525.Az

İctimai Televiziya və Radio Yayımları Şurasının yeni üzvləri seçildilər


 

İctimai Televiziya və Radio Yayımları Şurasının yeni üzvləri seçildilər<b style="color:red"></b> Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirə  edir.
 
Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva deyib ki, İctimai Televiziya hər bir azərbaycanlının öz ailə üzvləri ilə birlikdə rahat baxa biləcəyi bir telekanaldır.
 
Qənirə Paşayeva İctimai Televiziyanın Azərbaycanda ən gənc telekanal olduğunu vurğulayıb. O qeyd edib ki,  övladlarımızın İctimai Televiziyanın proqramlarına baxmasından heç vaxt narahatlıq keçirmirik: “Bu televiziyada mənəviyyatımıza, əxlaqa zidd heç bir veriliş heç vaxt olmayıb. Hər zaman mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirən verilişlər olub. Xüsusən də əhalinin maarifləndirilməsində böyük rolu var. Bundan başqa, xaricdə yaşayan  soydaşlarımızla bağlı telekörpülər yaratması, Azərbaycan həqiqətlərinin dünyaya yayması bu telekanalın gördüyü işlər sırasındadır. Ümid edirəm ki, yeni seçilən Yayım Şurasının üzvləri televiziyanın dəsti-xəttini qoruyub saxlayacaq, inkişaf etdirəcək”.
 
Qənirə Paşayeva 50 milyonluq Azərbaycan xalqının yalnız 9 milyon nəfərinin latın qrafikası ilə yazıb oxuduğunu nəzərə çatdırıb: “Ona görə də biz xaricə gedəndə o azərbaycanlılar təkid edirlər ki, İctimai Televiziyada Azərbaycan dili verilişləri açılsın ki, soydaşlarımız orada əlifbamızı öyrənə bilsinlər. Digər tərəfdən, Azərbaycan tarixi ilə bağlı verilişlərin artırılmasına ehtiyac var”. 
 
Millət vəkili Asim Mollazadə Azərbaycanda Televiziya Akademiyasının yaradılmasını zəruri sayıb. Onun sözlərinə görə, Azərbaycan televiziyalarının görüntüləri keçən əsrin 50-60-cı illərində olduğu kimidir: “Məsələn, Azərbaycan Dövlət Televiziyasında müasir avadanlıqlar var. Ancaq müasir texnologiyadan yetərincə istifadə edilmir”.
 
Spiker Oqtay Əsədov isə Asim Mollazadə ilə razılaşmayıb və Azərbaycanda televiziya sahəsinin ili-ildən inkişaf etdiyini bildirib.  
 
Millət vəkili Sabir Rüstəmxanlı namizədlərə səs verəcəyini bildirib: “İctimai Televiziya fəaliyyətə başlayanda çoxumuz düşünürdük ki, telekanal özünü doğruldacaqmı? Ən dəqiq məlumatları İctimai Televiziyadan alırıq. İctimai Televiziya Nizami kinoteatrında çəkdiyi filmlərin nümayişini təşkil etdi. İctimai Televiziya müəyyən bir ənənə yaradıb və bu, genişlənəcək. Həmkarlarımızdan biri dedi ki, aşıq verilişləri azaldılsın, yerinə parlamentlə bağlı verilişlər salınsın. İctimai Televiziyanın ən böyük uğuru odur ki, milli-mənəvi dəyərlərimizi, o cümlədən aşıq sənətimizi təbliğ etməklə yanaşı, eyni zamanda Avropa musiqisinə də diqqət ayırıb, “Eurovision” Mahnı Müsabiqəsinə qatılıb. Belə proqramları ixtisar etmək yox, sadəcə, təkmilləşmə aparmaq lazımdır”.
 
O, İctimai Televiziyada müxtəlif dillərdə verilişlərin aparılmasını da zəruri sayıb.
 
Spiker Oqtay Əsədov isə Yayım Şurasının yeni tərkibi təsdiqləndikdən sonra millət vəkillərinin təklif və tövsiyələrinin nəzərə alınacağına ümid etdiyini söyləyib: “Əgər bu işlər yerinə yetirilsəydi, bu təkliflər və tövsiyələr də olmazdı”.
 
Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibində dəyişiklər qəbul edilib. Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Yusif Babanlı (102 lehinə, 1 əleyhinə, 1 bitərəf ), Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev (96 lehinə, 1 əleyhinə, 1 bitərəf) və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zemfira Qafarova (96 lehinə, 4 əleyhinə, 1 bitərəf) Yayım Şurasının yeni üzvləri seçiliblər.
 
Digər namizədlər səsverməyə çıxarılmayıb.
 





19.04.2013    çap et  çap et