525.Az

Zəlzələdən sonra...


 

Zəlzələdən sonra...<b style="color:red"></b>

Bəxtiyar ƏLİYEV

(bədii oçerk) 

Armatay dağının geniş düzənlik olan ətəyində yan-yana iki kənd yerləşir. Kəndlərdən birinin ayaq hissəsindən, digərinin isə tən ortasından iki rayonu birləşdirən “köhnə yol” keçir. Bu yerin bir özəlliyi də odur ki, buradan Qax və Zaqatala rayon mərkəzlərinə olan məsafə eynidir. Yolun üstündə neçə-neçə kənd sıralanıb. Kəndlilərin rayon mərkəzlərinə bazarlıq, yaxud iş dalınca gediş-gəlişini təmin etmək üçün hər rayonun avtovağzalından xəttə bir avtobus buraxılır. Sahibkarlar da yola uyğun, bəlkə də üçüncü, dördüncü “ömrünü” yaşayan, “PAZ” avtobusları xəttə çıxarırlar. Məqsədləri də hər kəsə yaxşı bəllidir: gəliri yaxşı olsun, sıradan çıxanda da onları çox xərcə salmasın, xərcə salanda da buna çox heyfslənməsinlər.

Yayda bu yolu getməyin zülmü ayrı, qışda isə tam başqadır. Yayda təkərlərin altından qalxan tozun yarısı avtobusun içinə dolur. Hətta bəzi yerlərdən keçəndə sərnişinlər tozdan ağız-burunlarını tutur, əlacları olsa, heç nəfəs də almazlar. Mənzil başına çatan sərnişinlərin qaşlarına, kipriklərinə qonmuş tozdan ətrafdakılar bilir ki, bunlar hansı yolu gəliblər. Qışda isə kənd adamları evdən çıxanda daha qalın geyinərlər ki, avtobusda onları soyuq tutub sətəlcəm olmasınlar...

May ayının ilk günləri idi. Yadigar uzaq səfərdən qayıdanda kəndin ayağındakı tut ağaclarının yanında “PAZ”ı saxlatdırıb düşdü. Avtobus toz qoparıb yerindən tərpənməmiş yolun o üzünə keçməyə tələsmədi. Başını qaldırıb altında dayandığı tut ağaclarına baxdıqca uşaqlıq çağları yadına düşdü. Kəndin tay-tuşları ilə gəlib bu ağaclardan tut yeyirdilər. İndi isə o vaxtdan aylar, illər ötmüşdü. Bu ağaclardan Yadigardan çox illər əvvəl də, sonralar da tut yeyənlər olmuşdu. Hələ bundan belə neçə nəsil də bu ağacların bəhrəsini görəcəkdi. Gövdəsi yoğun, şaxəsi iri ağacların uzun budaqları yenicə yarpaq açıb yaşıllığa qərq olmuşdu. Yarpaqların arasında seyrək, xırda tut dənələr görsənirdi. Yetişməsinə hələ xeyli vardı. Yəqin ki, kəndin indiki “Yadigar”ları tutun yetişəcəyi günü gözləyirdi.

Yadigar idman çantasının uzun və qalın kəmərini sağ çiyninə keçirib kəndə sarı addımladı. Yolun sağında və solunda mişar daşından tikilmiş, bir-birindən fərqli, yaraşıqlı evlər ucalırdı. Bu təzə salınan məhəllələr on beş, iyirmi ilin yenilliyi idi. Ondan əvvəl yolun üst tərəfi gər bağı olub. Hələ neçə illər qabaq kənddə baramaçılıq güclü inkişaf edib. Bu məqsədlə də salınmış gər bağının ipək qurdunun yemlənməsində böyük əhəmiyyəti vardı. Qara tut ağaclarından yaşıl yarpaqla örtülmüş pöhrə budaqlar kəsilər və ipəkqurduna yedizdirilərdi. Bu da mövsümlə əlaqədar olan iş idi. Qırx günə davam edən barama kampaniyası kənddə ən ağır və fasiləsiz əmək tələb olunan dövr hesab olunurdu. Yadigar da çoxları kimi ipəkqurdu saxlayır və yarpaq doğramaqdan onun da əlləri qabar bağlayırdı. Əldə etdiyi gəlirlə özünə böyük, yaraşıqlı ev ucaltmışdı.

