanın xüsusi hörməti var idi və bunun səbəblərindən biri bu xanımın ciddi və tələbkar alim olması idisə, digər səbəbi o zamanki Ali Attestasiya Komissiyasında söz sahibi olmasında idi. Muxtar müəllim məni həmin alimlə tanış etdi və xahiş etdi ki, mənim dissertasiyamın əlyazmasını nəzərdən keçirsin. İki gün sonra prof.Minaşina məni evinə dəvət etdi və dissertasiya haqqında fikirlərini söylədi və bildirdi ki, prof.Abduyevin rəhbərliyi ilə aparılan elmi işlərin səviyyəsi həmişə onu qane edir.

Yeri gəlmişkən, 1977-ci ildə prof.Abduyevin " Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası" adlı monoqrafiyası çapdan çıxmışdı. Aktual problemə həsr olunmuş kitabın maraqlı cəhətlərindən biri o idi ki, tədqiqat nəticələrinin hamısı cədvəl şəklində kitabın sonuna əlavə edilmişdi. Bu yeniliyi Bakıda başa düşməyənlərin və əksər halda başa düşmək istəməyənlərdən fərqli olaraq prof.Minaşina həmin kitab haqqında yüksək rəy bildirdi və qeyd etdi ki, bütün tədqiqat nəticələrini digərləri ilə tam şəkildə bölüşmək hər alimin hünəri deyil. Bu kitabın quruluşu , müasir dövrdə məlumat bazalarının yaradılmsı istiqamətində yenilik idi. Prof.M.Abduyev torpaqşünaslığın ən çətin sahələrdən olan şorakətləşmiş torpaqların tədqiqi üzrə də ,  keçmiş Sovet İttifaqında az saylı söz sahiblərindən biri idi. O zaman Sovet İttifaqı üzrə bu məsələnin əlaqələndirməsini  məşhur alim K.Pak həyata keçirirdi və onun rəhbərlik etdiyi Problem Şurasına yalnız Muxtar müəllimin seçilməsi Bakıda bir çoxlarını məyus etmişdi. O zamanlar dissertasiyalar Moskvada təsdiq olunsa da, rəy üçün tanınmış alimlər sırasından seçilmiş gizli opponentlərə   göndərilirdi. Muxtar müəllimin dəfələrlə müsbət rəy yazaraq elmi dərəcə almağa yardım etdiyi adamların bu yaxşılıqdan xəbəri olmurdu.

FAO tərəfindən  2015-ci ildə yeni Ümumdünya Torpaq Xartiyası qəbul edilmişdir və bu Xartiyada hökumətlərə , beynəlxalq qurumlara və elmi cəmiyyətlərə bütün dünyada torpağa qayğının ən prioritet məsələ olduğu nəzərə çatdırılməşdır. Bu Xartiyada torpaq haqqında biliklərin təbliğinə xüsusi önəm verilir. Torpaq qayğısına qalmaq, torpağı sevmək üçün isə bu sahədə xüsusi xidmətləri olan alimlərin fəaliyyəti ilə tanış olmaq zəruridir. Bu baxımdan, Azərbaycan torpaqşünaslığında özünəməxsus yeri olan, ehtiramla 90 illiyini yad etdiyimiz  professor Muxtar Abduyev, öz elmi əsərləri və keçdiyi nümunəvi həyat yolu ilə bu gündə xalqımızın xidmətindədir.

Amin İSMAYILOV
AMEA-nın müxbir üzvü, professor

 





16.02.2017    çap et  çap et