525.Az

Yaxın Şərq: yeni geosiyasi münaqişə?


 

Yaxın Şərq: <b style="color:red">yeni geosiyasi münaqişə?</b>

Vaşinqton İrana qarşı yeni sərt addımlar atmağa başlayıb.

Tehrana yeni sanksiyalar tətbiq edilir. Onun Yaxın Şərqdə hərbi varlığı bütövlükdə dünya üçün ciddi təhlükə hesab edilir. Eyni zamanda, İranın ballistik raketini sınaqdan çıxarmasına olduqca neqativ reaksiya verilib. Tehrandan bu sınaqları dayandırmaq tələb edilir. Əlavə olaraq, prezident D.Tramp İranı terrorçu dövlət adlandırıb. Amerikanın Yaxın Şərqdə Rusiya-İran hərbi müttəfiqliyinin pozulması istiqamətində addımlar atacağından bəhs edilir. İran da bu kimi bəyanatlara sərt reaksiya verib. Tehran tutduğu mövqedən çəkilməyəcəyini bildirib. Ekspertlər Yaxın Şərqdə yeni bir münaqişənin yaranmasından ehtiyatlanırlar. Bütün bunların regionda təhlükəsizliyi yeni risklərə ata biləcəyindən bəhs edirlər.

Amerikanın sərt xəbərdarlığı: Rusiya-İran hərbi müttəfiqliyinə son qoyulmalı

ABŞ-ın "The Wall Street Journal" qəzeti dünya ictimaiyyətini maraqlandıran bir informasiya yayıb. Vaşinqtonda Prezident Administrasiyasına yaxın dairələrə istinad edərək həmin nəşr yazıb ki, Amerika Suriyada Rusiya və İran arasındakı hərbi müttəfiqliyi pozmağa qərar verib (bax: Trump Administration Looks at Driving Wedge Between Russia and Iran / "www.wsj.com", 5 fevral 2017).

Maraqlıdır ki, Vaşinqton daha çox İranın Yaxın Şərqdə hərbi varlığına etiraz edir. Burada həm müəyyən qrupların Tehran tərəfindən maliyyələşdirilməsi, həm də İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) regionda hərbi fəallığını artırması nəzərdə tutulur. Rusiya ilə bağlı isə mənbənin "The Wall Street Journal"a dediyinə görə, başqa mövqe tutulmağa çalışılır. Moskva İranla hərbi əlaqələri zəiflədərsə, ona qarşı tətbiq edilən sanksiyalar xeyli azaldıla bilər (bax: əvvəlki mənbəyə).

Bunlardan əlavə, ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib. Həmin qurumun yaydığı informasiyaya görə, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi səbəbindən 12 şirkətinə və bir sıra şəxslərinə qarşı qadağalar qoyulub (bax: Iran-related Designations... / "www.treasury.gov", 3 fevral 2017).

Bundan bir qədər əvvəl isə Konqres İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı sənəd qəbul etmişdi. Prezident D.Tramp "Fox News"a verdiyi müsahibədə İranı "bir nömrəli terrorçu dövlət" adlandırmış və qeyd etmişdi ki, sanksiyalar "yalnız başlanğıcdır" (bax: Trump says Pence to lead voter registration fraud probe, leaves door open on Iran deal future / "www.foxnews.com", 5 fevral 2017).

Tehranın bütün bunlara reaksiyası gecikməyib. İran rəhbərliyi ABŞ-ın tələblərini yerinə yetirməyəcəyini və müstəqil siyasət aparmaqda davam edəcəyini bildirib. Eyni zamanda, Vaşinqtonun atacağı hər bir addıma qarşı da tədbir görəcəyini bəyan edib. O cümlədən Tehran dünyanın hər bir yerində öz vətəndaşlarının hüquqlarını qoruyacağını ifadə edib. Həmin aspektdə ABŞ-ın miqrantlarla əlaqəli tətbiq etdiyi qadağalara qarşı da müəyyən addımlar atacağını diqqətə çatdırıb. Bununla Tehran Vaşinqtonun hücumları qarşısında geri çəkilmək fikrində olmadığını nümayiş etdirir.

Göründüyü kimi, Yaxın Şərqdə yeni geosiyasi münaqişə meydana gəlməkdədir. Vaşinqton Suriya məsələsində daha sərt mövqe tutmağa başlayıb. Bir tərəfdən, Rusiyanın başçılıq etdiyi əməkdaşlıq formatını zəiflətməyə cəhd göstərilir, digər tərəfdən isə regionda Qərbin hərbi varlığı artırılır. Yaxın Şərqdə Rusiya-İran hərbi əlaqələrini zəiflətmək xətti kifayət qədər riskli addımdır. Çünki İran regionda özünə sadiq hərbi qruplaşmaları saxlaya bilir və onun bir sıra dövlətlərə təsiri az deyil. Bunu İraq, Suriya, Yəmən və Livan hadisələri sübut edir. İndi bu nüfuzu hərbi və iqtisadi sanksiyalar yolu ilə zəiflətmək cəhdi mütləq qarşıdurmalara, təxribatlara, silahlı toqquşmalara gətirib çıxaracaq. Ümumi halda isə Yaxın Şərqdə geosiyasi ixtilafların yeni mərhələsi başlayacaq.

Digər tərəfdən, ABŞ İraq və Suriyada yeni hərbi obyektlər yaratmaqla daha təhlükəli vəziyyət yaradır. Amerikanın regionda hərbi gücünü artırmaq xəttini seçməsi onu göstərir ki, liderlik ambisiyasından imtina edilməyib və Yaxın Şərqdə yeganə söz sahibi olmaq iddiası qalmaqdadır. Bunun fonunda isə Rusiyanın hansı addımları atacağını ekspertlər maraqla gözləyirlər.