Kəndin mərkəzi hissəsində ayrı-ayrı illərdə çay daşından tikilmiş evlər vardı. O zaman mişar daşının bu tərəflərə gətirilməsi müşkül məsələ idi. Bu səbəbdən də bölgədə yaşayanlar evlərini adətən dağlardan selin gətirdiyi iri çay daşları ilə tikərdilər. Müxtəlif dövrlərdə tikilən həmin evlər həm keyfiyyət baxımından, həm də arxitektura sarıdan fərqli idi.

Yolun alt hissəsi isə vaxtilə Saleh dayının bağban olduğu alma bağları idi. Sonradan qiymətli növ alma ağacları məhv edilib torpağın təyinatını insan həyatı üçün zərərli olan tütünçülüyə yönləndirmişdilər. Bu sahəni daha gəlirli bilib, bir hissəsində tütün üçün istixanalar quraşdırıb, qalan sahəni isə tütün əkini üçün ayırmışdılar. Bir sözlə, yaz girəndən kənddə iş adamın başından aşırdı. Bir tərəfdən ipəkqurdu, digər tərəfdən isə istixanalardan tütün şitillərini sahələrə köçürmək eyni vaxta təsadüf edirdi. Kənddə hamı kimi Yadigar da bu qayğıları yaşamışdı. İndi isə kənddə nə ipəkqurdu saxlayan vardı, nə də tütün becərən. Bir vaxtlar Saleh dayının əkib-becərdiyi bağdan əsər-əlamət qalmamışdı. Yerində evlər tikilmiş, kənd daha da böyümüşdü. Yadigar da çoxları kimi el-obadan uzaqda dolanışıq üçün bir iş tapmışdı, ora gedib-gəlirdi. Ancaq iki, ya da üç aydan bir evinə, ailəsinə baş çəkməyə vaxt tapa bilirdi.

Yadigar evinə çatıb darvazadan həyətə keçincə məhlənin o biri başında on iki yaşlı son beşiyi olan oğlunun anası ilə birlikdə dirrikdə işlədiyini görüb ürəyi dağa döndü. Oğlunun böyüyüb anasına kömək etməyi ona qol-qanad verirdi. Yadigar bir qədər aralıda dayanıb oğlunun işinə göz qoyurdu. O isə bundan xəbərsiz idi. Bir az keçdi, oğlu darvazaya tərəf baxdı. Və özündən bir qədər aralıda atası Yadigarın ona tamaşa etdiyini görüb əlindəki beli yerə sancıb, “atam gəldi” – çığıraraq ona tərəf yüyürdü, atılıb atasının boynuna sarıldı.

Yadigar: – Afərin oğlum, həmişə belə ol! – dedi. – Maşallah, artıq böyümüsən, daha anana kömək edə bilərsən.

– Hə, ata elədi hələ bu nədi ki, sən olmayanda ağacların dibini boşaltmışam, qurumuş ağacların yerinə təzə tinglər də əkmişəm, – deyə oğlu gördüyü işlər barədə atasına sanki hesabat verdi.

...Ancaq elə işlər də var ki, onları uşağa tapşırmaq hələ tezdi...

Ertəsi gün səhər Yadigar kəndin mərkəzinə gəldi. Kənddə kimin nə işi olsa, yaxud kimisə görmək istəsə,  ilk olaraq baş çəkdiyi yer mərkəz və yanındakı iki çayxana olardı. Yadigarın bu gün gəlib-görüşəcəyi adam kəndin icra nümayəndəsi olacaqdı. Kəndin icra nümayəndəsi də səhər ertədən xoş ovqatda idarəsində işə başlamışdı. Otağında xırda təmir işləri gördüyündən hələlik müavinlə darısqal bir yerdə otururdu. Yadigar içəri keçəndə kənd məktəbinin müəllimi Əhməd Qurbanov, bir-iki cavan və kəndin yuxarı başında yaşayan Rəhilə xanımı gördü. Aralarında bir nəfər qadın olduğundan hamı onun tez yola salınmasını istədi. Rəhilə xanım qızına aztəminatlı ailə olduğundan dövlətdən sosial yardım almaq üçün arayış istəyirdi. Otağa girəndə qapının sol küncündəki bir neçə qat kağızdan hazırlanmış ağzı tikili kisə  diqqəti cəlb edirdi. İcra nümayəndəsi şəhadət barmağı ilə küncdəki kisəni göstərib dedi:

