525.Az

Bakı Rusiya-ABŞ danışıqlarına evsahibliyi etdi


 

ABŞ SİLAHLİ QÜVVƏLƏRİNİN QƏRARGAH RƏİSLƏRİ KOMİTƏSİNİN SƏDRİ COZEF DANFORD İLƏ RUSİYA MÜDAFİƏ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ VALERİY GERASİMOV ARASINDA GÖRÜŞ KEÇİRİLDİ

Bakı Rusiya-ABŞ danışıqlarına evsahibliyi etdi<b style="color:red"></b>

Dünən Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun və ABŞ silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakı görüşü son illər Yaxın Şərqdə, həmçinin Suriyada, İraqda, Yəməndə baş verən hadisələrdən birgə çıxış yolunun axtarılması ilə bağlıdır.

Səfər çərçivəsində ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford prezident İlham Əliyevlə görüşüb. Azərbaycan prezidenti İlham Əliyev general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirilib.

Müdafiə naziri Zakir Həsənov da Bakıda səfərdə olan ABŞ və Rusiya silahlı qüvvələrinin  baş qərargah rəsiləri ilə görüşüb.

Əvvəlcə Rusiya rəsmisi ilə görüşdə müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə isə müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən, Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində general C.Danford Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən, sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.

Həm Rusiya, həm də ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Rusiya-ABŞ danışıqların Bakıda aparılması üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilib?

Bu, ilk növbədə Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirib.

Azərbaycan prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər. Ona görə də, bu görüş bir daha Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür.

Yaxın tarixə nəzər salsaq, dövlətimiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Bundan başqa, Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb.

Eyni zamanda, rəsmi Bakı dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan regionun və Avropanan enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir.   

Mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biri olan dövlətimiz həyata keçirdiyi siyasət ilə regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına vəsilə olur.

Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Rəsmi Bakı Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynayıb.

Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Dövlətimiz regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur.

Bir sözlə, Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir:

"Amerika və Rusiya baş qərargah rəisləri niyə məhz Bakıda görüşməyə qərar veriblər? Bu, lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir. Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan.

Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Bakı beynəlxalq siyasətin aparıcı mərkəzlərindən birinə çevrilib:
 
"Xüsusilə regional siyasətdə Bakının rolu əvəzolunmazdır. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Belə hadisələr baş verdikcə dövlətimizin lider rolu yenidən təsdiqlənir".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, belə bir mühüm görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil.

O, SİA-ya bildirib ki, hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənləşdirən iki böyük dövlətin Azərbaycana olan inamının və etimadının göstəricisidir:
 
"İkincisi, Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Üçüncüsü, ölkəmizin beynəlxalq nüfuzunun və onun formalaşdırdığı real geostrateji gerçəkliyin yaratdığı şərtlərin tərəfdaşlıq üçün münbit məqbul dialoq plarformasının qəbul edilməsi reallığıdır".

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir:

"Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də, sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır. Bununla yanaşı, Azərbaycan prezidentinin ABŞ və Rusiya Federasiyasının prezidentləri ilə olduqca yaxşı münasibətlərinin mövcud olması, hər iki prezidentin Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünyasəviyyəli siyasi lider kimi qəbul etməsi, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi-strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri edib.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu quruma iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın, NATO və KTMT maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya-Turkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformasları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar hala gətirib və bu, Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir. Düşünurəm ki, bütün dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxsaylı strateji dividentlər qazandıracaq".

Ceyhun ABASOV

 





17.02.2017    çap et  çap et