525.Az

Sarkisyanın Dağlıq Qarabağda "referendum" təxribatı


 

"ERMƏNİSTANIN QARABAĞDA QANUNSUZ "REFERENDUM" CƏHDİ AZƏRBAYCANA GÜC YOLU İLƏ ÖZ TORPAQLARINI İŞĞALÇILARDAN TƏMİZLƏMƏK ÜÇÜN ƏLAVƏ ƏSAS VERİR"

Sarkisyanın Dağlıq Qarabağda "referendum" təxribatı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, fevralın 20-də Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma rejimdə qeyri-qanuni "referendum" keçirməyi planlaşdırır.

Rəsmi Bakı hər dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addım atanda, problemin həlli ətrafında irəliləyiş əldə edəndə, xüsusilə Ermənistan hakimiyyətini qorxuya salanda dərhal öz reaksiyasını ortaya qoyan həmsədr dövlətlər belə görünür ki, işğal faktını aradan qaldırmaqda heç də maraqlı deyillər. Çünki ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri həmişəki kimi məsələyə heç bir münasibət bildirmirlər. Bu cür fəaliyyəti ilə Minsk qrupu açıq şəkildə ermənilərin maraqlarını müdafiə etdiyini biruzə verir.

Son olaraq həmsdər dövlətlərdən Fransa prezidenti Fransua Ollandın Parisdə erməni diaspora nümayəndələri ilə bir araya gəlməsi, iştirak etdiyi tədbirdə "Dağlıq Qarabağ xalqı" ifadəsini işlətməsi, problemin həllində xalqların öz müqəddəratını həlletmə prinsipini önə çəkməsi, habelə Ermənistan prezidenti Ser Sarkisyanı martın 8-də səfərə dəvət etməsi münaqişənin həllində vasitəçiliklə bağlı Fransanın öz üzərinə götürdüyü tərəfsizlik öhdəliyini pozduğunu açıq şəkildə sübut edir. Eləcə də həm Rusiya, həm də ABŞ ayrı-ayrı vaxtlarda ortaya qoydurları mövqeləri ilə heç də rəsmi Parisdən geri qalmadıqlarını göstəriblər. Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın daxili işi hesab etməməsi də məhz bu reallıqlardan irəli gəlir. Yəni, hər üç həmsədr dövlət nəinki münaqişəni həll etmək istəmir, hətta məsələnin Ermənistanın xeyrinə bitməsi üçün dəridən-qabıqdan çıxırlar. Lakin Azərbaycan dövləti keçən ilin aprel ayında göstərdi ki, kimsə Dağlıq Qarabağa müstəqillik veriləcəyini gözləyirsə, əbəs yerə vaxt itirməsin.

İndi də ermənilərin qanunsuz referendum təşəbbüsü ilə nəsə əldə edəcəklərini düşünürlər. Lakin bu, belə deyil. Çünki Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti Dağlıq Qarabağda yaradılan qondarma rejimi tanımır. Ona görə də erməni separatçıları tərəfindən qəbul olunan istənilən cəfəng qərarın heç bir hüquqi əsası yoxdur və bundan sonra da olmayacaq.

Rəsmi Bakı məsələyə artıq öz reaksiyasını verib. Azərbaycan Xarici İşlər Nazirliyinin işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum"la bağlı yaydığı bəyanatda qeyd olunub ki, Xarici İşlər Nazirliyi Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edir.

Qeyri-qanuni "referendum" Azərbaycan  Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma "referendum" həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir.

Azərbaycan dövləti beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni "referendum"u rədd etməyə və Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırır.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, terrorçu, cinayətkar və separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməyə hazırlaşması ötən ilin aprel döyüşlərindən sonra daha qabarıq nəzərə çarpan bir reallığın nəticəsidir: "Hansı reallığın? Baxın, yəqin son iki həftədə Rusiyada qubernatorların dəyişdirilməsi prosesinin necə baş verdiyini izləyənlər var. Bir çox qubernatorlar Moskvada çalışan menecer və yaxud da yüksək vəzifəli məmurlarla əvəzlənirlər. Bəyəm, Qazpromda çalışan Karen Karapetyanın ötən ilin sentyabrında Ermənistana baş nazir göndərilməsiylə hazırda Rusiyanın özündə qubernatorların dəyişdirlməsi arasında hansısa bir fərq nəzərə çarpır? Xeyr, çarpmır, eyni siyasət, eyni metoddur, Rusiyanın digər quberniyaları kimi Ermənistanda da reallaşdırılır. Ona görə reallaşdırılır ki, Ermənistan müstəqil deyil, erməni xalqının özünün öz gələcəyini müəyyənləşdirmək qüdrəti yoxdur və bir də onlar lidersizlik problemi yaşayırlar".

Deputat hesab edir ki, Ermənistanda parlamentli respublikaya keçid və Dağlıq Qarabağdakı "referendum" oyunu da məhz bundan qaynaqlanır: "Bu heç də erməni cəmiyyətinin özünün tələbi və arzusu deyil. Aprel döyüşləri də çox aydın şəkildə göstərdi ki, fors-major hallarda nə etmək, hansı addımlar atmaq lazım gəldiyini Ermənistanın de-yure rəhbərliyi yox, de-fakto yiyəsi müəyyənləşdirir. Bu səbəbdən də Ermənistanda parlamentli respublikaya keçidi rəsmiləşdirən seçkinin aprelin 2-də keçirilməsinin özündə də bir rəmzlik var.  Bu, siyasi yox, geosiyasi mahiyyət daşıyaraq kənardan tapşırıq əsasında reallaşdırılsa da, necə deyərlər onların daxili işidir. Dağlıq Qarabağdakı "referendum" oyununa gəldikdə isə məsələ tam fərqlidir. Bu oyuncaq referendum Azərbaycana öz torpaqlarını işğalçılardan təmizləmək üçün güc tətbiqinə əl atmasına əlavə əsas verir. Heç bir ölkə onun izni olmadan torpağının bir parçasının adının dəyişdirilməsi, beynəlxalq qanunları da kobudcasına pozmaqla orada konstitusiyasının əleyhinə yönələn addımlar atılmasıyla barışmaz. Azərbaycan da barışmayacaq. Bunu aprel döyüşləri də göstərdi. Təbii ki, bunun davamı da olacaq".

Ceyhun ABASOV

 





17.02.2017    çap et  çap et