– Kisədəki qarğıdalı toxumudu. Kim arayış istəyirsə, ondan mütləq almalıdı.

Bunu eşitcək Rəhilə xanım dilləndi:

– Neynirəm onu? Axı mən bura qarğıdalı toxumu üçün gəlməmişəm... – Belə görünürdü ki, Rəhilə xanım qarğıdalı toxumu məsələsindən halidir. – Bir də ki, mən əkiləsi qarğıdalını əkmişəm, birinci alaqdan da keçirmişəm. Sizin satmaq istədiyiniz toxumun isə yurdu-mənşəyi bəlli deyil. Bizlərdə bunun bitib-bitməyəcəyi, məhsul verib-verməyəcəyi qaranlıqdı. Qiyməti də ki, od bahasına. Bunun bir kilosuna verəcəyim pulla yerli toxumun on qat artığını almaq olar...

İcra nümayəndəsi ciddi görkəm alıb: – Başa düşürəm sizi, – dedi, – amma mənə də bunu veriblər, üstəlik tapşırıblar ki, satıb pulunu sahibinə çatdırım. Mənə çoxmu lazımdı sizinlə üz-göz..

...Sözü yarımçıq qaldı. Anidən gurultu qopdu, oturduqları otağın tavanı yerindən oynadı, pəncərələr, yan divarlar silkələndi, cırıldadı. Bu an otaqda kimsə “zəlzələ!” – deyə qışqırdı və hər kəs bayıra atıldı.

Binanın həyətinə çıxanda gördükləri mənzərə qorxuncdu. İcra nümayəndəsinin otağının bir küncündə divar yuxarıdan yerə kimi aralanmışdı. Elə bil bu çat indi yox, bina inşa olunandan vardı. Ani olan zəlzələ adamda belə təsəvvür yaradırdı. Bir az vaxt keçəndən sonra təkrar otağa keçəndə divardakı və tavandakı suvağın qopub töküldüyünü hər kəs görəndə müavin istədi ki, əvvəlcə iş yerini süpürüb sahmana salıb işinə davam eləsin. Amma bu zaman yenə də yüngül silkələnmə oldu və o, qorxusundan otağı tərk etdi.

Yadigar bundan sonra evə tələsdi. Küçə boyu evlərə baxırdı. Bir çox evlərin damları çökmüş, divarları yerbəyerdən aralanmışdı. Sakinlər dəhşətli silkələnmədən sonra bir də içəri girməyə risk eləmirdilər. Onlar sanki həyətdə donub qalmışdılar. Kənddə zəlzələnin təsirindən insanlar hələ də özlərinə gələ bilmirdilər. Yadigar evə çatanda onun da uşaqları həyətdə nəsə gözləyirmiş kimi həyəcan içində dayanıb ən xoş günlərini keçirdikləri və bir az öncə isə onları ölümlə üz-üzə qoyan evə tamaşa edirdilər. Çöl tərəfdən evin çox zədə almadığını görüb bir qədər rahat oldu. Evə qalxıb otaqları bir-bir gəzdi, yenicə təmirdən çıxan evin künc-bucaqlarında nazik çatlar əmələ gəldiyini görən Yadigar yenidən necə təmir edəcəyini götür-qoy elədi. Elə bu vaxt yenə yüngül təkanlar oldu və o tez özünü həyətə atdı. Neçə illər qazancını qoyub ucaltdığı doğma divarlar bir anın içində sahibinə ölüm qorxusu yaşatdığı üçün sanki  gözdən düşdü. Uşaqlara təkanlar tam səngiməyənə qədər evə girməyi qadağan etdi.