Təhlükə böyüyür: ziddiyyətlərin Şərqə doğru genişlənməsi

Kreml mövqeyindən geri çəkilmək fikrində olmadığını bir neçə dəfə bəyan edib. D.Trampın V.Putinlə razılığa gəlmək haqqında ifadə etdiklərinin arxasında nələrin dayandığı məlum deyil. Ekspertlərin rəyinə görə, Vaşinqton üçün Rusiya Yaxın Şərqdən çox Çin məsələsində əhəmiyyətlidir. Konkret olaraq, Amerika Rusiyanı Çindən ayırmaqla Pekini təkləmək arzusundadır. Təsadüfi deyil ki, D.Tramp Çinə qarşı kifayət qədər sərt ifadələr işlətsə də, Rusiya məsələsində xeyli fərqli davranır. Bu xəttin Yaxın Şərqə necə təsir edə biləcəyi kontekstində Rusiya-İran, Rusiya-Türkiyə, ABŞ-Rusiya münasibətlərinin məzmunu region üçün son dərəcə böyük aktuallıq kəsb edir.

Lakin burada çox düşündürücü bir məqam vardır. Məsələ ondan ibarətdir ki, D.Tramp açıqca İranı dövlət terrorunda ittiham edir. Təcrübə göstərir ki, bu, birbaşa hərbi münaqişəyə aparan yoldur. Ancaq Amerikanın özünün hərbi münaqişədə iştirak edəcəyi ehtimalı azdır. Deməli, Vaşinqton əsas olaraq dolayı yolla, başqalarının əli ilə İranı ixtilaflara cəlb etməyə çalışa bilər. Məhz həmin aspektdə Türkiyə, Səudiyyə Ərəbistanı, İraq və Suriya məsələləri olduqca həssas məqamlar kimi görünürlər. Məlumdur ki, sünni ərəb dövlətləri İranın regiondakı fəaliyyətindən çox narazıdırlar. Onların önündə Səudiyyə Ərəbistanı gəlir. Ər-Riyadın İrana əks olan koalisiyada yer alması ehtimalı az deyil.

Bütün bunlar hazırda İranın hədəfə gətirilməsi anlamınımı verir? Mümkündür, Qərb Suriya bataqlığını dünyaya unutdurmaq və prosesləri Şərqə doğru bir az da dərinləşdirmək üçün həmin addımı ata bilər. Tədricən İran məsələsinin birbaşa Suriya ilə əlaqəli geosiyasi gündəmə gətirilməsi təsadüfi deyil. Əgər bu xətt özünü doğrultsa, Yaxın Şərqi geosiyasi aspektdə nələr gözləyə bilər?

Əvvəlcə, onu vurğulayaq ki, bir çox məqamlar böyük müsəlman dövlətləri arasındakı münasibətlərdən asılıdır. Əgər Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan öz aralarında ixtilafa yer versələr, nəinki Yaxın Şərq, ümumilikdə İslam aləmi ciddi ziyan görəcək. Təəssüf ki, indiyə qədər müsəlman dövlətləri arasında real birlik olmayıb. İraq və Suriya məsələlərində isə onlar arasında ziddiyyətlərin mövcudluğu məlum oldu. Təcrübə göstərir ki, hələlik böyük müsəlman ölkələri arasında Yaxın Şərqdə konkret əməkdaşlıq mexanizmi mövcud deyil. Hətta Türkiyə və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılmış İslam Ordusu da hansısa prosesə qarışa bilmir.

Bunun əvəzində böyük müsəlman dövlətləri Qərb və Rusiyanın başçılıq etdiyi koalisiyalarda yer almaqdadırlar. Konkret olaraq, İran Rusiyanın yanındadır, Türkiyə həm Qərb, həm də Rusiya ilə birgə hərəkət edir, Səudiyyə Ərəbistanı İranın olmadığı hər yerdə var, Misir bir qədər kölgəyə çəkilib, digər müsəlman dövlətləri də passiv mövqedə qalmaqdadırlar. Deməli, reallıq ondan ibarətdir ki, Yaxın Şərq məsələlərində aparıcılıq müsəlman dövlətlərində deyil. Belə şəraitdə kənar qüvvələrin Yaxın Şərq dövlətlərinə qarşı planlarına necə mane ola bilərlər? O cümlədən İran məsələsində həmrəylik mümkündürmü? Bu suala müsbət cavab vermək olduqca çətindir. Bəzi dairələr Türkiyəyə qarşı terroru gücləndirəndə, orada dövlət çevrilişinə cəhd olunanda heç bir böyük müsəlman dövləti Ankaraya konkret dəstək vermədi. Hətta bəziləri təxribatçı fikirlər söyləyərək Türkiyənin parçalanacağından danışdılar. İndi eyni münasibət İrana qarşı olacaq və yekunda uduzan da müsəlmanlar olacaq.

Maraqlıdır ki, İslam ölkələri məhz bu cür neqativ tendensiyanın qarşısını ala bilmirlər. Onlar bir-birinin çətinliklərinə sevinməklə bütövlükdə böyük bir sivilizasiyanı məhvə aparırlar. Yaxın Şərqdə meydana gətirilən yeni geosiyasi münaqişə məhz bu baxımdan kifayət qədər təhlükəli görünür.

Newtimes.az

 





18.02.2017    çap et  çap et