Səhər güclü zəlzələdə kənddə neçə-neçə evin dağıldığı və məktəbin bir hissəsinin uçduğu xəbəri yayıldı. Şagirdlər sinif otaqlarından xəta-bəlasız çıxarılmışdı.

Gün axşama olurdu. Hamı bayırda, həyət-bacada qalmışdı. Şər qarışandan sonra yeraltı təkanların səngiyəcəyini, sakitlik çökəndən sonra evlərə yığışacaqlarını düşünürdülər. Elə bu vaxt təkrar gurultu qopdu, insanlar özlərini torpaq üstündə yox, sanki dənizdə, dalğaların qoynunda hiss edirdilər. Ayaq üstdə dayananlar müvazinətini saxlaya bilməyib yerə yıxılırdılar. Bu, səhərkindən həm fərqli, həm də güclü təkan idi. Bir anın içində kəndin hər yerindən ocaqdan qalxan tüstü təki qalın toz qalxdı. Dağılmış evlərin divarlarından yüksələn toz bir müddət sonra kəndin açıq səmasını bulud tək örtdü. Camaat böyüklü-kiçikli ev-eşiyini, həyət-bacasını tərk edib Tapüstü və Dördçöl adlanan açıq sahəyə üz tutdu... Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gecə ilə çadırları gətirib quraşdırdılar. Həmin gecə fasilələrlə səhərə qədər kiçik təkanlar davam elədi və qulaqlardan uğultu çəkilmədi.

Ertəsi gün təbii fəlakətin baş verdiyi zonada Fövqəladə Hallar Nazırliyinin komissiyaları icra nümayəndəliyinin hazırlayıb təqdim etdiyi siyahı üzrə evlərə baxış keçirdi. Evlərin əksəriyyətinin qəzalı olduğu müəyyənləşdirildi və komissiya üzvləri lazımı qeydlər aparmaqla dağılmış evlərin sənədlərini qərarın qəbul edilməsi üçün yuxarıya göndərdilər.

Zəlzələdən evlər və yardımçı təsərrüfatlar ciddi zərər görsə də, həyat davam edirdi. İnsanlar sabaha ümidlə baxırdılar...

Çox keçmədi ki, zəlzələ bölgəsindəki insanlara baş çəkmək üçün şəxsən ölkə rəhbəri özü buraya gəldi. Dağılmış evlərə və sosial obyektlərə baş çəkdi, dəymiş zərərin dərhal aradan qaldırılması, insanların normal həyatının tezliklə bərpa olunması barədə lazımi orqanlara qəti göstərişlər verdi.

Təbii fəlakətdən günlər, həftələr keçdi və tikinti qurumları dağılmış evləri tamam sökərək yerlərini təmizlədilər. Yeni evlərin dövlət tərəfindən tikilməsinə daha çox sevinən gənclər olsa da, bundan təssirlənib göz yaşlarını saxlaya bilməyənlər də vardı. Səksən yaşlı İsa dayı indi qəzalı hala düşmüş yarıuçuq evdə ömrünün ən gözəl çağlarını keçirmişdi. Qız köçürüb, gəlinlər gətirdiyi yurdda nəvələri ilə şirin həyat sürdüyü bir vaxtda qəfil fəlakət onun da evini yerindən oynatmışdı. Neyləmək olardı, bəla bütün el üçün gəlmişdi...

Ötən il qəfil fəlakətin pərən-pərən saldığı insanların qorxu içində tərk etdikləri, yarısı dağılan, yarısı da bünövrəsindən sarsılıb çatlayan evlərin yerində indi sıra-sıra, yaraşıqlı, daha böyük, möhkəm evlər ucalır. Sayı da gündən-günə artır. Müasir tipli, altı yüz şagirdlik məktəb, yeni uşaq bağçası açılıb. Köhnə kənddə başlanan yeni həyat insanların gələcəyə inamını, dövlətə etimadını daha da artırıb.

 





19.04.2013    çap et  çap et